Məhkəmə qərarları › İş №1(101)-1423/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1423/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1423/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, 3 may 1989-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Füzuli şəhəri, Mobil Hacıyev küçəsində qeydiyyatda olan və Ədliyyə Nazirliyi Penitensiar Ximdətinin Bakı İstintaq Təxridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 19 mart 2021-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 4 saylı Yataqxananın 5 saylı mənizilinin giriş qapısının qarşısında sərxoş vəziyyətdə evə gəldiyinə görə qardaşı Şahid2 Firudin oğlu ilə sözlə mübahisə edən zaman tanışı Zərərçəkmiş şəxs müdaxilə edərək ona iradlar bildirməsi və əli ilə onu qucaqlayaraq sərbəst buraxmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun bədəninin döş qəfəsi nahiyyəsindən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan xəsarət yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, ailəsi atası Firudindən, anası Nəsibədən, qardaşları İslam, Rəşad və Elşaddan ibarətdir; 19 mart 2021-ci il tarixdə gecə saat 00:30 radələrində bir qədər pivə içdikdən sonra evə gəlmiş, stolun üstündən bıçaq götürüb alma soyaraq yeməyə başlamış, həmin vaxt qardaşı Rəşad da evdə olmuş, içki içdiyinə görə ona irad bildirmiş, onu danlamış, Rəşadın yaşca ondan balaca olduğu üçün ona irad bildirməsini qəbul etməmış, ”Sən kimsən ki, mənə irad bildirirsən?”, - demiş, aralarında mübahisə yaranmış, onlar mübahisə edərək yaşadıqalrı mənzilin giriş qapısının qarşısına çıxmış, həmin vaxt Rəşadın dostu Sabir ora gəlmiş, Sabir onun əlində bıçaq olduğunu, Rəşadla mübahisə etdiyini görmüş, onu qucaqlayıb bıçağı əlindən almağa çalışmış, Sabir onun bıçaqla Rəşadı vurmaq istədiyini fikirləşmiş, onun isə belə niyyəti olmamış, bu səbəbdən dartınıb Sabirin əlindən çıxmağa çalışmış, o dartınıb Sabirin əlindən çıxanda əlindəki bıçaq təsadüfən Sabirə dəymiş, Sabirin xəsarət aldığını bilməmiş, Rəşad Sabiri qucaqlayıb çölə çıxarmış, o otaqda qalmış, bir azdan həyətə düşmüş, təsadüfən qonşuya təcili yardım maşını gəldiyini, ona Rəşadla Sabirin həmin maşınla xəstəxanaya getdiklərini demişlər, o, Sabirə ciddi xəsarət yetirdiyini bilmədiyi üçün Sabir və Rəşadın ardınca getməmiş, evə qayıdaraq yatmış, səhər tezdən yuxudan ayılanda atası ona Sabirin qarın nahiyəsindən yaralandığını, xəstəxanada olduğunu demiş, o, peşman olaraq polis bölməsinə gedib hadisə barədə məlumat vermis, könüllü gəlməyi barədə protokol tərtib olunmuş, protokolu imzalamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Dərnəgül qəsəbəsində yerləşən 4 saylı Yataqxananın 4-cü mərtəbəsində yerləşən 80 saylı mənzilində yaşayır; həmin yataqxananın 1-ci mərtəbəsində yerləşən 5 saylı mənzilində dostu Elşad öz qardaşları Rəşad və Nicat və valideynləri ilə birlikdə yaşayır; ailələrində ən kiçik övlad Elşaddır; həmin qardaşlarla o, dostluq-yoldaşlıq münasibətindədir, hər biri ilə yaxşı münasibəti var və heç biri ilə düşmənçiliyi yoxdur; 18 mart 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Elşadla birlikdə Dərnəgül qəsəbəsində yerləşən “Qızıl Şar” kafesində olmuş, Elşad pivə, o isə kofe içmiş, onunla bir-iki saat həmin kafedə oturduqdan sonra yaşadıqları yataqxanaya doğru getmiş, həmin vaxt Elşad mağazaya gedəcəyini demiş, o, yataqxanın qarşısında, yada birinci mərtəbədə gözləyəcəyini bildirmiş, həmin vaxt tarix 19 mart 2021-ci il saat 00:30 radələri olmuş, o, yaşadığı 4 saylı yataqxanaya yaxınlaşan zaman içəridən səs eşitmiş, birinci mərtəbəyə daxil olduqda Elşadgilin yaşadığı 5 saylı mənzilin giriş qapısının qarşısında Elşadın qardaşları Rəşad və Nicatın mübahisə etdiklərini, Nicatın əlində mətbəx bıçağının olduğunu görmüş, həmin vaxt o, Nicatın qardaşı Rəşad ilə aralarında münaqişələrinin daha da dərinləşəcəyini, Nicatın Rəşadı bıçaqla vuracağını düşünmüş, Nicatın əlindəki bıçağı almaq üçün sonuncunu qucaqlamış, həmçinin Nicatı sakitləşdirməyə başlamış, sonuncu onun qucağında çabalayaraq onun əlindən çıxmaq istəmiş, həmin vaxt o, sol sinə nahiyyəsində ağrı hiss etmiş, Nicatı buraxmış, həmin vaxt Rəşad onun qoluma girərək çıxışa doğru aparmış, Nicat mənzillərinə geri qayıtmış, Rəşad həyətdə təsadüfən olan təcili tibbi yardım həkimlərinə yaxınlaşıb onu avtomobilə əyləşdirmişdir, Eyni zamanda göstərmişir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Firudin oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır; Zərərçəkmiş şəxs isə onlarla eyni binada qonşuluqda yaşamış, onun Sabir ilə yaxşı münasibətləri olmuşdur; 19 mart 2021-ci il tarixdə saat 00 radələrində o, yaşadığı evdə tək olan zaman qardaşı Təqsirləndirilən şəxs evə gəlmiş, həmin vaxt Nicat içkili vəziyyətdə olduğu üçün ona öz iradını bildirən zaman Nicat ondan bir yaş böyük olduğunu deyib onun öz işi ilə məşğul olmağını tələb etmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, həmin vaxt Nicat əlində olan bıçaqla alma qabığı soymuş, o, Nicata baş qoşmamaq üçün evdən dəhlizə çıxmış, dəhlizə çıxan kimi orada Sabirlə rastlaşmış, Sabir Nicatın içkili vəziyyətdə olduğunu və əlində bıçaq olduğunu görüb onu qucaqlayaraq bıçağı əlindən almağa çalışmış, Nicat dartınaraq Sabirin əlindən çıxmış, Sabir Nicatı buraxıb ona yaxınlaşaraq deyəsən ona bıçaq dəydiyini deyib əlini sinəsinə aparmış, əlində qan olduğunu görmüş, həmin vaxt yaşadığı evin həyətində təsadüfən başqa çağırışa gələn təcili tibbi yardım avtomobili olmuş, o, Sabiri götürüb həmin təcili tibbi yardım avtomobilinə aparmış, həkimlər Sabirin yarasına baxaraq xəstəxanaya getməli olduğunu bildirmişlər, həmin vaxt ora qardaşı Elşad və atası Firudin gəlmiş, həmin təcili yardım avtomobilinə əyləşib Sabirlə birlikdə xəstəxanaya getmişdir Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 Firudin oğlu ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın dostudur; demək olar ki, hər gün görüşürlər; 18 mart 2021-ci il tarixdə saat 23:30 radələrində o, Dərnəgül qəsəbəsində yerləşən “Qızıl Şar" kafesində tək oturub pivə içən zaman, Sabir ona yaxınlaşıb kafedə oturub kofe içdiyini bildirmiş, daha sonra nəyə görə ona xəbər etmədiyimi bildirərək kafedə tək oturub pivə içməyinə deyinmiş, sonra isə onun yanında oturub özü üçün sifariş etdiyi pivədən içmiş, təxminən 15-20 dəqiqə kafedə oturduqdan sonra Sabirlə evlərinə doğru getmiş, yolda o, marketə getmiş, Sabir onu məhəllədə gözləyəcəyini bildirmiş, bir müddət sonra o, məhəlləyə yaxınlaşan zaman orada təcili yardım avtomobilini görmüş, biraz da yaxınlaşdıqda içərisində Sabirin olduğunu bilmiş, bundan sonra o və atası Firudin həmin təcili yardımda Sabirlə 3 saylı xəstəxanaya getmişlər, hadisə vaxtı orada qardaşı Rəşad olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan 20 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (1-ci cild iş vərəqi 153-156). İşdə olan 19 mart 2021-ci il tarixli şəxsin könüllü gəlməsi, təqsirini boynuna alması, cinayətin predmeti olan bıçağın könüllü təqdim edilməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021 -ci il tarixdə saat 09:50-də Binəqədi RPİ-nə gələrək bildirmişdir ki, 19 mart 2021-ci il tarixdə saat 00:30-01 radələrində yaşadığı Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 4 saylı yataqxananın 1 -ci mərtəbəsində yerləşən 5 saylı mənzilinin giriş qapısının qarşısında evdən götürdüyü taxta saplı mətbəx bıçağı ilə 1 dəfə tanışı Zərərçəkmiş şəxs vurmuşdur; bu səbəbdən də dərhal könüllü olaraq Binəqədi rayon polis idarəsinə gələrək təqsirini etiraf etmiş və cinayətin predmeti olan bıçağı təqdim etmişdir (1-ci cild iş vərəqi 6). İşdə olan 19 mart 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Bakı şəhəri, 3 saylı ŞKX-nin tibb bacısı X1 01 ədəd köynəyi istintaqa təqdim edərək 19 mart 2021-ci il tarixdə Sabir Məmmədov həmin xəstəxanaya daxil olan zaman əynində olan köynək olduğunu bildirmişdir (1-ci cild iş vərəqi 44-46). İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə 21 aprel 2021-ci il tarixli 524 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sol yarısının ön səthində bir ədəd plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası vardır. Qeyd olunan xəsarət deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün 1 saylı şəhər klinik xəstəxanasına gətirildiyi 19 mart 2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; - Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 19 mart 2021-ci il tarixdə, bıçaqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdi; - Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi, eləcə də onun öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır (1-ci cild iş vərəqi 114-115). İşdə olan məhkəmə tibbi-kriminalistik ekspertiza üzrə 2 may 2021-ci il tarixli 175/2021 MTKŞ saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir; təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində zədə aşkar edilmədi (1-ci cild iş vərəqi 141-145). İşdə olan məhkəmə tibbi-bioloji ekspertiza üzrə 22 aprel 2021-ci il tarixli 190/2021- MTBŞ saylı ekspert rəyindən görünür ki; ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus idman koftası üzərində aşkar olunmuş insan qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 137-140). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 2 iyun 2021-ci il tarixli 1157 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunamamışdır; həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs əməli hazırda Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 146-148). İşdə olan 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, istintaqın gedişatı zamanı götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və bir ədəd köynək maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün Binəqədi RPİ-nin X3 Kamerasına təhvil verilmişdir (1-ci cild iş vərəqi 171-180). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 2 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 107). İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 21 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 19 mart 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 81-85). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunun olmasını - Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinn 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində cəza təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, onların cəzasını yüngülləşdirən halın olması - zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsi, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmaması, əvvəllər məhkum olunmamaları onların şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin onlara təyin ediləcək cəzanın real icra edilməsinin onların ailələrinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə Təqsirləndirilən şəxs həbsdə olmasının müddəti şübhəli şəxs kimi tutulduğu 19 mart 2021-ci il tarixdən hesablanmaqla 8 ay həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini (müsbət xaraktirizə edilməsini), törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunun olmasını - Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinn 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlanıldığı müddətin təyin ediləcək azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla (cəza çəkməsinin başlanğıcı tutulduğu 19 mart 2021-ci il tarixdən hesablanmaqla) barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fizuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsini, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını, cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Binəqədi RPİ-nin X3 kamerasında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və bir ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək həbsdə olduğu müddət – 8 (səkkiz) ay Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmənin iclas zalında həbsdən dərhal azad olunsun, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli İcra və Probasiya şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı və bir ədəd köynək məhv edilsin. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar