Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1421/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs satdığı mobil telefon aparatı ilə bağlı qalmış 20 manat borcu almaq üçün qabaqcadan əldə etdikləri razılaşmaya əsasən 24 oktyabr 2023-cü il tarixdə saat 19:00 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına getmiş, yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs heç bir səbəb və əsas gətirmədən nalayiq söyüşlərlə onu təhqir etməsinə görə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə bir dəfə qəsdən bel nahiyəsindən vuraraq ona belin sağ yarısının qarın boşluğuna nüfuz edən, aşağı boş venanı, 12 barmaq bağırsağı, köndələn çənbər bağırsağı və sağ 3-cü bel fəqərəsinin yan çıxıntısını zədələyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumları ilə yaxın yerdə - üzbəüz yaşayırlar və qohumlarına baş çəkdiyi vaxtlarda Natiq ona mobil telefon aparatı lazım olduğunu demiş, o da özündəki “Redmi” markalı mobil telefon aparatını sata biləcəyini bildirmişdir. Natiqin özünün başqa bir telefonu da olmuş, amma əlavə bir telefon da almaq niyyətində olmuşdur. Həmin telefonu o əvvəllər metronun «İnşaatçılar» stansiyası yaxınlığında yerləşən mağazalardan birindən 80 manata almışdır. Hadisənin baş verdiyi gündən təxminən bir gün əvvəl özünə məxus bir ədəd “Redmi” markalı mobil telefon aparatını Natiqə 50 manata satmışdır. Natiq 50 manatdan 30 manatını vermiş, yerdə qalan 20 manatı isə səhəri gün gəlib yaşadığı ünvandan götürə biləcəyini demişdir. O, Natiqin dediyi vaxtda pulu götürmək üçün tanışı olan taksi sürücüsü Şahid1 onu Natiqin yaşadığı ünvana aparmasını xahiş etmişdir. Fuad onu Natiqin yaşadığı ünvana yəni, ünvan 3yərək çıxıb getmişdir. Daha sonra o, yaxınlaşıb Natiqin yaşadığı evin qapısını döymüş və qapını Natiq özü açmışdır. Natiq qapını açan kimi dayanmadan ona nalayiq söyüşlər söyməyə başlamışdır. Natiqə nalayiq söyüşlərə görə iradını bildirmiş və söyüş söyməməsini demişdir. Amma Natiq özündə olmamışdır. Bu nalayiq söyüşlərə dözə bilməyərək cibində olan balaca cib bıçağını çıxarıb Natiqin bel nahiyəsindən bir dəfə vurmuş və çıxıb getmişdir. Axşam saatları olduğundan ətrafda heç kim olmamışdır. Onun heç bir xuliqanlıq niyyəti olmamışdır. O, Natiqi 20 manat borcunu vermədiyinə görə yox, nalayiq söyüşlərinə görə bıçaqlamışdır. Həmin bıçaq balaca olduğuna görə ovcunda saxlamış və sonradan onu müstəntiqə təhvil vermişdir. Əməlindən peşmandır, həm də Zərərçəkmiş şəxs ilə barışmışlar. Məhkəmədən bütün bu halların nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ona 50 manata telefon satmış, telefonun pulunun 30 manatını ödəmiş, yerdə qalan 20 manatı ödəmək üçün isə İbrahimə müəyyən bir vaxt demiş və həmin vaxt çatanda pulun qalan hissəsini ödəyəcəyini bildirmişdir. İbrahimdən aldığı telefona nömrə taxmamış, sadəcə oyun oynamaq üçün istifadə etmişdir. 24 oktyabr 2023cü il tarixdə, dediyi vaxtda telefonun qalan pulunu götürmək üçün İbrahim onun anası ilə birlikdə yaşadığı evə gəlmiş, qapını döyüb onu çölə çağırmışdır. Qapını açıb bayıra çıxmışdır. İbrahim tək olmuşdur. Həmin vaxt qəbul etdiyi narkotik vasitənin təsiri altında və əsəbi olduğu üçün qapısına gəlmiş İbrahimə kobud cavab verib onun ünvanına nalayiq söyüşlər işlətmişdir. İşlətdiyi söyüşlərə görə aralarında mübahisə yaranmış və etdiyi nalayiq söyüşlərə görə İbrahim ona bir bıçaq zərbəsi vurmuşdur. Əgər İbrahimə söyüş söyməsəydi, İbrahim onu vurmazdı. Hal-hazırda İbrahimlə aralarında heç bir problem yoxdur, onunla barışmışdır, heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, özünə məxsus “Toyota Prius” markalı **-CH-*** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onun uzaq qohumudur. 24 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında İbrahim onu Yasamala aparmasını xahiş etmiş, amma ora nə üçün getdiyini deməmişdir. Bekar olduğu üçün İbrahimi Yasamala ötürüb, ordan da öz işini görməyə gedəcəyi üçün razılaşmışdır. O, İbrahimi Yasamala düşürtdükdən sonra öz yoluna davam etmiş, onu gözləməmişdir. O, şəxsən hadisənin baş vermə anına şahid olmamışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, hadisənin baş verdiyi məhəllədə heç vaxt olmamışdır, hadisəni görməmişdir, gecə vaxtı olduğu üçün ətrafda kiminsə olub-olmamasına da fikir verməmişdir. İbtidai istintaq zamanı tərtib olunmuş ifadəsini isə təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisə baş verdiyi gün yəni, 24 oktyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin qapısı döyülmüş, oğlu Natiq qapını açmışdır. Bir az vaxt keçdikdən sonra çöldən səslər gəlməyə başlamışdır. Nə baş verdiyini bilmək üçün çölə çıxmaq istəyəndə oğlu Natiqin divardan tuta-tuta gəldiyini görmüşdür. Nə olduğunu soruşanda bıçaqlandığını demişdir. Təcili yardım çağırılmış, Natiq xəstəxanaya aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Natiq qapıya gəlmiş, onlara qohumluq münasibətləri çatan İbrahimi söymüş, buna görə də İbrahim onu bıçaqla vurmuşdur. Hadisə vaxtı ətrafda heç kim olmayıb. Bu hadisənin baş verməsində oğlu Natiqi günahkar görür. O, İbrahimi elə söyməməli idi. Əgər oğlu İbrahimi söyməsəydi, İbrahim də onu bıçaqla vurmazdı.İbrahimə qarşı heç bir tələb və şikayətləri yoxdur. Məhkəmədə ona verilən sualları cavablandıran Şahid2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni ümumiyyətlə təsdiq etmir. O heç Yasamal rayon Polis İdarəsində də olmamış, heç nə imzalamamışdır. Şahid1 adlı qohumu da yoxdur. Oğlu Natiqdən hadisənin necə olduğunu soruşmamışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. Natiqin İbrahimi nəyə görə söydüyünü də bilmir. İbrahimi söydüyü üçün günahı oğlunda görür. Natiqin əşyalarını oğlu xəstəxanadan çıxandan bir sonra gedib götürmüş, ayaqqabını özü ilə gətirmiş, digər əşyaları isə zibil qabına atmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 115-116). Baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının qarşısında yerləşir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 10-13). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 3025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməyib.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur (cild 1, iş vərəqə 106-107). Məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2024-cü il tarixli 88 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - belin sağ yarısının qarın boşluğuna nüfuz edən, aşağı boş venanı, 12 barmaq bağırsağı, köndələn çənbər bağırsağı və sağ 3cü bel fəqərəsinin yan çıxıntısını zədələyən 01 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla törədilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin bıçağın üzərinə yıxılması zamanı törənməsi inkar olunur (cild 1, iş vərəqə 109-111). Məhkəmə-ballistik ekspertizasının 26 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/13 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 112-114). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 100-101). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. Müəyyən edilmişdir ki, hadisədən əvvəl narkotik sərxoşluğu vəziyyətində olduğunu etiraf edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi nalayiq söyüşlərlə təhqir etmişdir. Belə ki, Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs nalayiq söyüşlər söydüyü üçün sonuncunun ona xəsarət yetirdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində hadisə baş verən zaman narkotik vasitənin təsiri altında olduğu üçün əsəbi olduğunu, buna görə İbrahimə qarşı nalayiq söyüşlər işlətdiyini, əgər İbrahimə söyüş söyməsəydi, sonuncunun da onu vurmayacağını qeyd etmişdir. Nəticədə bu vəziyyət və hərəkətlər təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin motivinin formalaşmasının əsas ünsürləri kimi çıxış etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. Bu məqamlar işin mübahisəsiz hallarıdır və faktiki olaraq ibtidai istintaq orqanının əldə etdiyi sübutlarla da tam təsdiq olunur. İbtidai istintaq orqanı qanuni və əsaslı olaraq cinayət işini 26 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlamış, təqsirləndirilən şəxsə 28 oktyabr 2023-cü il tarixli qərarla həmin maddə ilə ilkin ittiham elan olunmuşdur. İbtidai istintaqın bütün sonrakı mərhələsində əldə edilmiş sübutlar da məhz bu ittihamın təsdiqinə yönəldiyi halda, ibtidai istintaqın yekunlaşması ərəfəsində təqsirləndirilən şəxsə 01 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqə 1, 58, 117-119). Qeyd edilən qərarın əsassızlığı ondan ibarətdir ki, ibtidai istintaqı aparan müstəntiq hər hansı dəqiqləşdirilmə aparmadan, aradan qaldırılmayan şübhələri təqsirləndirilən şəxsin ziddinə istifadə etməklə, eləcə də, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və iş üzrə şahidlərin hadisə zamanı ətrafda başqa şəxslərin olmadığını bildirsələr də, cinayətin Təqsirləndirilən şəxs tərəfindən həmin tövsifedici əlamətlə törədilməsinə dəlalət edən əlavə hansı sübutların mövcud olduğunu göstərmədən Təqsirləndirilən şəxs qarşı xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham irəli sürmüşdür. Hər iki valideyni vəfat etmiş Təqsirləndirilən şəxs hələ ilkin təhqiqat mərhələsində Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə verdiyi izahatında əməlini səmimi etiraf etmiş, hadisənin baş vermə səbəbinin Zərərçəkmiş şəxs hərəkətləri olduğunu, sonuncunu «kişiliyə layiq olmayan söyüşlər söydüyünə görə» bıçaqla vurduğunu bildirmişdir (cild 1, iş vərəqə 9). Təqsirləndirilən şəxs qismində verdiyi ilk ifadəsində də Təqsirləndirilən şəxs hadisənin səbəbi ilə bağlı eyni məzmunlu ifadə vermiş, faktiki olaraq mübahisənin 20 manat pula görə deyil, zərərçəkmiş şəxsin onu nalayiq söyüşlərlə söyməsinə görə baş verdiyini qeyd etmişdir (cild 1, iş vərəqə 76-78). Bu xüsusat üzrə düzgün qənaətə gəlmək üçün ibtidai istintaq orqanı əvvəllər dəfələrlə, o cümlədən Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 234.1-ci maddələri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş Zərərçəkmiş şəxs hadisə anından əvvəlki davranışını nəinki düzgün təhlil etməmiş, ümumiyyətlə bu hala heç bir diqqət yetirilməmişdir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edildikdən sonra ibtidai istintaq orqanı tərəfindən digər məsələlərlə yanaşı baş vermiş hadisəni görmüş şəxslərin, ictimai qaydanın pozulubpozulmamasının müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə əməliyyat tapşırığı verilmişdir. Həmin tapşırığa verilmiş xx.xx.2023-cü il tarixli cavabda hadisəni görmüş şəxslərin, ictimai qaydanın pozulub-pozulmamasının müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı heç bir müsbət nəticə əldə edilmədiyi bildirilmişdir (cild 1, iş vərəqə 88, 89). Bundan xeyli sonra, yəni xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsi taksi kimi zərərçəkmiş şəxsin yaşadığı ünvana aparmış, hadisənin baş verdiyi ilk vaxtlardan – xx.xx.2023-cü il tarixdən əməliyyat, təhqiqat və istintaq orqanına tam məlum olan Şahid1 ifadəsində əməliyyat tapşırığına verilmiş cavabdan fərqli görüntü təqdim edilərək həmin şahidin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə sözlə mübahisəsinin ilkin anını az da olsa görməsi və bundan sonra oradan çıxıb getməsi mənzərəsi təsvir olunmuşdur. Halbuki, qeyd olunan şahid məhkəmə istintaqı zamanı bu halı tam təkzib etmiş və heç bir halda Təqsirləndirilən şəxs kiminləsə mübahisəsini görmədiyini, onu bəlli ünvanda düşürdəndən dərhal sonra qabaqcadan planlaşdırdığı işlərinin arxasınca çıxıb getdiyini bildirmişdir. Şahidin bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə də təsdiqini tapır. Digər şahid – məlum araşdırma ilə bağlı ümumiyyətlə Yasamal rayon Polis İdarəsində olmadığını bildirən zərərçəkmiş şəxsin anası Şahid2 isə ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ifadəsini təkzib etmiş, məhkəmədə tam fərqli məzmunda ifadə verərək nalayiq söyüşlərlə Təqsirləndirilən şəxs söydüyünə görə hadisəyə görə oğlu Zərərçəkmiş şəxs günahkar bildiyini qeyd etmişdir. Məhkəmə daha bir ciddi məqamı da vurğulayaraq qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürdüyü yekun ittihamı hüquqi cəhətdən düzgün formalaşdırmamışdır. Belə ki, ittihamın təsviri əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs ona 20 manat borcun qaytarılmamasını bəhanə edərək «səs-küy salıb cəmiyyətdə mövcud olan birgə yaşayış və davranış qaydalarını pozması» israr edilmişdir. Məhkəmə qeyd edir ki, yekun ittihamdakı bu xüsusatlar faktiki olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozitiv əlamətinə aiddir, həmin maddədə nəzərdə tutulmuş əməlin bilavasitə obyekti olan ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan qərəzli hərəkətlər məcmusuna daxildir. Konkret halda Təqsirləndirilən şəxs hadisə anında davranışını müəyyən etmiş motiv zərərçəkmiş şəxsin nalayiq söyüşlər söyməsi ilə bağlı hərəkətlər olmuşdur. Təqsirləndirilən şəxs hərəkətində azğınlıq, qəddarlıq və sair bu kimi məqamlar müəyyən edilmir. Həm də 20 manat borcun qaytarılmaması kimi məqam heç bir halda cüzi səbəb olaraq qəsdən sağlamlığa ağır xəsarət yetirmənin bəhanəsi kimi çıxış etməmişdir. Hadisənin səbəbi kimi zərərçəkmiş şəxsin nalayiq söyüşlərlə təqsirləndirilən şəxsi söyməsi müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törədilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Qeyd olunan Plenum qərarının 3-cü bəndinə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 44, 86-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1421/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1421/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver