Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1420/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 19 mart 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz 552,12 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 1,333 qram olan psixotrop maddə metamfetamini əldə edərək, ümumi təmiz çəkisi 547,6 qram narkotik vasitə heroini yaşadığı evində, təmiz çəkisi 4,520 qram narkotik vasitə heroini və təmiz çəkisi 1,333 qram psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla daşımış, 18 mart 2022-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yaşadığı ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ 31-ci Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qutunun içərisində bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 4,520 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,333 qram olan psixotrop maddə metamfetamin, həmçinin yaşadığı ünvan 4nvanında yerləşən fərdi yaşayış evində yataq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd selofan bağlamada külli miqdarda - təmiz çəkisi 475 qram və bir ədəd selofan bağlamada təmiz çəkisi 72,6 qram olmaqla, ümumi təmiz çəkisi 547,6 qram narkotik vasitə olan heroin, həmçinin üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir, lakin narkotikin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saat 3-də tutulsa da, sənədlərdə guya onun saat 9-da tutulması göstərilmişdir. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində cəmi 4 qram heroin, bir qram da metamfetamin olmuşdur. Polis əməkdaşları onu yaşadığı evdən tutmuşlar. Üzərində olan narkotik vasitələri o, sosial şəbəkə vasitəsi ilə tanımadığı İran vətəndaşından almışdır. Həmin 5 qram narkotik vasitə üçün iranlıya 100 manat pul vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs onların ailəlikcə qəssablıqla məşğul olduqlarını, özü əvvəllər belindən əməliyyat olunduğu üçün ağrıları olduğunu və buna görə narkotik vasitələrdən istifadə etdiyini, polis əməkdaşlarının ondan əvvəl yaşadığı evə girdiklərini və təxminən 10-15 dəqiqə sonra onu da evə apardıqlarını, yalnız üzərindən çıxan narkotik vasitələrin ona məxsus olduğunu, lakin evindən çıxan narkotikin ona aidiyyəti olmadığını, bölmədə olarkən polis əməkdaşlarının ona təzyiqlər göstərərək narkotik vasitələrin satışı ilə məşğul olmasını boynuna almasını tələb etdiklərini, ona təzyiq göstərən polis əməkdaşlarının yadında qalmadığını, bədəni üzərində xəsarət izləri olduğunu, lakin təcridxanaya qəbul edilərkən həmin xəsarətlərin tibbi kitabçada qeyd edilmədiyini, bu barədə prokurorluğa müraciət etdiyini və araşdırma aparıldığını, onun tibbi ekspertizadan da keçirildiyini, lakin xəsarət izləri olmasının həmin rəylə təsdiq olunmadığını, ona təzyiq göstərilməsi və döyülməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılarkən heç bir şikayəti olmadığını bildirdiyini qeyd etdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləərək həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 18 mart 2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni ünvan 4nvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Qeyd olunan polis bölməsində hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin edilmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və s. varsa, təqdim etməsi təklif olunmuş, o da, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qutunu çıxarıb təqdim etmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açılmış, içərisində 2 ədəd selofan bükümlər aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin və 1 bükümdə ağ kristal halında psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Qeyd olunan maddələr bükümlərlə birlikdə zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkimiş, lakin konkret çəkiləri dəqiq yadında qalmamışdır. Sonra üzərinə şəxsi axtarış keçirilmiş vəəynində olan şalvarının sol yan cibindən 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd Samsung markalı mobil telefon, 2 ədəd 5 manatlıq olmaqla cəmi 10 manat pul və 1 ədəd açar aşkar olunaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün özünə məxsus şəxsiyyət vəsiqəsi və Samsung markalı mobil telefon götürülmüş, 1 ədəd açar və 10 manat pul isə özünə qaytarılmışdır. İlkin sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, həmin maddələri təxminən 10-12 gün əvvəl «Sədərək» ticarət mərkəzinin yaxınlığında İran vətəndaşı “Əyyub” adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmiş, həmçinin yaşadığı Suraxanı rayonunda yerləşən evində də narkotik vasitə saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, eyni zamanda üz nahiyəsində olan xəsarətləri 1 gün əvvəl sərxoş vəziyyətdə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını bildirmişdir. Lakin əlavə ifadəsi alınan zaman əldə etdiyi narkotik vasitələri nə hər hansı bir ünvana qoyduğunu, nə də ki, bu barədə “Əyyub” adlı şəxslə sövdələşdiyini qeyd etmişdir. Daha sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı evə getmiş və evə baxış keçirilmişdir. Bu zaman evdə yataq otağında saxladığı taxta konstruksiyalı dolabın içərisindən bir ədəd qara rəngli selofan torbanı təqdim etmiş, həmin selofan torba təhqiqatçı tərəfindən açılmış, içərisindən iki ədəd selofan bağlama, bağlamaların içərisindən isə qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin narkotik vasitələr selofan torbalarla birlikdə tərəzidə çəkilmiş, lakin dəqiq çəkiləri yadında qalmamışdır. Sonra həmin maddələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni təxminən 10-12 gün əvvəl İran vətəndaşı “Əyyub” adlı şəxsdən əldə etmişdir. Belə ki, həmin şəxslə hazırda yadında qalmayan sosial şəbəkədə tanış olmuşdur. Özünü ona İran İslam Respublikasının vətəndaşı “Əyyub” adlı şəxs kimi təqdim etmiş və ona Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorlara aid olmayan, hazırda yadında qalmayan bir mobil nömrə vermişdir. Həmin mobil nömrə ilə “whatsapp” proqramı vasitəsilə əlaqə saxlamış, eyni zamanda istifadəsində olan və üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefondakı mobil nömrədən istifadə etməmişdir. Yalnız “whatsapp” proqramı vasitəsilə zəngləşib mesajlaşmışdır. Həmin şəxs hər dəfə ona narkotik vasitəvə psixtorop maddə lazım olanda, Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymuş və həmin yerlərin ünvanlarını ona demiş, özü də gedib həmin yerlərdən götürmüşdür, pulu isə ona göndərdiyi hesab nömrəsinə göndərmişdir. Sonuncu dəfə də onun hazırda yadında qalmayan hesab nömrəsinə hazırda yadında qalmayan məbləğdə pul göndərmiş, həmin şəxs də narkotik vasitə və psixotrop maddəni qoyduğu yerin fotoşəklini göndərmişdir. Bundan sonra həmin yerdən, yəni «Sədərək» ticarət mərkəzinin yaxınlığında hazırda yadında qalmayan bir yerdən gedib götürmüşdür. Tutulmaqdan qorxduğu üçün mobil telefonunda mobil nömrədən istifadə etməmiş, eyni zamanda həmin şəxsin hesab nömrəsini və mobil nömrəsini dərhal mobil telefonundan silmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni özü az-az istifadə etmək məqsədilə əldə etmiş, yaşadığı evdən aşkar edilmiş elektron tərəzini isə hər dəfə eyni qramda narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün özü elektron tərəzidə çəkmək məqsədilə əldə edib saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, həmçinin üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman hər hansı təzyiqə məruz qalmamış, üz nahiyəsində olan xəsarətləri bir gün əvvəl sərxoş vəziyyətdə olub hazırda yadında qalmayan bir yerdə küçədə öz ehtiyatsızlığı nəticəsində yıxılıb almışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsusdur (cild 1, iş vərəqi 144-147). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni oxumadan imzaladığını, yalnız üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Suraxanı rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 18 mart 2022-ci tarixdə saat 21 radələrində Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsində olarkən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxsi saxlamışlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona üzərində narkotik vasitə və psixotrop maddə olması barədə şübhə olduğunu bildirib şəxsi axtarış keçirilməsi üçün 31-ci Polis bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Rüfət əynində olan cins şalvarın cibindən 1 ədəd qutuda içərisində 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni və 1 ədəd bükümdə ağ rəngli kristal halında psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd Samsung markalı mobil telefon, 10 manat pul və 1 ədəd açar aşkar olunmuşdur. Şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, açar və 10 manat pul isə onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, onları təxminən 10-12 gün əvvəl «Sədərək» ticarət mərkəzinin yaxınlığında İran vətəndaşı “Əyyub” adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. O, həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini demiş, onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bülbülə qəsəbəsindəki evinə getmişlər. Təqsirləndirilən şəxs evdə yataq otağının sol tərəfində olan taxta dolabı açaraq içərisindən bir ədəd qara rəngli selofan torbanı təqdim etmiş, torbaya baxış zamanı içərisindən 2 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddələr və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin maddələr və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş maddələrin də özünə məxsus olduğunu, onları İran vətəndaşı “Əyyub” adlı şəxsdən təxminən 10-12 gün əvvəl «Sədərək» ticarət mərkəzinin yaxınlığında deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Şahid1 saxlanılarkən və polis bölməsinə gətirilərkən, həmçinin bölmədə Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq və zor tətbiq edilmədiyini, ona qarşı hər hansı xəsarət yetirmədiklərini, Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, bununla əlaqədar prokurorluq tərəfindən araşdırma da aparıldığını, lakin təsdiqini tapmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 iş üzrə əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətiriməsi, üzərində və yaşadığı evdə şəxsi axtarışın və baxışın aparılmasında, narkotik vasitələrin və psixotrop maddənin götürülməsində əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 18 mart 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd qutunu çıxarıb masanın üzərinə qoymuş, həmin qutu açıldıqda içərisindən iki ədəd selofan büküm aşkar olunmuşdur. Həmin bükümlər açılanda birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, digərinin içərisindən ağ rəngli kristal şəklində psixotop maddə metamfetaminə bənzər kütlə, əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 5 manatlıq olmaqla cəmi l0 manat pul və 1 ədəd açar aşkar edilmişdir. Qeyd olunan hallar həmin protokola əlavə edilmiş CD diskə baxış keçirilməsi protokolu ilə bir daha təsdiq olunur (cild 1, iş vərəqi 28-30, 55). Cinayət işinə əlavə olunmuş 18 mart 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan və CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd qara rəngli selofan torba aşkar edilmiş, həmin torba açılarkən içərisindən iki ədəd ağ rəngli selofan bağlama və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin ağ rəngli bağlamalar açılarkən içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 33-35, 56). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin və sonuncunun, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə müvafiq əməliyyat tapşırığı verilmiş, alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitənin və psixotrop maddənin əldə edildiyi mənbənin, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 96, 106). Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 6/1575 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlələr” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,520 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 1,333 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi kütlələr və elektron tərəzi” yazısı və imzalar olan kağız paketdəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 475 qram və 72,6 qram, ümumi təmiz çəkisi 547,6 qram qəhvəyi rəngli toz şəklilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və 1 ədəd qara rəngli elektron tərəzinin üzərində heroin və metemfetamin izləri vardır. Vət. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdin etdiyi və yaşadığı mənzildən aşkar edilmiş heroinlərin ümumi təmiz çəkisi 552,12 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqdiqata təqdim edilmiş elektron tərəzinin üzərində heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqi 45-50). Məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 2900 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 129-130). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 may 2022-ci il tarixli 1196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu tərəfindən törədilməsi güman edilən əməl törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əmək barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 131-134). Məhkəmə-tibbi eksperizasının 30 mart 2022-ci il taixili 156/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqi 136-137). İbtidai istintaq orqanının 28 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 551,72 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,233 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 149-161). Cinayət işində olan Bakı şəhəri, Suraxanı rayon icra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə inzibati nümayəndəliyindən verilmiş 09 iyun 2022-ci il tarixli 972 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, qeydiyyatda olduğu müddət ərzində onun barəsində heç bir inzibati material və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 127-128). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinaytlər Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2014-cü ildə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, 14 sentyabr 2015-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmiş və barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir (cild 1, iş vərəqi 115-124). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, narkotik vasitə aludəçisi olduğunu, lakin narkotikin satışı ilə məhğul olmadığını, saxlanılarkən onun üzərində cəmi 4 qram heroin, 1 qram da metamfetamin olduğunu, yalnız üzərindən çıxan narkotik vasitələrin ona məxsus olduğunu, lakin evindən çıxan narkotikin ona aidiyyəti olmadığını, bölmədə polis əməkdaşlarının ona təzyiqlər göstərərək və onu döyüb narkotik vasitələrin satışı ilə məşğul olmasını boynuna almasını tələb etdiklərini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis bölməsində olarkən ona polis əməkdaşları tərəfindən təzyiqlər göstərilməsi, onun döyülərək narkotik vasitələrin satışı ilə məşğul olmasını boynuna almasını tələb etmələri ilə bağlı gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası keçirilmiş, həmçinin Suraxanı rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmışdır. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs təcridxanaya qəbul edilərkən bədəni üzərində xəsarət izləri olduğunu, lakin həmin xəsarətlərin tibbi kitabçada qeyd edilmədiyini bildirdi. Məhkəmədə tədqiq olunmuş 30 mart 2022-ci il tarixli 156/MEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Eləcə də prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamış, bu səbəbdən prokurorluğun 06 iyun 2022-ci il tarixli qərarı ilə 176-S-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar keçən müddət ərzində Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən mübahisələndirilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, onun döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağın olması təqsirləndirilən şəxs Anar Əliyevin cəzasını yüngülləşdirən haldlr, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 2900 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 551,72 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,233 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 50 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilərkən həmin hesabatın həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protoklları, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxtı da nəzərə alıb məhkəmə belə hesab edir ki, iş materialları ilə tanışlıq da daxil olmaqla Müdafiəçi ümumlikdə sərf etdiyi vaxt 20 saat müəyyən edilməlidir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 551,72 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,233 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğndə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1420/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1420/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver