Məhkəmə qərarları › İş №1(101)-1440/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1440/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1440/2021 18.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Yardımlı rayonu, Arus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Arus kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Təzə massiv nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçədə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhiqr edib yumruqla vurduğu üçün evin mətbəxindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən 2 dəfə zərbə vuraraq sonuncuya qarnın sol yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ qalça nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş yarası, qarnın və hər iki diz nahiyəsinin sıyrıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, işdə olarkən günorta saatlarında qonşusu Nurlan ilə mobil telefonla əlaqə saxlayan zaman sonuncu ondan “Axşam ilaxır çərşənbəsidir, neynəyək?” deyə soruşmuşdur. O da Nurlana indi işdə olduğunu, axşam vəziyyətə baxacağını bildirmişdir. 16 mart 2021-ci il tarixdə axşam saat 18 radələrinə işdən çıxıb ev üçün bazarlıq edən zaman içki içmək üçün viski almışdır. Yolda olarkən Nurlan yenə də ona zəng edib axşama neynəcəyini soruşduqda Nurlana evdə olacağını, özü üçün balaca bir viski aldığını demişdir. Nurlan ondan evdə tək olub-olmadığını maraqlandıqda ailəsi ilə birlikdə olacağını demişdir. O, evə çatıb ailəsi ilə süfrə arxasına oturmağa hazırlaşarkən saat 19:30 radələrində qapı döyülmüş və qapını açanda Nurlanın həyat yoldaşı Gülşəni və iki azyaşlı uşağını görmüşdür. O, Gülşəndən Nurlanın harada olduğunu soruşduqda sonuncunun məhəllədə tonqal yanında olduğunu demişdir. O, bayıra çıxanda görmüşdür ki, tonqal hazırdır, ancaq hələ yandırılmayıb. O, Nurlana ac olduğunu, tonqalın yanmasını gözləyə bilməyəcəyini və evə getmək istədiyini bildirmişdir. Nurlan da onunla birlikdə evə gəlib süfrə arxasına keçmiş, lakin evində yemək yediyi üçün yalnız meyvə ilə viski içəcəyini bildirmişdir. Onlar yemək yeyən zaman uşaqlarının kirvəsi Mehman da öz ailəsi ilə onlara qonaq gəlmişdir. Onlar üçü birlikdə yarım litrlik viskini içib qurtardıqdan sonra pivə içmək qərarına gəlmişlər. Bundan sonra uşağı mağazaya göndərmiş və mağazadan 5 ədəd “Kuller” pivəsi alıb gətirmişdir. O, cəmi 1 stəkan pivə içmişdir. Qalan pivəni isə Mehmanla Nurlan birlikdə içmişlər. Bundan sonra Mehman öz ailəsi ilə çıxıb getmişdir. Nurlan onların evində olan zaman ayaq yoluna getdikdən sonra saat 23:20 radələrində Gülşən azyaşlı övladı olduğu üçün öz evlərinə getmişdir. Bundan sonra Nurlan sanitar qovşağından çıxıb ondan Gülşənin harda olduğunu soruşduqda Nurlana uşaq yuxuladığı üçün Gülşənin uşaqla birlikdə evinə getdiyini demişdir. Nurlan sərxoş olduğundan səhv başa düşüb Gülşəni evindən çıxartmaqda onu günahlandırmış, buna görə də onu təhqir etməyə başlamışdır. O da Nurlana içkili olduğunu, evi tərk etməsini demiş, lakin Nurlan buna məhəl qoymayaraq söyüş söyməyə davam etmişdir. O məcbur olub Nurlanı qucaqlayaraq evdən bayıra çıxaranda Nurlan 1 dəfə yumruqla sifətinə vurmuşdur. O, güclə Nurlanı darvazanın qarşısına çıxarmışdır. Səs-küyə Nurlanın həyat yoldaşı Gülşən də gəlmiş və onları ayırmağa çalışmışdır. Nurlan Gülşənin yanında yenə onu söyməyə davam edib dodağına yumruqla vurmuşdur. O artıq Nurlanın bu hərəkətlərinə dözməyib evə daxil olaraq mətbəx bıçağını götürüb bayıra çıxmışıdr. Darvazanı açanda görmüşdür ki, Nurlan yenə də söyməyə davam edir, ona görə də əlindəki bıçaqla onu qarın nahiyəsindən 1 dəfə vurmuşdur. Nurlanı vurandan dərhal sonra orada olan tanımadığı şəxslər, həmçinin səs-küyə gələn Mehman onları ayırmağa çalışmışıdr. Həmin vaxt bıçaq əlindən yerə düşmüş və Nurlanı evinə aparmışlar. Bundan bir neçə saat sonra Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları yaşadığı evin qapısını döyüb onu bölməyə dəvət etmişlər. Bölmədə ona məlum olmuşdur ki, mübahisə zamanı Gülşənin əli də yaralanıb. Ola bilsin ki, onları ayıranda bıçaq ehtiyatsızlıqdan Gülşənin əlinə dəymişdir. Hadisə 16 mart 2021-ci il tarixdə saat 23:40 radələrində yaşadığı evin qarşısında baş vermişdir. Nurlanla aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Nurlanla mübahisəsi təxminən 20 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Nurlanın onu ailəsinin qarşısında təhqir etməsi olmuşdur. Həyat yoldaşı Aynur evin içərisində olan mübahisəni görsə də, çöldə baş verənləri görməmişdir. Hər ikisi içkili olmuşlar. Hadisədən sonra o, evə getmiş, Nurlanı isə xəstəxanaya aparmışlar. Atası Nurlanın müalicəsi üçün 1.000 manat vermişdir. Törətdiyi cinayət əlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə günorta saatlarında qonşusu Taleh ilə mobil telefonla əlaqə saxlayan zaman axşam ilaxır çərşənbəsi olduğu üçün bayramı harada keçirəcəyi ilə maraqlanmış, Taleh isə bayramı öz evində keçirəcəyini və bayramla əlaqədar olaraq evdə viski içmək istədiyini bildirmişdir. Talehlə bayramı onun evində birlikdə keçirməklə bağlı razılığa gəlmişlər. Həmin gün axşam saat 18 radələrində Taleh ilə əlaqə saxlayanda sonuncu evə gəldiyini demişdir. O da ailəsi ilə evdə axşam yeməyi yeyib Talehgilə getmək üçün evdən çıxmışdır. Həyat yoldaşı uşaqlarla birlikdə Talehin evinə, o isə tonqalın yanına getmişdir. Bir neçə dəqiqə sonra Taleh gələrək tonqalın hələ yanmadığını görüb ac olduğu üçün gözləyə bilməyəcəyini və birlikdə evə getməyi təklif etmişdir. Bundan sonra Taleh ilə evə daxil olub süfrə arxasına keçmiş və o, evdə yemək yediyini, ac olmadığını, sadəcə viski içib meyvə yeyəcəyini bildirmişdir. Onlar yenicə viski içməyə başlayanda Mehman öz ailəsi ilə Talehgilə qonaq gəlmişdir. Onlar üçü birlikdə yarım litrlik viskini içib qurtardıqdan sonra pivə içməyi qərarlaşdırmış və Taleh öz uşağını mağazaya göndərib 5 ədəd “Kuller” pivəsi aldırmışdır. Pivəni birlikdə içib qurtardıqdan sonra Mehman öz ailəsi ilə çıxıb getmişdir. O, süfrə arxasında oturan zaman saat 23:20 radələrində həyat yoldaşı Gülşən uşağın yatmaq vaxtı çatdığı üçün evə getdiyini bildirmişdir. Gülşən çıxıb getdikdən bir neçə dəqiqə sonra o da evə getmək üçün Talehin evindən çıxarkən yadında qalmayan səbəbə görə mübahisələri düşmüşdür. Həmin vaxt çox içkili olmuşdur. Talehin evinin qarşısındakı küçədə əlbəyaxa olub bir-birini yumruqla vurmağa başlamış, lakin konkret olaraq Talehin harasına vurduğu yadında qalmamışdır. Səs-küyə həyat yoldaşı Gülşən gəlib onları ayırmışdır. Taleh evinə getmiş, o isə çöldə halsız vəziyyətdə dayanmışdır. Bundan sonra Talehin yenə onun üstünə gəldiyini görmüş, lakin sərxoş olduğu üçün heç nə başa düşməmişdir. Taleh ona yaxınlaşıb qarın nahiyəsindən 2 dəfə bıçaqla vurmuşdur. Həmin vaxt bədəninə istilik gəldiyini hiss etmiş, paltarının qan olduğunu görmüşdür. Taleh isə onu bıçaqla vurduqdan sonra qaçıb getmişdir. Bundan sonra xəstəxanaya aparılan zaman yolda Gülşənin də əlinə bıçaqla xəsarət yetirildiyini görmüşdür. Talehlə aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. Talehgillə onların evi arasında 50-60 metr məsafə olmuşdur. Hadisə 16 mart 2021-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni massivdə yerləşən Talehin yaşadığı evin qarşısında baş vermişdir. Həmin vaxt sərxoş olduğu üçün mübahisənin hansı səbəbə baş verdiyini xatırlamır. Talehin ailəsi onun xəstəxana xərclərini ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixdə axşam saat 18:30 radələrində evdə həyat yoldaşı və uşaqları ilə birlikdə şam yeməyi yemişlər. İlaxır çərşənbəsi olduğu üçün Taleh onun həyat yoldaşına zəng edib yeyib-içməyə dəvət etmişdir. Sonra onlar evdən çıxmış və o, uşaqlarla Talehgilə, Nurlan isə tonqalın yanına getmişdir. Talehgilə çatanda Taleh ondan Nurlanın harada olduğunu soruşmuşdur. O da Nurlanın tonqalın yanında olduğunu bildirmişdir. Bundan sonra Taleh çölə çıxmış və bir neçə dəqiqədən sonra Nurlanla birlikdə evə gəlmişdir. Süfrə arxasına keçdikdən sonra Nurlan evdə yemək yediyini, sadəcə viski içəcəyini deyib Talehlə içməyə başlamışdır. Bir qədər sonra isə Mehman ailəsi ilə Talehgilə gəlmişdir. Onlar üçü birlikdə spirtli içki içmişlər. Viski qurtardığı üçün Taleh öz oğlunu marketə pivə alması üçün göndərmişdir. Onlar pivəni içib qurtardıqdan sonra Mehman öz ailəsini götürüb evinə getmişdir. O, Nurlana gec olduğu üçün uşağın yuxusu gəldiyini deyib evə getmişdir. Uşağa yemək verib hamama keçəndə çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış və Talehlə Nurlanın çöldə əlbəyaxa olduqlarını görmüşdür. Onlara tərəf gedən zaman Talehin oradan evinə tərəf getdiyini, lakin daha sonra bıçaqla çıxdığını və Nurlanı bıçaqladığını görmüşdür. Yaxınlaşan vaxt isə Nurlan artıq yerə yıxılmış, Taleh isə əlində bıçaqla evinə tərəf getmişdir. O, Talehdən Nurlanla nə üçün dalaşdığını soruşmuş, lakin Taleh əhəmiyyət verməyərək getməyə davam etmişdir. Bu zaman əsəbləşib Talehin qolundan tutmuş, Taleh isə əlindən çıxmaq üçün dartınmağa başlamış və bu vaxt qəflətən əli kəsilmişdir. Bundan sonra Talehi buraxmış və o qaçıb getmişdir. Daha sonra da Nurlanı 3 saylı KŞX-na yerləşdirmişlər. Hadisə Talehin evinin qarşısında baş vermişdir. Talehlə Nurlan çöldə əlbəyaxa olmuşlar. Mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Nurlan və Taleh hadisə günü içkili olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. 16 mart 2021-ci il tarixdə ilaxır çərşənbəsi ilə əlaqədar evdə süfrə açmışlar. Həmin gün saat 19:30 radələrində süfrə arxasına oturmağa hazırlaşarkən qonşusu Nurlanın arvadı Gülşən və 2 azyaşlı uşağı onlara qonaq gəlmişlər. Onlar evə daxil olan zaman X5 harada olduğunu soruşmuş, Gülşən də Nurlanın məhəllədə tonqalın yanında olduğunu demişdir. Bundan sonra Taleh bayıra çıxmış və Nurlanla birlikdə evə qayıtmışdır. Daha sonra onlar süfrə arxasına keçib yemək yeməyə başlamışlar. Nurlan evdə yemək yediyini, ac olmadığı üçün meyvə ilə viski içəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Mehman öz ailəsi ilə onlara qonaq gəlmişdir. Taleh, Nurlan və Mehman birlikdə yarım litrlik viskini içib qurtarmışlar. İçki qurtardığı üçün mağazadan 5 ədəd “Kuller” pivəsi almış və onu da içib qurtarmışlar. Bundan sonra Mehman öz ailəsi ilə çıxıb evinə getmişdir. Gülşən də artıq gec olduğu üçün azyaşlı övladı ilə öz evinə getmək istədiyini bildirdikdə Nurlan bir azdan birlikdə gedəcəklərini demişdir. Nurlan ayaq yoluna gedən vaxt Gülşən onu gözləməyib uşağı ilə birlikdə çıxıb getmişdir. Bundan sonra Nurlan sanitar qovşağından çıxıb Gülşəni soruşmuşdur. Həmin vaxt o, mətbəxdə bacısı ilə telefonla danışmışdır. Talehlə Nurlanın olduğu otaqdan səs eşitmiş, hətta onlardan biri yumruqla masaya bərk vurmuşdur. O, tez telefonu yerə qoyub onların yanına gəldikdə həyat yoldaşı Talehin Nurlandan evdən çıxmasını tələb etdiyini görmüşdür. Taleh Nurlana ailəsinin evdə olduğunu, söyüş söyməməsini demişdir. Lakin Nurlan yenə də Talehi söyməyə davam etmişdir. Taleh Nurlanı qucaqlayıb evdən bayıra çıxaranda Nurlan yumruqla Talehin sifət nahiyəsindən 1 dəfə vurmuşdur. Taleh qapıdan çölə çıxanda ona evdə qalmağını tapşırdığı üçün evdən bayıra çıxmamışdır. Bir neçə dəqiqədən sonra Taleh evə gəlmiş, onun əlində və sifətində xəsarətlər olmuşdur. Taleh ondan su istəmiş və suyu içdikdən sonra durub getmək istəyəndə getməməsini demiş, lakin Taleh ona qulaq asmamışdır. Taleh ona yenə də evdə qalmagını tapşırıb geri qayıdacağını deyərək çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra isə Taleh evə qayıtmışıdır. Taleh yataq otağında, o isə mətbəxdə olan zaman Nurlanın qohumları gəlib Talehin Nurlanı bıçaqladığını bildirmişlər. O yalnız evdə baş verən mübahisənin şahidi olmuşdur. Talehin mətbəxdən bıçaq götürdüyünü görməmişdir. Nurlan və Taleh hadisə günü içkili olmuşlar. Talehlə Nurlanın arasında əvvəllər hər hansı mübahisənin olmasını görməmişdir. Mübahisəyə səbəb Nurlanın Talehi təhqir etməsi olmuşdur. Artıq hadisə baş verən ərazidə yaşamırlar. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə təsdiq etmişlər (cild 1, iş vərəqə 74-75). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri, yəni cinayət hadisəsini törətdiyi yeri və şəraiti təsvir edərək əyani surətdə göstərmişdir (cild 1, iş vərəqə 51-53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 19 may 2021-ci il tarixli 192 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qarnın sol yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ qalça nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş yarası, qarnın və hər iki diz nahiyəsinin sıyrıqları, qeyd olunan xəsarətlərdən qarının sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş, sağ qalça nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş yaraları iti uca və ya kənara malik əşyanın (alət, ola bilsin bıçaq) təsirindən, qarnın və hər iki diz nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi 16 mart 2021-ci il tarixdə törədilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi (cild 1, iş vərəqə 105-107). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 17 may 2021-ci il tarixli 298/2021- MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi O (İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi A(İİ) (axtarış vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigentləri alınmışdır. Həmin qan ləkələri A/H /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər qanında müşayiətçi “H” antigeni varsa). Ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 109-112). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X7 27 may 2021-ci il tarixli 227/2021- MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyəsində 1 ədəd dəlib keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol nahiyəsində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun qarnının sol yan divarının daxilə nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs məxsus maykada aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə və onun bədəninin üzərində olan xəsarət ilə ekspertizaya təqdim edilən bıçaqla istisna olunur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 114-117). Cinayət işinin materiallarında olan X1 iştirakı ilə 1 ədəd qatlanmayan bıçağa keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Aynur Hüseynli həmin bıçağı tanıyaraq yaşadığı evin mətbəxinə aid bıçaq olduğunu bildirmişdir (cild 1, iş vərəqə 121-123). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs iştirakı ilə 1 ədəd qatlanmayan bıçağa keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin bıçağı tanıyaraq hadisə zamanı istifadə etdiyi bıçağın yaşadığı evin mətbəxinə aid olduğunu bildirmişdir (cild 1, iş vərəqə 135-137). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 90). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ifadələrin məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla qəsdən ağır xəsarət yetirməsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında olmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında Təqsirləndirilən şəxs ona bıçaqla qəsdən ağır xəsarət yetirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 89). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - hadisənin Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və ilk dəfə cinayət törətməsini müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Qaradağ rayon məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd köynək, 1 ədəd mayka və məişət təyinatlı 1 ədəd mətbəx bıçağı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Qaradağ rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd köynək, 1 ədəd mayka və məişət təyinatlı 1 ədəd mətbəx bıçağı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar