Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1437/2022 09.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X4, Bakı şəhər 4 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, məhkəmə hazırlıq iclasında xx xxxxxx 1974-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 13 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: Məhkəmə hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və bu cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Əhməd» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Əhməd» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda 1032,9 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 958,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin qoyulduğu ünvandan «Əhməd» adlı şəxsin və qeydlərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə heroinin külli miqdarda 30,5 qram çəkidə və narkotik vasitə qurudulmuş marixuananın 253,7 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 1002,4 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 704,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanında qonaq otağında olan qəhvəyi rəngli taxta sandığın içərisinə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə saat 17:30-da ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 30,5 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki qara rəngli dəri gödəkçənin sol iç tərəfində gizlətdiyi bir ədəd sellofan bağlamada təmiz çəkisi 253,7 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 30 aprel 2022-ci il tarixdə saat 02:00-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman həmin evin qonaq otağında sağ tərəfdə yerdə yerləşən qəhvəyi rəngli taxta sandığın içərisində olan bir ədəd ağ rəngli sellofan torbada külli miqdarda 1002,4 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin və bükülmüş halda qara rəngli idman şalvarının içərisində olan bir ədəd sellofan bağlamada külli miqdarda 704,8 qram çəkidə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxs-tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Qeyd olunan normaların mənasına görə, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv elementlərin, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekt və subyektiv cəhətlərinin məcmusundan ibarət olmaqla, yalnız konkret cinayət tərkibinin əlamətlərini yaradan əməl törədilən andan cinayət məsuliyyətinin əsasları yaranır və cinayət tərkibinin əlamətlərindən hər hansı birinin mövcud olmaması cinayətin başa çatmasını istisna edir. Cinayətin başa çatması vaxtı eyni dərəcədə qanunvericilikdə nəzərdə tutulan tərkiblərin quruluşundan, yəni cinayət tərkibinin formal, maddi və kəsik tərkibli quruluşundan ibarət olmasından asılıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyasına görə həmin maddələrlə müəyyən olunmuş cinayət tərkibləri formal quruluşa malik olmaqla, həmin maddələr ilə müəyyən olunmuş cinayət əməli təqsirkarın qeyd olunan maddələrdə nəzərdə tutulan hərəkətlərdən birini etdiyi andan başa çatmış hesab olunur. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Qazax şəhəri ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Qazax şəhəri hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olduğundan, həmin cinayət əməlinə məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsi kimi ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası CPM-in ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət əməli kimi eyni səviyyəli məhkəmələrdə baxılmalı olduğundan və cinayətlərin törədildiyi yer Qazax şəhəri olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrmin ərazi yurisdiksiyası»na əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası CPM-in 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən sonuncu epizod üzrə cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikası CPM-in 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikası CPM-in 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.