Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1436/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Əkbər oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1979-cu ildə Qazax rayonu, Qıraq Kəsəmən kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 7,578 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 14:30-da Nərimanov rayonu, Təbriz küçəsi 106A ünvanının yaxınlığında olarkən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, həmin tarixdə saat 16:09-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə külli miqdarda - 7,578 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə Təqsirləndirilən şəxs həmin əməli satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, 2025-ci il mart ayının 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ramin adlı əməliyyatçısı ona zəng etmiş və görüşə çağırmışdır. Ramin ona «Nərimanov” metrostansiyası yaxınlığına gəlməyi tapşırmış, o da, həmin yerə getmişdir. “Metropark”ın yanına çatanda Raminə zəng edib gəldiyini bildirmiş, sonuncu da indi ona yaxınlaşacağını demişdir. Bu zaman üç nəfər tanımadığı şəxslər ona yaxınlaşmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduqlarını, orada da məsələni aydınlaşdıracaqlarını demişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs özünün əvvəllər heç vaxt narkotikdən istifadə etmədiyini, əməliyyatçı Ramini ortaq tanışı vasitəsilə tanıdığını, Raminin İsmayıllıdan bir nəfərin onun barəsində şikayət etdiyini, həmin şəxsi onun tanıdığını, gedib onunla danışıb şikayəti geri götürməyi xahiş etmək lazım olduğunu dediyini, o da, gedib həmin məsələni həll etdiyini, həmin şəxsin şikayət etmədiyini, həmin vaxt özünün isə tanımadığı bir şəxslə baxışmaq üstündə mübahisə etdiyini, mobil telefonunda Raminin adını “Adaş” kimi qeyd etdiyini, telefonunun hal-hazırda istintaqda olduğunu, Raminin əli ilə əvvəllər onu bir dəfə BMCMİ-nə çağırdıqlarını, saxlanılan zaman üç nəfərin ona yaxınlaşdığını və onu mühasirəyə alıb maşına mindirdiklərini, idarəyə daxil olanda onu Roman adlı əməliyyatçının otağına apardıqlarını və üstünə baxış keçirdiklərini, həmin vaxt əlinin bağlı olduğunu, maşına minəndə isə əlinin açıq olduğunu, üstündə narkotik maddə olduğu halda, Raminlə görüşə gəlməsinin mümkün olmadığını, həmin vaxt idarəyə ondan başqa da iki nəfərin gətirildiyini, vəkilin onunla görüşmədiyini, birinci dəfə izahatı idarədə verdiyini, özünün nəinki narkotikdən, heç siqaretdən də istifadə etmədiyini, mobil telefonunda narkotiklə bağlı kiməsə yazdığı “sms” müəyyən edilmədiyini, idarədə polis işçiləri onu necə öyrətmişdilərsə, həmin qaydada da izahat verdiyini, aşkar olunmuş maddəni 50 manata aldığını dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün “patı” adı ilə tanıdığı psixtorop maddə əldə etmiş və həmin psixotrop maddəni sonradan fürsət yarandıqda istifadə etmək məqsədilə üzərində saxlamışdır. 03 mart 2025-ci il tarixdə saat 14:30-da ünvan 2 ünvanın yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etmişdir ki, hazırda üzərində “patı” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişlər. Baş İdarədə müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, üzərində olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü, həmin şalvarın sol yan cibindən isə 1 ədəd “Redmi” və 1 ədəd “İnfinix” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. 1 ədəd şəffaf selofan bükümün içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetamin 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı təqdim etdiyi 1 ədəd selofan bükümdə olan maddənin psixotrop maddə olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Redmi” və 1 ədəd “İnfinix” markalı telefonların özünə məxsus olduğunu, Redmi markalı telefonun üzərində 070- 520-86-56, İnfinix markalı telefonun üzərində isə ***-***-**-** saylı mobil nömrələrin olduğunu bildirmişdir. Həmin mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsini səmimi olaraq etiraf edir və törətdiyi cinayət əməlindən çox peşmandır (cild 1, iş vərəqi 66-69). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin ifadənin müstəntiq tərəfindən yazıldığını və özünün həmin protokolu oxumadan imzaladığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 mart 2025-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri Şahid2 və Fərhad Mürsəlzadədən ibarət əməliyyat qrupu yaradılmışdır. 03 mart 2025-ci il tarixdə saat 14-15 radələrində Təqsirləndirilən şəxs Nərimanov rayonu, Təbriz küçəsində olması barədə məlumat alaraq həmin ünvana getmişlər. Bir qədər müşahidə apardıqdan sonra saat 14:30-da Təbriz küçəsi 106A ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfəri görüb ona yaxınlaşaraq saxlamışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şübhəli şəxsə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, onları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan şalvarın cibindən 1 ədəd şəffaf selofan bükümü və 2 ədəd mobil telefonları təqdim etmişdir. Selofan büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Bundan sonra həmin bükümdə olan psixotrop maddə götürülmüş, 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini 2-3 gün əvvəl Nərimanov rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və iştirakçılara ucadan oxunmuş və onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 03 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs Ramin Quliyevin müəyyən edilərək saxlanılması və Baş idarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürlüməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 03 mart 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 mart 2025-cİ il tarixdə saat 14:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmin şalvarın sol yan cibindən 1 ədəd “Redmi” markalı və 1 ədəd “İnfinix” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə 03 mart 2025-ci İl tarixdə saat 16:09-da başlamış və həmin tarixdə saat 16:22-də başa çatmışdır (cild 1, iş vərəqi 27-28). Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və vıdeogörüntülər 1 ədəd DVD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 29). Məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2025-ci il tarixli 6/939 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,578 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 7,578 qram, tədqiqata sərf edildi, 0,05 qram, qalıq - 7,528 qram təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 41-45). Ambulator məhkəmə-narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 1287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisənsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130-131). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2025-ci İl tarixli 971/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: -Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotıazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salİsilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 132-135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli 118/MEŞ nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 136-138). İbtidai istintaq orqanının 05 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda - 7,578 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,528 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 96-98). İstintaq zamanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onun psixotrop maddələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmiş, tapşırığa cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib-keçirməməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 94-95, 129). Cinayət işinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli 1/1339 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri, 2 nömrəli Klinik Psixiatriya xəstəxanasına müraciət etməmişdir (cild 1, iş vərəqi 106). Cinayət işində olan xx.xx.2025-ci il tarixli 5-14-2/2-11/2025 saylı məktubdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, subaydır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 109-111). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 329.1, 70-ci maddələri ilə şərti məhkum edilsə də, onun məhkumluğu ödənilmiş və hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 104-105). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 2025-ci il mart ayının 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Ramin adlı əməliyyatçısının ona zəng edib görüşə çağırdığını, «Nərimanov” metrostansiyası yaxınlığında yenidən Raminə zəng edib gəlməsini dediyini, sonuncunun indi ona yaxınlaşacağını bildirdikdən sonra üç nəfər tanımadığı şəxslərin onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, özünün əvvəllər heç vaxt narkotikdən istifadə etmədiyini, üstündə narkotik maddə olduğu halda, Raminlə görüşə gəlməsinin mümkün olmadığını, vəkilin onunla görüşmədiyini, idarədə polis işçiləri onu necə öyrətmişdilərsə, həmin qaydada da izahat verdiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Ramin Quliyev şübhəli şəxs qismində saxlanılıb Baş idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs şifahi sorğu zamanı təqdim etdiyi 1 ədəd selofan bükümdə olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və təxminən 2-3 gün əvvəl 50 manat müqabilində öz şəxsi istifadəsi üçün Nərimanov rayonunda tanımadığı şəxsdən aldığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Ramin Quliyev öz xətti ilə yazdığı izahatında, istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində sorğu zamanı dediklərini təsdiq etmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da əməlini səmimi etiraf edərək peşman olduğunu, saxlanıldığı zaman ona qarşı heç bir fiziki və ya psixoloji təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini və gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda - ümumi təmiz çəkisi 7,578 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarının təfsirinə əsasən şəxsə CMnin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 520-86-56 və 070 520-86-56 saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar «Bakcell» və “Azerfon» MMC-dən alınmış 2 ədəd CD disklərə baxış keçirilmiş, bu zamanı iş üçün əhəmiyyətli hər hansı bir SMS yazışmaları və ya digər sübutlar aşkar edilməmişdir. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq üçün alıcı axtarması, onunla sonradan sövdələşərək həmin metamfetamini ona satacağı barədə hər hansı sübut mövcud olmamış və bütün bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, psixotrop maddələrin satışı müqabilində Təqsirləndirilən şəxsun kimdənsə hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar hər hansı sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin cinayət tərkibi olduğundan, şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 mart 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 04 mart 2025-ci il tarixli 1287 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,528 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar barədə məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 7,528 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1436/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1436/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver