Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1416/2025 17.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 övladı olmaqla, 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 51,989 qram çəkidə narkotik vasitə heroini, 1,35 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. Nəsimi rayon polis idarəsinin 22ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə saat 20:20-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq 22-ci polis şöbəsinin inzibati binasına aparılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 01 bükümdə təmiz çəkisi 51,989 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,27 qram və 0,08 qram olmaqla ümumi təmiz çəkisi 1,35 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Elmar» adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması və satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin Yetkinlik yaşına çatmayanların profilaktik işləri üzrə inspektoru Şahid2 və 22-ci polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 20:00 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsinə getmiş, ünvanın qarşısında olarkən şəxsiyyəti onlara sonradan məlum olan Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edərək barəsində narkotik vasitələrin üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Daha sonra ətrafda çoxlu kənar şəxslər olduğundan, həmçinin əlverişli hava şəraiti olmadığından Təqsirləndirilən şəxs Nəsimi RPl-nin 22-ci polis şöbəsinə dəvət etmişlər və sonuncu razı olaraq onlarla birlikdə şöbəyə gəlmişdir. Polis şöbəsində raportla müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Valeh Abdullayevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “Kontakt Home” yazısı olan ağ rəngli paketi təqdim edib masanın üzərinə qoymuş, sonra isə əynində olan şalvarın sağ yan cibindən 01 ədəd mobil telefonu, sol yan cibindən isə ümumilikdə 25 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli paketin içərisinə baxış keçirilmiş, həmin vaxt paketdən 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret qutusunun İçərisindən 02 ədəd bükümlərdə narkotik vasitə marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi paketdəki 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu 1 ay əvvəl Qala qəsəbəsində yerdən tapdığını, təqdim etdiyi paketdəki siqaret qutusunun içərisində olan 02 ədəd bükümlərdəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları tanımadığı şəxsdən bildirilən yerdən götürdüyünü, elektron tərəzinin isə özünə məxsus olduğunu, təqdim etdiyi maddələri satış məqsədilə üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi paketdə olan 01 ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd bükümlərdə olan narkotik vasitə marixuanaya bənzər kütlələr, 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüş, 25 manat pul isə əvvəlcədən Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmiş, eyni şəkildə sonuncu da onlara müqavimət göstərməmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli paketin içərisindən 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümlərdə narkotik vasitə marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi paketdəki 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu 1 ay əvvəl Qala qəsəbəsində yerdən tapdığını, təqdim etdiyi paketdəki siqaret qutusunun içərisində olan 02 ədəd bükümlərdəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları tanımadığı şəxsdən bildirilən yerdən götürdüyünü, elektron tərəzinin isə özünə məxsus olduğunu, təqdim etdiyi maddələri satış məqsədilə üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, məlumat əsas bir nəfər haqqında daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qabaq bir nəfər şəxs saxlanılmış, həmin şəxs narkotik vasitəni əvvəlkindən aldığını bildirmiş, istifadəçi olduğu üçün məlumatı verən şəxs özü də inzibati qaydada məhkəməyə çıxarılmış və barəsində müvafiq tədbir görülmüşdür. Təqsirləndirilən şəxs onların baxdığı ərazidə yaşamadığından onu daha öncə görməmiş, sonuncu barəsində daha öncə şöbəyə başqa məlumat daxil olmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin Yetkinlik yaşına çatmayanların profilaktik işləri üzrə inspektoru Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid3 və Şahid1 ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli paketin içərisindən 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd bükümlərdə narkotik vasitə marixuanaya bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi paketdəki 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu 1 ay əvvəl Qala qəsəbəsində yerdən tapdığını, təqdim etdiyi paketdəki siqaret qutusunun içərisində olan 02 ədəd bükümlərdəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları tanımadığı şəxsdən bildirilən yerdən götürdüyünü, elektron tərəzinin isə özünə məxsus olduğunu, təqdim etdiyi maddələri satış məqsədilə üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin vizual görüntüsü indikindən fərqli, saçları uzun və arxadan yığılı olmuşdur. Şəxsi saxlayan zaman o bildirmişdir ki, narkotik vasitəni tapıb və imkanı olmadığı üçün satmaq qərarına gəlib.
6. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i\v 18).
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (i/v 90-95).
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci ilədək uzadılmışdır (i/v 186).
9. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/264 saylı ekspert rəyindən görünür ki, üzərində «Təqdim etdi: imza Təqsirləndirilən şəxs..» yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,27 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 0,08 qram olmaqla, ümumi çəkisi 1,35 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi – 1,35 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq – 1,31 qram (i/v 48-51) Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir (i\v 49).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/569 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqdim etdi: (imza) Təqsirləndirilən şəxs..» yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 51,989 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi – 51,989 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq 51,789 qram (i/v 53-56). Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir(i/v 54).
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 688 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i/v 67-68).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i/v 141-142).
14. 15.05.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 51,989 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1,35 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonrakı narkotik vasitə heroinin 51,789 qram, narkotik vasitə qurudulmuş marixuananın 1,31 qram qalığı və 01 ədəd elektron tərəzi saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş üzrə maddi sübut olmayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd “Redmi A2” markalı mobil telefon gələcəkdə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i/v 145-153).
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 124-125).
16. Şəxsi axtarış və götürmə aparılmasının gedişatını əks etdirən DVD diskə və xx.xx.2025ci ildə tərtib olunmuş protokola məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə, saat 21:50-dən 22:30-dək Nəsimi RPİ-nin 22-ci PŞ-də qeydə alınmışdır. X1 özünü, müdafiəçini və iştirakçılar özlərini təqdim etdikdən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir. Daha sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarını izah edir və üzərində hər hansı qanunsuz əşya varsa könüllü şəkildə təqdim etməsini bildirir, bundan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əlində saxladığı, üzərində "Kontakt Home" yazısı olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyur, daha sonra əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən isə 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq əskinasları, Ümumilikdə 25 manat pulu çıxarıb təqdim edir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz hər hansısa bir əşya və ya maddə aşkar olunmayır. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli üzərində "Kontakt Home" yazısı olan sellofan torbanın içərisinə baxılır və torbanın içərisində 1 ədəd üzərində "Quicks" yazısı olan, 1 ədəd elektron tərəzi, şəffaf sellofana bükülmüş bir ədəd iri ölçüdə büküm, üzərində “Premier” yazsısı olan bir ədəd siqaret qutusu aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli üzərində "Kontakt Home" yazısı olan sellofan torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxılır və bükümün içərisində narkotik vasitə Heroinə bənzər kütlələrin olması müəyyən edilir. Sonra isə ağ rəngli üzərində "Kontakt Home" yazısı olan sellofan torbanın içərisində üzərində “Premier” yazısı olan bir ədəd siqaret qutusunun içərisinə baxılır, siqaret qutusunun İçərisində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümün və bir ədəd tünd qəhhvəyi rəngli kağıza bükülmüş bükümün içərisinə baxış keçirilir, həmin iki ədəd bükümlərin içərisində ot şəkilli narkotik maddə marixuanaya bənzər kütlə olduğu müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılmamışdan 1 ay əvvəl Qala qəsəbəsində, daş karxanasının yaxınlığında təqdim etdiyi içərisində bir ədəd büküm "heroin" kimi bildiyi narkotik vasitəni yerdən tapdığını, iki ədəd büküm içərisində marixuana kimi bildiyi narkotik maddəni isə tanımadığı şəxsin bildirdiyi yerdən götürdüyünü, üzərində "Quicks" yazısı olan 1 ədəd elektron tərəzini uzun müddət əvvəl aldığını bildirir. xx.xx.2025-ci il tarixdə həmin narkotik maddələri satmaq məqsədi ilə üzərində saxlayaraq daşıdığını, həmçinin təqdim etdiyi Redmi A2 markalı mobil telefon özünə məxsus olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və iki ədəd bükümdə olan narkotik maddə marixuanaya bənzər kütlələr müvaqif ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı müvafiq qaydada 1 əddə kağız zərfdə qablaşdırılaraq möhürlənir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi “Redmi A2” markalı mobil telefon və üzərində “Quicks” yazısı olan 1 ədəd elektron tərəzi istintaq əhəmiyyəti kəsb etdiyindən kağız zərfdə qablaşdırılaraq möhürlənir. Həmin qablaşmanın üzərinə Təqsirləndirilən şəxsla birlikdə iştirakçılar imza edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 25 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılır (i/v 31-34).
17. 13.02.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon “Redmi A2” markalı olmaqla mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, mobil telefonun arxa tərəfində fotoşəkil çəkmək üçün fotokameraları vardır. Mobil telefonun sensor ekranı çatlaq vəziyyətdədir, işlənmişdir, üzərində işlənməsinə dair cızıqlar müşahidə olunur, telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri mövcuddur. Mobil telefonu işə salmaq mümkün olmadığından içərisindəki məlumatlara baxış keçirilməsi mümkün olmamışdır (i/v 99).
18. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 739218 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur.
19. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 459321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur.
20. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin oğlu xx.xx.2011-ci il təvəllüdlü Ə.E.İsmayılsoya “Digər anadangəlmə hidrosefaliya. Hidrosefaliya, şuntlama əməliyyatından sonrakı vəziyyət. Hemiplegik spastik serebral iflic. Sağ tərəfli hemiparez” diaqnozu qoyulmuş və sağlamlıq imkanları məhdud uşaqdır.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, marixuana istifadəçisidir, lakin üzərindən çıxan heroinin heç vaxt istifadəçisi və satıcısı olmamışdır. Belə ki, narkotik maddə marixuananı götürməyə gedən zaman həmin heroini orada tapmış, onu bir müddət üzərində saxlamış, lakin nə istifadə etmiş, nədə ki satmışdır. Uzun müddətdir əlaqəsi olmayan bir tanışı ona zəng edərək vəziyyətinin pis olduğunu və pul lazım olduğunu bildirmiş, o da vəziyyətinin pis olduğunu, lakin üzərində müəyyən miqdarda heroin olduğunu bildirmişdir. Dostu isə ona heroinin satmaq üçün adam tapacağını bildirmişdir. Razılığa gəldikdən sonra o, heroini cibinə qoyaraq dostu ilə həmin adamla görüşmək üçün 28 May ərazisinə getmiş, həmin şəxs isə oraya gəlməmişdir. Daha sonra dostu həmin şəxslə görüşmək üçün Məşədi Dadaş məscidinin yanına gedəcəklərini və heroini paketə qoyaraq ona verməsini bildirmiş, o da heroini paketə qoyaraq dostuna vermiş, dostu isə müəyyən yerdə gizlətmişdir. Sonra birlikdə məscidin qarşısına çatdıqdan sonra dostu əl-üzünü yuyub gələcəyini, həmin müddətdə onu gözləməsini bildirmiş, sonuncu gedib qayıdandan sonra o da əl-üzünü yumağa getmiş, geri qayıdanda isə dostunu tapmamış, bir-iki dəfə zəng etsə də, sonuncunun telefonuna zəng çatmamışdır. Daha sonra o, tanışını 10 dəqiqə gözləmiş, lakin sonuncu gəlib çıxmadığından heroini qoyduqları yerə geri qayıtmışdır. Həmin yerə geri qayıtma səbəbi isə orada onun adapteri və USB-sinin olması və narahat qalması olmuşdur. Paketi götürüb geri qayıdanda tanışından ona “hardasan?” mesajı gəlmiş, o da sonuncuya həmin ünvanda olduğunu demiş, tanışı isə gözləməsini və gəldiyini bildirmişdir. O, 10 dəqiqə əlində paket gözləmiş, bir müddət sonra bir maşın gəlmiş və içərisindən əməliyyatçılar düşmüş, onu bölməyə aparmışlar.
22. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir və 2015-ci ildən isə narkotik maddə olan marixuananı qəbul edir. Saxlanılmamışdan 1 ay əvvəl Qala qəsəbəsində yerləşən Daş karxanasının yaxınlığında bir ədəd sellofana bükülmüş içərisində (kakos) heroin kimi bildiyi narkotik vasitəni yerdən tapmış, iki ədəd bükümdə olan marixuana kimi bildiyi narkotik maddəni isə tanımadığı şəxsin bildirdiyi yerdən götürmüşdür. O, işləmədiyi üçün maddi çətinlikləri olmuş, bu səbəbdən onda olan narkotik maddələdən bir qismini satıb qazanc əldə etmək istəmiş və xx.xx.2025-ci ildə içərisində (kakos) heroin kimi bildiyi narkotik vasitə olan bir ədəd sellofan bükümü və iki ədəd bükümdə olan marixuananı və bir ədəd elektron tərəzini ağ rəngli üzərində “Kontakt Home” yazısı olan sellofan torbaya qoyub şəhərə gəlmişdir. Həmin gün saat 20:20 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, özlərini polis olaraq təqdim etdikdən sonra anket məlumatlarını bildirməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları daxil olmuş məlumat əsasında onun narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək onu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşlarının müşahidəsi altında Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuş, sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən ondan üzərində, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, ilk öncə əlində olan ağ rəngli üzərində “Kontakt Home" yazısı olan sellofan torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra özünə məxsus "Redmi A2” markalı mobil telefonunu və 25 (iyirmi beş) manat pulu təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bir ədəd torbaya baxış aparılan zaman torbanın içərisindən 01 ədəd elektron tərəzi, 01 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroin, siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı 01 ədəd bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, onu yerdən tapdığını, digər 02 ədəd bükümdəki yaşıl rəngli maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları tanımadığı şəxsdən aldığını, narkotik vasitələri satmaq üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroin və iki bükümdə oian narkotik maddə marixuana kütlələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd elektron tərəzi və ona məxsus Redmi A2 markalı mobil telefonu istintaq əhəmiyyət kəsb etdiyindən kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan başqa ona məxsus 25 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı iştirakçıların, onun və vəkilinin heç bir şikayətləri və vəsatətləri olmamış, bu barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilən və Şöbədə olduğu zaman hər hansı bir zorakılığın olubolmaması barədə soruşulmuş, o, heç bir zorakılığın ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyi bildirmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadə etmiş, bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Onun üzərinə yalnız 22-ci PŞ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır və üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsusdur. Narkotik vasitə qurudulmuş marixuananı aldığı şəxsin heç bir anket məlumatlarını bilmir. O, əvvəllər heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, ilk dəfə olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri satmaq üçün üzərində saxlamışdır. Narkotik vasitə əldə etdiyi şəxslə aralarında narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə heroin, həmçinin paketin içində tanışının ona verdiyi tərəzi olmuşdur. Heronin qeyd olunan yerdən götürüb başqa yerə qoymaq üçün ona pul təklif edilməmişdir. Həmçinin o, kiməsə narkotik vasitə heroin verməmiş, satmamış və marixuananı götürdüyü yerin konumunu ona Qalada qalan dostunun dostu atmış, həmin ünvana bir karopka nəşə götürmək üşün getmişdir. Daha sonra əməlindən səmimi peşman olduğunu bildirmiş və ona yüngül cəzanın verilməsini xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
23. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 27.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 28.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
29. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
30. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 33.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 35.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 36.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 38.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 39.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 40.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:
41. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.
44. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.
45. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə, heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 9 saylı Qərarı
47. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
48. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
49. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin Presedent Hüququ:
50. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
51. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 35-ci bəndi).
52. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır.
53. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yəni narkotik vasitə heroini başqa yerə qoymaq üçün ona pul təklif edilmədiyi, narkotik vasitə heroinin heç vaxt istifadəçisi və satıcısı olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
54. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
55. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında (i/v 31-33), şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından (i/v 58-60, 80-82) və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərardan (i/v 90-95) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmədə törətdiyi əməli tam etiraf edərək saxlanılarkən üzərində bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və iki ədəd bükümdə narkotik vasitə marixuana olduğunu və özünü təqsirli hesab etdiyini, narkotik vasitə heroini satmaq üçün üzərində saxladığını bildirmiş, tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.
56. Həmçinin məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən DVD diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı, üzərində "Kontakt Home" yazısı olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyur, daha sonra əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, sol yan cibindən isə 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq əskinasları, ümumilikdə 25 manat pulu çıxarıb təqdim edərək saxlanılmamışdan 1 ay əvvəl Qala qəsəbəsində, daş karxanasının yaxınlığında təqdim etdiyi içərisində bir ədəd büküm "heroin" kimi bildiyi narkotik vasitəni yerdən tapdığını, iki ədəd büküm içərisində marixuana kimi bildiyi narkotik maddəni isə tanımadığı şəxsin bildirdiyi yerdən götürdüyünü, üzərində "Quicks" yazısı olan 1 ədəd elektron tərəzini uzun müddət əvvəl aldığını, xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitələri satmaq məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir.
57. Həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin xeyli miqdarından təxminən 346.5 dəfə, külli miqdarından təxminən 25.9 dəfə artıq olması, həmçinin marixuananın ayrı-ayrı bükümlərdə qramlara ayrılması, narkotik vasitənin növlərinin müxtəlifliyi həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir.
58. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. 59.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 23-cü bəndi).
60. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
61. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 övladı olmaqla, 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin uşaqlardan birinin sağlamlıq imkanlarının məhdud olmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir.
62. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, yəni himayəsində 2 övladı olmaqla, 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, uşaqlardan birinin sağlamlıq imkanlarının məhdud olmasını, əməlindən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
64. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
65. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 28-ci bəndi).
66. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2025-ci ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 18, 90-95).
67. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 6-cı bəndi).
68. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 67-68, hökmün 29-cu bəndi).
69. iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 51,789 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın 1,31 qram qalığı və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (hökmün 34-cü bəndi).
70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
71. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 39-cu bəndi).
72. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 30 və 38-ci bəndləri).
73. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 51,789 qram narkotik vasitə heroin, 1,31 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli