Məhkəmə qərarları › İş №1(101)-1425/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1425/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1425/2022 26.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:35-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə uzaq qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Nərimanov rayonu, «Metropark» Ticarət Mərkəzinin yaxınlığında yeni tikilən binadan 50 kv/m sahəli mənzil alacağına dair yalan vəd verib aldatmaqla ilkin olaraq 2016-cı ilin əvvəllərində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs 3.000 (üç min) manat, daha sonra həmin mənzilin aylıq ödənişlərinin ödənilməsi adı ilə yalan vəd verib aldatmaqla 2016-cı ilin sonlarından, 2017-ci ilin sonlarına kimi olan müddət ərzində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 12.000 (on iki min) manat, daha sonra Bakı şəhəri, Nərimanov rayonu, «Metropark» Ticarət Mərkəzinin yaxınlığında iaşə obyekti alacağı adı ilə yalan vəd verib aldatmaqla 2018-ci ilin yanvar ayının əvvəllərindən 2018-ci ilin fevral ayının əvvəllərinə kimi olan müddət ərzində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 60.000 (altmış min) manat, daha sonra sözdə birlikdə açacaqları kosmetoloji klinikaya Almaniya Federativ Respublikasından aparat gətirəcəyi adı ilə yalan vəd verib aldatmaqla 2018-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs 3.000 (üç min) manat pulu alıb, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 78.000 (yetmiş səkkiz min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzaq qohumluq əlaqəsi var, onunla 2010-cu ildə qohumların toyunda tanış olmuşlar. Fəridənin yaşadığı evin yanında, yəni Binəqədi rayonu 9-cu mikrorayonda özünün gözəllik salonu olmuş və Fəridə orada saç ustası kimi işləmişdir. Onların tanışlığından sonra Fəridə ilə danışıq zamanı o, sonuncuya əri Yaşarın biznesmen olmasını, ərinin qohumları Araz və Baratın bina tikintisi ilə məşğul olduqlarını bildirmişdir. X1 xalası oğlu, Barat isə dayısı oğludur. Həmin vaxt Fəridə ona ucuz qiymətə mənzil axtardığını bildirib ondan xahiş etmişdir ki, Araz və Baratdan bu barədə maraqlansın. Həmin vaxt o, Fəridəyə Araz və Barat qohum olduqları üçün onların dedikləri adamlara dəyərindən aşağı qiymətə mənzil və obyekt sata biləcəyini bildirmiş, bu səbəbdən də Fəridə bu barədə onlara deməsini xahiş etmişdir. Lakin o, nə Araza, nə də Barata bu barədə heç nə deməmiş, həmin ərəfədə o, özü qızıl-zinət əşyalarının ucuz qiymətə alışı və baha qiymətə satışı ilə məşğul olmuşdur. Həmin vaxt düşünmüşdür ki, Fəridənin ona ev almaq üçün verəcəyi pulu həmin işə yatırıb daha çox gəlir əldə edə bilər. Bundan sonra o, Fəridəni inandırmaq üçün «Nəriman Nərimanov» stansiyasının yaxınlığında yeni tikilən binanı göstərərək həmin binadan mənzil ala biləcəyini bildirmiş, bunun üçün ilkin ödəniş kimi 3.000 (üç min) manat verməsini, aylıq isə 200-300 manat pul ödəyəcəyini demişdir. Fəridə onun sözlərinə inanmış və ona ilkin ödəniş kimi 3.000 manat məbləğində pul vermiş, bundan sonra Fəridə həmin uydurduğu mənzil üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vermiş, Fəridə ona mənzil üçün iki il müddətində 200 manat olmaqla 4.800 (dörd min səkkiz yüz) manat pul vermişdir. Bundan əlavə həmin müddət ərzində Fəridə ona əlavə olaraq 1.000 (bir min) manat məbləğində pul da vermişdir ki, o, həmin mənzil üçün ödəsin, lakin o, Fəridədən əldə etdiyi pulları öz qızıl alveri üçün sərf etmişdir. Bundan sonra Fəridə ondan həmin mənzillə bağlı sənədləri istəməyə başlamış, o da bildirmişdir ki, bina hələ tam tikilib bitmədiyi üçün sənədləşmə də, mümkün deyil. Bundan sonra Fəridə ona hissə-hissə olmaqla həmin uydurduğu mənzil üçün ümumilikdə 40.000 (qırx min) manat məbləğində pul vermişdir. O da həmin pulu öz qızıl alveri üçün sərf etmiş və düşünmüşdür ki, həmin alverdən pul qazanıb sonra Fəridənin pulunu qaytarar. Lakin Fəridəyə ondan aldığı pulu hansı məqsədlə istifadə etdiyini deməmiş və həmin qızıl alveri də alınmadığı üçün Fəridədən aldığı pulları batırmışdır. Bundan başqa Fəridə ona bildirmişdir ki, Nərimanov rayonu ərazisində obyekt alıb gözəllik salonu kimi fəaliyyət göstərmək istəyir və o Fəridəyə bir neçə obyekt göstərmiş, lakin həmin obyektlərin qiymətləri baha olduğu üçün Fəridə bu fikrindən yayınmışdır. 2021-ci ilin yay aylarında Fəridə ondan verdiyi pulu geri tələb etməyə başlamış, lakin o, həmin pulu qızıl alveri zamanı batırdığı üçün ona qaytara bilməmişdir. O, Fəridədən mənzil, obyekt və aparat adı ilə pul almış, həmin pulları da öz qızıl alverinə sərf etmişdir. Onun niyyəti Fəridədən həmin pul məbləğini ələ keçirməklə qızıl alverini etmək olmuşdur. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəyərək, onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumunun qohumudur. Onunla 2010-cu ildə toy məclislərinin birində tanış olmuş, Qızılgül ilə danışıq zamanı sonuncu ona bankda işlədiyini, əri Yaşarın biznesmen olmasını, ərinin qohumları Araz və Baratın bina tikintisi ilə məşğul olduqlarını bildirmişdir. Qızılgül Araz və Baratın, əri Yaşara qohum olduqları üçün dəyərindən aşağı qiymətə mənzil və obyekt satdıqlarını demişdir. Həmçinin bildirmişdir ki, Araz və Baratın Bakı şəhəri Nərimanov rayonu metronun «Nəriman Nərimanov» stansiyasının yaxınlığında tikilən binada 50 kv/m olan təmirsiz mənzili ilkin ödəniş 3.000 manat, aylıq isə ***-**** manat ödəniş etməklə götürə bilər. Həmin ərəfələrdə o, özü üçün mənzil almaq məqsədi ilə bir qədər pul yığmış və Qızılgüllə uzaq qohumluq əlaqəsi olduğu üçün onu aldatmayacağına inanıb sonuncunun ona dediyi şərtlərlə mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə o, əvvəlcə 2016-cı ilin əvvəllərində yaşadığı ünvan 2 ünvanının qarşısında ilkin ödəniş qismində 3.000 (üç min) manat məbləğində pulu Qızılgülə vermişdir. Bundan sonra 2016-cı ilin sonlarından 2017-ci ilin sonlarına qədər olan müddət ərzində hər ay yaşadığı ünvan 2 ünvanının qarşısında müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulu həmin mənzilin aylıq ödənişi qismində Qızılgülə ödəmişdir. Pulu ödəməsinə baxmayaraq hər dəfəsində Qızılgüldən evin sənədləşdirilməsinə dair suallar verəndə ona müxtəlif cavablar verməklə suallardan yayınmışdır. Belə ki, Qızılgül gah binanın tam tikilib qurtarmadığını, gah Baratın mənzilləri yalnız bunlara ucuz qiymətə satdığını və həmin mənzilin ona satıldığını bilsə razılaşmayacağını bildirmişdir. O da Qızılgülün bu sözlərinə inanmış, bundan sonra Qızılgül ona bildirmişdir ki, Araz və Barat özlərinə məxsus Nərimanov rayonu ərazisində yerləşən obyekti 120.000 manata satışa çıxarmışlar, təcili pul lazım olduğu üçün bu qiymətə satırlar, əslində həmin obyektin qiyməti daha bahadır. Qızılgül həmçinin bildirmişdir ki, gələcəkdə obyekti daha baha qiymətə sata və ya obyekti şərikli işlədib qazanc əldə edə bilərlər. Bununla əlaqədar Qızılgül ona demişdir ki, «60.000 manatını sən ver, qalan 60.000 manatını mən verərəm». Həmçinin Qızılgül «Nəriman Nərimanov» metrostansiyasının yaxınlığında olan yeni tikilmiş binadakı mənzili və obyekti ona kənardan göstərmiş, hətta obyektə daxil olub orada işləyən işçilərin onların işçiləri olacağını bildirmişdir. O, Qızılgüllə razılaşmış və bu məqsədlə Qızılgülə hissə-hissə olaraq bir ay müddətində yaşadığı ünvan 2 ünvanının qarşısında əvvəlcə 12.000 (on iki min) manat, daha sonra 8.000 (səkkiz min) manat, sonra 20.000 (iyirmi min) manat, daha sonra 20.000 (iyirmi min) manat olmaqla, ümumilikdə 60.000 (altmış min) manat məbləğində pul vermişdir. Bundan sonra 2018-ci ilin mart ayının əvvəllərində Qızılgül ona birlikdə kosmetoloji klinika açmağı təklif etmiş və bunun üçün lazer aparatı lazım olduğunu bildirmişdir. Həmçinin ona demişdir ki, qudası İlqar, Almaniyadan lazer aparatı göndərə bilər və bunun üçün 3.000 (üç min) manat məbləğində pul lazımdır. O, Qızılgüllə razılaşmış və həmin vaxt, yəni 2018-ci ilin mart ayının əvvəllərində yenə də yaşadığı ünvan 2 ünvanının qarşısında Qızılgülə 3.000 (üç min) manat məbləğində pul vermiş, lakin həmin aparat da gəlib çıxmamışdır. Bir müddət sonra o, Qızılgülün onu aldatdığını başa düşüb pulunu geri istəmiş, oda hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan boyun qaçırmışdır. Hazırda isə ona vurulmuş 78.000 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1993-cü ildən rəsmi nikaha daxil olmuşlar. Yoldaşının uzaq qohumu olan Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuş, lakin o, Fəridə ilə Qızılgül arasında olanları eşitdikdən sonra rəsmi olaraq Qızılgüldən boşanmışdır. Belə ki, Qızılgülün Fəridədən nə zaman hansı məqsədlə nə qədər məbləğdə pul almasından xəbəri olmamışdır. O, qadın söhbətlərinə qarışmamış və sonuncu dəfə bilmişdir ki, Qızılgül Fəridədən pul almış, onun ümumiyyətlə arvadlar arasında gedən söhbətlərdən xəbəri olmamışdır. Barat onun dayısı oğludur, əvvəllər bina tikintisi ilə məşğul olmuş, Araz isə onun xalası oğludur. Amma nə Arazın, nə də Baratın bu məsələdən xəbəri olmamış, Qızılgülün həmin 78.000 (yetmiş səkkiz min) manat pulu hara xərcləməsi və ya kimlərə verməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 onun xalası oğlu, Qızılgül isə Yaşarın arvadıdır. Normal qohumluq münasibətləri olmuş, o, təxminən 2000-2003-cü illər aralığında müxtəlif təyinatlı daşınmaz əmlakların tikintisi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, Qızılgülün isə Fəridədən pul almasını təxminən Qızılgül məsuliyyətə cəlb edilməmişdən 10-15 gün əvvəl Yaşar danışarkən eşitmişdir. Lakin Qızılgülün nə vaxt, harada, hansı məqsədlə və hansı məbləğdə Fəridədən pul almasından məlumatı yoxdur. İş materiallarında olan 21 mart 2022-ci il tarixli üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs öz verdikləri ifadələrini təsdiq etmişlər. (iş vərəqə 71-75) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə iş üzrə toplanmış sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 113) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazmış olduğu ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 78.000 manat pulu tam olaraq zərərçəkmiş şəxsə tam olaraq ödəmişdir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. (iş vərəqə 124) İş materiallarında olan 21 may 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxst qızının Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır və cinayət nəticəsində vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. (iş vərəqə 125) Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq çəkməsini, AR CM-in 59.1.12 və 59.1.13-ci maddələrinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan” və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 258/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 58-59; 96-100) Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-282/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (iş vərəqə 107-112) AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun 10 mart 2022-ci il tarixdən, hökmün elan edildiyi 26 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul vəsaiti Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 90 manat miqdarında pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar