Məhkəmə qərarları › İş №1(101)-1440/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1440/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1440/2023 27.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 09 mart 2023-cü il tarixdə saat 13:10-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Zığ şossesinin 14-cü kilometrliyində saxlanılıb Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 30,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixində, saat 12:26 radələrində “Zığ” şosesinin yaxınlığında “Baku Bus”-la üzbəüz olan ərazidə 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq 27-ci polis bölməsinə aparılmışdır. O, polis bölməsinə öz maşını ilə gətirilmiş, avtomobilini polis əməkdaşlarından biri olan Şahid1 idarə etmişdir. Saxlanılarkən qollarına qandal vurulmamışdır. Polis əməkdaşları “Nargilə” kafesi dairəsinə çatmamış parka gedən yolda maşından düşmüş, telefonla danışmağa başlamış, həmin vaxt sonuncu maşında tək qalmışdır.Onun polis bölməsinə aparılması səbəbləri barədə verdiyi suallara polis əməkdaşları səbəblərin yalnız rəhbərliyə məlum olması, güc göstərəcəyi təqdirdə köməkçi qüvvələrin dəvət ediləcəyi məzmunda cavablar verilmişdir. Polis əməkdaşları onu Faiq adlı biraz yaşlı mülki geyimdə olan əməliyyatçının otağına aparmış, Faiq adlı şəxs ona özünü nə üçün ağıllı aparmadığını soruşmuş, sonuncu əməliyyatçının nəyi nəzərdə tutduğunu soruşduqda, Faiq adlı şəxs yalnız özünün ona sual verə biləcəyini bildirmişdir. Polis idarəsində olduğu müddət ərzində əsir kimi saxlanılmış, ailəsi ilə əlaqə saxlaya bilməmişdir. Günorta saat 13:30 radələrində Tahir Əzizov adlı təhqiqatçının otağına aparılmış, təhqiqatçı ona nə üçün polis əməkdaşlarının işlərinə qarışdığını, sonuncunun yuxarının sifarişi olduğunu bildirmiş, həmin anda Nəsimi adlı polis əməkdaşı telefon vasitəsilə sonuncunun video görüntüsünü çəkmişdir. Şifrə vasitəsilə qorunan telefonu polis əməkdaşları tərəfindən götürülmüş,ondan telefonun şifrəsi soruşulsa da, sonuncu şifrəni verməyəcəyini bildirmişdir. Saat 19:00 radələrində mayor rütbəli polis əməkdaşının müşahidəsi altında 5 dəfə siqaret çəkmək üçün həmin sanitar qovşağa getmiş, əlləri açıq vəziyyətdə olmuş və polis əməkdaşları da sonuncu ilə birlikdə siqaret çəkmişdir. Rəis müavini olduğunu təxmin etdiyi mayor rütbəli polis əməkdaşı sonuncudan nə üçün tutulduğunu soruşmuşdur. Mayor rütbəli polis əməkdaşı ona öz adı barədə sualları cavablandırmadığına görə nə üçün adını söyləməkdə çəkindiyini soruşduqda o, “səncə sən bizim əlimizdəsən, biz səndən çəkinməliyik?” cümləsini söyləmişdir. Üçüncü dəfə siqaret çəkmək üçün getdikdə bölmənin arxa pəncərəsinin onun yaşadığı evin pəncərəsi istiqamətində açıldığını görmüşdür. Bu zaman həmin şəxs ona burada yaşayıb-yaşamaması barəsində sual vermiş, onu tutan adamın çox qəddar olduğunu və ailə üzvlərini bölməyə gətirə biləcəyini söyləmiş, lakin ona ağıllı olduğunu və bununla razı olmayacağını düşündüyünü bildirmişdir. Saat 19:00 radələrinə kimi narkotik vasitə barədə söhbət ümumiyyətlə olmamış, polis idarəsində təhqiqatçı Faiq adlı şəxs ondan hansı məscidlərə getdiyini soruşmuş, sonuncu dindar olduğunu bildirmişdir. Həmin an polis əməkdaşlarının onu təqdim ediləcək sənədlərə imza atmaq üçün psixoloji olaraq hazırladıqlarını başa düşmüşdür. Həmçinin təxminən saat 19:00 radələrində mülki formada olan şəxs onun olduğu otağa girərək stolun üzərinə narkotik vasitəni qoyaraq onun olduğunu bildirdikdən sonra digər əməkdaş “sən bu blokda qalırsan” sualını verərkən sanki, bir daha ailə üzvlərini bölməyə gətirəcəklərini ona xatırlatmışdırlar. Narkotik vasitə sonuncunun üzərində saat 19:00-da aşkar edilsə də, sənədlərdə saat 15:10 qeyd edilmişdir. Barəsində üç dəfə Nofəl adlı vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, hər biri videoçəkiliyşlə qeydə alınmışdır. Videoçəkilişdən sonra sənədləri imza edərkən həmin vəkil yanında olmamış, hətta təcridxanaya görüş üçün gələn zaman Nofəl adlı vəkillə görüşdən imtina etmiş, vəkili sonuncu dəfə Kürdəxanıda etibarnamə verən zaman görmüşdür. İrfan adlı polis əməkdaşı digər polis əməkdaşları ilə mübahisə edərək onu nə üçün tutduqlarını və özünün bu işin içində olmayacağını bildirmişdir. Sənədlərə tərəfindən qol çəkdirilən zaman narkotik vasitələrinin adını belə bilmədiyini qeyd etməklə onlara vicdanlı olmalarını bildirdikdə polis əməkdaşları onu bir daha ailəsi ilə təhdid edərək sənədlərə qol çəkməyəcəyi təqdirdə həyatının məhv olacağı ilə hədələmişlər. Onu ailəsi ilə təhdid edən polis əməkdaşlarının adlarını bilmir. Müvəqqəti saxlama yerinə aparılarkən İrfan adlı polis əməkdaşı da orada olmuş, özünün bu işdə olmadığını, sonuncunu vətən xaini adı ilə tutduğunu və əlini uzadaraq baş verən hadisələr ilə bağlı sonuncudan halallıq istəmişdir. Cinayət işi üzrə ibtidai istinaqı aparan müstəntiqə vicdanlı adam olduğunu, narkotik vasitələrlə şərləndiyini, əslində dini əqidəsinə görə tutulduğunu, vətən xaini olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində hansı cinayət əməlinin nəzərdə tutulduğunu istintaq təcridxanasında saxlanılarkən dustaqlardan öyrənmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, əgər üzərində həqiqətən narkotik vasitə olsa idi onu bir dəfə bölməyə gətirildiyi zaman avtomibildə tək olduğu, beş dəfə isə sanitar qovşağa gedən zaman ata bilmək imkanına malik olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixində, 27-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında Şahid3 rəhbərliyi altında 5-6 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin Zığ şosesi “Bakubus” yaxınlığındakı ərazidə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri barəsində onda məlumat olmamışdır. Həmin ərazi polis əməkdaşlarının xidmət etdiyi inzibati ərazi olmasa da ona və Şahid2 saxlanılacaq şəxsin zahiri görünüşü haqqında məlumat verilməklə əməliyyat məlumatında qeyd edilən yerin yoxlanılması barəsində göstəriş verilmişdir. Həmin ərazidə təqsirləndirilən şəxsin yerini aşkarlayaraq sonuncunu polis bölməsinə dəvət edərək onu öz maşını ilə polis bölməsinə aparmışlar.Təqsirləndirilən şəxs onlara müqavimət göstərmədən 27-ci polis bölməsinə getməyə razılıq vermiş, polis bölməsinə gətirildikdən sonra baş X3 otağına aparılmış, hüquq və vəzifələri izah edilmiş və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə baxış keçirilmişdir. 9 Mart 2023-cü il tarixində təxmini günorta saat 1 radələrində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs qara selofanda olan 30 qram narkotik vasitəni çıxararaq özünün istifadə etdiyini bildirərək təqdim etmişdir. Videoçəkilişdən əvvəl təqsirləndirilən şəxslə 1-2 dəqiqə danışmış və videoçəkiliş bir dəfə baş tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupu iki qrupa ayrılmış, onun iştirak etmədiyi qrup təqsirləndirilən şəxsin Zığ şosesi yanında “Baku Bus”-ın ərazisində yerini aşkar etmiş sonra təqsirləndirilən şəxs saxlanılaraq 27-ci polis bölməsinə dəvət edilmişdir. Həmin vaxt o, Faiq və Hikmət ilə birlikdə 28 may metro stansiyası yaxınlığında olmuşdur. Təqsirləndirilən şəxsin tutulmasında iştirak etməmişdir. X3 otağında təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilərkən sonuncu kurtkasının sağ cibindən bir ədəd bükümdə narkotik vasitə çıxararaq həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Bildiyi qədəri ilə təqsirləndirilən şəxs narkotik vasitəni yeni istifadə etməyə başlamışdır. Ona təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olması barədə əməliyyat tapşırığı verilməmişdir. Videoçəkiliş zamanı şahid qismində iştirak etmiş və otaqda xatırladığı qədər 5 nəfər olmuşdur. Təqsirləndirilən şəxslə söhbət etməmiş və onu siqaret çəkmək üçün aparmamışdır. Bu hadisədən sonra ona təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilməsi mənbəyi, kimə satılması kimi hallarının müəyyən edilməsi barədə əməliyyat tapşırığı verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əməliyyat qrupunun rəhbəri Şahid3 olmuşdur, əməliyyat məlumatı əsasında Şahid1 ilə birlikdə Zığ şossesi ərazisində təqsirləndirilən şəxsi saxlamış, sonra onu öz maşınına mindirərək polis bölməsinə aparmışlar. Təhqiqatçının otağında əməliyyatçılar, vəkil və təhqiqatçı olmuş, sənədləşdirmə aparılmış, təqsirləndirilən şəxsin üzərindən maşın açarı, telefon, qara bağlamada təxminən 30 qram narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış günorta 1-2 radələrində olmuş, təqsirləndirilən şəxs narkotik vasitənin miqdarını özü bildirmişdir. Videoçəkiliş keçirilənə qədər o, təhqiqatçının otağında olmuş, təqsirləndirilən şəxsi sorğu-sual etməmişdir. Bundan başqa onu bölməyə gətirərkən maşından düşsə də Şahid1 həmişə maşında onun yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı və istifadəsi ilə məşğul olması ilə bağlı Şahid4 əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuş və təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır.Təqsirləndirilən şəxsi o saxlamamış, həmin vaxt İzmir küçəsində Hikmət və Raminlə birlikdə olmuşdur. Hadisə baş verən gün mobil telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılması barədə məlumatı əməliyyat qrupunun digər üzvləri tərəfindən günorta saatlarında almışdır. Videoçəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən bir böyük bükümdə narkotik vasitə heroin və maşın açarı olmuşdur. Təqsirləndirilən şəxsin narkotik vasitələrini kimə satması ilə bağlı onda məlumat olmamış, həmin istiqamətdə əməliyyat tədbirləri həyata keçirilsə də müsbət bir nəticə alınmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 9 mart 2023-cü il tarixində təqsirləndirilən şəxsin narkotik vasitələrinin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması ilə bağlı 27-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının əsasında Şahid3 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Digər polis əməkdaşları ilə birlikdə əməliyyat tədbirini davam etdirmək üçün “Puşkin” küçəsində hərəkət edərkən, saat 13:00 radələrində Təqsirləndirilən şəxs qrupun digər üzvləri tərəfindən, Suraxanı rayonu ərazisində “Zığ şosesi” istiqamətində Şahid2 və Şahid1 tərəfindən saxlanıldığını öyrənmişdir. Polis bölməsində şahidlərin və vəkilin iştirakı ilə videoçəkilişlə qeydə alınan şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngdə gödəkcəsinin cibindən qanunsuz bir büküm narkotik vasitəni çıxararaq təqdim etmişdir. Polis əməkdaşı Şahid2 təqsirləndirilən şəxsi saxlayan zaman onun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmuşdur.Təqsirləndirilən şəxs onun xidmət etdiyi inzibati ərazidə yaşasa da sonuncunu tanımamışdır. Təqsirləndirilən şəxsi polis bölməsində görmüş və həmin vaxt təhqiqatçının otağında Şahid3, Şahid1, Şahid5, Şahid2 və Tahir Əzizov olmuşdur. Özünün və vəkilin təhqiqatçının otağına nə zaman gəldiyini xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 9 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 13:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şosesinin 14-cü km-də saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir (Cild 1, iş vərəqə 39). 9 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD-R diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə həmin gün, saat 15:10-da "İphone” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofana bükülmüş 1 ədəd bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Baş təhqiqatçı Tahir Əzizov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğu, həmin maddəni nə vaxt, harada, kimdən, neçəyə, hansı məqsədlə alması barədə verilmiş suallara Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə olan heroin olması, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 800 manata şəxsi istifadəsi məqsədilə alması məzmununda cavablar vermişdir. Daha sonra baş təhqiqatçı Tahir Əzizov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli sellofana bükülmüş 1 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçi Nofəl Əhmədov, polis əməkdaşları və baş təhqiqatçısı Tahir Əzizov tərəfindən imzalanmışdır (Cild 1, iş vərəqə 42-44). Məhkəmə kimyəvi eskpertizasının 10 mart 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 30,012 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 29,912 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 52-53). 14 aprel 2023-cü il tarixli “ maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 30,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,1 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 29,912 qram təşkil edən həmin narkotik vasitə heroinin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 146-147). 08 may 2023-cü il tarixli ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə 162-164). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 08 oktyabr 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 180 saat ictimai işlər cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmişdir (Cild 1, iş vərəqə 133-134). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən CD diskdən, həmçinin ibtidai istintaq dövründə verdiyi əvvəlki ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl “Kubinka” adlanan ərazidən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin ibtidai istintaq dövründə verdiyi sonuncu ifadəsində Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən, həm də iş üzrə şahidlərlə üzləşdirilərkən verdiyi ifadələrindən imtina edərək, həmin ifadələrin barəsində fiziki təzyiq tətbiq ediləcəyi hədəsinə məruz qaldığı üçün tərəfindən verildiyini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə barəsində şəxsi axtarış istintaqı hərəkəti keçirilməsinə və narkotik vasitə heroin təqdim etməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında isə ifadəsini bir daha dəyişdirərək ailə üzvlərinin bölməyə gətiriləcəyi barədə hədə qorxu yolu ilə ona psixi təsir edildiyini göstərərək şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı təqdim etdiyi narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, üzləşdirmə protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə baxış və ya axtarış istintaq hərəkətləri həyata keçirilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini əldə etmə mənbəyi, hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsi, hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 sentyabr 2011 təvəllüdlü və 19 dekabr 2019 təvəllüdlü iki azyaşlı övladı vardır . Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində himayəsində iki azyaşlı övladının olmasını, ailənin yeganə qazanc mənbəyi olması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 9 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 37), Yasamal Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 9 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 104-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 9 mart 2023-cü il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə163- 164). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,912 qram təşkil edən həmin narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD-R disk elektron məlumat daşıyıcısı cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində məhkəmə- kimyəvi ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild, iş vərəqə 51). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,912 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD-R disk elektron məlumat daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar