Məhkəmə qərarları › İş №1(101)-144/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-144/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-144/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə 1974-cü il aprelin 14-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci maddəsində; 1960-cı il aprelin 18-də Naxçıvan MSSR-in Naxçıvan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub cəzasının sonu ilə 2019-cu il martın 01-də azadlığa buraxılmaqla məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda 2019-cu il iyunun 10-da saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində qohumu Təqsirləndirilən şəxs2 10 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü kağıza bükülü vəziyyətdə ümumi təmiz çəkisi 1,080 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, göstərilən tarixdə saat 1740-da Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsinin və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanaraq həmin polis bölməsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən göstərilən çəkidə həmin narkotik vasitə aşkar edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdar təşkil edən 51,185 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış və 2019-cu il iyunun 10-da saat 14 radələrində göstərilən narkotik vasitədən 1,080 qramını yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 109/2 nömrəli evin yaxınlığında qohumu Təqsirləndirilən şəxs1 10 manata satmış, həmin tarixdə saat 20 radələrində evinin qarşısında Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsinin və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış vaxtı əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülü vəziyyətdə külli miqdarda, ümumi çəkisi 50,105 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin aludəçisidir, narkotik vasitə heroini çəkmə və ya inyeksiya yolu ilə qəbul edir. 2019-cu il iyunun 10-da saat 14 radələrində Təqsirləndirilən şəxs2 yox, istintaqa adını bildirmədiyi başqa tanışından 10 manata bir ədəd gümüşü rəngli bükümdə heroin almış, saat 16 radələrində ünvan 1 ünvanının qarşısından keçərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirərək onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirmiş, orada ona üzərində hər hansı qanunsuz əşyanın olduğu halda masanın üstünə qoymağı təklif edildikdə etiraz etmədən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir büküm heroini təqdim etmişdir. İbtidai istintaqda ona göstərilən təzyiqlərə dözməyib qohumu Təqsirləndirilən şəxs2 aldığını desə də narkotiki sonuncudan götürməmişdir. Bu hissədə ittihamla razı olmadığından cinayət işinin materialları ilə tanış olma protokoluna imza etməmiş, saxlandığı zaman idarənin əməkdaşı X4 təpiklə onu vurmaqla bədəninin sol yan tərəfində qançır və şişkinlik xəsarətləri yetirmiş, baldır nahiyəsində və hər iki ayağının üstündə bənövşəyi rəngli qançır izləri və şişkinlik xəsarətlərini isə həbs olunmamışdan əvvəl insulin iynəsi ilə özü-özünə narkotik maddələr vurması nəticəsində almışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu il iyunun 10-da saat 19 radələrində 4 yaşlı nəvəsi ilə zibil atmaq üçün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 109/2 ünvanındakı evdən çıxıb yolun kənarındakı zibil qutularına tərəf getmiş, əlində olan zibil vedrəsini boşaldarkən qutudakı sellofan torba diqqətini cəlb etmiş, torbanın içinə baxmaq istəyəndə 3-4 nəfər mülki geyimli şəxs yaxınlaşmaqla özlərini təqdim edərək polis əməkdaşları olduqlarını söyləyib onu torba ilə birgə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinə gətirdikdə orada gördüyü qohumu Təqsirləndirilən şəxs1 tutulduğunu və ondan 10 manata heroin almasını dediyini sonradan bilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaqdakı ifadələri hədə-qorxu təsiri altında verildiyindən həqiqətə uyğun deyildir. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ildən polis leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 2019-cu il iyunun 10-da Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə heroin əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə aldıqları məlumat əsasında saat 1740-da göstərilən şəxs tərəflərindən təqib edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 34 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib orada hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd gümüşü kağız bükülünü çıxararaq masanın üstünə qoymuş, sonuncu içərisindəki tozşəkilli maddənin narkotik vasitə heroini özü istifadə etmək məqsədi ilə tutulmamışdan əvvəl, saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Eldəniz adlı şəxsdən 10 manat verib aldığını bildirdikdə adı çəkilən şəxsin 1960-cı il aprelin 18-də Naxçıvan MSSR-də anadan olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 2019-cu il iyunun 10-da saat 20 radələrində sonuncu da ünvan 2 ünvanının qarşısında saxlanmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətiriləndə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, üstündə qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif edilmiş, sonuncu əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb masaya qoymaqla içərisindəki maddənin narkotik vasitə heroin olmasını, narkotiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən satmaq məqsədi ilə 1.000 manata aldığını, saat 14 radələrində bir bükümü Nəriman adlı şəxsə 10 manata satdığını bildirmiş, aşkar edilən narkotik vasitələr zərflərə qoyulmaqla qablaşdırılmış, hadisələrlə bağlı müvafiq protokollar tərtib edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir təzyiq və fiziki zor hərəkətləri göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid5 Şahid3 ilə analoji ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsinin pensiyaya çıxmış sabiq baş əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid3 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı şübhəli və təqsirləqdirilən şəxslər qismində dindirilərkən özünü təqsirli bilib 2019-cu il iyunun 10-da saat 13 radələrində narkotik vasitə almaq məqsədi ilə evdən çıxmaqla saat 14 radələrində qohumu Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəldiyini, sonuncu ilə görüşərək göstərilən şəxsdən 10 manat müqabilində bir ədəd gümüşü rəngli bükümdə heroin alıb narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymaqla uzaqlaşdığını göstərmişdir (1-ci cild, iş vərəqi 89-90 və 116-117; 2-ci cild, iş vərəqi 74-76). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ona ibtidai araşdırma zamanı şübhəli və təqsirləqdirilən şəxslər qismində dindirilərkən özünü təqsirli bilib 2019-cu il iyunun 10-da tanımadığı bir nəfər şəxsin zəngi ilə evinin yanındakı zibil qutusunun üzərinə 1.000 manat qoymaqla narkotik vasitə heroni götürməsini dediyini bildirmiş, uzaq qohumu Təqsirləndirilən şəxs1 10 manat müqabilində narkotikin bir hissəsini satmasını bildirsə də 2019-cu il avqustun 19-da işə müqavilə üzrə müdafiəçi cəlb olunduqdan sonra əvvəlki ifadələrini təkzib edərək təqsirliliyini inkar etmiş, 2019-cu il iyunun 10-da saat 19 radələrində zibil qutudakı sellofan torbanın diqqətini cəlb etməsinə görə içərisinə baxmaq istəyərkən 3-4 nəfər mülki geyimli şəxsin yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə onu əlindəki torba ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinə gətirdiyini, Nəriman adlı qohumunun polisə narkotik vasitə heroini ondan 10 manata aldığını söylədiyini sonradan eşitdiyini, sonuncuya narkotik satmadığını, üzərindən aşkar edilən heroinin ona məxsus olmasını polis işçilərinin tapşırığına əsasən təzyiq altında etiraf etməsini göstərmişdir (1-ci cild, iş vərəqi 93-95 və 135-137, 2-ci cild, iş vərəqi 87-89). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (1-ci cild, iş vərəqi 236-238). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 10 iyun tarixli raportdan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 12 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz əldə olunmasında və istifadəsində şübhəli olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-6 və 11). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 10 iyun tarixli protokollardan müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən tarixdə saat 1820-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi, Təqsirləndirilən şəxs2 saat 2030-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 25 və 67). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin tərtib etdiyi, videoçəkilişlə aparılan 2019-cu il 10 iyun tarixli protokollardan müvafiq qaydada görünür ki, şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs1 qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağız bükümünü, göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümünü çıxararaq içərisində narkotik vasitə heroin olduğunu, Təqsirləndirilən şəxs2 10 manata aldığını bildirmiş, sonuncu da naməlum şəxsdən 1.000 manata əldə etdiyi narkotik vasitə heroinin bir bükümünü 10 manata Təqsirləndirilən şəxs1 satdığını təsdiqləmiş və hər biri ayrı-ayrılıqda həmin maddələri könüllü şəkildə təqdim etmiş, 2 ədəd DVD diski bütün iştirakçılar tərəfindən imzalanan protokollara əlavə olunmuş, heç bir əlavələr və düzəlişlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 32-34 və 74-76). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 iyun tarixli 15064 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs1 götürülmüş...» yazısı ilə zərfin içərisindəki bir ədəd bükümdə 1,080 qram çəkidə olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qalıq 1,030 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 42-44). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin tərtib etdiyi 2019-cu il 10 iyun tarixli raportdan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 11 iyun tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz əldə olunmasında və satışı ilə məşğul olmasında şübhəli olması barədə Təqsirləndirilən şəxs1 verdiyi məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, göstərilən qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 48-49 və 54). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 10 iyun tarixli 15065 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs2 götürülmüş...» yazısı ilə zərfin içərisindəki bir ədəd bükümdə 50,105 qram çəkidə olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qalıq 50,005 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 84-86). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin tərtib etdiyi 2019-cu il 11 iyun tarixli protokoldan görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi ikincisindən 10 manata heroin aldığını bildirmiş, ikincisi isə birincisinin dediklərini təsdiq etmişdir (1-ci cild, iş vərəqi 96-97). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 12 iyun və 2019-cu il 19 avqust tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 109-110 və 128- 129, 2-ci cild, iş vərəqi 65-66 və 78-79). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 12 iyun tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2019-cu il iyunun 10dan hesablanmaqla müvafiq qaydada 03 ay və 04 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 125-126 və 145-146). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 13 iyun tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 109/2 nömrəli evə baxış keçirilərkən hər hansı bir qanunsuz əşya və ya dərman preparatları, narkotik vasitə aşkar edilməmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 181-188). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2019-cu il 13 iyun tarixli xx/xx-4387 nömrəliməktubunun faksla alınmış surətindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən qarnının sol yan tərəfində, sol budunun yuxarı ön tərəfində, sol bazu və hər baldır nahiyələrində, hər iki ayağının üstündə bənövşəyi rəngli qançır izləri və şişkinlik xəsarətləri aşkar olunmuş, sonuncu yazılı izahatında göstərilən xəsarətləri narkotik aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl insulin iynəsi ilə özü-özünə narkotik maddələr vurması nəticəsində almasını bildirmişdir (1-ci cild, iş vərəqi 202). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2019-cu il iyunun 24-də tərtib etdiyi tələbnamələrdən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2014-cü il mayın 17-də cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2014-cü il 31 oktyabr tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla «28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 20 may tarixli Qərarı ilə 2016-cı il iyulun 28-də cəzasının çəkilməmiş hissəsindən azad olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli hökmünə uyğun olaraq əməlində təhlükəli residiv müəyyən edilərkən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2019-cu il martın 01-də cəzası bitdikdən sonra azadlığa buraxılmışdır (1-ci cild, iş vərəqi 203-205; 2-ci cild, iş vərəqi 27- 31). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 04 iyul tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 04 iyul tarixli 18245 saylı məktubu ilə daxil olub üzərində «“Verbatim”-CD-R 700 mb 52x80 min» yazıları olan bir ədəd diskə baxış keçirilərkən «513867412.txt 9794 1395 xx.xx.2019 16:34 B81B4C65» adlı birinci faylda 2019-cu il iyunun 02-də saat 12:31:09-da Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** mobil nömrəyə 47 saniyəlik, həmin tarixdə saat 12:33:17-də Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 27 saniyəlik zəng olunması; «513867412 ant.xı 17084 14608 xx.xx.2019 16:40 3 F496 FF 6» adlı ikinci faylda isə bu danışıqların aparılması zamanı anten əhatə dairələrinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar ərazisi olması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 208). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 24 iyun tarixli 15601 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs2 götürülmüş...» və «Təqsirləndirilən şəxs1 götürülmüş...» yazıları olan zərflərdəki heroin xarici əlamətlərinə və tərkibi komponentlərinə görə eynidir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 212-214). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 10 iyul tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən evindən 100 metr aralı məsafədə yolun kənarındakı 02 ədəd boz rəngli dəmir zibil qutusunun yanına gələrək narkotik maddəni götürdüyü yeri göstərmiş, fotocədvəllər və bir ədəd DVD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 228- 232). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamalarının 2019-cu il 24 iyul tarixli 1753 №-li və 2019-cu il 24 iyul tarixli 1767 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmamışdır, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 248-251). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 avqust tarixli protokoldan görünür ki, «Bakcell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 09 avqust tarixli BKC/LGL-18427/19 saylı məktubu ilə daxil olub üzərində «Bakcell bax nələr mümkündür» sözləri yazılan bir ədəd diskə baxış keçirilərkən «Zənglərin Detallaşması_553367412.pdf» adlı faylda 2019-cu il iyunun 01dən 2019-cu il iyunun 10-dək olan müddətdə Təqsirləndirilən şəxs2 istifadəsindəki ***-***- **-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** mobil nömrə arasında çoxsaylı danışıqların aparılması vaxtı anten əhatə dairəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunçuluq savxozunu göstərməsi müəyyən olunmuş, çıxarışların surətləri protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 35-41). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 2019-cu il 16 avqust tarixli 092-9840-1219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni özünün istifadəsi üçün ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs2 10 manat müqabilində alması, bir neçə dəfə sonuncunun Təqsirləndirilən şəxs1 narkotik vasitə pay verməsi faktı müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs1 digər şəxslərə narkotik vasitə satması aşkar olunmamışdır (2-ci cild, iş vərəqi 42). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 17 avqust tarixli sübutların qiymətləndirilməsi və 2019-cu il 20 avqust tarixli cinayət işindən başqa cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü ilə yenidən ittiham elan olunmuş, birincisi barəsində Azərbaycan Respublikasının CM-nin 234.2.-ci, ikincisi barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, ekspertiza tədqiqatından sonrakı 1,030 qram və 50,005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıqları maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə zamanı videoçəkilişin görüntülərini əks etdirən iki ədəd DVD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 bədəninin sol yan tərəfində aşkar edilmiş xəsarətlərin tutularkən ona Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsinin əməkdaşı X2 təpiklə yetirməsi faktı üzrə cinayət işindən material ayrılaraq araşdırılması üçün Bakı şəhərinin Yasamal Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi naməlum mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən başqa cinayət işi ayrılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 43-55 və 100-102). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 2019-cu il 20 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 bədəninin sol yan tərəfində aşkar edilmiş xəsarətlərin tutularkən ona Bakı şəhəri Yasamal Rayon Polis X1 Bölməsinin əməkdaşı X2 təpiklə yetirməsi faktı təsdiq olunmadığından bu xüsusiyyət üzrə cinayət işinin başlanması rədd edilmişdir (2-ci cild, iş vərəqi 97-99). Məhkəməyə təqdim olunan, Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2019-cu il 17 setyabr tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında ailəsi ilə bərabər yaşayan Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara guya tətbiq edilən təzyiqlərdən heç bir rəsmi orqana müraciət etməmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri müvafiq qaydada Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi və Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsinə və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə, istintaqdakı ifadələri hədə-qorxu altında verdiklərinə dair dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduqları bu cür taktika tərəflərindən heç də kifayət qədər əsaslandırılmamışdır Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törət-mələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, birincisinin qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri etirafedici ifadələr, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qəbul edir, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halı müəyyən etməmişdir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq ağırlaşdırıcı haldır. Azərbaycan Respublikasının CM-nin 18.2.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 cinayətlərin təhlükəli residivinə görə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəza-çəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə 1,030 qram və 50,005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə zamanı videoçəkilişin görüntülərini əks etdirən iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 171 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri müvafiq qaydada X7 tərəfindən 80 iş saatı, X10 tərəfindən 12 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 və X9 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 480 manat və 72 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduğu gündən, yəni 2019-cu il iyunun 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il iyunun 10-dan hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il iyunun 10-dan hesablansın. 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 171 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 və X9 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 480 manat və 72 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə 1,030 qram və 50,005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıqları məhv edilsin; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə zamanı videoçəkilişin görüntülərini əks etdirən iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar