Məhkəmə qərarları › İş №1(101)-1428/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1428/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1428/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,814 qram, 0,389 qram, 1,060 qram, 0,277 qram və 0,325 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 2,865 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 aprel 2022-ci il tarixdə əldə etdiyi narkotik vasitə heroindən 04 ədəd bükümdə ayrı-ayrılıqda 0,389 qram, 1,060 qram, 0,277 qram və 0,325 qram olmaqla 2,051 qram çəkidə olan hissəsini tanışı Şahid1 30 manata satmış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 aprel 2022-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, 9-cü Əhmədli küçəsinin yaxınlığında saxlanılıb ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,814 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, tutulmamışdan əvvəl 8-ci kilometr bazarında işləmişdir, narkotik vasitə istifadəçisidir. Mahiyyəti üzrə bildirmək istəyir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitəni əsasən “20 Yanvar”dan tanımadığı şəxslərdən qramını 30 manata öz istifadəsi üçün əldə etmişdir. O, sonuncu dəfə çəkisi 1 qram olan bir büküm narkotik vasitə almışdır. Qurbanı qonşuluqda yaşayan biri kimi tanımışdır. Qurban ona ağrıları olduğunu, narkotik vasitəsi varsa ona da verməsini bildirmişdir. O, özünə aldığı narkotik vasitədən bir az istifadə etmiş, qalanını 30 manata Qurbana satmışdır. Polis əməkdaşları onu evdə saxlayıb polis bölməsinə aparmışlar. Ondan aşkar olunduğu yazılan 2 bükümün içində evdəki güldanın içindən götürülmüş torpaq olmuşdur. Ona polis bölməsində fiziki təzyiq olunmuşdur və o, bükümləri boynuna götürməyə məcbur olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, 3-4 nəfər polis əməkdaşı onu yazılanları boynuna götürmədiyi üçün döymüşlər. Zorakılığın izi bədənində qalmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 3-4 aya yaxın müddət olmuşdur ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Uzun müddətdir ki, Qurban adlı şəxsi tanımış, qonşuluqda yaşamışlar. Qurban da onun kimi narkotik vasitələrin aludəçisidir. Həmçinin Qurban arabir ondan pul qarşılığında narkotik vasitə alaraq istifadə etmişdir. O, sonuncu dəfə 17 aprel 2022-ci il tarixdə günorta saatlarında metronun “20 Yanvar” stansiyası yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi, bir nəfər şəxsdən 30 manat müqabilində 07 büküm narkotik vasitə heroin almış, həmin bükümləri üzərində gəzdirməklə daşımış, o cümlədən həmin bükümlərdəki narkotik vasitələrin bir qismini şəxsi istifadəsi, bir qismini isə satmaq fikrində olmuşdur. O, yaşadığı evə gəldikdə narkotiklərə baxan zaman həmin bükümlərdən 02 ədədinin pis keyfiyyətdə olduğunu və heroin olmadığının fərqinə varmış, onlara pul verdiyinə peşman olmuşdur. Əldə etdiyi narkotik vasitənin bir hissəsini yaşadığı evdə olan zaman istifadə etmiş, daha sonra tanışı Qurban zəng edərək ona narkotik vasitə satmasını istəmişdir. O, Qurban ilə 17 aprel 2022-ci il tarixdə axşam saatlarında 9-cu Əhmədli küçəsi yaxınlığında görüşüb 30 manat müqabilində sonuncuya 04 ədəd narkotik vasitə heroin satmışdır. Daha sonra isə yaşadığı ünvana qayıtmışdır. 18 aprel 2022-ci il tarixdə günorta saatlarında evdən çıxan zaman keyfiyyətsiz bildiyi 02 ədəd bükümü və 01 ədəd narkotik vasitə heroini əynindəki şalvarın cibinə yerləşdirərək getmişdir. Həmin gün saat təxminən 17:30 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onun əllərini ciblərinə atmağa imkan vermədən Polis şöbəsinə aparaq orada şəxsiyyəti dəqiqləşdirmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər predmeti təqdim etmişdir. Həmin 03 ədəd bükümdəki kütlələrin 01 ədədi narkotik vasitə heroin olduğunu, 02 ədəd bükümdəki kütlələrin isə keyfiyyətsiz maddə olduğunu bildirmişdir. Həmin bükümləri haradan əldə etdiyini soruşduqda, o, həmin kütlələri 17 aprel 2022-ci il tarixdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. O, əldə etdiyi narkotik vasitələrin bir hissəsini istifadə etmiş, bir hissəsini isə tanımadığı şəxslərə satmışdır (cild 1, iş vərəqi 82-84, 173-175). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2021-ci ildən Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1971-ci ildə Masallı şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmişdir. Dərhal 34-cü Polis şöbəsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə saat 17:30 radələrində Xətai rayonu, 9-cu Əhmədli küçəsi yaxınlığında saxlayaraq 34-cü Polis şöbəsinə dəvət edilmiş və əllərini ciblərinə salmağına imkan vermədən polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin etmək üçün vəkillərin siyahısı təqdim edilmişdir, o, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələr izah olunmuşdur. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, Təqsirləndirilən şəxs könüllü sürətdə göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan, spesifik iyə malik, heroinə bənzər predmet və narkotik vasitələri təqdim etmiş və həmin vasitələri bir gün əvvəl metronun “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı bir nəfər şəxsdən 7 büküm olmaqla, 30 manata əldə edərək üzərində daşıdığını və həmin 7 ədəd bükümlərin bir qismini öz şəxsi istifadəsi üçün bir qismini isə satmaq niyyətində olduğunu bildirmişdir. Həmin kütlələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənmiş, həmin zərfin üzərinə o, təhqiqatçı, müdafiəçi və baxışda iştirak edən şəxslər imzalar atmışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Xətai Rayon Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinə baxılır. O, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Çox vaxt heroindən istifadə etmişdir. Ceyhun ilə uzun müddətdir ki, tanışdır. O, Ceyhunla qonşuluqda yaşamışdır. Sonuncu dəfə Ceyhunla əlaqə saxlayaraq ondan narkotik vasitə heroin istəmişdir. Buna görə həmin gün axşam saatlarında o, Ceyhun ilə 9-cu Əhmədli küçəsi, 9 saylı evin qarşısında görüşmüşdür. Orada Ceyhundan 0,8 qram narkotik vasitə heroini 30 manat müqabilində almışdır. Narkotik vasitələri aldıqdan sonra yaşadığı ünvana getmiş və orada bir qismini istifadə etmişdir. Bir az evdə olduqdan sonra məhəlləyə düşməli olmuşdur. Narkotik vasitələri evdə saxlamaq istəməmişdir, buna görə də qalan heroini əynində olan şalvarın sol cibinə qoyub aşağı düşmüşdür. Saat təxminən 16 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən bir neçə nəfərin ona tərəf şübhəli şəkildə baxdıqlarını görmüşdür. O, həmin şəxslərin polis olduqlarını başa düşmüş, buna görə də qaçaraq uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu yaxalamışlar. Polis əməkdaşları özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün onu 34-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün şöbəyə vəkil dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra ona narkotik vasitəni haradan əldə etməsi barədə suallar verildikdə o, səmimi olaraq aşkar olunan narkotik vasitəni 30 manat müqabilində tanışı Ceyhun adlı şəxsdən əldə etdiyini söyləmişdir. Bundan sonra üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid1 bildirdi ki, o, əvvəllər Ceyhundan narkotik almamışdır. O, eşitmişdir ki, Ceyhunun adamları var, Ceyhunda narkotik olur, Ceyhundan istəyəndə sonuncu demişdir ki, sənin üçün təşkil edərəm. O, Ceyhundan 1 qram narkotik vasitə heroin istəmiş, Ceyhun ona heroin vermiş və çəkisinin 0,8 qram olduğunu bildirmişdir. Bununla yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Uzun müddətdir ki, Ceyhun və Məmməd adlı şəxsi tanımış, onlarla qonşuluqda yaşamışlar. Ceyhun onun kimi narkotik vasitələrin aludəçisidir. Bir neçə dəfə Ceyhundan narkotik vasitələri pul müqabilində almış, müəyyən qədərini şəxsi istifadəsi üçün, müəyyən qədərini isə pul müqabilində Məmmədə və sair şəxslərə satmışdır. Sonuncu dəfə 17 aprel 2022-ci il tarixdə Ceyhun ilə əlaqə saxlayaraq sonuncudan narkotik vasitə istəmiş və həmin gün axşam saatlarında Ceyhunla görüşərək sonuncudan 04 ədəd bükümdə narkotik vasitə heroini almışdır. O, narkotik vasitələri Ceyhundan götürüb üzərində daşıyaraq yaşadığı evə gedərək müəyyən qədərini istifadə etmişdir. 18 aprel 2022-ci il tarixdə evdə olan zaman tanışı Məmməd ona zəng edərək pul müqabilində narkotik vasitə satmasını istəmişdir. O, tanışı Məmmədin yaşadığı Kənd Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsinə gəlməsini istəmişdir. Məmmədlə N.Əliyarov küçəsində görüşüb Ceyhundan əldə etdiyi narkotik vasitələrdən bir bükümünü sonuncuya 10 manat qarşılığında satmışdır. Daha sonra yaşadığı ünvana geri qayıtmışdır. 18 aprel 2022-ci il tarixdə yaşadığı evdən məhəlləyə düşən zaman 03 ədəd bükümdə narkotik vasitəni əynində olan şalvarın cibinə qoymuş və yaşadığı N.Əliyarov küçəsi ilə hərəkət etməyə başlamışdır. Həmin gün saat 16 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları onun əllərini ciblərinə atmağa imkan vermədən Polis şöbəsinə apararaq, orada şəxsiyyəti dəqiqləşdirilmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı, əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, göy rəngli idman şalvarın sol yan cibindən 03 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər predmeti təqdim etmiş, həmin kütlələri 17 aprel 2022-ci il tarixdə tanışı Ceyhundan 30 manata aldığını bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq əldə etdiyi narkotik vasitələrin bir hissəsini istifadə etdiyini, bir hissəsini isə tanıdığı şəxslərə satdığını bildirmişdir (cild 1, iş vərəqi 55-57). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində X6 göstərmişdir ki, o, təxminən 4 il olar ki, narkotik vasitələrdən, çox vaxt heroin narkotik vasitəsindən istifadə edir. Narkotik vasitələri müxtəlif şəxslərdən əldə etmişdir. Uzun müddətdir ki, Şahid1 ilə tanışlığı var. Qurban da onun kimi narkotik vasitə aludəçisidir. Həmçinin Qurban bir neçə dəfə pul məbləğində ona narkotik vasitələr satmışdır. Sonuncu dəfə 18 aprel 2022-ci il tarixdə o, Qurban ilə əlaqə saxlayaraq ondan narkotik vasitǝ heroin almışdır. Bununla bağlı həmin gün saat təxminən 14 radələrində o, Qurban ilə Bakı şəhəri, Xətai rayonu, N.Əliyarov küçəsinin yaxınlığında görüşmüş və 10 manat müqabilində sonuncudan bir ədəd bükümdə heroin narkotik vasitəni almışdır. Bundan sonra o, Qurban ilə sağollaşaraq qıraq bir yerə keçib narkotik vasitəni istifadə etmək istəmişdir. Narkotik vasitəni əynində olan an sağ yan cibinə qoymuşdur. Həmin vaxt N.Əliyarov küçəsi üzrə piyada hərəkət edərkən saat təxminən 14:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün onu 34-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq ve vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün şöbəyə vəkil dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən edilməklə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra ona narkotik vasitəni haradan əldə etməyi barədə sual verildikdə o, səmimi olaraq aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün tanıdığı Qurban adlı şəxsdən 10 manat müqavilində əldə etdiyini etiraf etmişdir. Bundan sonra üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir (cild 1, iş vərəqi 65-67). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Ceyhun adlı şəxsin narkotik vasitələri saxlaması, qəbulu ilə məşğul olması barədə məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə istənilir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ceyhun adlı şəxsin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Ceyhun adlı şəxsin cinayət əməlinin ifşa edilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1971-ci ildə Masallı şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədlidə kirayədə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 17:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsi yaxınlığında özünü narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli apardığından və polis əməkdaşlarını görüb qaçdığından saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 13). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malık ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 büküm şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan narkotik vasitəyə bənzər maddələri masanın üzərinə qoymuşdur. Qeyd edilən narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin eləcə də, əşyaların nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddəni bir gün əvvəl Bakı şəhəri, “20 Yanvar” metrosunun yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata heroin olduğunu bilərək əldə etmişdir. İstintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 03 büküm şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli olan maddələr elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 4,92 qram olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 36-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,814 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,737 qram, 1,434 qram tünd qəhvəyi rəngli maddə kütlələrinin tərkibində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edən və zəhərli maddələrin əlamətləri müəyyən edilmədi. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 42-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2213 saylı rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Şahid1...” və s. sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram; 0,277 qram; 0,325 qram; ümumi təmiz çəkiləri 1,662 qram rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 58-59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ilə X6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Salmanov X4 aldığı narkotik vasitələrdən bir bükümünü Məmmədə 10 manata satması barədə sonuncunun üzünə qarşı bildirmiş, X1 Qurban Şeylət oğlundan 18 aprel 2022-ci il tarixdə 10 manat pula 1 büküm narkotik vasitə heroin aldığını etiraf etmişdir (cild 1, iş vərəqi 60-62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, HK-1/875 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Quliyev M...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,389 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasıtə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 68-69). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs tanımadığı bir nəfər şəxsdən əldə etdiyi narkotik vasitələrdən dörd ədəd bükümü 30 manata Qurbana satması barədə sonuncunun üzünə qarşı bildirmiş, Şahid1 Təqsirləndirilən şəxs 17 aprel 2022-ci il tarixdə 30 manat pula 4 büküm narkotik vasitə heroin aldığını və onun bir bükümünü 10 manat pula Məmməd Quliyevə satdığını etiraf etmişdir (cild 1, iş vərəqi 85-87). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** saylı nömrəyə dair "xxxx" MMC-dən əldə edilmiş məlumatları özündə saxlayan CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd CD fomatlı diskin üzərində göy rəngli qələmlə “9132” sözləri yazılmışdır. Həmin disk Xətai RPİ-nin İŞ-nin 212 saylı xidməti otaqda olan “HP” markalı komputerin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “506598402_SMS.txt” adlı, 01 ədəd “**********02.txt” adlı, 01 ədəd “abuneciler9132.xls” adlı və 01 ədəd “antena9132.xls” adlı “PDF” formatlı fayl aşkar olunmuşdur. PDF formatlı 01 ədəd “506598402_SMS.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı kart nömrəsinə 01 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. PDF formatlı 01 ədəd “**********02.txt” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı kart nömrəsinə 01 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. PDF formatlı 01 ədəd “abuneciler9132.xls” formatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı kart nömrəsinə 01 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Sonuncu 01 ədəd “Z antena9132.xls” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı kart nömrəsinə 01 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2391 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 132-133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2613 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Quliyev M...” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi, “...Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 01 ədəd bükümdə olan heroin kütləsi və “...Şahid1...” qeydli zərfdəki 03 ədəd bükümdə olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 134-137). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd CD formatlı diskin üzərində “KODAK DWD RW” yazıları mövcuddur. Həmin disk Xətai RPİ-nin İŞ-də xidməti otaqda olan “HP” markalı komputerin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “video**********6104671” adlı “mp4” formatlı video fayl aşkar olunmuşdur. Həmin “video**********6104671” adlı “mp4” formatlı video fayl açıldıqda müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə Xətai RPİ-nin 34-cu PŞ-nin təhqiqatçısı polis mayoru Ramil Əhmədov tərəfindən keçirilir. Axtarış Təqsirləndirilən şəxs müdafiəçisi X8, Xətai rayon Polis İdarəsinin 34cü Polis şöbəsinin əməliyyat müvəkkili X9, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 iştirakları ilə aparılmışdır. X11 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunsuz hər-hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf rəngli sellofana bükülmüş 3 bükümdə narkotik maddəyə bənzər predmet təqdim etmişdir, həmçinin olaraq Təqsirləndirilən şəxs həmin 1 bükümdəki predmetin narkotik vasitə hesab olunan heroin olduğunu, digər 2 ədəd bükümlərin isə “torpaq” olduğunu bildirdi, həmin 1 bükümdəki narkotik vasitə olan heroini metronun “20 Yanvar” stansiyası yaxınlığında tanımadığı şəxdən 30 manata aldığını bildirmişdir. X11 həmin kütlələri elektron tərəzidə ölçdükdə təmiz çəkisi 4,92 qram gəlmişdir, daha sonra təhqiqatçı tərəfindən həmin kütlə qablaşdırılmış və üzərinə imzalar atılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özünün olmasını, 18 aprel 2022-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində şübhəli şəxs qismində saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı göy rəngli cins şalvarın sağ cibində saxladığı 03 ədəd bükümdə ümumi çəkisi 4,92 qram olan narkotik vasitəni təqdim etdiyini bildirmişdir (cild 1, iş vərəqi 145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,814 qram olan narkotik vasitə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,664 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 146-157). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs küllü miqdarda narkotik vasitə heroini aldığı mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrı icraata ayrılmışdır (cild 1, iş vərəqi 159-160). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən daha az narkotik vasitə aşkar edilməsi, narkotik vasitədən yalnız istifadə etməsi, onun satışı ilə məşgul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmasına dair iş üzrə məhkəmədə dindirilmiş şahidlərin ifadələrini, üzləşdirmə protokollarını və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmış və üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxlamış və gəzdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşıları tərəfindən döyülməsi barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs nə özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir müraciət edilməmişdir. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələr almaması, ondan cəmi bir dəfə 0,8 qram çəkidə heroin alması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə qonşuluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətinin yüngülləşdirilməsini istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri işin bütün halları ilə uzlaşdığından daha inandırıcı və ağlabatan hesab etməklə onları sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Hacıyev X10 Rayon Məhkəməsinin 13 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 05 noyabr 2011-ci il tarixdə azad olunmuşdur (cild 1, iş vərəqi 114-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 95-98). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xətai RPİ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,664 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,664 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar