Məhkəmə qərarları › İş №1(101)-1439/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1439/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1439/2022 25.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 7,262 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 25 mart 2022-ci il tarixdə saat 09:50-də ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə 7,262 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, usta işləyirmiş. Axşam öz yaşadığı evdə səhər işdə istifadə edəcəyi təmir alətlərini hazırlayarkən, Vüqar adlı tanışı ona zəng vuraraq demişdir ki, evin qapısının önünə gəlsin ona söz deyecək. Evin həytindən çölə çıxdığı zaman polis əməkdaşlarının həmin şəxsi apardıqlarını görmüşdür. Bu vaxt 2 nəfər polis əməkdaşı onu da saxlamışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərərək narkotik vasitəni onun üzərinə qoymuşlar və ona məxsus olmasını deməyə məcbur etmişlər. Videoçəkiliş zamanı ona dövlət hesabına təyin olunmuş vəkil çəkilşdən sonra gəlmişdir. O yalnız narkotik vasitə istifadəçisi olmuşdur və Cəfər adlı şəxsi tanımışdır, ancaq həmin günü Cəfərlə danışmamışdır və ondan narkotik vasitə almamışdır. Onun bank kartına narkotik vasitə ilə bağlı pul köçürülməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur, maddi vəziyyəti çox aşağı olmuşdur. Təqribən 1 ildir narkotik vasitədən istifadə edir və hal-hazırda bununla bağlı onda asılılıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Nəmimi rayonu ərazisində Cəfər adlı şəxslə görüşüb, sonuncudan şəxsi istifadəsi üçün 150 manata narkotik vasitə olan heroin almışdır. Həmin gün həmin heroindən istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:50 radələrində 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər və onun özünü şübhəli apardığını bildirib, ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün polis əməkdaşları onu PB-yə dəvət etmişlər. O da etiraz eməyib polis əməkdaşları ilə PB-yə gəlmişdir. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. O, həmin suala cavab olaraq üzərində olan, göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümdə narkotik vasitə heroini könüllü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin heroini kimdən əldə etdiyini soruşduqda, demişdir ki, həmin heroini Cəfər adlı şəxsdən şəxsi istifadəsi üçün 150 manata almışdır. Şəxsi axtarış zamanı üzərindən həmçinin bir ədəd iPhone və bir ədəd Nokia markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Həmçinin təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş, o da həmin protokolda imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cəfər adlı şəxsin soyadı, atasının adı, harada yaşaması, istifadəsində olan mobil telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 mart 2022-ci il tarixdə saat 09 radələrində 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti əraziləri olan ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmamasını soruşduqda, həmin şəxs üzərində sənədinin olmadığını bildirmiş və bu səbəbdən həmin şəxsin hərəkətləri onlarda şübhə doğurduğu üçün həmin şəxsi polis bölməsinə dəvət emişlər. Həmin şəxs də etiraz etməyib onlarla birlikdə 20-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu söylədiyindən sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb onu masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 24 mart 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində Cəfər adlı şəxsdən 150 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iki ədəd mobil telefon aşkar olunmuş, başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin, mobil telefonlar təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan xx.xx.2022-ci i tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan 18 iyun 2022-ci il tarixli "xxxx" MMC və 21 iyun 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** sayl mobil telefon nömrələrinə ayrı-ayrı mobil telefon nömrələrindən gələn mesajlar öz əksini tapmış, mesajlarda narkotik vasitənin satışı, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS mətnlər və söhbətlər öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlardan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələrinə daxil olmuş istintaq marağı kəsb edən SMS mətnlərin müəyyən bir hissəsi çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2022-ci il tarixli, 6/1643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,262 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2022-ci il tarixli, 2974 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyun 2022-ci il tarixli 1520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 mart 2022-ci il tarixli 4(006)-173/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 mart 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2004-cü il tarixdə cəza müddəti bitdiyinə görə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X4 adında yetkinlik yaşına çatmayan iki övladı vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olması məsuliyyətini yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə aparılmış kimyəvi ekspertiza nəticəsində 7,262 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,212 qram qalığı maddi sübut kimi tanınmış və saxlanış üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, istintaq zamanı maddi sübut olaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş kimyəvi ekspertiza nəticəsində 7,262 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,212 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi görüntüsü olan 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 25 mart 2022ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –25 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş aparılmış kimyəvi ekspertiza nəticəsində 7,262 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,212 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar