Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1438/2021 06.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən, qardaşı Zərərçəkmiş şəxs kirayədə yaşadığı nömrəsiz fərdi evdə sonuncunun onun ünvanına nalayıq sözlər söyləməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evdə olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs arxa sol kürək nahiyəsindən 1 (bir) dəfə qəsdən vuraraq, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid daxili qanaxma və sol tərəfli hemopnevmotoraksla, döş boşluğuna sərbəst qanın və havanın yığılması ilə müşayiət olunan sol ağ ciyərin, diafraqmanın və periton qişasının zədələnmələrinə səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən Müharibəsinə könüllü gedərək Füzuli, Cəbrayıl və Şuşa rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2021-ci ilin fevral ayının ortalarında hərbi xidmətdən qayıtmışdır. O, 06 mart 2021-ci il tarixdə onun atası Şahid və qardaşı Zərərçəkmiş şəxs kirayədə yaşadıqları, yəni Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə qonaq getmişdir. O, həmin gün atasının kirayədə yaşadığı evdə qalmışdır. 07 mart 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində onlar yuxudan oyanmışlar və masa arxasına əyləşib səhər yeməyi yemişlər. Sonra atası Elman özünə siqaret almaq istəmişdir. Bu səbəbdən də atası Elman onun qardaşı Mirəliyə demişdir ki, “get dükandan mənim üçün siqaret al”. Lakin Mirəli atası Elmana cavab verərək yorğun olduğunu bildirmiş və siqaret almaqdan imtina etmişdir. Bundan sonra o, Mirəliyə bildirmişdir ki, “yekə oğlansan əynini geyin, get atama siqaret al”. Lakin Mirəli getməmiş və bildirmişdir ki, “atama əziyyət vermək istəmirsənsə, özün get al”. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı Mirəli onu təhqir etmişdir. Mirəli yaşca ondan kiçik olduğundan həmişə böyük qardaş kimi ona hörmət etmiş və heç vaxt onu təhqir etməmişdir. Mirəlinin onun ailə üzvlərinin yanında onu təhqir etməsinə əsəbiləşərək o, masadan qalxmış və sillə ilə qardaşı Mirəlinin sifət nahiyəsindən vuraraq sonuncuya “ağıllı ol” demişdir. Həmin vaxt Mirəli onun üstünə hücum çəkərək onu vurmaq istəmişdir. O, da Mirəlinin ona qarşı etdiyi hərəkətlərə əsəbiləşərək, masanın üzərində olan mətbəx bıçağını götürüb Mirəlini qorxutmaq istəmişdir. Lakin həmin vaxt gözdəmədiyi halda onun əlindəki bıçaq Mirəlinin arxa sol nahiyəsinə dəymişdir. Həmin vaxt atası, anası və o, qorxmuşlar. Mirəli ona heç bir şey olmadığını və ağrı hissi keçirmədiyini bildirsə də, onlar Mirəlini atasının avtomobilinə otuzdurmuşlar və xəstəxanaya aparmışlar. Onlar Mirəlini 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. O, Vətən müharibəsindən qayıtdıqdan sonra onda azda olsa əsəb gərginliyi yaranmışdır. O, qardaşı Mirəlini bıçaqla vurduğuna görə çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin qardaşı Mirəli ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və onların arasında həmişə yaxşı münasibətlər olmuşdur. 06 mart 2021-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs onların kirayədə yaşadıqları evə qonaq gəlmişdir. Seyidağa həmin gün gecəni onlarda qalmışdır. 07 mart 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində onlar yuxudan oyanmışlar və masa arxasına əyləşib səhər yeməyi yemişlər. Həmin vaxt atası Elman özünə siqaret almaq istəmiş və ona görə də ona siqaret almaq üçün dükana getməsini bildirmişdir. Lakin o, həmin vaxt yuxudan təzə oyandığı üçün atasına yorğun olduğunu və dükana gedə bilməyəcəyini demişdir. Sonra o, yataq otağına keçib uzanmışdır. Atası Elman siqaret almaq üçün yenə onu dükana göndərmək istəmişdir. Lakin o, yuxudan oyanmamışdır. Bundan sonra qardaşı Seyidağa “yekə oğlansan əynini geyin, get atama siqaret al” demişdir. O, da Seyidağaya cavab vermişdir ki, “sən əynini geyinmisən, atama əziyyət vermək istəmirsənsə özün get al”. Bundan sonra onların arasında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə zamanı o, Seyidağanı təhqir etmiş, sonra isə çarpayıdan duraraq sonuncunun üstünə gedib “ağıllı ol, mənə ağıl vermə” deyən də onlar əlbəyaxa olmuşlar. O, həmin vaxt yenidən qardaşı Seyidağanı təhqir etmişdir. Bundan sonra Seyidağa sillə ilə onun sifət nahiyəsindən vurmuşdur. O, Seyidağanın ona sillə vurmasına əsəbiləşib Seyidağanı vurmaq istəmişdir. Seyidağa da masanın üzərində olan dəstəyi göy rəngli mətbəx bıçağını əlinə götürərək gözdəmədiyi halda həmin bıçaqla onun arxa sol nahiyəsinə 1 (bir) dəfə zərbə vurmuşdur. Həmin vaxt Seyidağanın özü də çox qorxmuş və onu vurduğuna görə üzr istəmişdir. Bundan sonra onu atasının avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada onu əməliyyat etmişlər. Hal-hazırda onun səhhəti yaxşıdır. O, ifadəsində, həmçinin qardaşı Təqsirləndirilən şəxs ilə barışdığını, onun qardaşı Seyidağaya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin nəzərə alınması və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Seyidağa və Mirəli onun övladlarıdır. O, 07 mart 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində yaşadıqları evdə ailə üzvləri ilə birlikdə səhər yeməyi yemişdir. Həmin vaxt o, oğlu Zərərçəkmiş şəxs siqaret almaq üçün dükana getməsini bildirmişdir. Mirəli isə yorğun olduğunu deyib dükana gedə bilməyəcəyini demişdir. Onun böyük oğlu Seyidağa Mirəliyə bununla bağlı öz iradını bildirmişdir. Həmin vaxt Mirəli Seyidağaya “get işinlə məşğul ol” demişdir. Bundan sonra Seyidağa ilə Mirəlinin arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı Mirəli Seyidağanı söyüb təhqir etmişdir. Buna görə də onlar əlbəyaxa olmuşlar. Seyidağa dəfələrlə Mirəliyə söyməməsini bildirsə də, Mirəli dayanmadan Seyidağanı küçə söyüşləri ilə söymüşdür. Seyidağa da Mirəlinin söyüş söyüb təhqir etməsinə əsəbiləşərək masanın üzərində olan mətbəx bıçağını əlinə götürüb Mirəlinin arxa sol nahiyəsinə 1 (bir) dəfə zərbə endirmişdir. Bundan sonra onlar Mirəlini avtomobilə əyləşdirərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada Mirəli əməliyyat olunmuşdur. O, ifadəsində Mirəli ilə Seyidağanın barışdıqlarını və hazırda mehriban olduqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 38-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli qərardan (cild 1, iş vərəqə 63-65) görünür ki, həmin gün Bakı şəhəri Sabunçu rayon prokuroru Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatəti müdafiə etməkdən imtina etmiş və həmin gün təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 70) görünür ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 440 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 113-116) görünür ki, vət. Zərərçəkmiş şəxs daxili qanaxma və sol tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan sol ağ ciyərin, diafraqmanm və periton qişasının zədələnmələrinə səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının döş və qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası (1 (bir) ədəd) müəyyən edildi. Xəsarət deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən 07 mart 2021-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 98) görünür ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli əşyanın tanınması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 99-100) görünür ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı digər bıçaqların arasından tanımışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 101-104) görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yeri, sonuncunu bıçaqlayaraq xəsarət yetirdiyi yeri və törətdiyi cinayətin mexanizmini və üsulunu əyani şəkildə hadisə yerində göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 1416 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 118-120) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində onun idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bır psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs qərarda göstərilən əməli situasiya ilə əlaqəli psixopatıik reaksiya kimi qiymətləndirilir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. İntellektual imkanlarına gorə o, öz hərəkətlərini ölçüb- biçmək, dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs nümayişkaranəlik, hövsələsizlik, tənqidə və təhqirə qarşı həssaslıq, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Hadisə baş verən vaxt emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1158, 3/1159 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 123-124) görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Maykanın üzərində olan zədə öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət ona məxsus maykanın üzərində olan zədə ilə uyğunluq təşkil edir və üst-üstə düşür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul may 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 128-129) görünür ki, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı və hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş qara rəgli mayka maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağına verilmişdir. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah bağlanmış, onların birgə nikahdan 06 sentyabr 2013-cü il təvəllüdlü Ayşən, 27 sentyabr 2016-cı il təvəllüdlü Ramal və 06 fevral 2021-ci il təvəllüdlü Nuray adlı azyaşlı övladları var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 137-144) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120.1, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 146-147) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsə aid hərbi biletin surətindən (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 211) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanununa əsasən səfərbərliyə cəlb edilmiş və 30 sentyabr 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 26 dekabr 2020-ci il tarixdə ehtiyata təxris edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə, saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və həmin mübahisə zamanı sonuncu onun ünvanına nalayıq sözlər söyərək təhqir etmişdir. Yaranmış mübahisə qızışdıqdan sonra Təqsirləndirilən şəxs həmin vaxt masanın üzərində olan mətbəx bıçağını götürərək qardaşı Zərərçəkmiş şəxs arxa sol kürək nahiyəsindən 1 (bir) dəfə qəsdən vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə ağır zərərvurmaya aid xəsarət almışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona və onun atası Elmana qarşı sərgiləmiş olduğu aqressiv davranış, əxlaqsız və zoraki hərəkətlər nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cəmi 1 (bir) dəfə bıçaqla bədən xəsarəti yetirmiş, zərərçəkmiş şəxsin aldığı xəsarət dərəcəsinə görə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti olmuş və qeyd edilən cinayət hadisəsi 07 mart 2021-ci il tarixdə, təxminən saat 08:00 radələrində baş vermişdir. Bununla da Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə bir daha belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin doğma qardaşlar olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və ən əsası da təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 30 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək iştirak etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin doğma qardaşlar olmasını, təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və ən əsası da təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 30 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək iştirak etməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünə, ailə üzvlərinə, eləcə də onun doğma qardaşı zərərçəkmiş şəxslə arasındaki yaxın qohumluq münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi, onun ailəsini, qardaşı zərərçəkmiş şəxsi və onun valideynlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 11 mart 2021-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan cəza ona şərti olaraq tətbiq edilməlidir. Eyni zamanda, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olan 1 (bir) ədəd qara rəngli mayka məhv edilməlidir. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdən 11 mart 2021-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd qara rəngli mayka hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1438/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1438/2021
06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver