Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1437/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasdına məhkum edilmiş, 13 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,879 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Azadlıq prospekti, 86 ünvanında yerləşən Bakı şəhəri, Nəsimi RPİ-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 2,879 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində, həmçinin proses iştirakçılarının suallarına verdiyi cavablarda göstərdi ki, o, verilmiş ittihamı qəbul etmir, özü narkotik vasitələrdən istifadə etsə də, tutulan vaxtı onda narkotik vasitə olmamışdır. Çəkiliş zamanı da o, bu barədə demişdir. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi rayonu, A.ünvan 6 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Ondan özünü təqdim etməsini xahiş etdikdə, o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Nəsimi rayon Polis idarəsinə dəvət etmişlər. Polis İdarəsində ona dövlət hesabına müdafiəçi təyin olunmuş və vəkil Elman Ağayevin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa, təqdim etməsi təklif olunmuş, o, özünə aid şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini, daha sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qızılı rəngli siqaret kağızında olan bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşı tərəfindən uzərinə şəxsi axtarış keçirilmiş, əlavə qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, onu 17 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində tanımadığı şəxsdən 15 (on beş) manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını demişdir. Şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi özünə qaytarılmış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Sorğu zamanı o, 17 oktyabr 2023-cü il tarixdə, saat 17:45-də ünvan 7 ünvanının qarşısında onunla eyni vaxtda saxlanılan Şahid6 və X2 ümumiyyətlə tanımadığını, onları ilk dəfədir ki, gördüyünü, onlarla arasında əlaqə, tanışlıq, dostluq və s. münasibət olmadığını bildirmişdir. Polis işçiləri tərəfindən saxlanıldığı zaman və Nəsimi rayon Polis idarəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki və psixi təzyiq göstərilməmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı müdaxilə etməmişlər (cild 1, iş vərəqi 81-83). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, onun üzərində narkotik vasitə olmadığını, özünün narkoman olduğunu, polis idarəsində məcbur qaldığına görə narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, ona təzyiq göstərildiyini, elan olunmuş ifadəni təsdiq etmədiyini, özünü narkotik vasitələrdən istifadə etdiyi üçün təqsirli bildiyini, dindirmə protokolunu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində Təqsirləndirilən şəxs adlı şəxsin nakrotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və o da, həmin qrupun üzvü kimi təyin olunmuş yerə getmişlər. Təxminən 10-15 dəqiqə müşahidə apardıqdan sonra onlar əlamətlərinə görə şübhəli şəxsə oxşar bir nəfərin gəldiyini görmüşlər və ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan da özünü təqdim etməsi xahiş edilmiş, şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid3 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, saxlanılarkən və polis idarəsində olarkən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olunmadığını, təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, əməliyyat məlumatının Səməd Mirzyevə daxil olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkilləri Şahid4 və Şahid2 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə narkotik vasitə heroinin aşkar edilib götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımır. Onun özü də məhkum olunmuşdur. Həmin vaxt da narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. O, narkotik vasitəni təqsirləndirilən şəxsdən almamışdır. İstintaq zamanı həmin şəxsi ona təqdim etməmişlər. O, təqsirləndirilən şəxslə birlikdə tutulmamışdır və Turxan adlı şəxsi də tanımır. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun Şahid5 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 167-171). Məhkəmə iclasında şahid - Bakı şəhəri, Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkil Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müəyyən edilərək saxlanılması, Nəsimi rayon Polis idarəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilərkən bir bükümdə narkotik vasitə heroinin aşkar edilib götürülməsi zamanı əməliyyat qrupunun rəhbəri kimi iştirak etdiyi və Şahid3 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 115-118). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 17:45-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 47-51, 54). Cinayət işinə əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 2 ədəd qovluq vardır. CD diskinə köçürülmüş 1-ci qovluqdakı videogörüntü 29 dəqiqə 42 saniyədən, 2-ci qovluqdakı videogörüntü 4 dəqiqə 41 saniyədən ibarətdir. 1-ci qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən narkotik vasitə heroini 15 manat müqabilində alaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyub özü ilə ünvan 7 ünvanının qarşısına daşıyaraq saxlamış, 17 oktyabr 2023-cü il tarixdə saat 17:45-də Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanının qarşısında saxlanılıb polis idarəsinin inzibati binasına gətirilmişdir. 2-ci qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, şəxsi axtarış və götürmə aparılması haqda protokol imzalarla təsdiq olunur (cild 1, iş vərəqi 148-150). Məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd büküm saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,879 qram qəhvə rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İbtidai istintaq orqanının 01 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,879 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,829 qram narkotik vasitə heroin məhkəmənin yekun qərarınadək saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 109-110, 183). Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli 292 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 155-156). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 09 noyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 112-114, 133-142). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, özünün narkotik vasitələrdən istifadə etdyini, lakin tutulan vaxtı onun üzərində narkotik vasitə olmadığını, çəkiliş zamanı da bu barədə dediyini, polis idarəsində məcbur qaldığına görə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, ona təzyiq göstərildiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, dindirmə protokolunu oxumadan imzaladığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına, həmçinin cinayət işinə əlavə olunmuş videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş bir bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin sorğu zamanı, həmçinin istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, onu 17 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində tanımadığı şəxsdən 15 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadələr verməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmədi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanunu qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluqları ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və cəzasını çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq, o, yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcud olmasını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 oktyabr 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli 292 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,829 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,829 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1437/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1437/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver