Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1436/2022 11.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin oğlunun iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 03 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə 03 mart 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən «OBA» marketin yaxınlığında tanışı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl borc kimi verdiyi pulu qaytarmamasını cüzi səbəb kimi bəhanə edərək, üzərində gəzdirdiyi təyinatı məlum olmayan bir ədəd kiçik ölçülü açılıbbağlanan bıçaq ilə bir dəfə Zərərçəkmiş şəxs bədən nahiyəsindən vuraraq ona daxili qanaxma, diafraqmanın və qara ciyərin zədələnməsi, sağ tərəfli hemotoraksla müşaiyət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, verilmiş ittihamla razı deyildir. Onun Zərərçəkmiş şəxsla aralarında cüzi mübahisə olmuşdur. Sonra isə Taleh onu söymüşdür. O, sağ tərəfdən bir dəfə Talehə bıçaq zərbəsi vurmuşdur. Buna səbəb isə o olmuşdur ki, Taleh ondan bir neçə gün qabaq borc pul almış, lakin pulu qaytarmadığı üçün aralarında mübahisə yaranmışdır. Proses iştirakçılarının suallarına cavab verən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxslə hadisə baş verən gün təsadüfən rastlaşdığını, Talehdən pulunu istədikdə, sonuncu, ona pulu qaytarmayacağını bildirdiyini, sonra ona əl atdığı üçün bıçaqla Talehi vurduğunu, hadisənin «OBA» marketin yanında baş verdiyini, sonradan bıçağı polisə təhvil verdiyini, polis işçilərinin onu həmin ərazidə saxladığını, zərərçəkmiş şəxsi hadisədən 4-5 ay qabaqdan tanıdığını, Talehə 15 manat pul verdiyini və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 4-5 ay qabaqdan tanımış, normal münasibətləri olmuş və aralarında heç vaxt mübahisə, narazılıq və dava-dalaş olmamışdır. 2022-ci ilin fevral ayında hadisədən təxminən 5 gün əvvəl Yeni Suraxanı qəsəbəsində olan vaxt təsadüfən Raminlə görüşmüş, pula ehtiyacı olduğuna görə Ramindən 15 manat borc pul istəmişdir. Ramin də üstündə cəmi 15 manat pulu olduğunu bildirərək, özünün də pula ehtiyacı olduğuna görə sonrakı gün qaytarmaq şərti ilə 15 manatı ona vermişdir. Lakin o, səhəri günü Raminə pulu qaytara bilməmiş, Ramin ona zəng etsə də, pulu olmadığına görə zənglərə cavab verməmişdir. 3 mart 2022-ci il tarixdə saat 13:00 radələrində Yeni Suraxanı qəsəbəsində yerləşən «OBA» marketin yaxınlığından keçən zaman təsadüfən Ramin onu görüb yaxınlaşmış və ona olan borcunu nə üçün qaytarmadığını, telefon zənglərinə nə üçün cavab vermədiyini soruşmuşdur. O, imkanı olmadığı üçün pulu qaytara bilmədiyini, buna görə də telefon zənglərinə cavab vermədiyini deyərək, pulu olan kimi qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq, onların arasında sözlü mübahisə yaranmış və onlar tutaşmışlar. Bu zaman Ramin əli ilə bir dəfə onun kürək nahiyəsindən vurmuş və qaçıb həmin yerdən uzaqlaşmışdır. O, əlini kürəyinə tutmuş və qan axdığını, köynəyinin qana bulaşdığını görüb Raminin onu bıçaqla vurmasını bilmişdir. Sonra o, köynəyini çıxardaraq, yaxınlıqda olan zibil qutusuna atmış və gödəkçəni əyninə geyinərək evə getmək istəsə də, ağrı hiss etdiyindən yaxınlıqda yerləşən X3 Stansiyasına, oradan da xəstəxanaya getmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə vaxtı Ramini söymədiyini, Raminin onu nə ilə vurduğunu görmədiyini, xəstəxanaya özünün getdiyini, orada müalicə aldığı müddətdə Raminin qohumlarından heç kimin onun yanına gəlmədiyini və ona heç bir maddi yardım göstərilmədiyini, lakin hazırda Təqsirləndirilən şəxs bağışladığını və onunla barışdığını, ona qarşı şikayəti və iddia tələbi olmadığını məhkəməyə bildirərək, bu barədə 02 avqust 2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində bildirdi ki, 03 mart 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan vaxt əri Zərərçəkmiş şəxs 3 nömrəli şəhər kliniki xəstəxanada olması barədə ona məlumat verilmişdir. O, həmin xəstəxanaya getmiş, oraya çatarkən əri əməliyyat otağında olmuşdur. Sonradan bilmişdir ki, əri Zərərçəkmiş şəxs Yeni Suraxanı qəsəbəsində yerləşən «OBA» marketin yaxınlığında Təqsirləndirilən şəxs adlı tanışı bıçaqlamışdır. Lakin o, həmin hadisəyə qədər Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış və onunla heç bir münasibəti olmamışdır. Bıçaqlanmanın səbəbləri barədə maraqlananda ona məlum olmuşdur ki, əri Taleh Təqsirləndirilən şəxs 15 manat borc pul almış, lakin qaytara bilmədiyinə görə aralarında mübahisə baş vermiş, mübahisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla ərini vurmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyun 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi sərbəst ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqi 107-108). Cinayət işində olan 03 mart 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində yerləşən "OBA" marketin yaxınlığına baxış keçirilmiş və həmin istintaq hərəkəti zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 7- 9). İşə əlavə edilmiş 14 iyun 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani göstərərək təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 104-106). Məhkəmə-tibbi ekspertizasının 10 may 2022-ci il tarixli 07 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, diafraqmanın və qara ciyərin zədələnməsi, sağ tərəfli hemotoraksla müşaiyət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 93-95). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 may 2022-ci il tarixli 1770 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Aparılan müayinə zamanı Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi (cild 1, iş vərəqi 96-99). Cinayət işində olan 21 mart 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 08 oktyabr 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 dekabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 65-66, 84-91). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu vaxtdan iki ildən artıq müddət keçdiyi üçün onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını və CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçin oğlu həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 48 (qırx səkkiz) manat müdafiə xərcləri qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə məsrəfi - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 48 (qırx səkkiz) manat müdafiə xərci Bakı şəhəri, 2 saylı Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1436/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1436/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver