Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1427/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan-Rus dilində tərcüməçi X10 iştirakı ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən təqsirləndirilən şəxs X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, X13 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 8,213 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Xəyal Süleymanlı 17 fevral 2023-cü il tarixdə saat 16:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin BMCMİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda 8,213 qram çəkidə psixotrop maddə metafetamin əynində olan boz rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nəinki narkotik vasitə, heç vaxt tütün məlumatlarından istifadə etməmişdir. Saxlanılmazdan əvvəl mobil telefonuna zəng edib onu DİN-in BMCMİ-nin inzibati binasına çağırmışlar. Həmin idarədə olarkən polis əməkdaşları onun şəhərdə at oynatdığını, idarəyə niyə tez-tez gəlmədiyini bildirib ondan pul istəmişlər. Polis əməkdaşlarına pul verməyəcəyini bildirdikdə ona fikirləşmək üçün vaxt vermişlər. Bir müddət sonra onun ailəsində vəfat edən olmuşdur. Səhv etmirsə, 14 fevral 2023-cü ildə polis əməkdaşları yaşadığı ünvana gəlmiş, lakin yas mərasimi olduğunu görüb geri qayıtmışlar. Daha sonra 17 fevral 2023-cü il tarixdə onu Nərimanov rayonu, “Çapayev” adlanan ərazidə yerləşən restoranın içərisində yemək yeyərkən saxlayıb DİN-in BMCMİ-nin inzibati binasına gətirmişlər. Saxlanılarkən üzərinə baxış keçirilməmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, polis əməkdaşları onu hədələdikləri üçün sənədlərə imza etmiş və şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları ona fiziki təsir etsələr də, bədənində xəsarət izləri yaranmamışdır. Əvvəllər idmanla məşğul olmuş və aprel döyüşlərinin iştirakçısıdır. İlk dəfə saxlanılmazdan əvvəl şərikiylə arasında davadalaş olduğu üçün polis əməkdaşları ondan pul istəmişlər. Birinci dəfə saxlanıldıqdan 1 həftə sonra BMCMİ-nin əməkdaşı onun qohumuyla görüşüb mobil telefonunu ona təhvil vermişdir. 2022-ci ilin sonlarında onu BMCMİ-nə çağırıb Bakı şəhərində dava etdiyini bildirmişlər. Nərimanov rayon məhkəməsində qətimkan tədbiri ilə bağlı məhkəmə iclasında təqsirinin olmadığını bildirmiş, müstəntiqi həmin iclasdan sonra yalnız bir dəfə görmüş, həmin vaxt ona bəraət veriləcəyini demişdir. Fiziki təzyiq göstərdiklərindən şəxsi axtarış zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. 2017-ci ildən başlayaraq aviabilet satmış, sonrakı illər ərzində icarəyə maşınlar verməyə başlamışdır. Əvvəlki şərikiylə dalaşmış və Bakı şəhərində çox rahat hərəkət etdiyi üçün Roman adlı polis əməkdaşı ona 100000 manat pul verməli olduğunu demişdir. ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr ona məxsus olmuş, tutularkən “İphone X Max” markalı mobil telefonu üzərində olmuşdur. Şəxsi axtarışdan əvvəl polis əməkdaşları sol yan cibinə narkotik vasitə qoymuş, şəxsi axtarış zamanı narkotik vasitəni tapdığını bildirməli olduğunu demiş, o da polis əməkdaşlarının dediklərini şəxsi axtarış zamanı bildirmişdir. Qanunsuz həbs edilməyilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə təzyiq altında olduğundan oxumadan imza etmişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəninə baxış keçirilmiş, lakin xəsarət aşkar olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş təqsirləndirilən şəxs X13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç yerdə işləmir, fikirlərini dağıtmaq üçün təxminən 1 aydır psixotrop maddə istifadə etməyə başlamış, həmin maddəni Bakı şəhərində ayrı-ayrı yerlərdən və ayrı-ayrı şəxslərdən alıb falqa kağızının içərisinə yığıb yaranan tüstünü burnuna çəkməklə həftədə 1-2 dəfə istifadə etmişdir. 17 fevral 2023-cü il tarixdə yaşadığı evdən çıxan zaman yolun kənarında yerdə 1 ədəd bükümün olduğunu görmüş, büküm diqqətini çəkmiş və onu götürüb baxan zaman bükümün içərisində psixotrop maddə olan metafetamin olmasının şahidi olmuş, həmin maddəni gələcəkdə istifadə etməsi üçün götürüb üzərində saxlamaq qərarına gəlmişdir. Həmin vaxt kənarda başqa şəxslərin olmadığından əmin olub həmin bükümü götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 16:05-də ünvan 2 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. O, vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Baş İdarəyə gəlmişdir. Baş İdarədə onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə vəkillərin siyahısı ona təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Eldar Qədimini dəvət edərək ona etirazının olub-olmadığını soruşmuşdur. Vəkilə etirazının olmadığını bildirmiş, daha sonra ona hüquq və vəzifələri izah olunaraq tərcüməçi təqdim edilmiş və tərcüməçiyə etirazının olub-olmaması soruşulduqda, etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və etiraz etmədən razılaşmışdır. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmiş, bu zaman o, üzərində psixotrop maddə metafetamin olduğunu bildirib əynində olan şalvarın sol yan cibindən içərisində metafetamin olan 1 ədəd bükümü, daha sonra digər ciblərindən mobil telefonunu və pulunu təqdim edərək bükümün içərisində psixotrop maddə metafetamin olduğunu demişdir. Sorğu zamanı həmin maddələri xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığından tapdığını demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb nümayiş etdirilmiş, sonda protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düz yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Həmin ifadənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs X13 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə Bakı şəhər sakini X5 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. Xəyal Süleymanlının ünvan 2 ünvanının yaxınlığında olması barədə məlumat daxil olduqdan sonra birlikdə oraya getmişlər. Həmin tarixdə qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Xəyal Süleymanlıya oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, həmin şəxsdən adını və soyadını soruşmuşlar. Bu zaman həmin şəxs özünü təqdim edərək X13 olduğunu bildirməklə sonuncuya qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu izah etməklə Baş İdarəyə gəlməsini xahiş etmişlər. Xəyal Süleymanlı da etiraz etməmiş, onlarla birlikdə Baş İdarəyə gəlmişdir. X12 üzərində şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişlər. Raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısına həvalə edildiyindən Xəyal Süleymanlını təhqiqatçının otağına aparmışlar. Orada təhqiqatçı Xəyal Süleymanlıya hüquq və vəzifələrini izah edilmiş, vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil və tərcüməçi dəvət edilərək Xəyal Süleymanlıya təqdim olunmaqla sonuncudan vəkilə və tərcüməçiyə etirazının olub-olmaması soruşulmuşdur. Xəyal Süleymanlı da vəkilə və tərcüməçiyə etiraz etmədiyini bildirmiş, bundan sonra sonuncuya hüquq və vəzifələri izah edilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Daha sonra təhqiqatçı Xəyal Süleymanlının üzərində olan əşyalarını çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, sonuncu da üzərində psixotrop maddə olduğunu bildirib əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümü, pulu və mobil telefonu təqdim etmişdir. Büküm açıldıqda içərisindən psixotrop maddə metafetamin aşkar olunmuşdur. Sorğu zamanı Xəyal Süleymanlı aşkar olunmuş maddəni tutulmazdan əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Xəyal Süleymanlının əvvəllər kiminləsə mübahisəsinin olmasından məlumatlı olmamışdır. Xəyal Süleymanlını hadisədən əvvəl BMCMİ-nin inzibati binasına çağırmamış, lakin başqa hadisə ilə bağlı onun Baş İdarəyə gəlməsi barədə məlumatı olmamışdır. Xəyal Süleymanlını ünvan 2 ünvanının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Daxil olmuş məlumat Xəyal Süleymanlının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu barədə olsa da, satış faktı öz təsdiqini tapmamışdır. Xəyal Süleymanlının üzərindən narkotik vasitədən başqa mobil telefon da aşkar olunmuşdur. Xəyal Süleymanlının kriminal aləmlə əlaqəli şəxs olması barədə ona əməliyyat məlumatı daxil olmamışdır. Xəyal Süleymanlının əvvəlki şəriki ilə dalaşdığı üçün və şəhərdə çox rahat hərəkət etdiyi üçün ondan 100000 manat pul tələb etməyilə bağlı dedikləri həqiqətə uyğun deyildir. Xəyal Süleymanlının BMCMİ-nin inzibati binasına başqa polis əməkdaşları tərəfindən dəvət edildiyini bilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 138-140). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X5 üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd bükümdə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2023-cü il tarixli 6/1001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Xəyal Süleymanlının üstündən aşkar edilmiş” sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,213 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir (Qeyd: metafetaminin təmiz çəkisi 8,213 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 8,113 qram, cild 1, iş vərəqə 52-54). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 17 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 151). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 20 fevral 2023-cü il tarixli 955 nömrəli rəyindən görünür ki, X6 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 152-153). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X5 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X13 17 fevral 2023-cü il tarixdə saat 16:05-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin BMCMİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd bükümdə külli miqdarda 8,213 qram çəkidə psixotrop maddə metafetamin əynində olan boz rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı təqsirləndirilən şəxs X1 miqdarda psixotrop maddə metafetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəməkimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs X11 tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs X13 ibtidai istintaq zamanı ifadəsində ondan aşkar olunmuş metafetamini 17 fevral 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında tapdığını bildirmiş, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddəni tutulmazdan əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini qeyd etmişlər. İstintaq zamanı psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, X5 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuş, lakin Xəyal Süleymanlının üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı psixotrop maddə metafetamini kimdən əldə etməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 144). Təqsirləndirilən şəxs X5 həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs X5 psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X5 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi (cild 1, iş vərəqə 97- 99) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut etdiyindən məhkəmə həmin ifadəni mötəbər hesab edir. Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 1 may 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,113 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(cild 1, iş vərəqə 161-166). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X13 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 130-131). Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəriman rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxs X13 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 148). Məhkəmə təqsirləndirilən şəxs X5 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs X13 17 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs X5 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 111-115). Təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat təqsirləndirilən şəxs X4 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan X4 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,113 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 fevral 2023-cü il tarixdən hesablansın. X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat X4 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan X4 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,113 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən X5 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan X7 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1427/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1427/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver