Məhkəmə qərarları › İş №1(101)-1436/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1436/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1436/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X3 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonu, Kavdar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Kavdar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 224 saylı baxçada yaşamış, 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 aprel 2021-ci il tarixdə saat 20:20 dəqiqədə Zərərçəkmiş şəxs3 MMC-nin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, 109 ünvanında yerləşən mağazasına müştəri qismində daxil olub, kassa aparatından 1200 manat nağd pul vəsaitini götürərək hadisə yerindən qaçmaq istəyərkən, mağazanın müdir müavini Zərərçəkmiş şəxs1 ilə satıcı Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs müqavimət göstərilməklə qarşısı alınaraq 1200 manat pulun qaytarılması tələb edilməklə mağazadan qaçmasına mane olaraq pul vəsaiti geri alındıqda, sonuncu üzərində saxladığı silah qismində istifadə etdiyi açılıb-bağlanan bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuracağı ilə hədələyərək, hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edib, ələ keçirdiyi 1200 manat puldan yalnız 5 manat nağd pul vəsaiti ilə hadisə yerindən qaçıb gizlənməklə Zərərçəkmiş şəxs3 MMC-yə maddi ziyan vurub quldurluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 il ara-sıra narkotik vasitə olan heroindən istifadə etmişdir. Hazırda heç yerdə işləmir və heç vaxt məhkum olunmamışdır. 25 aprel 2021-ci il tarixdə saat təxminən 20 radələrində o, narkotik vasitə istifadə etmədiyinə görə bədənində ağrılar başlamış, həmçinin narkotik vasitə almaq üçün pulu olmadığından haradansa pul əldə etmək qərarına gəlmişdir. Bunun üçün ilk olaraq, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yerləşən tullantı dəmirlərin alışı məntəqəsinə gəlmişdir ki, dəmir tapıb həmin yerə sataraq pul əldə etsin. Lakin həmin yerə gedərkən oranın yaxınlığındakı «Almarket» mağazasını görüb həmin mağazaya daxil olmuşdur. Məqsədi mağazadan hər hansı oğurluq etməklə asan yolla pul əldə etmək olmuşdur. İçəri daxil olduqda mağazanın kassa aparatında heç kəsin olmadığını görmüş və həmin an kassadan pulları oğurlamaq qərarına gəlmiş və kassaya yaxınlaşmışdır. Oradakı pulları götürmüş, daha sonra mağazadan çıxmaq istəmişdir. Bu zaman mağazanın işçilərindən biri onun pulları oğurladığını görüb, mağazanın giriş qapısının qarşısında onun qabağını kəsmişdir. O, həmin şəxsi mağazaya tərəf itələmiş və həmin vaxt qapı bağlandığından, onun bədəni mağazanın içərisində qalmış, sol qolu isə mağazanın qapısının arasında sıxılmışdır. Onu tutan oğlan isə çöl tərəfdən pulları onun əlindən almış və daha bir nəfər oğlan isə mağazanın içərisində ona yaxınlaşaraq, onu tutub saxlamaq istəmişdir. Həmin vaxt onların onu buraxmaları üçün bel nahiyəsində saxladığı açılıb-bağlanan bıçağı çıxarıb həmin oğlana ona yaxınlaşmamasını bildirmiş və güc tətbiq edərək qapını aralayıb çölə çıxmışdır. Bu zaman onu ilkin olaraq tutub mağazaya salan oğlan onun əlindəki bıçağı görüb kənara qaçmışdır. O isə, yerə əlindəki pulların töküldüyünü görüb, yerdə olan təxminən 200 manat pulu yerdən götürmüşdür ki, həmin oğlana qaytarsın. Lakin həmin oğlan onun yanına gəlməkdən qorxmuş və mağazanın içərisində olan digər işçi ona yaxınlaşaraq, pulları ondan almışdır. O da, bundan sonra artıq heç bir şey əldə edə bilmədiyini görüb oradan uzaqlaşıb getmişdir. Daha sonra o, həmin hadisəni törətdiyinə görə ondan şikayət olunacağından və polisin onu tutacağından ehtiyat edərək, həmin vaxt üzərində olan bıçağı «Kvadratlar» adlanan ağaclıq əraziyə tullamışdır. Bundan sonra yaşadığı evə getmişdir. 26 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı məhəllədə olduğu zaman 36-cı Polis bölməsinin əməkdaşları ona yaxınlaşaraq bölməyə aparmışlar. Şifahi sorğu zamanı o, törətdiyi cinayəti etiraf etmişdir. O, həmin hadisə zamanı pullan mağazanın kassasından götürsə də, həmin pulların məbləğini bilməmiş, mağazanın işçiləri onu saxlayarkən pullar əlindən yerə tökülmüş, bir hissəsini isə mağazanın işçisi özü əlindən götürmüşdür. Həmin hadisə zamanı o, mağazadan heç bir məbləğdə pul götürməmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 12 yanvar 2021-ci il tarixdən etibarən «Almarket» mağazalar şəbəkəsində çalışmağa başlamış və hadisədən təxminən 1 ay qabaq şəbəkənin ünvan 1 ünvanında yerləşən mağazasında müdir müavini kimi işləmişdir. 25 aprel 2021-ci il tarixdə saat təxminən 20:20 radələrində o, satıcı Zəfərlə birlikdə mağazada piştaxtalardakı malların yerləşdirilməsi ilə məşqul olmuşlar. Bu zaman bir nəfər müştərinin mağazaya daxil olduğunu hiss etmişlər. Lakin o, Zəfərlə piştaxtaları düzəltdiklərindən, başları bir qədər qarışıq olmuş, bununla belə Zəfərə mağazanın giriş qapısının yanında olan kassaya tərəf getməsini tapşırmışdır. Həmin vaxt mağazaya daxil olmuş təxminən 26-27 yaşı olan, hündürboylu bir oğlanın mağazanın kassasına yaxınlaşaraq, kassanı açıb pulları götürüb mağazadan çıxmaq istədiyini görmüşdür. Dərhal həmin oğlanı saxlamaq üçün arxasınca getmiş, giriş qapısının qarşısında onun qarşısını kəsmiş və onu itələyərək mağazaya salmağa çalışmış, eyni zamanda, kassadan götürdüyü və əlində saxladığı pulları qaytarmasını tələb etmişdir. Həmin oğlan isə onu buraxmağını və pulları qaytaracağını bildirsə də, oğlanın onun əlindən çıxıb qaçmaq istədiyini hiss etdiyindən, o, həmin oğlanı mağazanın giriş qapısından geriyə itələyərək mağazaya salmış və qaçmaması üçün su qabını qapının qarşısına çəkdikdə, həmin oğlanın bədəni mağazanın içəri tərəfindən, əlində pullar olan sol qolu isə qapının arasında çöl tərəfdə qalmışdır. Həmin an oğlanın əlindəki pulların yarısı qapının giriş qapısında çölə tərəf tökülmüş, qalan pulları isə o, çöl tərəfdə olduğundan, həmin oğlanın əlindən götürmüşdür. Bu zaman Zəfər də həmin oğlana mağazada arxa tərəfdən yaxınlaşaraq tutub saxlamaq istədikdə, oğlan gözlənilmədən bel nahiyəsindən bıçaq çıxararaq Zəfərə tərəf yellətmiş, yaxın gəlməməsini və ondan uzaqlaşmasını bildirmişdir. Zəfər buna görə ona yaxın gələ bilməmiş və həmin oğlan artıq ayağı ilə qapıya güc tətbiq edib mağazadan çıxaraq əlindəki bıçaqla ona tərəf gəlmişdir. O, buna görə qorxub ondan aralanmış, həmin oğlan isə yerə tökülən pulları yenidən götürmüşdür. Həmin vaxt Zəfər oğlana yaxınlaşaraq, əlində tutduğu pulları cəld onun əlindən almış və həmin oğlan daha sonra oradan qaçıb getmişdir. Həmin zaman Zəfər DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Onlar isə sonradan həmin oğlanın mağazanın kassasından nə qədər pul aparmasını yoxlayarkən, onun əlindən aldıqları pulları kassaya qoyduqda kassada yalnız 5 manat pulun əskik olduğunu müəyyən etmişlər. Hadisə zamanı o, satıcı Zəfərlə oğlanı saxlamağa çalışarkən, həmin oğlan belində saxladığı bıçağı çıxararaq, onlara xəsarət yetirəcəyi ilə hədələsə də, onların heç birinə həmin bıçaqla xəsarət yetirməmişdir. Hadisədən sonra həmin oğlanın mağazanın kassasından nə qədər pul aparmasım yoxlayarkən, onun əlindən aldıqları pulları kassaya qoyduqda müəyyən etmişlər ki, həmin günü mağazada ümumilikdə 1200 manat alver olmuş, həmin puldan isə kassada yalnız 5 manat pulu əskikdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddia tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, hadisədən təxminən 1 il 2 ay qabaq ünvan 1 ünvanında yerləşən «Almarket» mağazasında əvvəl satıcı işləmiş, hazırda isə müdir müavini vəzifəsində çalışır. 25 aprel 2021-ci il tarixdə saat təxminən 20:20 radələrində o, mağazanın o vaxtkı müdir müavini Zərərçəkmiş şəxs1la birlikdə mağazada olarkən piştaxtalardakı malların yerləşdirilməsi ilə məşğul olmuşlar. Bu zaman mağazaya bir nəfər müştərinin daxil olduğunu hiss etmişlər. Əlibala ona kassanın boş qalmaması üçün kassaya yaxınlaşmasını bildirmiş, həmin vaxt onlar birdən mağazaya daxil olmuş təxminən 26-27 yaşlarında olan hündürboylu oğlanın mağazanın kassasına yaxınlaşaraq, kassanı açıb pulları götürüb mağazadan çıxmaq istədiyini görmüşlər. Bu zaman Əlibala dərhal həmin oğlanı saxlamaq üçün arxasınca gedib giriş qapısının qarşısında onun qarşısını kəsmiş, onu yenidən mağazanın içərisinə tərəf salmış və kassadan götürdüyü və əlində saxladığı pulları qaytarmasım tələb etmişdir. Həmin oğlan onu buraxmalarını və pulları qaytaracağını bildirsə də, onun qaçmaq istədiyini hiss etdiklərindən, o, mağazanın içərisində həmin oğlanı arxadan tutub saxlamaq istəmiş, həmin oğlanın bədəni mağazanın içəri tərəfində, əlində pullar olan sol qolu isə qapının arasında çöl tərəfdə qaldığından, onun əlindəki pulların yarısı qapının giriş qapısında çölə tərəf tökülmüş, qalan pulları isə Əlibala çöldə onun əlindən götürmüşdür. O isə, oğlana arxadan yaxınlaşıb onu tutub saxlamaq istədikdə, həmin oğlan bel nahiyəsindən bir ədəd bıçaq çıxarıb ona tərəf əlində yellədərək, yaxınlaşsa onu bıçaqla vuracağını bildirmişdir. Buna görə də, o, həmin oğlana yaxınlaşa bilməmiş və oğlan güc tətbiq edərək qapını açıb mağazadan çıxıb bıçaqla Əlibalanın üzərinə getmişdir. Əlibala bir qədər kənara qaçmış, o da, dərhal baş verənlərlə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin oğlan yenidən geri gəlib qapının qarşısında əlindən yerə tökülmüş pulları əlinə götürmüş və oradan uzaqlaşmışdır. O isə, həmin oğlanın mağazaya məxsus pulların bir qismini götürüb getməsini görüb onun arxasınca gedərək, pulları ondan geri istəmişdir. Həmin oğlan əlində saxladığı pulları ona uzadaraq «onsuz da pulları sizə geri qaytaracağdım» deyərək pulları ona vermişdir. O, baxanda görmüşdür ki, həmin oğlanın ona verdiyi pullar 2 ədəd 50 manat və bir ədəd 100 manat əskinaslardır. Həmin vaxt oğlanın əlində bıçaq olduğu üçün o, mağazaya geri dönmüş və pulları kassaya qoymuşdur. Oğlan isə daha sonra oradan uzaqlaşaraq qaçıb getmişdir. Onlar sonradan həmin oğlanın mağazanın kassasından nə qədər pul aparmasını yoxlayarkən onun əlindən aldıqları pulları kassaya qoyduqda, kassada yalnız 5 manat pulun əskik olduğunu müəyyən etmişlər. Həmin hadisə zamanı mağazadakı kassadan pulları götürən oğlanı onlar saxlamağa çalışarkən, həmin oğlan belində saxladığı bıçağı çıxararaq, onlara xəsarət yetirəcəyi ilə hədələsə də, onların heç birinə xəsarət yetirməmişdir. Hadisədən sonra həmin oğlanın mağazanın kassasından nə qədər pul aparmasını yoxlayarkən, onun əlindən aldıqları pulları kassaya qoyduqda, həmin günü mağazada ümumilikdə 1200 manat alver olduğunu, həmin puldan kassada yalnız 5 manat pulun əskik olduğunu müəyyən etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı iddia tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs3 MMC-nin hüquqşünası vəzifəsində işləyir. 25 aprel 2021 -ci il tarixdə saat təxminən 20:20 radələrində «Almarket» mağazalar şəbəkəsinin ünvan 1 ünvanında yerləşən mağazasında baş verən quldurluq hadisəsinin təfərrüatlarını adları çəkilən şəxslərin sözlərindən, həmçinin mağazada quraşdırılmış videogörüntülərə baxdıqdan sonra məlumat almışdır. Nümayəndə ifadəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, cinayət hadisəsi nəticəsində təmsil etdiyi hüquqi şəxsə 5 manat maddi ziyan dəydiyini, təqsirləndirilən şəxsə qarşı iddia tələbləri və şikayətinin olmadığını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 26 aprel 2021-ci il tarixli protokola əsasən, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cinayət işinin halları barədə verdiyi sərbəst ifadəsini hadisə yerində əyani şəkildə göstərməklə təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqi 55-60). İş materiallarına əlavə edilmiş 25 iyun 2021-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, həmin istintaq hərəkətləri Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha onu ifşa etmişlər (cild 1, iş vərəqi 162-170). Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25 aprel 2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi 25 aprel 2021-ci il tarxidə saat 20:20 radələrində ünvan 2 ünvanda yerləşən «Almarket» mağazasında baş vermişdir. Baxış zamanı hadisə yerində olan müşahidə kamerasından hadisəni özündə əks etdirən görüntülər 1 ədəd diskə köçürülərək götürülmüşdür (cild 1, iş vərəqi 3-10). İş materiallarında olan 27 aprel 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə cinayət işinə əlavə edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bir nəfər əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialından gödəkcə, başında qara, ortası yaşıl rəngdə idman papağı, üzündə tibbi maska və üzü tüklü olan şəxs mağazanın içərisində gəzişərək ətrafına nəzər saldıqdan sonra mağazanın içərisində piştaxtanın arxasında olan kassa aparatına yaxınlaşır, piştaxtanın üzərindən əyilib kassa aparatında olan pulları götürərək cəld oradan uzaqlaşması və onun arxasınca mağazanın əməkdaşının qaçaraq onu tutub saxlaması əks olunmuşdur. Həmin görüntülərlə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olduğunu və ilkin olaraq mağazadan nəsə oğurlamaq üçün daxil olduğunu, lakin mağazada kassada heç kimin olmadığım görüb kassaya yaxınlaşaraq pulları götürüb oradan uzaqlaşdığını əks etdirən görüntülər olduğunu bildirmişdir. Videogörüntüyə baxış davam etdirilərkən, bir nəfər qırmızı köynəkli şəxsin digər görüntüdə əks olunan əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialdan olan gödəkcə və başında qara, ortası yaşıl rəngdə idman papağı, üzündə tibbi maska və üzü tüklü olan şəxsi mağazadan çıxmağa qoymayaraq yenidən mağazanın içərisinə itələməsi və giriş qapısını bağlaması, giriş qapısını bağlayarkən içəridə qalan şəxsin sol əlinin qapının arasında qalması, həmin əldə mağazadan götürdüyü pulların olması, qırmızı köynəkli şəxsin mağazanın qapısını sıxdıqdan sonra həmin şəxsin əlindən pulları götürməsi və bir neçə pulun yerə tökülməsi və qırmızı köynəkli oğlanın həmin pulları yerdən götürməsi, lakin bir ədəd pulun yerdə qalması, bu zaman mağazanın içərisində qalmış şəxsin dartaraq qapını açması və digər qırmızı köynəkli şəxsin oradan qaçması, mağazanın içərisindən çıxmış şəxsin həmin oğlanın arxasınca sağ əlində bıçaqla bir qədər getməsi müşahidə edilir. Daha sonra mağazanın içərisindən bir nəfər qısaqol gödəkçəli digər oğlanın çıxması və əlində bıçaq olan şəxsin onun üzərinə gəlməsi, həmin şəxsin mağazanın içərisinə doğru girməsi, əlində bıçaq olan şəxsin gələrək mağazanın giriş qapısının qarşısında yerə düşmüş bir ədəd kağız əskinası götürməsi və oradan uzaqlaşması müşahidə edilir. Bununla da, hadisə başa çatır. Həmin görüntülərlə bağlı şübhəli şəxs Təqsirləndirilən şəxs görüntülərdə olan əynində qara rəngli cins şalvar və qara rəngli uzunqol parça materialdan olan gödəkcə, başında qara, ortası yaşıl rəngd idman papağı olan şəxsin özü olduğunu, mağazanın işçilərindən birinin onun pulları oğurladığını görüb, onu mağazanın giriş qapısının qarşısında saxlayaraq qarşısını kəsdiyini, onu mağazaya tərəf itələdiyini və həmin vaxt qapı bağlandığından, onun bədəninin mağazanın içərisində qaldığını, sol qolu isə mağazanın qapısının arasında sıxıldığını, həmin onu tutan oğlan isə çöl tərəfdən pulları onun əlindən aldığını və daha bir nəfər oğlan isə mağazanın içərisində ona yaxınlaşaraq onu tutub saxlamaq istədiyindən, o, həmin vaxt onların onu buraxmaları üçün bel nahiyəsində saxladığı açılıb-bağlanan bıçağı çıxarıb həmin oğlana ona yaxınlaşmamasmı bildirib, güc tətbiq edərək qapını aralayıb çölə çıxdığını, bu zaman artıq onu ilkin olaraq tutub mağazaya geri salan mağazanın əməkdaşının əlində olan bıçağı görüb oradan kənara qaçmasını, o isə, yerə əlindən pulların töküldüyünü görüb yerdə olan təxminən 200 manat pulu yerdən götürüb həmin oğlana qaytarmaq istədiyini, lakin oğlan onun yanına gəlməyə qorxduğundan, mağazanın içərisində olan digər işçi ona yaxınlaşaraq pulları ondan aldığını və özünün oradan uzaqlaşıb getdiyini bildirmişdir. Qeyd olunan videogörüntülərin əks olunduğu 1 (bir) ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün cinayət işi üzrə 15.06.2021-ci il tarixli qərarla maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 64-66, 139). Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli 1812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən süi-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata ahınması məsləhət görülür (cild 1, iş vərəqi 142- 143). Məhkəmə-psixiatrik ekspertizasının 14 iyun 2021-ci il tarixli 1804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 144-146). Cinayət işinə əlavə olunmuş 07 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 131-132). Şərh olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 35, 45). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli 1812 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən süi-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut – baş vermiş cinayət hadisəsinin videogörüntülərini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 146 (yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - baş vermiş cinayət hadisəsinin videogörüntülərini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 146 (yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar