Məhkəmə qərarları › İş №1(101)-1431/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1431/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1431/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7, Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,boşanmış, orta təhsilli, gözəllik salonunda saç ustası işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mirzənağılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 21 fevral 2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, Sovxoz Ramana yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlədərək təhqir etməsi və döyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evin mətbəxində olan mebelin üzərindən götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısına bir dəfə qəsdən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli hemopnevmotoraksla (döş boşluğunun sərbəst qanın və havanın yığılması), travmatik və hemorragik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır, həmçinin əri Gəncali ilə əmi qızı, əmi oğludurlar. Onlar 1998-ci ii tarixdə ailə qurmuşlar. Birgə nikahdan 2000-ci il tarixli Babaşov Ceyhun Gəncalı oğlu, 2001-ci il tarixli Babaşova Ceyhunə Gəncalı qızı adlı iki övladları var. Ailə qurduqdan sonra həyat yoldaşıyla ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan Gəncalının mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişə yaratmış, uşaqlarının gözü qarşısında onu döyürmüş. Ailə münasibətləri bu səbəbdən get-gedə pozulmuşdur. Əri Gəncalının onu döyməsini və mütəmadi olaraq işgəncələr verməsi səbəbindən 2022-ci ilin yanvarın 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə aralarında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra yaşadıqları evi sataraq bölməyi qərarlaşdırmışlar. Eyni zamanda evləri satılana qədər birlikdə Gəncalı ilə həmin evdə yaşamağa razılaşmışlar və bu səbəbdən ev satılana qədər həmin evdə yaşamağa davam etmişlər. O, hər gün səhər saatlarında işə getmiş, axşam saatlarında isə işdən çıxaraq yaşadığı evə gəlmişdir. Boşanmalarına baxmayaraq əri Gəncalı gündə spirtli içkilər qəbul edərək, onu incidərək, döyməyə davam etmişdir. 21 fevral 2022-ci il tarixində, saat 20:10 radələrində işlədiyi gözəllik salonunda işlərini yekunlaşdırdıqdan sonra işdən çıxıb evə getmişdir. Saat təqribən 21:00 radələrində evə çatmışdır. Evə daxil olduğu zaman Gəncalının evin birinci mərtəbəsində yerləşən mətbəxdəki masada əyləşərək spirtli içki qəbul etdiyini görmüşdür. O, içəri daxil olan kimi Gəncalı nə üçün evə gec gəldiyini soruşaraq nalayiq ifadələr işlətməyə başlamışdır. O, Gəncalıya cavab verməyərək mətbəxdən çıxmaq istəmişdir. Bu zaman Gəncalı ayağa qalxaraq ona yaxınlaşmış və mətbəxdən çıxmağına mane olaraq, onu vurmuşdur. Sonra Gəncalı daha da azğınlaşaraq iki əli ilə onu boğmağa başlamışdır. O, Gəncalının əlindən çıxmağa çalışmışdır. O, Gəncalının əlindən çıxa bilmədiyini görüb, hiss etmişdir ki, ona hava çatmır və mətbəx mebelinin üzərində olan bıçağı əlinə götürərək Gəncalıya tərəf atmışdır. Bu vaxt Gəncəlinin bədənindən qan gəldiyini görüb özünü itirmiş və qaçaraq həyətdən çıxmışdır. Bıçağı evin giriş qapısının yanında olan taxtaların üzərinə atmışdır. Küçədən qışqıraraq kömək çağırmışdır. Bu zaman onun qışqırıq səsinə qonşuluqda yaşayan evlərdən birindən bir nəfər çıxmışdır. O, ağlayaraq ondan kömək etməsini xahiş etmişdir. Həmin şəxs dərhal onun yanına gəlmişdir. O, həmin şəxsə həyat yoldaşını xəstəxanaya aparmağa kömək etməsini xahiş etmişdir. Qonşuluqda yaşayan həmin şəxs dərhal avtomobilini gətirərək evin qarşısında saxlamışdır. Bundan sonra, o, Gəncalını evdən çıxardaraq avtomobilə əyləşdirmiş və onu 1 saylı X9 aparmışdır. Yolda gedərkən qardaşı Samirə zəng etmiş və Gəncalını bıçaqla vurduğunu deyib, 1 saylı X9 gəlməsini bildirmişdir. Xəstəxanaya çatdıqdan sonra Gəncalını həkimlər müayinə edərək cərrahi əməliyyat etmişlər. Daha sonra qardaşı da gəlmiş və Gəncalı cərrahi əməliyyatdan çıxdıqdan sonra baş verənləri ona danışmışdır. Bundan sonra 1 saylı X9 gələn polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin İŞ-nə getmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hal-hazırda da bir evdə yaşayırlar. Qızları ərə gedib, bir nəvələri də olmuşdur. Övladlarına görə bir yerdə yaşamağa davam etmişlər. Hadisədən sonra zərərçəkmiş şəxs spirtli içkilərdən istifadə etmir, onunla mehriban dolanır. Hesab edir ki, o da hərəkətindən peşman olmuş və onların barışıb birgə yaşamağı mümkündür. Onun Gəncalını bıçaqla vurmaq fikri olmamışdır. Boşanmalarına səbəb zərərçəkmiş şəxsin mütəmadi spirtli içki içib onu döyməsi olmuşdur. O, Gəncalının hərəkətləri barədə şikayətlər etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır. Onlar 1998-ci il tarixində ailə həyatı qurmuşlar. Birgə nikahdan yetkinlik yaşına çatmış bir qızları və bir oğlu var. Təqsirləndirilən şəxslə əmi qızı, əmi oğludurlar. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməməsi səbəbindən münasibətləri pisləşmişdir.O, həqiqətən spirtli içkilərdən istifadə edir. Bu səbəbdən 2022-ci ilin yanvarın ayının 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə aralarında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra yaşadıqları evi sataraq bölmək qərarına gəlmişlər. Ona görə də ev satılana qədər birlikdə həmin evdə yaşamağa razılaşmışlar və ev satılana qədər həmin evdə yaşamağa davam etmişlər. Lakin, Şəfiqə ilə heç bir formada ünsiyyət qurmamışlar. Hər gün Şəfiqə səhər saatlarında işlədiyi “Lalə" gözəllik salonuna getmiş, axşam saatlarında isə işdən çıxaraq evə gəlmişdir. 21 fevral 2022-ci il tarixində, saat təqribən 21:00 radələrində Şəfiqə evə gəlmişdir. Şəfiqə gəldiyi zaman o, evin birinci mərtəbəsində masada əyləşərək çörək yemiş, həm də masada spirtli içki də var imiş, spirtli içki də içirmiş. Şəfiqə gəldikdən sonra o, nə üçün evə gec gəldiyini soruşduqda Şəfiqə ona cavab verərək ayrıldıdıqlarını, evə istədiyi vaxtda gələ biləcəyini bildirmişdir. Şəfiqənin bu sözündən sonra o, əsəbiləşmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəfiqə mətbəxdən çıxaraq getmək istədikdə, o, Şəfiqənin getməsinin qarşısını almaq üçün ayağa qalxaraq Şəfiqəyə yaxınlaşmış və mətbəxdən çıxmasının qarşısını almışdır. Bu zaman Şəfiqə mətbəx mebelinin üzərində olan bıçağı götürərək onu vurmuşdur. Şəfiqə onun bədənindən qan gəldiyini görüb özünü itirmiş və qaçaraq mətbəxdən çıxmışdır. Bir neçə dəqiqə sonra Şəfiqə yenidən mətbəxə gəlib onu götürərək çölə çıxartmışdır. Çölə çıxdıqdan sonra qapının önündə dayanmış avtomobilə əyləşdirmiş və onu 1 saylı X9 aparmışdır. Yolda olduqları zaman Şəfiqə qardaşı Samirə zəng etmiş və onu bıçaqla vurduğunu qardaşına demiş və qardaşına da 1 saylı X9 gəlməsini tapşırmışdır. Xəstəxanaya çatdıqdan sonra həkimlər onu müayinə edərək cərrahi əməliyyat etmişlər. Onların barışıb bir ailədə yaşamağı mümkündür. Hazırda da bir yerdə yaşayırlar. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi zaman evdə onlardan başqa heç kim olmamışdır. O, spirtli içkilər qəbul etdiyi üçün aralarında mübahisələr yaranırmış. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişlər, ona qarşı heç bir şikayəti tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısıdır. Zərərçəkmiş şəxs həm bacısının keçmiş həyat yoldaşı, həm də əmisi oğludur. Onlar 1998-ci ildə ailə həyatı qurmuşlar. Onların bir oğlu və bir qızları var. Qızları hazırda ərə getmiş və onların nəvələri də var. Ailə qurduqdan sonra onların münasibətləri yaxşı olmuş, sonralar Gəncalının mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişə yaratması səbəbindən ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən 2022-ci ilin yanvarın ayının 18-də Sabunçu rayon Məhkəməsinin qərarı ilə bacısıyla Gəncalı arasında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra onlar yaşadıqları evi satmaq qərarına gəlmişlər. Ev satılana qədər də bir evdə yaşamağa razılaşmışlar. 21 fevral 2022-ci il tarixində, saat 21:40 radələrində evdə olduğu zaman bacısı Təqsirləndirilən şəxs ona zəng edərək Gəncalını bıçaqla vurduğunu bildirmiş və onun da 1 saylı X9 gəlməyini demişdir. O, dərhal 1 saylı X9 gəlmişdir. Ora çatdıqdan sonra bacısıyla görüşmüş və nə baş verdiyini soruşduqda bacısı həyəcanlı şəkildə Gəncalını bıçaqladığını, cərrahi əməliyyata aparıldığını bildirmişdir. O, bacısının həyəcanlı olması səbəbindən hadisənin hansı formada baş verdiyini soruşmamışdır. Gəncalı cərrahi əməliyyatdan çıxdıqdan sonra vəziyyətinin normal olduğunu öyrənmişlər və bundan sonra bacısından baş verənləri soruşduqda bacısı hadisəni ona danışaraq işdən gəldikdən sonra Gəncalının içkili vəziyyətdə onunla münaqişə yaratdığını, ünvanına nalayiq ifadələr işlətdiyini və üzərinə getdiyini, bu zaman Gəncalının əlindən çıxmaq üçün mətbəx mebelinin üzərində olan bıçaqla Gəncalını vurduğunu bildirmişdir. Bundan sonra, onlar polis əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları gəldikdən sonra bacısı onlara baş verənləri danışmış və polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin İŞ-nə gəlmişlər. Bacısıyla əri arasında münasibətlər ərinin spirtli içki içməsi və bu səbəbdən də evdə söz-söhbətlər yaratması səbəbindən pozulmuşdur. Hazırda bacısıyla zərərçəkmiş şəxs bir evdə yaşayırlar. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, Zərərçəkmiş şəxs isə atasıdır. Hadisə vaxtı orda olmamışdır. Əvvəllərdən ailələrində atasının spirtli içki içməsinə görə münaqişələr olmuşdur. Həmişə atası çox spirtli içki içdiyinə görə problemləri olmuşdur. Atası mütəmadi olaraq spirtli içkilər qəbul edib, həmişə gəlib evdə dava salırmış. Atası spirtli içkilərdən qəbul edən zaman, evdə anasıyla dalaşmış və onu döyürmüş. Hətta bir dəfə atası içkili olduğu zaman anasıyla atası dava edəndə, atası anasını döymək istəyəndə, o, araya girmişdir ki, atası anasını vurmasın, həmin vaxt qolu qapının arasında qalıb xəsarət də almışdır. Anasıyla atasının boşanma səbəbi də elə davalar və atasının mütəmadi olaraq spirtli içki içməsi olmuşdur. Anasıyla atası boşandıqdan sonra da bir evdə yaşamışlar. Buna baxmayaraq, atası yenə spirtli içkilər qəbul edib, anasıyla dalaşmış və onu döyməyə davam etmişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Babaşov Ceyhun Gəncalı oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası, Zərərçəkmiş şəxs isə atasıdır. O, atası və anasıyla bir evdə yaşamışdır. Hadisə vaxtı orda olmamışdır. Atası çox vaxt içkili olurmuş. Atası içkili evə gəlib dava salırmış. Atası mütəmadi olaraq spirtli içkilər qəbul edib, həmişə gəlib evdə dava salırmış. Atası spirtli içkilərdən qəbul edən zaman, evdə anasıyla dalaşmış və onu döyürmüş. Ailədə onlara qayğını həmişə anası göstərmişdir. Anasıyla atasının boşanma səbəbi də elə davalar və atasının mütəmadi olaraq spirtli içki içməsi və anasını döyməsi olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin m/n əvəzi polis kapitanı Müəsəllim Müsəllimovun 21 fevral 2022-ci il tarixli, HK-1 N-844 saylı raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:16 radələrində 3 saylı ŞKX-dan tibb bacısı Əfəndiyeva 12ci PŞ-nin NH-nə zəng edərək, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanaraq qarının ön divarının kəsilmiş-deşilmiş yarası barədə məlumat vermişdir. Cinayət işinin 6-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivində yerləşən fərdi evdir. Evin mətbəxinin döşəməsində qanabənzər izlər aşkar edilmişdir. Həmçinin, evin həyətyanı sahəsinin giriş qapısının sağ tərəfində taxta parçalarının arasında bir ədəd tiyəsi sarı rəngli taxta materialından, kəsici hissəsində qanabənzər ləkələr olan bıçaq aşkar edilərək götürülmüşdür. Baxış və götürmə zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 89-90-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 3Ə321 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 110-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X8 08 iyun 2022-ci il tarixli, 935 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), travmatik və hemorragik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar digər bıçağın təsirindən törənməsi inkar edilmir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X8 12 aprel 2022-ci il tarixli, 903 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ənvər qızında hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Təqsirləndirilən şəxs Ənvər qızında hər hansı psixi (ruhi) xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs Ənvər qızında törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Ənvər qızı törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Ənvər qızı törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Ənvər qızının məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Ənvər qızının əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Ənvər qızının əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 46-cı vərəqəsində olan Zərərçəkmiş şəxs 23 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıq nəticəsində xəsarət aldığını, Şəfiqə Bababşovaya qarşı heç bir iddiası, şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs 27 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(008)-477/2022 saylı qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs Gəncalı qızı ilə cavabdeh Zərərçəkmiş şəxs arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı Təqsirləndirilən şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, evliliyin ilk vaxtlarında mehriban yaşasalar da, sonradan ailədə narazılıqlar baş vermiş, daha sonra cavabdeh Zərərçəkmiş şəxsla birgə yaşamağa cəhd etsə də, Zərərçəkmiş şəxs barışmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin qadın olması, ilk dəfə cinayət törətməsi, Təqsirləndirilən şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs yaxın qohum olması, aralarında barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmaması, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs öz ifadələrində yenidən birlikdə ailə olmalarının mümkün olmasını bildirmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etməsini, cinayətin ictimai-təhlükəlilik dərəcəsi aradan qaldırıldığı səbəbindən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin 26-cı vərəqəsində olan 23 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 64-66-cı vərəqlərində olan Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 24 fevral 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin baş müstəntiqi Elvin Nəsibovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. Cinayət işinin 68-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 24 fevral 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin anbarında saxlanılan Təqsirləndirilən şəxs Ənvər qızının Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin anbarında saxlanılan Təqsirləndirilən şəxs Ənvər qızının Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar