Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1423/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 iştirakı ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Müdafiəçi, tərcüməçi X5 iştirakları ilə məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 180.2.1, 12.1, 180.2.5, 12.1, 182.2.1, 12.1, 182.2.4,12.1, 185.3.1, 12.1, 185.3.3 və 12.1, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına ibtidai istintaqı Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində yekunlaşmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 180.2.1, 12.1, 180.2.5, 12.1, 182.2.1, 12.1, 182.2.4,12.1, 185.3.1, 12.1, 185.3.3 və 12.1, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş üzrə məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X14 yazılı vəsatət təqdim edərək həmin cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq barədə xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində olan Rusiya Federasiyasından daxil olmuş cinayət işinin materialları 6 cilddə rus dilində olmuş, işin 7-12-ci cildləri qeyd olunan 6 cildin tərcüməsi olmaqla tikilmiş, tikiş ipinin üzərinə yapşdırılmış möhürdə hansısa (oxunması çətindir) MMC-nin adı qeyd olunmuş və imzalanmışdır (kimin imzaladığı qeyd edilmir). Həmin cildlərin səhifələri nömrələnməmiş, mündəricat isə tərtib edilməmişdir. Rus dilində olan cildin mündəricatı tərcümə olunsa da, tərcüməçi tərəfindən təsdiq edilməmişdir. İstintaq orqanı tərəfindən X12 müdafiəçinin iştirakı ilə (həmin vaxtadək iş üzrə tərcüməçi dəvət edilməmişdir) sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 15:20-də CM-nin 12.1,180.2.1,12.1,180.2.2, 12.1,180.2.3, 12.1, 180.2.4, 12.1,182.2.1, 12.1, 182.2.2, 12.1, 182.2.3, 12.1,182.2.4, 12.1,185.2.1, 12.1,185.2.3 və 12.1,326.2-ci maddələri ittiham elan edilmiş, bundan sonra cinayət prosessual qanunvericiliyə uyğun müvafiq protokollar tərtib edilmiş (hüquq və vəzifələrin izahı, etiraz protokolu və s.), təqsirləndirilən şəxs 26.05.25-ci il tarixdə saat 15:30-dan 15:50-dək dindirilmiş (ifadə verməkdən imtina etmişdir), həmçinin təqsirləndirilən şəxs iş üzrə ekspertizaların təyin edilməsinə dair qərarlar və rəylərlə (hansı cilddə, hansı səhifədə olması yazılmamışdır) tanış edilmişdir. Bütün bunlardan sonra 26.05.25-ci il tarixdə tərcüməçi (Rus-Azərbaycan dili) dəvət edilməsi haqqında qərar qəbul olunmuş, dəvət edilmiş tərcüməçi təqsirləndirilən şəxsə təqdim edilmişdir. Daha sonra 26.05.25-ci il tarixdə cinayət işi üzrə istintaqın qurtarması təqsirləndirilən şəxsə elan edilmiş, həmin gün saat 15:40-dan 17:50-dək təqsirləndirilən şəxs müdafiəçisi və tərcüməçinin iştirakı ilə 13 cilddən ibarət (6 cild rus dilində, 6 cild tərcümə cildləri və sonuncu cild) iş materialları ilə tanış edilmişdir. Göründüyü kimi şəxsə ilkin və yekun ittiham elan edilərkən, eləcə də ekspertiza qərarları və rəyləri ilə tanış edilərkən tərcüməçi dəvət edilməmiş və iştirak təmin edilməmişdir; təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:20-də ittiham elan edildikdən sonra həmin gün saat 15:30-dan 15:50-dək dindirilmiş, daha sonra təqsirləndirilən şəxs iş üzrə ekspertizaların təyin edilməsinə dair qərarlar və rəylərlə tanış edilmiş, bundan sonra tərcüməçi dəvət edilmiş, istintaqın yekunlaşması elan edilərək həmin gün saat 15:40-dan 17:50-dək iş materialları ilə tanış edilmişdir. Şəxsin dindirilməsi və iş materialları ilə tanış edilməsi vaxtları üst üstə düşməklə tərcüməçinin bu aralıqda dəvət edilməsi, 6 cilddən ibarət işi tərcümə etməsi, qısa müddətdə 13 cild iş materialları ilə tanış edilməsi mümkün deyildir; cinayət işinin 1-6-cı cildlərinin rus dilində olmaqla həmin cildlərin tərcüməsi olan 7-12-ci cildlər nömrələnməmişdir, tanışetmə protokolunda həmin cildlərin səhifələrinin sayı faktiki olaraq həmin cildlərin real sayından kifayət qədər fərqlənir. Belə olan halda cinayət işinin materialları ilə tanış etmə protokolu düzgün tərtib edilməmişdir. Təqsirləndirilən şəxs anasının milliyyətcə rus, atasının isə rusdilli olduğunu, evlərində daima rus dilində danışdıqlarını, özünün orta məktəbin rus bölməsində təhsil aldığını, 9-cu sinfi bitirən kimi Rusiya Federasiyasına gedib 16 il ərzində orada yaşadığını, Azərbaycan dilində yalnız məişət sözlərini anlaya və danışa bildiyini, lakin daha akademik səviyyədə anlaya və danışa bilmədiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında müdafiəçi və təqsirləndirilən şəxs dövlət ittihamçısının fikri ilə razı olduqlarını bildirmişlər. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və cinayət işinin ibtidai istintaqını aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan (cild 13, iş vərəqə 202) Səbail RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Yalçın Məmmədovun iş üzrə tərcüməçi dəvət edilməsi haqqında 26 may 2025-ci il tarixli qərarından görünür ki, cinayət işinin ilkin istintaq materialları rus dilində olduğundan, iş üzrə tərcüməçi təyin edilməsi qərara alınmış, eyni gündə, yəni 26 may 2025-ci il tarixdə həmçinin ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilmiş, yenə eyni tarixdə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 13 (on üç) cilddən ibarət cinayət işinin materialları ilə tanış edilmişdir. İş materiallarında olan tərcüməçi dəvət edilməsinə dair qərar, tərcüməçiyə hüquq və vəzifələrinin izah olunmasına dair protokol, tərcüməçinin təqdim olunması haqqında protokol cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, adı çəkilən prosessual sənəndlərin heç birində sənədin tərtibi vaxtı və yeri qeyd olunmamışdır. Bu isə öz növbəsində prosessual hərəkətlərin gedişinin şübhə altına düşməsinə səbəb olmuşdur. Məhkəmə vurğulayır ki, 13 (on üç) cilddən ibarət cinayət işi materiallarının tərcüməçi tərəfindən peşəkar öyrənilməsi və onun dəqiq tərcüməsi üçün lazım olan vaxt həmin tarixdə icra edilmiş digər prosessual hərəkətlərin keçirilməsinə sərf edilmiş vaxt da nəzərə alınmaqla mümkünsüzdür. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Səbail RPİ-yə ərizə ilə müraciət etmiş, müdafiəçisi X4 ona göstərdiyi hüquqi yardımından imtina etdiyini bildirmişdir. Həmin məktubun ibtidai istintaq orqanına necə, hansı üsulla daxil olduğu göstərilməmiş, yəni bununla bağlı hər hansı poçt sənədi, daxilolma ştampı olmamışdır. Belə vəziyyətdə ən yaxşı halda belə bir qənaət hasil olur ki, sözügedən məktub müstəntiq Yalçın Məmmədova Təqsirləndirilən şəxs tərəfindən sonuncunun saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 (Bakı şəhəri Xəzər rayonu Əli İsazadə küçəsi) əlbəəl verilmişdir. Bundan sonra müstəntiq Yalçın Məmmədov tərəfindən müdafiəçidən imtina barədə protokol tərtib edilmiş, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmişdir. Sözügedən sənədlərin harada, nə vaxt tərtib olunması qeyd olunmamışdır. Bundan sonra təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərar qəbul olunmuş, 26 may 2025-ci il tarixdə saat 15:20-də təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti izah edilmiş, CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, İnsan hüquqları və X8 haqqında xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları izah edilmiş, daha sonra eyni tarixdə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqana etirazının olub-olmaması barədə hüquqları elan olunmuş, ibtidai istintaqı aparan müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora etirazının olmaması protokollaşdırılmışdır. Bundan sonra eyni tarixdə təqsirləndirilən şəxs Səbail RPİ-də dindirilmiş və bu barədə də protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Daha sonra yenə eyni tarixdə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi, məhkəmə daktiloskopik ekspertizaların təyin olunması haqqında qərarlarla, bu qərarlar əsasında keçirilmiş müvafiq ekspertizaların rəyləri ilə tanış edilmiş, müdafiəçi Mehrəli Atakişiyevin cinayət təqibində iştirakına xitam verilməsinə dair qərarın surəti Masallı rayon vəkil bürosuna göndərilmiş, təqsirləndirilən şəxsin vəsatətinə baxılmış, müvafiq qərar qəbul olunmuş, qəbul olunmuş qərar müdafiəçiyə göndərilmiş, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs, onun müdafiəçisi rəsmi qaydada məlumatlandırılmış, Rusiya Federasiyasında yaşayan zərərçəkmişlərə ibtidai istintaqın qurtarması barədə diplomatik kanallarla məlumat verilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət olunmuş, yenə eyni tarixdə yəni 26 may 2025-ci il tarixdə saat 15:40-dən saat 17:50-yə dək təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 cinayət işinin materialları ilə tanış edilmişdir. Göründüyü kimi müstəntiq tərəfindən 26 may 2025-ci il tarixdə ayrı-ayrı ünvanlarda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1-Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə küçəsi, Səbail Rayon Polis İdarəsi-Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 1) çoxsaylı istintaq hərəkətləri icra olunmuş və bununla bağlı sənədlər cinayət işinin materiallarına əlavə olunmuşdur. Qeyd olunanlarla tam təsdiq olunur ki, tərcüməçi tərəfindən 13-cilddə olan cinayət işinin materiallarının öyrənilməsi, tərcümə olunması zaman (vaxt) baxımından mümkünsüz olmuş, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmasına dair protokolda tərcüməçinin imzası olsa da, onun iştirakı formal xarakter daşımışdır. Bundan başqa məhkəmə vurğulayır ki, 26 may 2025-ci il tarixdə müstəntiq tərəfindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 Sergeyeçin, X7, Zərərçəkmiş şəxs3 Rusiya Federasiyasında yaşaması nəzərə alınaraq, sonunculara ibtidai istintaqın qurtarması barədə diplomatik kanallarla məlumat verilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət olunmuş, lakin bu müraciətin nəticəsi gözlənilmədən ibtidai istintaq yekunlaşmış və iş üzrə ittiham aktı tərtib edilərək, cinayət işinin materialları məhkəməyə göndərilmişdir. Bununla da müstəntiq tətəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsi yerinə yetirilməmişdir. Bundan başqa Rusiya Federasiyasından Təqsirləndirilən şəxs barəsində toplanmış 6 (altı) cilddə cinayət işinin materiallarının rus dilindən azərbaycan dilinə tərcüməsinin kimin tərəfindən icra olunması barədə cinayət işinin materiallarına hər hansı sənəd əlavə edilməmiş, bu hissədə AR CPM-in tələblərinə riayət olunmamış, bu da öz növbəsində ciddi qeyri-müəyyənliyə səbəb olmuşdur. Belə ki, cinayət işinin tərcümə olunmuş cildləri tikilərək sulcuqlanıb, möhürlənmiş, həmin möhür əkslərində “məhdud məsuliyyətli cəmiyyət” sözləri oxunsa da, digər məlumatlar oxunaqlı olmamışdır. Həmin MMC-nin hansı fəaliyyətlə məşğul olması, tərcümə sahəsində ixtisaslaşması müəyyən olunmamış, eləcə də AR CPM-in tərcüməçiyə etiraz, düzgün tərcümə ilə bağlı məsuliyyəti müəyyən edən normaların izah olunmasına dair tələblər bu hissədə də kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun bilavasitə pozulmasına səbəb olmaqla, AR CPM-in tələblərinin ibtidai istintaq zamanı kobud pozulması ilə nəticələnmişdir. Yuxarıda bütün qeyd olunanlar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı aparılarkən cinayət-prosessual qanunvericiliyin kobud pozuntularına yol verilmişdir. Göstərilən pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.11 və 90.7.12 maddələrinə görə şübhəli şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.11 və 91.5.12 maddələrinə görə təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.3-cü maddəsinə görə zəruri hallarda axtarış və ya götürmənin aparılmasında tərcüməçi və mütəxəssis iştirak edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinə görə cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi, Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması, Azərbaycan Respublikası CPM-in 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması müəyyən edildikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.7 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur, hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və qeyd edilən qanun pozuntuları əlavə araşdırma zamanı aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X8 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Azərbaycan Respublikası Cinayət Məcəslləsinin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 iyun 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ayadək, 18 iyul 2025-ci il tarixinə kimi uzadılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Po Bono Vəkil Bürosunun vəkili Müdafiəçi 55 (əlli beş) manat məbləğində pul ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90, 91, 244, 292, 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı X10 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 180.2.1, 12.1, 180.2.5, 12.1, 182.2.1, 12.1, 182.2.4,12.1, 185.3.1, 12.1, 185.3.3 və 12.1, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Cinayət işinin ibtidai istintaqını aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ayadək, yəni 18 iyul 2025-ci il tarixədək uzadılsın və qərarın surəti icra olunması üçün təqsirləndirilən şəxsin saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 göndərilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Po Bono Vəkil Bürosunun vəkili Müdafiəçi 55 (əlli beş) manat məbləğində pul ödənilsin. Qərarın surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1423/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1423/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver