Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1420/2024 16.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı - X2, zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «EKOL» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1982-ci il tarixdə Tərtər rayonu, Azadqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək 02 il sınaq müddəti şərti hesab edilməklə məhkum edilmiş, həmin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş halda, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə nikahı pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs dırnaq ustası işlədiyi ünvan 2 ünvanında yerləşən “SP Beauty” gözəllik salonuna gələrək içəri girib Zərərçəkmiş şəxs yanına çağıraraq sonuncuya sürdüyü yüngül həyat tərzinə son qoymasını bildirmiş, Zərərçəkmiş şəxs isə ona “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” dedikdə qısqanclıq zəminində qisas almaq niyyətilə əvvəlcədən yaşadığı mənzildən götürüb gödəkçəsinin sol cibinə qoyduğu zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 180 mm, dəstəyinin uzunluğu 126 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını sağ əli ilə çıxarıb müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl vuraraq kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol süd vəzi nahiyəsinin daxilə nüfuz etməyən 01 (bir) ədəd, sol körpücük nahiyəsinin daxilə nüfuz etməyən 01 (bir) ədəd, sol çiyin nahiyəsinin 01 (bir) ədəd, sol bazu nahiyəsinin 07 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsi nahiyəsinin daxilə nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan 08 (səkkiz) ədəd, sol kürək nahiyəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən 01 (bir) ədəd, döş qəfəsinin daxilə nüfuz edərək dalağın zədələnməsinə səbəb olan 01 (bir) ədəd, döş qəfəsinin daxilə plevra boşluğuna nüfuz edən 02 (iki) ədəd, boyunun ön səthinin traxeyanın zədələnməsinə səbəb olan 01 (bir) ədəd, qarının ön divarının daxilə nüfuz edərək yoğun bağırsaq və bağırsaq müsariqəsini zədələyən 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri olmaqla, 15 (on beş) ədədi daxilə nüfuz etməklə cəmi 25 (iyirmi beş) ədəd bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sübutların tədqiqi: 2.Məhkəmə baxışında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə ailə qurmuş, 2022-ci ildə boşanmışlar, iki övladları olmuş, nikah dövründə münasibətləri yaxşı olmuşdur. Boşanmalarına səbəb evdən pul götürüb getməsi olmuşdur. Boşanma səbəbi olan pul oğurluğu ilə bağlı polisə müraciət etməmişdir. Nikahları pozulandan sonra Pərvanə gözəllik salonunda işləməyə başlamış, o da orada işləməməsi barədə xəbər etmiş, lakin xeyri olmamışdır. Atasına və qardaşına xəbər yollayaraq bildirmişdir ki, “sizin uşağınız düz yolda deyil”. Onlar da ondan yana gəlib-getməmişlər, baxmamışlar, anası gəlib-getmişdir. Maşına minib getdiyini gözü ilə görmüşdür. Xəbərdarlıq edərək demişdir ki, “sənin maşına mindiyini görmüşəm, bu yoldan qayıt, mən də məhv olaram, sən də məhv olarsan, uşaqların gələcəyi var”. Onun 17 və 18 yaşlı iki qız övladları var, onları da nəzərə almaq lazımdır ki, gələcəkləri məhv olub getməsin. Uşaqlarla görüşmüş, uşaqlar da bilmişlər, böyük qızı hamısını danışmışdır ki, evə gəlmir. Hadisədən qabaq neçə dəfə xəbərdarlıq etmiş, mümkün olmadığından artıq onu vurası olmuşdur. Öldürəsi olsa idi iki ildir orada işləyirdi gedib həmin dəqiqə öldürərdi. Ondan boşanmış, hərə öz işində olmuş, amma ona demişdir ki, o yoldan qayıt. Ora onunla danışmaq üçün getmişdir. Orada söhbət başqa cür olmuşdur. İçəriyə girəndə balaca otağa çağırmışdır. Gözəllik salonunun içinə girsə də xanımlara yaxın getməmiş, çağırıb demişdir ki, “səhv yollara gedirsən, bunu etmə” cavabında “nə edirəm yaxşı edirəm, nə istəyərəm edərəm, get işinlə məşğul” demiş, o da öldürmüşdür. Bıçaqlayarkən heç bir müqavimət göstərməmiş, bir-iki dəfə qışqırmış, sonra səsi kəsilmişdir. Niyə bu qədər çox bıçaq vurmağını özü də bilmir, özündə olmamışdır. Sənədi oxuyanda o qədər bıçaq vurulduğunu görmüşdür. Hadisə salonda olmuş, orada əlavə iki nəfər qadın da olmuşdur. Hadisə olandan sonra heç evə də getməmiş, birbaşa 35-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. O, özü şəhid övladıdır, yalan ifadə vermir, nə varsa onu deyir. Orada özündə olmamış, zədələri sayıb vurmamış, orada neçə zədə yazıldığını bilməmiş, indi eşidir. O namus təmizləmiş, uşaqlarının gələcək həyatlarının məhv olmaması üçün etmişdir. Altı ay zərərçəkənə xəbərdarlıq etmiş, yenə də xəbərdarlıq etməyə getmiş, lakin orada elə sözlər demişdir ki, özündə ola bilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) mülki iddianı qəbul etməyərək təmin edilməməsini istəmişdir. 3.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, həmişəki kimi dırnaq ustasının yanına gəlmiş, təxminən altı, yeddiyə işləmiş orada olmuş, salonda adam elə də çox olmamışdır. Şəxs içəriyə daxil olmuş və əlləri cibində arxadan gələrək Pərvanəyə “bir dəqiqə səni olar” demişdir. Bundan sonra Pərvanə əlcəklərini çıxarıb ayağa qalxaraq ona tərəf getmişdir. Həmin yerdə arka olduğu üçün bir saniyəlik gözündən itmiş, iki-üç saniyə sonra bıçaq zərbələri ilə “mənə kömək edin” səsini eşitmiş, başqa heç nə eşitməmişdir. Bıçaq zərbələrini vuranda öldürməyə davam etmiş və arkadan sürüşüb yerə yıxılanda dayanmadan vurmağa davam etmişdir. Pərvanənin bədəni tərpənməmiş, şəxs yenə də hər yerinə. bıçağı salıb çıxarmışdır. Aralaşdırmağa cəhd edən olmamış, sonra səsə içəriyə bir şəxs girmiş, deyəsən bıçağı əlindən almaq istədikdə həmin şəxsi itələyərək qaçmışdır. Hadisə təxminən bir-iki dəqiqə baş vermiş, hər şey gözünün qarşısında olmuşdur. O vaxt ərzində aralarında nəsə danışıq olması mümkün deyildir. Yavaş danışsa idi eşitməyə bilərdi, amma vaxt baxımından bilmir, hər şey çox tez, bir anda olmuşdur. Hadisəni görməyə başlayanda arxa-arxaya getmiş, digər şahidin qışıqırıq səsinə sanki oyanaraq o, da qışqırmağa başlamış, amma necə qışqırması yadında deyil. Pərvanə xanımı beş ildir ki, tanımış, təkcə həyat yoldaşı ilə boşandıqlarını bilmişdir. Pərvanə ona həyat yoldaşının onu təhdid etməsi, izləməsi və s. kimi sözlər deməmişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində bildirmişdir ki, o salondan çıxmaq üzrə olarkən bəy gələrək Pərvanə xanımı çağırmış, “moyka”nın yanındakı o biri otağa keçmişlər, o keçdikdə Pərvanə salam vermiş və sonra fırlanıb geri otağına gəlmişdir. Geri dönərkən 5-6 bıçaq vurduğunu görmüşdür. O, kimisə köməyə çağırmaq üçün otağın çıxışına qaçmış, lakin qapı bağlı olmuşdur. Millət yığılmış, amma heç kim köməyə girməmiş, o, kömək çağırana kimi Pərvanəni öldürmüşdür. Hadisəni şəxsən görmüş, həmin ərəfədə Pərvanə ayaq üstə olmuş, yıxıldıqdan sonra da vəhşicəsinə vurmuşdur. Birinci zərbəni vurmasını görməmişdir. Onun fikrincə hadisə üç dədiqə çəkmiş, ondan başqa salonda əvvəki şahid xanım olmuş, səhv etmirsə hadisə yeddinin yarısında olmuşdur. Vurmazdan əvvəl aralarında heç bir söz söhbət olmamışdır. Həmin salonda bir ildən artıqdır ki, işləmiş, o, gələndə artıq Pərvanə orada işləmişdir. Onunla münasibətləri yaxşı olmuş, həyat tərzi ilə bağlı heç bir məlumatı olmamış, Pərvanənin sadəcə boşandığını bilmişdir. Şəxsi salonda heç görməmiş, sadəcə uzaqdan görmüş, şəkildən Pərvanənin yoldaşı olduğunu bilmiş və Pərvanənin atasını bıçaqladığını eşitmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, hadisə baş verən gün mağazadan gələrkən yolda qonşusu Zamiqi görmüş, bıçağın nə olduğunu soruşmuş, cavabında Pərvanəni öldürdüyünü demişdir. Daha sonra hadisə baş verən yerə getmiş, orada insanlar yığılmış, xanımı oradan çıxarıb maşına mindirərək təcili yardıma aparmışlar. Orada artıq Pərvanə dünyasını dəyişmişdir. Ən son o, morqa aparılmasına kömək etmişdir. Ailə münasibətləri olmuş, onlar ailənin içini bilməmişlər, amma Pərvanə xanım haqqında müəyyən söhbətlər gəzmişdir. Nəyin nə qədər həqiqət olduğunu bilməmiş, amma əksəriyyəti biraz uydurma olmuşdur. Zamiqlə də bağlı açıq deyəcək, sakit insan olmuş, kiməsə dəyməmiş, sadəcə kənardan o qədər psixoloji təsir olmuşdur ki, affektə düşmüşdür. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, onların valideynləri ölmüş, lakin bu valdeyn itkisi deyil, eləbliki həyatları əllərindən alınmışdır. Anası üç il idi ki, boşanmış, heç bir günahı olmamış, qeyri-etik bir hərəkət etməmişdir. Qarşı tərəf üç ildir ki, onları ancaq tənqid və təhqir etmiş, onlara çox iyrənc söyüşlər söymüşdür. Bununla bağlı sübutu da var. Bu planlaşdırılmış bir işdir, onlara ancaq demişdir ki, “sizi öldürəcəm, yaşadığınız yeri bilirəm, ananızı da, sizi də öldürəcəm”. Ondan əvvəl də onun babasını bıçaqlamış, babası polisə şikayət etməyə qoymayaraq, sabah üz-üzə gələcəklərini demişdir. Anası ilə görüşüb hazırlığa getmiş, sonra bacısı zəng etmişdir ki, “deyəsən anama nəsə olub get bax”. Gedib salonun qanın içində olduğunu görmüşdür. Gözəllik salonunun yanında yaşamamışlar, oradan köçmüşlər. Anası hər gün saat səkkiz, doqquza qədər işləmişdir. Boşandıqan sonra atasının onlara maddi köməyi yalnız aliment olmuşdur. 7.«Meyitin ekspertizası» barədə 25 noyabr 2023-cü il tarixli, 100 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsi nahiyəsinin daxilə nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan səkkiz ədəd, sol kürək nahiyəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən bir ədəd, döş qəfəsinin daxilə nüfuz edərək dalağın zədələnməsinə səbəb olan bir ədəd, döş qəfəsinin daxilə plevra boşluğuna nüfuz edən iki ədəd, boyunun ön səthinin traxeyanın zədələnməsinə səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək yoğun bağırsaq və bağırsaq müsariqəsini zədələyən iki ədəd, sol süd vəzi nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd, sol körpücük nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd, sol çiyin nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin yeddi ədəd deşilmiş-kəsilmiş yaraları. Ümumilikdə 25 ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi, onlardan 15-i daxilə nüfuz edir. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, deşici-kəsici əşya (alət) təsirindən törənməkdə, eyni konstruksiyalı bıçaq təsirindən törənə bilərdilər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsi nahiyəsinin daxilə nüfuz edərək ağciyərin zədələnməsinə səbəb olan səkkiz ədəd, sol kürək nahiyəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən bir ədəd, döş qəfəsinin daxilə nüfuz edərək dalağın zədələnməsinə səbəb olan bir ədəd, döş qəfəsinin daxilə plevra boşluğuna nüfuz edən iki ədəd, boyunun ön səthinin traxeyanın zədələnməsinə səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək yoğun bağırsaq və bağırsaq müsariqəsini zədələyən iki ədəd deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrıayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı çoxsaylı deşilmiş-kəsimiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-8 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ-nin 3903/K saylı aktı) (İ cild, səh. 152-157). 8.«Məhkəmə-genetik ekspertizası» barədə 15 noyabr 2023-cü il tarixli, 23/860 R nömrəli ekspert rəyindən görünür ki, hadisə yerindən 06 (altı) ədəd pambıq tampon üzərində götürülmüş qanabənzər ləkələrin (şərti olaraq "İ", ”2", "3", "4", "5", "6” rəqəmləri ilə nörmələnmiş), 01 (bir) ədəd dəstəyi qara rəngdə olan mətbəx bıçağının tiyəsi, 01 (bir) ədəd sarı rəngli yastıq, 01 (bir) ədəd bej rəngli şərf, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara yun jaket, 01 (bir) ədəd qara rəngli uzunqol köynək, 01 (bir) ədəd qara rəngli idman şalvarı, 01 (bir) cüt ağ rəngli idman ayaqqabısı, 01 (bir) cüt ağ rəngli corab, 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd qara rəngli büstqalter üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu və həmin qan nümunələrinin Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd dəstəyi qara rəngdə olan mətbəx bıçağının dəstəyi üzərində molekulyar- genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd dəstəyi qara rəngdə olan mətbəx bıçağının dəstəyi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli qısaqol gödəkçə və 01 (bir) ədəd qara rəngli köynək üzərində qanabənzər ləkələr aşkar edilmədi. Bu səbəbdən həmin tədqiqat obyektləri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (İ cild, səh. 144-151). 9."xxxx" barədə 17 yanvar 2024-cü il tarixli, 606-2023/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsi və sol qolunun ön səthinin yuxarı hissəsində 05 (beş) ədəd, sol qolunun ön səthinin orta hissəsində 01 (bir) ədəd, sol qolunun arxa səthində 03 (üç) ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində 04 (dörd) ədəd və arxa səthinin sol yarısının ortayuxarı hissəsində 05 (beş) ədəd (cəmi 21 (iyirmi bir) ədəd); - jaketin ön səthinin sol yarısının aşağı-orta hissəsində 04 (dörd) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsi və sol qolunun ön səthində 03 (üç) ədəd, sol qolunun ön səthində 03 (üç) ədəd, sol qolunun çiyin və arxa səthində 02 (iki) ədəd, arxa səthinin sol yarısında, aşağı, orta və yuxarı hissələrində 06 (altı) ədəd (cəmi 19 (on doqquz) ədəd; - büstqalterin ön səthinin sol yarısında 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və özünü zəif dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus olmuş köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, arxa səthinin sol yarısının aşağı hissəsində bir ədəd; jaketin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd, büstqaiterin bel hissəsinin sol yan səthində, sol qoltuqaltı nahiyəsində bir ədəd və şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd (cəmi 06 (altı) ədəd) kənarı kəsilmiş zədələr vardır. Bu zədələr iti kənara malik hər hansı bir kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş köynək, jaket, büstqalter və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kənarı kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsinin təsirindən törənmələri inkar olunmur. Zərərçəkmiş şəxs bədənində olan döş qəfəsi nahiyəsinin daxilə nüfuz edərək, ağciyərin zədələnməsinə səbəb olan səkkiz ədəd, sol kürək nahiyəsinin daxilə nüfuz edərək ağciyəri zədələyən bir ədəd, döş qəfəsinin daxilə nüfuz edərək dalağın zədələnməsinə səbəb olan bir ədəd, döş qəfəsinin daxilə plevra boşluğuna nüfuz edən iki ədəd, boyunun ön səthinin traxeyanın zədələnməsinə səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək yoğun bağırsaq və bağırsaq müsariqəsini zədələyən iki ədəd, sol süd vəzi nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd, sol körpücük nahiyəsinin daxilə nüfuz etməyən bir ədəd, sol çiyin nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin yeddi ədəd deşilmiş-kəsilmiş xəsarətlər yerləşmə nahiyəsinə görə ona məxsus olan paltarlar üzərində olan zədələrlə nisbi olraq üst-üstə düşməsini, xəsarətlərin morfoloji əlamətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin təsirindən törənmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar və bir ədəd gödəkçənin üzərində heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur (İ cild, səh. 177-187). 10.«Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» barədə 13 noyabr 2023-cü il tarixli, 3125 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrık müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, inadkarlıq, eqosentrizm, öz maraqlarını üstün tutmaq və s. aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini emosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq yaranmış həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır (İ cild, səh. 172-175). 11.«İfadənin yerində yoxlanılması barədə» 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 3 ünvanında yerləşən “SP Beauty” gözəllik salonudur. xx.xx.2023-cü il tarixdə ifadəsinin yerində yoxlanılması aparılan zaman Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov 15 ünvanında yerləşən "SP beauty” gözəllik salonunu göstərərək Zərərçəkmiş şəxs həmin ünvanda bıçaqla vurub öldürdüyünü demişdir (İ cild, səh. 74-76). 12.«Könüllü gəlib təslim olunma barədə» 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gələrək könüllü təslim olmuşdur (İ cild, səh. 39). 13.«Sübutların qiymətləndirilməsi haqqında» 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd qara və gümüşü rəngli mətbəx bıçağı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara yun jaket, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd qara rəngli idman şalvarı, bir cüt ağ rəngli idman ayaqqabısı, bir cüt ağ rəngli corab, bir ədəd qara rəngli tuman və bir ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz cins şalvar, qara qısaqol gödəkçə və köynək maddi sübut kimi tanınaraq Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılır (İ cild, səh. 192-203). 14.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 17-18). 15.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 4(011)- 691/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 oktyabr 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 77-83). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1487/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir (İ cild, səh. 101-112, 165-166). 17.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1487/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığının əvvəlinin 09 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. 17 avqust 2022-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 101-112). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 22.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 23.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. 24.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 25.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 26.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 27.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 29.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 30.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 31.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 32.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinin tələblərini rəhbər tutaraq, könüllü gəlib təqsirini boynuna almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 34.Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, lakin sınaq müddəti başa çatmamış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 26 oktyabr 2023-cü il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi müəyyən olunmuşdur. Əməlində cinayətlərin xüsusi təlükəli residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. 35.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 36.Həmin Məcəllənin 60.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. 37.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 39.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə görə qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. 42.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 43.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsində qeyd olunur ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 46.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1487/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti ərzində törətmişdir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 48.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1487/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalıdır. 51.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 52.Belə ki, «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli 2 nömrəli qərarının 15-ci bəndinə qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, azadlıqdan məhrum etməyə şərti məhrum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71.4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən heç biri xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir». 53.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 54.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 55.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 26 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 56.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 58.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 59.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 60.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 61.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 6.600 manat, mənəvi ziyana görə 3.000 manat olmaqla cəmi 9.600 manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 62.Vurulmuş maddi ziyana münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, maddi ziyanla bağlı mülki iddiaçı tərəfindən məhkəməyə məzar daşının hazırlanması müqabilində ustaya xidmət haqqının ödənilməsinə dair məlumat və mərhum Zərərçəkmiş şəxs ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlinin surəti təqdim edilmişdir. 63.Məhkəmə hesab edir ki, məzar daşının hazırlanması ilə bağlı 5100 (beş min yüz) manat xidmət haqqının ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, 5100 manat vurulmuş maddi ziyan cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Mənəvi zərərə münasibətdə məhkəmə işin faktiki hallarını, mülki iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirabları, təqsirləndirilən şəxsin hadisənin baş verməsindəki rolunu, eyni zamanda mülki iddiaçı tərəfindən həmin halların 3.000 (üç min) manat məbləğində qiymətləndirməsini nəzərə alaraq hesab edir ki, mülki iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. 64.Məhkəmə hesab edir ki, mülki iddiaçı X2 mülki iddiası qismən təmin edilməli, 5100 manat maddi ziyan və 3000 manat mənəvi zərər mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq X4 ödənilməlidir. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan, bir ədəd qara və gümüşü rəngli mətbəx bıçağının məhv edilməsini, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara yun jaketin, bir ədəd qara rəngli uzunqol köynəyin, bir ədəd qara rəngli idman şalvarının, bir cüt ağ rəngli idman ayaqqabısının, bir cüt ağ rəngli corabın, bir ədəd qara rəngli tumanın və bir ədəd qara rəngli büstqalterin zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilməsini (qəbul edilmədikdə məhv edilməsini), Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz cins şalvarın, qara qısaqol gödəkçənin və köynəyin onun özünə qaytarılmasını əsaslı hesab edir. 66.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 67.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 68.Müdafiəçi Bakı şəhəri «EKOL» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 69.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «EKOL» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «EKOL» Vəkil Bürosunun hesabına ödənilməlidir. 70.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 03 (üç) il azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin və həmin hökmlə təyin edilmiş 03 (üç) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 17 (on yeddi) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı X5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 5100 manat maddi ziyan və 3000 manat mənəvi zərər mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq X4 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «EKOL» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan - bir ədəd qara və gümüşü rəngli mətbəx bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara yun jaket, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd qara rəngli idman şalvar, bir cüt ağ rəngli idman ayaqqabısı, bir cüt ağ rəngli corab, bir ədəd qara rəngli tuman və bir ədəd qara rəngli büstqalter zərərçəkmiş şəxsin hüquqi varisi X4 verilsin (qəbul edilmədikdə məhv edilsin), Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz cins şalvar, qara qısaqol gödəkçə və köynək Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev