Məhkəmə qərarları › İş №1(101)-1430/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1430/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1430/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, (müəllim-psixoloq) X1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nəzərov küçəsi, ev 28, mənzil 1-də yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2021ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi 106 saylı evin qarşısında həmin küçə ilə öz evinə gedən əvvəllər tanıdığı eyni qəsəbə sakini olan Zərərçəkmiş şəxs ilə rastlaşdıqda, sonuncu ona borca pul verəcəyi vədini yerinə yetirmədiyini bəhanə gətirərək qarşısını kəsib üzərində olan silah qismində istifadə etdiyi bıçağı sonuncuya açıqcasına nümayiş etdirib, ondan üstündə olan pulnunu və ya qiymətli əşyalarını ona verməsini tələb edib, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə üzərinə basqın etməklə, Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ yan cibindəki qiyməti 30 manat olan Nokia 3C markalı mobil telefonunu cibindən çıxardıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 30 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun 15 yaşı olmaqla 9-cu sinif şagirdidir, atası Qanuni nümayəndə, anası X5 və iki bacısı Balaxanı qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs isə qəsəbəyə hadisədən bir müddət əvvəl köçüb yaşamışdır. Bəxtiyar ondan yaşca böyükdür. Onu qəsəbə sakini kimi tanımış, görəndə salamlaşırdılar. Bəxtiyarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onun qəsəbədən olan bir şəxsə borcu olmuş, həmin şəxs borca görə onu narahat edirdi. Bəxtiyardan hadisədən bir ay əvvəl borc olaraq 25 manat pul istəmiş, Bəxtiyar da ona borc verəcəyini demişdir. Buna baxmayaraq Bəxtiyar ona borc olaraq istədiyi pulu verməmişdir. 05 mart 2021-ci il tarixdə təxminən saat 19 radələrində qəsəbədə olan vaxt əlində bıçaq olmuş, həmin bıçaqla taxta yonurdu. Bu vaxt Bəxtiyarın küçə ilə getdiyini görüb ona yaxınlaşaraq salamlaşmış və onun 25 manat verəcəyini söz verdiyini demişdir. Bəxtiyar isə pulu olmadığını deyərək öz telefonunu ona vermişdir ki, telefonu satıb borcunu ödəsin. O, Bəxtiyardan telefonu almış, telefondan nömrəni çıxarıb Bəxtiyarın özünə vermiş və Bəxtiyardan aralanmışdır. Həmin telefonu 5 manata satıb pulunu xərcləmişdir. Bəxtiyar polisə müraciət etdikdən sonra atası bir telefon alıb Baxtiyara qaytarmışdır. Həqiqətən Bəxtiyarla söhbət etdiyi zaman əlində bıçaq olmuşdur. Həmin bıçaqla yuxarıda göstərdiyi kimi taxta yonurdu. Bıçağı Bəxtiyarın üzərinə yönəltməmiş, bıçaqla Bəxtiyarı hədələməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Balaxanı qəsəbəsi sakini və qonşusu kimi tanıyır. O, həmin qəsəbəyə ailəsi ilə birlikdə hadisədən bir müddət əvvəl köçmüşdür. O zamandan da Elnuru tanımışdır. Onun 24 yaşı vardır. Hər gün səhər saatlarında işə gedir və axşam saatlarında isə işdən evinə qayıdır. Elnurun sözündə həqiqət vardır. Həqiqətən hadisədən əvvəl Elnur ondan borca pul istəmiş, o da ona axşam işdən qayıtdıqda pul verəcəyini demişdir. Lakin işdən qayıdanda Elnuru məhəllədə görməmişdir. 05 mart 2021-ci il tarixində, təxminən saat 19 radələrində işdən evə qayıdarkən məhəllədə Elnurla rastlaşmışdır. Elnurla salamlaşdıqdan sonra öz yoluna davam etmişdir. Yoluna davam etdiyi zaman Elnurun onun arxası ilə gəldiyini hiss etmiş, ancaq buna məhəl qoymayaraq yoluna davam etmiş, yaşadığı evin qarşısına çatdıqda, Elnurun arxadan onu çağırdığını görüb geri dönmüşdür. Geri döndükdə Elnurun əlində dəstəyi qara rəngli bıçağı ona tərəf tutaraq ondan pul istəmiş, o, pulu olmadığını dedikdə Elnur əlini onun cibinə salaraq cibindəki mobil telefonu çıxarmışdır. Bu vaxt Elnurun əlində olan bıçağın tiyəsi onun qarın nahiyyəsinə tərəf tuşlanmışdır. Elnurun onu bıçaqla vura biləcəyindən ehtiyyatlanaraq sonuncunun cibindən telefonu çıxarmasına mane olmamışdır. Bundan sonra Elnur mobil telefonun üzərində olan GSM nömrəni çıxarıb yerə atmış və oradan uzaqlaşmışdır. Mobil telefon nömrəsini yerdən götürərək evinə getmiş, orada hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Təqsirləndirilən şəxs atası tərəfindən ona başqa telefon alınıb verilmiş, ona görə də, Elnura qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu 9-cu sinif şagirdidir. O, 8-ci km ərazisində yerləşən bazarda arabaçı işləyir. İşə səhər saat 5-də gedir, gecə vaxtı qayıdır. Bu səbəbdən Elnurun tərbiyəsi ilə tam şəkildə məşğul ola bilməmişdir. Onun 3 övladı var. Elnurdan böyük olan qızı Bakı Dövlət Universitetinin İnformatika fakultəsinin tələbəsidir. Qızı universitetə yüksək balla qəbul olmuşdur. Bir qızı isə orta məktəbin 6-cı sinif şagirdidir. Oğlunun hərəkətlərinə görə xəcalət çəkir, törətdiyi əməli barədə polisdə bilmiş və dərhal zərərçəkmiş şəxsə telefon alıb qaytarmaqla ziyanı ödəmişdir. Məhkəmədən oğlunun balaca olmasını, düşünmədən bu əməli törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulan ziyanın ödənilməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Subunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanladığı 05.03.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 05 mart 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında üzdən tanıdığı Elnur adlı şəxs ona bıçaqla hücum edərək cibindən ona məxsus mobil telefonunu çıxararaq qaçırmışdır. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim etmə barədə” 07.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbiriləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu PRİ-nin 12-ci PŞ-nə gətirilmiş, atası Qanuni nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd tutacaq yeri qara rəngli izolentə bürünmüş 10 sm dəstək hissəsi və 08 sm iti ucluq hissəsi olan əl bıçağını könüllü təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 10.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməşinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclası zalından azad edilmiş, 10.03.2021-ci il tarixli qərarla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin etməyən məhkəmə öz qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ittiham olunan əməlin yalnız ağırlıq dərəcəsi barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas ola bilməz, təqsirləndirilən şəxsin daimi yaşayış yeri olmaqla onun istintaq orqanından yayınmaq ehtimalı yoxdur. Beləliklə Təqsirləndirilən şəxs 08.03.2021-ci il tarixdən 10.03.2021-ci il tarixədək-03 gün müddətində həbsdə saxlanılmışdır. Bu müddət Təqsirləndirilən şəxs cəza təyin edildikdə nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş, hadisə vaxtı istifadə etdiyi dəstəyi qara rəngli izolentlə bürünmüş 1 ədəd bıçaq Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlar arasından dəstəyi qara rəngli izolentlə bürünmüş bıçağı tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 10.05.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılması zamanı o, ifadəsini bir daha hadisə yerində əyani şəkildə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və pisixoloji ekspertizasının 30.06.2021-ci il tarixli, 1415 saylı rəyindən müəyyən olunur ki: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yadda saxlama və yadasalma prosesləri, təfəkkürü, diqqət və qavrama proseslərində hər hansı bır çətinlik müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdon əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai tehlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və psixi inkişafına görə hadisəni törədərkən öz hərəkətlərini ölçüb-biçmək və dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdı-psixoloji xüsusiyyətlərində ozünü psixoloji müdafiə etməyə meyillilik müəyyən edilir, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hadisəni törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik ekspertizasının 02 iyul 2021ci il tarixli, 3/1160 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 02.07.2021-ci il tarixli qərardan müəyyən olunur ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağı Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, xx.xx.2005-ci il təvəllüdlü olmaqla, cinayət əməlini törətdiyi 05 mart 2021-ci il tarixdə 15 yaşı olmuşdur, hal-hazırda yetkinlik yaşına çatmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və qanuni nümayəndənin ifadəsi, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsinə görə ibtidai araşdırma orqanı onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin maddə ilə tövsif etməklə ona cəza təyin edilməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə baxışı zamanı 03.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs oxuduğu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 69 saylı tam orta məktəbin verdiyi xasiyyətnamədən müəyyən olunur ki, oxuduğu müddət ərzində Təqsirləndirilən şəxs özünü bacarıqlı, təhsilə meyilli bir şagird kimi tanıtmışdır, dərsə davamiyyəti yaxşı olmuş, Vətənini sevir, Vətən uğrunda həmişə mübarizə aparmağa hazırdır. Təqsirləndirilən şəxs Balaxanı qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs nümayəndəliyə yazılı və yaxud da şifahi surətdə şikayət ərizəsi daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair arayışdan müəyyən olunur ki, o ata-anası və iki bacısı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi, ev 10-da yaşayır. Digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük bacısı Aytac Ağamirzəyeva tələbədir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törətməsini, CMnin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi əməldən peşman olması, oxuduğu məktəbdə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.12, 59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Həmçinin “Uşaq hüquqları haqqında” BMT-nin 12.11.1989-cu il tarixli konvensiyasının 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır və bu Konvensiyasının 37-ci maddəsinin məzmununa görə uşağın həbsə alınması, tutulması və ya həbs cəzası son tədbir kimi istifadə edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə təqdim olunmuş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi icra nümayəndəsinin 06.08.2021-ci il tarixli, 1367 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi atası, anası və iki bacısından ibarət olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi, ev 10-da yaşayrlar. Təqsirləndirilən şəxs böyük bacıısı Aytac Ağamirzəyeva Bakı Dövlət Universitetinin İ kurs tələbəsi, digər bacısı Arifə Ağamirzəyevanın isə 13 yaşı olmaqla orta məktəb şagirdidir.. Məhkəməyə təqdim olunmuş digər Təqsirləndirilən şəxs xarakterizə edən sənədlərdən müəyyən olunur ki, o Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 69 saylı orta məktəbin şagirdi olmaqla müsbət xarakterizə olunur, atası Qanuni nümayəndə fəhlə işləməklə ailəsini tək dolandıran şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008ci il tarixli qərarının 2-ci bəndində əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin yaş həddi nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. Cinayət işi üzrə maddi sübut olan- Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi soyuq silah hesab edilməyən 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə 64 (altımış dörd) manat məbləğində ekspertiza xərci vardır. Məhkəmə ödəniləcək məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini, eləcə də, Təqsirləndirilən şəxs müstəqil gəlir mənbəyinin olmaması səbəbindən həmin məbləği ödəməyə imkanının olmadığını nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməsini əsaslı sayır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X8 (i/v 161), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə 450 AZN (dörd yüz əlli manat), müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmiş) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək 08 mart 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı, 03 gün müddəti ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəzadan çıxılıb üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. 64 (altımış dörd) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün və Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X8 üçün 450 AZN (dörd yüz əlli manat) pul Bakı şəhəri 7 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 360 AZN (üç yüz altmiş) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar