Məhkəmə qərarları › İş №1(101)-1429/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1429/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1429/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 04 saylı Vəkli bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana T.Ələkbərli küçəsi ev 56-da qeydiyyatda olan və yaşayan, barəsində "ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nənəsi Şahid məxsus «Azsamand» markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində E.Məhərrəmli küçəsi ilə sovxoz Ramana adlanan ərazi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla E.Məhərrəmli küçəsində yerləşən «OBA market»-in yaxınlığında yolu soldan sağa doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs2 və uşaq arabasında olan 04 avqust 2019-cu ildə doğulmuş azyaşlı oğlu Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan avtomaşının qabaq sol hissəsi ilə vurmaqla Zərərçəkmiş şəxs1 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə beyinciyə və yumşaq qişalara qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ağciyərin kontuzisiyası, başın, sifətin, gövdənin və sağ əlin hematomaları, sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 həmin günü ölümünə, eləcə də Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yerini dəyişən, qapalı sınığı və alın nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətləri yetirilməklə Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 ildir avtomobil idarə etməyi bacarır. İmkan olanda əmisinə məxsus «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi ilə arabir məhəllə arası idarə etmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. 15 aprel 2021-ci il tarixdə saat təxminən 19 radələrində əmisi Şahbaz ailəsi ilə birlikdə onun yaşadığı evə qonaq gəlmişdir. Əmisi evdə olarkən həmin vaxtı özünə məxsus olan «Azsamand» markalı ** RS *** dövlət nömrə nişanlı avtomobilin açarlarını evdə qonaq otağında stolun üstünə qoymuşdur. Həmin vaxtı nənəsi Şahid ərzaq məhsulları almaq üçün mağazaya getmək istədiyini bildirdikdə, o, nənəsini əmisi Şahbazın avtomobili ilə aparmaq qərarına gəlmiş və əmisi Şahbaza məxsus «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını əmisi Şahbaza demədən götürmüşdür. Əmisi çox vaxt ona məxsus olan avtomobili ona icazə almadan da idarə etməyə vermişdir. Avtomobili evin dəmir darvazasının qarşısından götürüb Ramana qəsəbəsində yerləşən marketə getmək istəmişdir. Həmin vaxtı nənəsi də avtomobildə arxa oturacaqda əyləşmişdir. Saat təxminən 20-30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi savxoz Ramana E.Məhərrəmli küçəsində yerləşən «OBA marketin yaxınlığında olan yolda saatda 60 km surətlə idarə edərkən qarşıda yolun sol tərəfində olan iki qadının uşaq arabası ilə yolu soldan sağa doğru keçməsini görərkən həmin qadınları vurmamaq üçün tormozlama etsə də hadisədən yan qaça bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol farası ilə əlində uşaq arabası qadınlardan birini vurmuşdur. Zərbədən piyada qadın və uşaq arabası yerə yıxılmışdır. O dərhal həmin piyada qadına və uşaq arabasında olan uşağa köməklik göstərib ayağa qaldırmış və hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə hadisə nəticəsində daha çox ağır vəziyyətdə olan piyada qadını idarə etdiyi avtomobilə qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı ŞKX-na aparmışdır. Hadisə zamanı xəsarət almış uşaq arabasında olan uşaq isə digər avtomobillə xəstəxanaya yola salınmışdır. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 14.08.2006-ci il tarixdə X5 ilə ailə həyatı qurmuş və 20.08.2014-cü il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. X8 birgə nikahlarından iki uşağı olmuşdur. O, Vahab Qasımovla nikahı pozulduqdan sonra azyaşlı uşaqları ilə birlikdə atası X2 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşamışdır. 15 aprel 2021 -ci il tarixdə saat 20-30 saatlarında yaşadığı Bakı şəhəri Ramana qəsəbəsi daş karxanası fərdi yaşayış evindən çıxıb azyaşlı oğlu Zərərçəkmiş şəxs1 uşaq arabası ilə gəzdirib azyaşlı oğluna banan almaq üçün yolun əks tərəfində yerləşən «OBA Market»-ə keçmək istəyərkən «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil onu və içində azyaşlı oğlu olan uşaq arabasını vurmuşdur. Zərbədən o və uşaq arabası yerə yıxılmışdır. Sürücü avtomobili dərhal saxlayıb ona köməklik göstərib ayağa qaldırıb idarə etdiyi avtomobilə qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı ŞKX-na aparmışdır. Hadisə zamanı xəsarət almış uşaq arabasında olan azyaşlı oğlu isə digər avtomobillə xəstəxanaya yola salınmışdır. Oğlu Zərərçəkmiş şəxs1 xəsarətlər nəticəsində ölmüşdür. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, şikayətçi deyil, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, oğlu X4 məxsus onun adına qeydiyyata alınmış «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili əsasən oğlu Şahbaz Ağayev və arabir nəvəsi Təqsirləndirilən şəxs idarə etmişdir. Avtomobil yalnız yaşadıqları məhəllə arası idarə edildiyindən ondan idarə etmə ilə bağlı etibarnamə götürülməmişdir. Oğlu Şahbaz digər oğlu Məzahirin ailəsi ilə birlikdə qonşuluqda yaşayırlar. 15 aprel 2021-ci il tarixdə saat 19- 00 radələrində oğlu Şahbaz Ağayev digər oğlu Məzahirin evinə gəlmişdir və həmin vaxtı avtomobilin açarlarını da qonaq otağında stolun üstündə qoymuşdur. O ərzaq məhsulları almaq üçün mağazaya getməli olduğu üçün nəvəsi Təqsirləndirilən şəxs onu mağazaya oğlu Şahbaz Ağayevin idarə etdiyi «Azsamand» markalı ** RS *** dövlət nömrə nişanlı avtomobillə aparmaq qərarına gəlmiş və avtomobili evin darvazasının qarşısından götürüb Ramana qəsəbəsində yerləşən marketə getmək istəmişlər. Həmin vaxtı o da avtomobildə arxa oturacaqda əyləşmişdir. Saat təxminən 20-30 radələrində nəvəsi Alqış «Azsamand» markalı ** RS *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi E.Məhərrəmli küçəsində yerləşən «OBA market»-in yaxınlığında olan yolda idarə edərkən qarşıda yolun sol tərəfində olan iki qadının uşaq arabası ilə yolu soldan sağa doğru keçməsini görərkən həmin qadınları vurmamaq üçün tormozlama etsə də hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol farası ilə əlində uşaq arabası olan qadınlardan birini vurmuşdur. Zərbədən piyada qadın və uşaq arabası yerə yıxılmışdır. Nəvəsi Alqış dərhal həmin piyada qadına və uşaq arabasında olan uşağa köməklik göstərib ayağa qaldırmış və hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə hadisə nəticəsində daha çox ağır vəziyyətdə olan piyada qadını idarə etdiyi avtomobilə qoyaraq tibbi yardım göstərilməsi üçün 3 saylı ŞKX-na gətirmişdir. Alqış əvvəllər də avtomobilli məhəllə arası idarə etmişdir. Alqış avtomobili idarə etməyi bacardığından onun «Azsamand» markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsinə dair nə o, nə də, oğlu Şahbaz etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 16.04.2021-ci il tarixli 65 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 Vahib oğlunda baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə beyinciyə və yumşaq qişalara qansızma, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol ağciyərin kontuzisiyası, başın, sifətin, gövdənin və sağ əlin hematomaları, sıyrıq və qançırları olmuşdur. Xəsarətlər həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 15.04.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşın vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 Vahib oğlunun ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyidxanada müayinəsindən 10-14 saat əvvələ uyğun gəlir. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 03.05.2021 -ci il tarixli 563 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yerini dəyişən, qapalı sınığı və alın nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 15.04.2021-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə umümilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 20 aprel 2021-ci il tarixli 8/853 saylı rəyindən görünür ki, “Azsamand” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-dən edilmiş 24.04.2021- ci il tarixli 016-41279-1221 saylı sorğudan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2004-cü il təv. Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixədək sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 22.04.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbə vəsiqəsinin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin birinci kurs tələbəsidir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamaqla, 16 yaşında olmasını, orta-ixtisas təhsil müəssisəsinin tələbəsi olmasını, həmin məcəllənin 59.1.11-ci maddəsinə əsasən hadisədən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün, onların həyat və sağlamlıqlarına dəyə biləcək zərərin azaldılması məqsədi ilə onları xəstəxanaya apramasını, həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin ediləcək cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 17 aprel 2021-ci il tarixdən hökmün elan edildiyi 06 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün cəmi 03 ay 21 gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, habelə orta ixtisas təhsili müəssisəsinin tələbəsi olan Təqsirləndirilən şəxs təhsildən uzaqlaşmaması mövqeyindən yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalı və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 17 aprel 2021-ci il tarixdən hökmün elan olunduğu 06 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 20 (iyirmi) gün, cəmi 03 (üç) ay 21 (iyirmi bir) gün ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 08 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə və ya orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar