Məhkəmə qərarları › İş №1(101)-1429/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1429/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1429/2022 19.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 oğlunun iştirakları ilə xx.xx.1992-ci il il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Masllı rayonu, Təklə ərazi dairəsi, Sığıncaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində nömrəsiz evdə kirayə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 28 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 51/53, 28 nömrəli mənzilin giriş qapısını döyüb qapının mənzildə yaşayan, əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Zərərçəkmiş şəxs tərəfindən açılmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz olaraq girib sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutub səs-küy salmamasını bildirməklə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb silah qismində istifadə etməklə sonuncunun bədəninə yaslayıb mənzildə olan qızılzinyət əşyalarını, habelə pulları verməsini tələb etmiş, həmin cinayətkar niyyətini həyata keçirmək üçün mənzilin otaqlarını axtarıb heç bir əşya tapmadıqda mənzilin dəhlizində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlində saxladığı 20 manat dəyərində ***-***-**-** GSM nömrə ilə işləyən və balansında 6 manat məbləğində danışıq dəqiqələri olan, 300 manat dəyərində 1 ədəd boz rəngli, Çində istehsal edilmiş «İphone» markalı «A 1688» (6S) modelli, 16 GB yaddaş tutumlu, **********55493 İMEİ kodlu mobil telefonu, beləliklə cəmi 326 (üç yüz iyirmi altı) manat zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirməklə yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 2020-ci tarixdə Azərbaycan Respubliaksı CM-in 263.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi ilə bəraətverici əsaslar olmadan icraata xitam verilmişdir. Təxminən 2 ilə yaxındır ki, «kokos» kimi tanıdığı narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. 28 fevral 2022-ci il tarixdə, saat təxminən 16 radələrində son 2 ay ərzində narkotik vasitə olan heroini satan Fuad adlı şəxsin ünvan 1 ünvanına getmişdir. Mənzilin giriş qapısını bir neçə dəfə döydükdən sonra qapını yaşlı bir qadın açmış, həmin qadından Fuadın evdə olub olmamasını soruşmuşdur. Yaşlı qadın ona Fuadın evdə olmadığını bildirmiş və mənzilin qapısını çəkib bağlamışdır. O, 4-cü mərtəbə ilə 5-ci mərtəbənin arasında olan pilləkənlərdə təxminən yarım saat gözləyib yenidən Fuad adlı şəxsin yaşadığı mənzilin qapısını döymüşdür. Ona yenidən yaşlı qadın mənzilin giriş qapısını açmış, bir daha Fuadın gəlib-gəlməməsini soruşduqda, yaşlı qadın Fuadın gəlmədiyini bildirmişdir. Əlavə olaraq ona sual vermişdir ki, niyə görə Fuadı axtarır. O isə cavabında bildirmişdir ki, Fuadla təcili işi olduğu üçün sonuncunu axtarır. Həmin zaman yaşlı qadın ona bildirmişdir ki, Fuad gecədən evə gəlməyib. O, yaşlı qadından soruşmuşdur ki, Fuad yarım saata gələrmi, bu zaman bir daha yaşlı qadın ona bu barədə məlumatsız olduğunu bildirmişdir. O, yenə 4-cü və 5-ci mərtəbələr arasında olan pilləkənlərdə gözləməyə başlamışdır. Təxminən 40 dəqiqə gözlədikdən sonra bir daha mənzilin qapısını döymüşdür. Yaşlı qadın yenidən qapını açmış, Fuadın evə gəlmədiyini bildirmişdir. Mənzilin qapısını yaşlı qadın bağlamaq istəyəndə, əli ilə mənzilin giriş qapısını itələyib içəri girmiş, Fuadın ona məxsus olan «Xiomi» markalı «Texno cc7» modelli mobil telefonunu 20 manat borcu olduğu üçün girov götürdüyünü bildirmişdir. Yaşlı qadının Fuadın anası olduğunu artıq bilmiş, həmin qadın qışqırmaq istəyəndə sol əli ilə sonuncunun ağzını tutub saxlayıb bildirmişdir ki, «qışqırma əlimdə bıçaq var, qışqırsan səni öldürərəm». Həmçinin bu məqamda əlində olan qara rəngli «Leobanka» məxsus plastik kartı qadının bədənin sol yuxarı hissəsinə sonuncunun görməyəcəyi şəkildə yastalamışdır ki, əlində bıçaq olduğuna inansın. Yaşlı qadından Fuadın yatdığı otağı göstərməsini tələb etmiş, həmin yaşlı qadın ona Fuadın yatdığı otağı göstərmiş və o, yaşlı qadın ilə birlikdə otağa keçib paltar dolabında olan Fuadın paltarlarına baxmışdır. Lakin Fuadın ondan götürmüş olduğu mobil telefonunu tapa bilməmişdir. Diğər siyirmələrə baxmaq istəyən zaman həmin qadın ona bildirmişdir ki, həmin siyirmələrdə yaşlı qadının özünə məxsus geyimlər vardır. O, otaqdan çıxıb mənzilin dəhlizinə qadınla birlikdə gəlmişdir. Həmin qadına bir daha bildirmişdir ki, Fuad ona məxsus olan 300 manat dəyərində «Xiomi» markalı «Texno cc7» modelli mobil telefonu qaytarmır, onun üçün ona 300 manat versin və o da, çıxıb getsin. Həmin qadın pulunun olmadığını bildirmiş, o isə pul yoxdursa, qızıl zinyət əşyaları verməsini tələb etmişdir. Fuadın anası nə pulunun, nə də ki, qızıl zinyət əşyalarının olmadığını bildirmişdir. O, qadına bildirmişdir ki, Fuadla telefon əlaqəsi saxlasın bu zaman qadın cibindən mobil telefonu çıxarıb Fuada yığmaq istəyən zaman «İphone» markalı mobil telefonu qadının əlindən alıb bildirmişdir ki, Fuad onun mobil telefonunu qaytarsın, sonra o da, həmin telefonu geri qaytarcaq. Bundan sonra mənzili tərk etmişdir. Piyada bir az yeridikdən sonra yoldan keçən markasını tam xatırlamadığı manatlıq taksi kimi bilinən taksilərdən birinə minib 20 Yanvar metrostansiyasının yaxınlığına gəlib orada qarşısına ilk çıxan mobil telefonların alışı və satışı ilə məşğul olan mağazaların birinə ələ keçirmiş olduğu «İphone 6 S» modelli telefonu öz telefonu olduğunu bildirib 95 manata satmışdır. Əldə etmiş olduğu 95 manatı pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. 05 mart 2022-ci tarixdə, saat təxminən 18 radələrində müvəqqəti kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 fevral 2022-ci il tarixdə, saat təxminən 15 radələrində yaşadığı ünvan 1 ünvanının giriş qapısını kişi cinsindən olan orta boylu, qarabəniz, təxminən 28-30 yaş aralığında olan bir şəxsin döyərək oğlu Şahid2 evdə olub-olmamasını soruşmuş, o, həmin şəxsə Fuadın evdə olmadığını bildirmişdir. Mənzilin giriş qapısının gözlüyündən həmin şəxsə baxmağa davam etmiş və həmin şəxsin dəhlizin pilləkanlarmda olduğunu görmüşdür. Mənzilin qapısını açıb həmin şəxsə bildirmişdir ki, Fuad evdə yoxdur, çıxıb getsin. Həmin şəxs ona bildirmişdir ki, Fuadla əlaqə saxlayıb yarım saata gələcək, o, mənzilin qapısını çəkib bağlamış və sonra istifadəsində olan ***-***-**-** GSM nömrə ilə oğlu Fuadın istifadəsində olan ***-***-**-** GSM nömrə ilə əlaqə saxlayaraq bildirmişdir ki, onu bir nəfər şəxs axtarır. Fuad bu barədə məlumatsız olduğunu və onunla heç kimin əlaqə saxlamadığını bildirmişdir. Fuadla danışdıqdan sonra təxminən 5 dəqiqə sonra yenidən mənzilin giriş qapısının gözlüyündən bir daha baxdıqda görmüşdür ki, həmin şəxs yenə pilləkənlərdə dayanıb. Yenidən mənzilin qapısını açıb həmin şəxsə bildirmişdir ki, niyə oranı tərk etmir. Bu zaman həmin şəxs pilləkənlərdən düşərək mənzilin qapısına doğru yaxınlaşmış ani bir zaman kəsiyində həmin şəxs mənzilin qapısını içəriyə doğru itələyərək yaşadığı mənzilə daxil olmuşdur. O, qışqırmaq istəsə də, həmin şəxs əli ilə onun ağzından tutaraq qışqırmamasını, əgər qışqırarsa, əlində göstərmiş olduğu qararəngli bıçaqla onu öldürəcəyini bildirmişdir. Həmin şəxsə qışqıramayacağını işarə verərək bildirmişdir. Həmin şəxs bundan sonra əlini onun ağzından və diğər əlində tutmuş olduğu qararəngli bıçağı üzərindən çəkmişdir. Bundan sonra həmin şəxs ona bildirmişdir ki, oğlu Fuadın yataq otağı haradadır, o, həmin şəxsə Fuadın yataq otağını göstərmişdir. Həmin şəxs Fuadın yataq otağına keçib orada olan paltar dolabında olan paltarların cibinə və siyirmələrə baxıb heç nə tapmayaraq yataq otağından çıxmışdır. Bundan sonra evdə pulların və qızıl zinyət əşyalarının harada olmasını soruşmuş, o, həmin şəxsə evdə nə pul, nə də ki, qızıl zinyət əşyaları olmamasını bildirmişdir. Mənzilin dəhlizində olan zaman həmin şəxs onun mobil telefonunun olub-olmamasını soruşmuş, o, qorxduğu üçün mobil telefonunun olduğunu bildirmişdir. Həmin şəxs oğlu Fuadla əlaqə saxlamasını tələb etmişdir. O, bu zaman dəhlizdə olan dolabın içərisindən özünə məxsus olan «İphone 6 S» markalı mobil telefonunu götürüb Fuada yığmaq istəyən zaman, həmin şəxs onun əlindən mobil telefonu alaraq mənzilin giriş qapısını açaraq qaçmışdır. Qorxduğu və həyəcanlı olduğu üçün həmin şəxsin arxasınca çıxa bilməmiş və baş vermiş hadisə ilə sonra Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin şəxsin əlində olan bıçaq açıq vəziyyətdə olduğu üçün bıçağın qatlanıb-qatlamayan bıçaq olubolmamasını bilməmiş, bıçağın tiyəsinin qara rəngdə olduğunu görmüş, təxminən 8-10 sm olar imiş. 1 ədəd «İphone 6 S» markalı mobil telefonun dəyəri 300 manat, ***-***-**-** simkart nömrələrin dəyəri isə 20 manat manat təşkil etmiş, hadisə nəticəsində ona ümumilikdə 326 manat maddi ziyan dəymişdir. O, vurulmuş maddi ziyanı tələb etdiyini və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 4 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etmişdir. Hal-hazırda heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. 28 fevral 2022-ci il tarixdə, saat təxminən 13 radələrində anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona ***-***-**-** nömrəsi ilə zəng edərək onu bir nəfərin şəxsin soruşduğunu bildirmişdir. O, anası Elmiraya bildirmişdir ki, hal-hazırda kənardadır, biraz sonra gələcəkdir. Anası Elmira təxminən yarım saat sonra tam xatırlamadığı nömrə ilə onunla əlaqə saxlayıb bildirmişdir ki, onu gözləyən həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək yaşadığı mənzilə daxil olmuş, sonra onun yatdığı otağın yeri soruşmuş, orada olan rəfləri içərisinə baxıb qızıl və pul axtarmış, sonda isə həmin şəxsin anasına məxsus olan «İphone 6 S» markalı mobil telefonunu əlindən alıb qaçdığını bildirmişdir. Bundan sonra həmin gün gecə saatlarında yaşadığı evə gəlmiş həmin şəxsi tanımadığını bir daha anası Zərərçəkmiş şəxs bildirmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən şəxsi istifadəsi istifadə etmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımır, həmçinin o, sonuncudan heç bir mobil telefon götürüb qarşılığında narkotik vasitə olan heroin verməmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, 20 Yanvar metrostansiyasının çıxışında yerləşən «Velotrek» Ticarət Mərkəzində olan dükanların birində işlənmiş mobil telefon aparatlarının alqı-satqısı ilə məşğul olur. 28 fevral 2022-ci il tarixdə, saat 17 radələrində tanımadığı bir nəfər şəxs dükana gələrək özünə məxsus «İphone 6S» markalı mobil telefon aparatını satmaq istəməsini bildirmiş, o, mobil telefon aparatını nəzərdən keçirərək mobil telefon aparatını 90 manata almağa razılaşmış və o, həmin mobil telefon aparatını satan şəxsin, yəni sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin təqdim etdiyi özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxarmaqla həmin sürət üzərində mobil telefon aparatının özünə məxsus olması barədə qeyd etdirməklə götürmüş və 90 manat pulu ödəyərək mobil telefon aparatını almışdır. 06 mart 2022-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxsla onun mağazasına gəldikdə o, Təqsirləndirilən şəxs ona satmış olduğu mobil telefon aparatının cinayət yolu ilə əldə olunmasını öyrənmiş və mobil telefon aparatını, əldə etdiyi sənədin ksero surətini və jurnalın səhifəsinin ksero surətini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Onun mobil telefon aparatının cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Cinayət işinin 3-7-ci vərəqlərində olan 28 fevral 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 51/53 saylı evin 28 saylı mənzilində yerləşir. Cinayət işinin 40-42-ci vərəqlərində olan 06 mart 2022-ci il tarixli «şəxsin tanınması haqqında» protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq ona qarşı qanunsuz yaşayış sahəsinə daxil olmaqla bıçaqla hədələyərək mobil telefon aparatını ələ keçirmiş şəxsin həmin şəxs olmasını bildirmişdir. Cinayət işinin 56-58-ci vərəqlərində olan 06 mart 2022-ci il tarixli «təqdim edilmiş əşyanın və sənədin götürülməsi haqqında» protokoldan görünür ki, Şahid1 1 ədəd «İphone 6S» markalı mobil telefon aparatı və Təqsirləndirilən şəxs mobil telefon aparatının satışı zamanı istifadə etdiyi AA******* seriyalı şəxsiyyət vəsiqəsinin, mobil telefonların alqısatqısı qeyd olunan jurnalın 2 səhifəsinin kserosurəti götürülmüşdür. Cinayət işinin 63-cü vərəqində olan 06 mart 2022-ci il tarixli «əşyanın tanınmaya təqdim edilməsi barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş mobil telefon aparatları arasında 1 ədəd «İphone 6S» markalı mobil telefon aparatını tanıyaraq ona məxsus mobil telefon aparatı olmasını bildirmişdir. Cinayət işinin 150-151-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli, 2603 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 152-153-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 may 2022-ci il tarixli, 1259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xüsusiyyətin psixopatik cizgiləri müəyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hrəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 119-121-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 may 2022-ci il tarixli, 9/3406 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd boz rəngli, Çində istehsal edilmiş «İphone» markalı «A1688» (6S) model, 16 GB yaddaş tutumlu, **********55493 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasım nəzərə alaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 150 manat müəyyən edilir. Cinayət işinin 161-170-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs qarşı törədilmiş quldurluq hadisəsi nəticəsində ələ keçirilmiş 01 ədəd boz rəngli, Çində istehsal edilmiş «İphone» markalı «A 1688» (6S) model, 16 GB yaddaş tutumlu, **********55493 İMEİ kodlu mobil telefon aparatı maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs özünə qaytarılmışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 79-80-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-100-cü vərəqlərində olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 mart 2022-ci il tarixdən hesablamaqla 03 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-103-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2020-ci il tarixdə Xətai RPİ tərəfindən ********* nömrəli material üzrə barəsində Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi tətbiq edilməklə cinayət işinin başlanılması rədd edilmişdir. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq - Zərərçəkmiş şəxs məxsus üzərində 051 *** ** ** GSM nömrə olan 1 ədəd boz rəngli, Çində istehsal edilmiş «İphone» markalı «A 1688» (6S) model, 16 GB yaddaş tutumlu, **********55493 İMEİ kodlu mobil telefon aparatının özünə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X4 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 mart 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq - Zərərçəkmiş şəxs məxsus üzərində 051 *** ** ** GSM nömrə olan 1 ədəd boz rəngli, Çində istehsal edilmiş «İphone» markalı «A 1688» (6S) model, 16 GB yaddaş tutumlu, **********55493 İMEİ kodlu mobil telefon aparatının özünə qaytarılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X4 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar