Məhkəmə qərarları › İş №1(101)-1440/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1440/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1440/2024 06.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 8 sentyabr 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,046 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 oktyabr 2023-cü il tarixdə gecə saat 00:20-də ünvan 3 ünvanında yerləşən «Ağ çiçəyim» gül mağazasının qarşısında olarkən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinə aparılmış və həmin gün saat 01:35-də orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 11,046 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində dostuna zəng edərək soruşmuşdur ki, bu axşam neynirlər. Dostu da ona axşam futbol olduğunu və kafedə oturub futbola baxacaqlarını bildirmişdir. O da işi olmasa gəlib baxacağını bildirmişdir. Axşam elə dostları ilə Badamdar qəsəbəsində yerləşən “50 qəpik” restoranında oturub futbola baxırmışlar ki, bu zaman qardaşı zəng etmiş və ora gələcəyini bildirmişdir. O da dostlarının yanından durub başqa yerdə əyləşərək qardaşını gözləməyə başlamışdır. Bu zaman mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb, vəsiqələrini göstərib onlarla Nəsimi rayon polis idarəsinə getməli olduğunu bildirmişlər. Orada ona tutulmalı olduğunu və bununla bağlı sifariş gəldiyini, ya narkotik vasitə ilə barəsində cinayət işinin açılacağını yada ki dövlətə xəyanət üzrə cinayət işi açılmalı olduğunu bildirərək ondan ikisindən birini seçməyini bildirmişlər. O da məcbur qalıb narkotik vasitə ilə bağlı barəsində cinayət işi açılmağına razılıq vermişdir. Onu dini etiqadına görə tutmuşlar. 24 ildir ki, dini ibadət ilə məşğul olur. O, “Papanin” adlı yerdə yaşamışdır. Dini etiqadına görə dəfələrlə MTN-nə və polisə çağırmışlar. Onu çağıraraq profilaktik söhbətlər aparmışlar. Ona orada dini etiqad ilə məşğul olmamağı ilə bağlı heçnə deməmişlər. 7 aydır ki, polislər onu izləyərək tutmaq istəmişlər. Onu dini etiqadına görə polis əməkdaşları izləmişlər. Ona qarşı psixoloji təsir göstərmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. İfadə verən zaman müstəntiq tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkında olarkən tanımadığı orta yaşlı bir kişi ilə aralarında ünsiyyət yaranmış və söhbət əsnasında həmin şəxs ona narkotik vasitə heroin almağı təklif etmişdir. Onun narkotik vasitəyə marağı yarandığına görə qərara gəlmişdir ki, həmin şəxsdən narkotik vasitə heroin alıb istifadə edərək adama necə təsir göstərməsini yoxlasın. Odur ki, tanış olduğu həmin şəxsdən 1 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroini 100 manata almış və sonradan istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Lakin narkotik vasitə əldə etməsi barədə heç kimə bildirməmişdir. 27 oktyabr 2023-cü il tarixdə təxminən saat 00:20 radələrində Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən «Ağ çiçəyim» gül salonunun yaxınlığında olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları olaraq təqdim etdikdən sonra, onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edərək barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair daxil olmuş məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirmişlər və onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquqları və vəzifələri izah edilmiş, dövlət hesabına təyin edilmiş müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi ona elan edilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə keçirilən şəxsi axtarış zamanı ona üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əyləşdiyi stuldan ayağa qalxaraq əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi Note-11” markalı mobil telefonu, bir ədəd qara rəngli təsbehi, sağ əlinin barmağında olan 1 ədəd yaşıl əqiq qaşlı gümüş üzüyü, şalvarının sol yan cibindən isə içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümünü özü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış keçirmiş və əlavə heç nə aşkar edilməmişdir. Ondan təqdim etdiyi şəffaf rəngli sellofan bükümündə olan maddə ilə bağlı soruşulduqda bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitədir, həmin narkotik vasitəni 26 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı kişidən 100 manata özü üçün əldə etmiş və üzərində saxlamaqla gəzdirmişdir. Eyni zamanda verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik maddələrin satışı ilə məşğul olmur. Bundan sonra iştirakçılara həmin şəffaf sellofan bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra həmin heroin bükümü zərfə qoyularaq zərf möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Ondan polis əməkdaşları tərəfindən polis idarəsinə gətirilən zaman və polis idarəsində olduğu vaxt hər hansı bir zorakılığın olub olmaması barədə soruşulduqda, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığın olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmişdir. Ondan aşkar edilmiş mobil telefon işə əlavə olunmuş, təsbeh və üzük isə özünə qaytarılmışdır. Protokol iştirakçılara oxunduqdan sonra o, da digər iştirakçılar kimi protokola imza etmişdir (cild 1, iş vərəqə 84-88). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə «Süleyman» adlı şəxsin ünvan 7 ünvanında «Ağ çiçəyim» mağazasının yaxınlığında narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyataxtarış tədbirinin keçirilməsi üçün polis idarəsinin rəisinə məruzə edilərək müvafiq qərar qərar qəbul edilmiş, rəhbərliyi ilə Nəsimi rayon polis idarəsinin əməkdaşları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 27 oktyabr 2023-cü il tarixdə gecə saat 00:20 radələrində əməliyyat qrupuna daxil edilmiş əməkdaşlarla məlumatda qeyd edilmiş ünvanı müşahidəyə götürərkən Nəsmi rayonu, Bakıxanov küçəsində yerləşən «Ağ çiçəyim» mağazasının yaxınlığında xarici əlamətlərinə görə məlumatda qeyd edilən «Süleyman» adlı şəxsə oxşayan şəxsi müəyyən edərək saxlayıb özlərini təqdim etmişlər. Ondan anket məlumatlarını soruşduqda həmin şəxs özünü 1986-cı il təvəllüdlü, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 179-da yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək polis idarəsinə getməyə razılıq vermişdir. Daha sonra birlikdə Nəsimi rayon polis idarəsinə gəlmişlər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması və rayon polis idarəsinə gətirilməsi barədə idarə rəisinə raport vermişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin olunmuşdur. Sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Redmi-Note 11 markalı mobil telefonu, qara rəngli təsbehi, sağ əlinin şəhadət barmağında olan, yaşıl rəngli daşı olan metal üzüyü, şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan maddə aşkar edilmişdir. Həmin maddə ilə bağlı sual verilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə olan kakos, yəni heroindir, həmin narkotik vasitəni 26 oktyabr 2023cü il tarixdə axşam saatlarında Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı şəxsdən 100 manata almış və üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üst geyimi və ayaqqabıları yoxlanılmış, heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə olan maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Sonra videoçəkiliş dayandırılaraq iştirakçılara nümayiş etdirilmiş və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ələkbər Süleymanova qarşı fiziki və psixi təsir göstərilməmişdir. Onlar Təqsirləndirilən şəxs Bakıxanov küçəsində izləməyə başlamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 8 fevral 2024-cü il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Şahid1 ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsinin doğruluğunu bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 217-219). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq onun narkotik vasitə heroin olmasını bildirmişdir (cild 1, iş vərəqə 50-52). Cinayət işinin materillarında olan “diskə baxış keçirilməsi haqqında” 3 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 26 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 100 manata alıb özü üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı X2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 120). Cinayət işinin materiallarında olan “telefon danışıqlarına, sms məlumatlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə 1 oktyabr 2023-cü il saat 00:00-dan 27 oktyabr 2023-cü il saat 01:00dək olan müddət ərzində aparılmış danışıqlar, onların anten dairəsi, həmçinin daxil olan və çıxan ismarıcların (sms) mətnləri barədə "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərkən müəyyən olmuşdur ki, 26 oktyabr 2023-cü il tarixdə X3 istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə zəng edilməsi, həmin tarixdə ***-***-**-** nömrəsinin Badamdar qəsəbəsində fəaliyyət göstərən antenlərlə zəngləri qeydə alınmamışdır (cild 1, iş vərəqə 193-198). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 11” markalı mobil telefona baxış keçirilmişdir. Həmin telefon smartfon tipli olmaqla ekran hissəsi qara və korpusu tünd boz rəngdədir, arxa tərəfində 4 ədəd kamerası olmaqla istehsalçı şirkətə məxsus “Redmi” yazısı vardır.Həmin mobil telefonun üzərində ***-***-**-** GSM nömrə kartı mövcuddur. Həmin mobil telefonun zənglər, mesajlar, qalareya hissəsində, həmçinin “WhatsApp” ani mesajlaşma proqramında, habelə sosial şəbəkələrə aid digər proqramlarında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 110). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün N186» dairəvi möhür əksiləri olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir bükümdə narkotikə bənzər maddə; Şübhəli şəxs: «imza» Təqsirləndirilən şəxs» və digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 11,046 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 11,046 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 10,996 qram, cild 1, iş vərəqə 60-61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 20 noyabr 2023-cü il tarixli 7360 nömrəli rəyindən məlum olur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi 6 noyabr 2023-cü il tarixli 3088 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi vaxtda əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 137-138). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 8 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,996 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 221-227). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,046 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 27 oktyabr 2023-cü il tarixdə gecə saat 00:20-də ünvan 3 ünvanında yerləşən «Ağ çiçəyim» gül mağazasının qarşısında olarkən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinə aparılmış və həmin gün saat 01:35-də orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 11,046 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 119). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 200). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 102-105). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,996 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 10,996 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar