Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1441/2021 12.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 və “Femida” vəkil bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1984-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin aprel ayının əvvələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu Salyan şossesi ev 19-da yerləşən 20 saylı mənzilin yataq otağındakı dolabın içindən sonuncuya məxsus hər birinin dəyəri 11.000 manat, ümumi dəyəri 110.000 manat olan 10 ədəd üzərində “PAMP SUİSSE 100 g FİNE GOLD 999,9” yazıları və dəyəri 5.500 manat olan 1 ədəd üzərində “PAMP SUİSSE 50 g FİNE GOLD 999,9” yazıları olan qızıl külçələri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 115.500 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 3 il əvvəl tanış olmuş, aralarında sevgi münasibətləri yaranmış, dəfələrlə sonuncunun yaşadığı evdə olmuş, vətəndaş nikahında olmaqla faktiki ailə münasibətində yaşamışlar. Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ev 19 mənzil 20-də tək yaşayır və Bakı şəhərində dizayn-interyer işləri ilə məşğul olur. Nuranə əldə etdiyi pullara qızıl külçələr alaraq yaşadığı evdə yataq otağında olan dolabın içində selofan paketdə saxlasa da, o, həmin qızıl külçələrin miqdarını dəqiq bilməmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs həmin qızılları saxlamaq üçün ona vermiş, o da öz pulunu sonuncuya vermişdir ki, özündə saxlasın. O, axırıncı dəfə Zərərçəkmiş şəxs yaşadığı Səbail rayonu, Salyan şossesi ev 19 mənzil 20-də 2021-ci ilin aprel ayının təxminən 5-6-sı tarixlərində olmuş, həmin evə axşam tərəfi getmiş və gecə saatlarında oradan çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs xəstə olmuş, orada olarkən o, Nuranənin yataq otağında dolabda saxladığı qızıl külçələri götürmək qərarına gələrək evdən çıxan zaman asılqanda olan gödəkçəsini əyninə geyinmiş, daha sonra Zərərçəkmiş şəxs yataq otağına keçmiş və orada əlini dolabın içindəki qızıl külçələr olan ağ rəngli selofan torbaya salıb, torbadan bir neçə qızıl külçə götürmüş və əynində olan gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə sağollaşaraq həmin evdən çıxıb idarə etdiyi avtomobillə qaldığı “Kaspian Sport” adlı otelə getmiş, yolda selofan torbadan götürdüyü qızıl külçələri sayanda 11 ədəd qızıl külçə olduğunu görmüş, həmin külçələrdən 10 ədədi 100 qramlıq, 1 ədədi isə 50 qramlıq olmuşdur. O, həmin qızıl külçələri şəxsi avtomobilində ağ rəngli selofan torbaya qoyaraq özü ilə aparmış və həmin vaxtdan qızılları avtomobilində özü ilə gəzdirmişdir. Fikirləşmişdir ki, növbəti dəfə orada olanda Nuranədan 1 ədəd qızıl külçə istəsin, Nuranə ona külçə vermək istəyəndə onların yerində olmadığını görərək bir qədər həyəcanlansın, sonra da o, külçələrin onda olduğunu bildirərək Nuranəyə qaytarsın. 16 aprel 2021-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs onun mobil nomrəsinə zəng edərək qızıllarını tapa bilmədiyini və bu səbəbdən yaşadığı evə gedib axtarmağa koməklik etməsini istəmiş, o da dərhal öz avtomobilinə əyləşib Zərərçəkmiş şəxs yaşadığı Səbail rayonu Salyan şossesində yerləşən mənzilinə getmişdir. O, mənzilə daxil olduqda orada Nuranənin özünün və Əsmər adlı xadimənin olduğunu görmüş, Nuranə onu yataq otağında yerləşən paltar dolabının yanına apararaq əlində saxladığı və içində bir neçə ədəd qızıl külçələr olan selofan paketi ona göstərərək həmin paketin içindən qızıl külçələrin 11 ədədinin olmadığını, birlikdə sonuncuya kömək edib axtarmağı xahiş etmişdir. O, qızıl külçələri Nuranənin xəbəri olmadan götürdüyündən və onun nəzərdə tutmadığı vəziyyət alındığından, külçələrin onda olmasını bildirməyə utandığından özündə şübhə yaratmamaq üçün Əsmər və Nuranə ilə birlikdə mənzilin müxtəlif yerlərini axtarsalar da qızılları tapa bilməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək qızıllarının oğurlanması barədə məlumat vermiş, o da qorxmuşdur ki, axtarsalar qızıl külçələr ona məxsus avtomobildən çıxacaq, ona görə də, arada imkan tapan kimi küçəyə çıxaraq qızıl külçələri avtomobilindən götürüb Zərərçəkmiş şəxs yaşadığı evdən bir qədər aralıda “Su İdman mərkəzinə” gedən yeraltı keçiddə divarın qırılmış plitəsinin arasına qoyaraq gizlədib yenidən Zərərçəkmiş şəxs yaşadığı evə qayıtmışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törətdilməsi aşağıda şərh edilənlərlə tam sübuta yetir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 ilə 2009-cu ildə ailə qurmuş, həmin nikahdan iki övladı vardır. 2020-ci ilin noyabr ayında Mehdi Jabbari ilə rəsmi qaydada boşanmış, hazırda ayrı yaşayır. Təqsirləndirilən şəxsla “Sanrtal Elektrik” firmasında birlikdə işləyərkən tanış olmuş, iki ildir sonuncu ilə sevgili münasibətində olmaqla vətəndaş nikahında ər-arvad kimi yaşayırlar. Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlib-getmiş və ailəsinin üzvü kimi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxsla birlikdə öz puluna son il yarım ərzində ümumilikdə 11 ədəd 100 qramlıq,bir ədəd 50 qramlıq və 10 ədəd 62.2 qramlıq qızıl külçələr almış və sonuncu həmin qızılları yaşadığı mənzilin yataq otağında yerləşən dolabın içində saxladığını bilmişdir. 16 aprel 2021-ci il tarixdə o, qızıllarının yerində olub-olmamasını yoxlamaq məqsədi ilə paltar dolabını açıb içində 11 ədəd 100 qramlıq,bir ədəd 50 qramlıq və 10 ədəd 62.2 qramlıq qızıl külçələr olan sellofan paketi götürüb içinə baxdıqda 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin yerində olmadığını aşkar etmiş və narahat olub xədiməsi Əsmərlə birlikdə mənzilin müxtəlif yerlərini axtarmağa başlamış, lakin qızılları tapmamışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs zəng edib qızıl külçələrin itməsi barədə məlumat vermiş və gəlib onunla bir yerdə qızılları axtarmağa köməklik etməyini xahiş etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs gəlmiş və onlar yenə də mənzili axtarmış, bir nəticə əldə edə bilmədikdən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş, polis əməkdaşları ilə birlikdə yaxınlıqda yerləşən obyektlərdə qurlaşdırılmış videoqurğularda qeydə alınmış görüntülərə baxdıqda Təqsirləndirilən şəxs özünə məxsus «Hyundai» markalı avtomobildən selofan paketi götürərək onun yaşadığı binaya tərəf gəldiyini görmüşlər. O, başa düşmüşdür ki sonuncunun əlində olan sellofan paketin içində olan ona məxsus qızıl külçələrdir və sonuncunun həmin selofan paketi keçiddə gizlətdiyini güman etmişdir. Bu barədə polis əməkdşlarına bildirmiş və gedib keçidə baxmağı xahiş etmişdir. Adını xatırlamadığı bir nəfər polis əməkdaşı ilə birlikdə keçidə düşüb ətrafa baxış keçirdikləri zaman həmin keçidin divarının aşağı hissəsində boşluğun içində selofan paketin olduğunu görərək yaxınlaşıb selofan paketi götürmüş və içinə baxdıqda evindən oğurlanmış, ona məxsus 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin selofan paketin içində olduğunu görmüş və bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Bir ədəd 100 qramlıq qızıl külçənin qiyməti 12.400 manat və bir ədəd 50 qramlıq qızıl külçənin qiyməti isə 6.200 manatdır. Baş vermiş oğurlaq hadisəsi nəticəsində ona ümumilikdə 130.300 manat maddi ziyan dəymişdir. Həmin qızıl külçələri o, qeyd etdiyi qiymətə almışdır. Təxminən 05 və ya 06 aprel 2021-ci il tarixdə o, özünü nasaz hiss etdiyinə görə Təqsirləndirilən şəxs yaşadığı evinə çağırmış, düşünür ki, Təqsirləndirilən şəxs elə həmin günü ona məxsus qızıl külçələri evindəki dolabdan oğurlamışdır. Kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.05.2021-ci il tarixli 6/1544-6/2429 nömrəli ekspert rəyində qeyd edilən qiymətlərlə razıdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, onu bağışlayır, ondan hər hansı şikayət və tələbi yoxdur. Belə ki, sonradan eşitmişdir ki, Ceyhun əslində onu bir qədər həyəcanlandırmaq, qızılları açıq yerdə saxlanılmasının təhlükəli olmasına onu inandırmaq məqsədilə bu hərəkəti etmişdir. Xahiş edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsin. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu Salyan şossesi ev 19 mənzil 20-də xadimə kimi çalışır. Nuranə işlədikcə əldə etdiyi pullara qızıl külçələr almış və yaşadığı evdə yataq otağında olan dolabın içində selofan paketdə saxlamış, lakin o, həmin qızıl külçələrin miqdarını dəqiq bilməmişdir. Qızılları həmin yerdə saxladığını Zərərçəkmiş şəxs özü ona demişdir. 16.04.2021-ci il tarixdə səhər saatlarında o, həmin mənzildə olarkən ev sahibəsi Zərərçəkmiş şəxs özünə məxsus qızılların yerində olub-olmamasını yoxladıqda aşkar etmişdir ki, paltar dolabının içindən 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələr yerində yoxdur. Zərərçəkmiş şəxs ilə birlikdə mənzilin müxtəlif yerlərini axtarmağa başlamış, lakin qızılları tapa bilməmişlər. Bundan sonra Zərərçəkmiş şəxs tanışı, bir neçə dəfə Nuranənin evində gördüyü Ceyhun adlı şəxsə zəng edib qızılların itdiyini deyib sonuncunu evinə çağırmış, bir neçə vaxt sonra Ceyhun da həmin evə gəlib onlarla birlikdə qızılları axtarmağa başlamışdır. Onlar üçü də mənzili axtarmış və bir nəticə əldə edə bilmədikdən sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Nuranənin evinə bir neçə nəfər polis əməkdaşları gəlmiş və Nuranə baş vermiş hadisə barədə polis əməkdaşlarına ətraflı məlumat vermişdir. Sonra da polis əməkdaşları ev sahibəsi Zərərçəkmiş şəxs ilə birlikdə binanın yaxınlığında yerləşən obyektlərdə qurlaşdırılmış videokameralarla lentə alınmış görüntülərə baxmağa başlamış və görmüşlər ki, Ceyhun özünə məxsus “Hyundai” markalı avtomaşınından sellofan paketi götürərək piyada oğurluq hadisəsi baş vermiş binaya tərəf gəlir. Bunu görən də Zərərçəkmiş şəxs demişdir ki, Ceyhunun əlində olan sellofan paketin içində ona məxsus qızıllar var, Ceyhunun həmin sellofan paketi keçiddə qizlətdiyni gümən edir, xahiş etmişdir ki, polis əməkdaşları ilə birlikdə gedib keçidə baxsınlar. Polis əməkdaşları Zərərçəkmiş şəxs ilə birlikdə oğurluq hadisəsi baş vermiş binanın yaxınlığında yerləşən keçidə tərəf getmiş, bir neçə vaxtdan sonra Nuranə evə qayıtmış, sonuncunun əlində selofan paket olmuşdur. Nuranə ona danışmışdır ki, həmin keçidə düşüb ətrafa baxış keçirmiş, bu zaman özü keçidin divarının aşağı hissəsində boşluğun içindən sellofan paketin olduğunu görmüş və yaxınlaşıb sellofan paketi oradan götürüb içinə baxdıqda orada 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin olduğunu görmüşlər. Bundan sonra onlara məlum olmuşdur ki, həmin qızıl külçələri Nuranə Jabarinin evindən sonuncunun tanışı Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Səbail RPİ-nin 8-ci PB-də əməliyyat müvəkkili işləyir, polis mayorudur. 16.04.2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs Ələddin qızı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir ki, yaşadığı Bakı şəhəri Səbail rayonu Salyan şössesi ev 19 mənzil 20-dən naməlum şəxs(şəxslər) tərəfindən qızıl külçələri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsini törədən şəxsin müəyyən edilməsi və cinayətin isti izlərlə açılmasından ötrü Səbail RPİ-nin rəisi tərəfindən əməliyyat-axtarış qrupu təşkil edilmiş, o da həmin əməliyyat-axtarış qrupuna daxil edilmişdi. Bununla bağlı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Səbail rayonu Salyan şossesi ev 19 mənzil 20-yə getmiş, həmin mənzilə gedərkən orada ev sahibəsi Zərərçəkmiş şəxs, sonuncunun tanışı hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs və həmin evdə xadimə işləyən Əsmər adlı qadının olduqlarını görmüşlər. Həmin vaxt sonuncuların üçü də birlikdə itmiş qızıl külçələri axtarmışlar. Orada Zərərçəkmiş şəxs məlumat vermişdi ki, tanışı Ceyhunla birlikdə öz puluna son il yarım ərzində müxtəlif vaxtlarda ümumilikdə 11 ədəd 100 qramlıq,bir ədəd 50 qramlıq və 10 ədəd 62.2 qramlıq qızıl külçələr almış və sonuncu həmin qızılları yaşadığı mənzilin yataq otağında yerləşən dolabın içində gizlətdiyini bilirdi. Həmin günü o, qızılların yerində olubolmamasını yoxladıqda paltar dolabının içində 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin yerində olmadığını aşkar etmişdir. Xadimə Əsmərlə mənzilin müxtəlif yerlərini axtarmağı başlamış, sonra tanışı Ceyhuna zəng edib evinə çağırmış, sonuncu da gəlib onlarda birlikdə qızılları axtarmağa başlamışdır. Onlar mənzili axtarmış və bir nəticə əldə edə bilmədikdən sonra Nuranə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt qızılların Nuranənin tanışı Ceyhun tərəfindən oğurlanmasına şübhə yarandığından qrup üzvləri ilə öz aralarında danışmışlar ki, Ceyhunun idarə etdiyi avtomaşında axtarış aparaq. Lakin bir neçə dəqiqə sonra görmüşlər ki, Ceyhun mənzildə yoxdur. Bundan sonra biz ev sahibəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaxınlıqda yerləşən obyektlərdə qurlaşdırılmış videokameralarla lentə alınmış görüntülərə baxdıqda Təqsirləndirilən şəxs özünə məxsus “Hyundai” markalı avtomaşınından sellofan paketi götürərək piyada oğurluq hadisəsi baş vermiş binaya tərəf gəldiyini gördük. Zərərçəkmiş şəxs demişdir ki, Ceyhunun əlində olan sellofan paketinin içində ona məxsus qızıllar var, Ceyhunun həmin sellofan paketi keçiddə gizlətdiyni gümən edir, xahiş etmişdir ki, gedib keçidə baxsınlar. Qrup üzvləri Zərərçəkmiş şəxs ilə birlikdə oğurluq hadisəsi baş vermiş binanın yaxınlığında yerləşən keçidə düşüb ətrafa baxış keçirmiş, bu zaman Zərərçəkmiş şəxs özü keçidin divarının aşağı hissəsində boşluğun içində sellofan paketin olduğunu görmüş və yaxınlaşıb sellofan paketi oradan götürmüşdür. Onlar paketin içinə baxdıqda orada 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin olduğunu görmüşlər. Qızıl külçələr olan paketi Zərərçəkmiş şəxs özü ilə evinə aparmış, onlar isə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri keçirmiş və həmin günü, bir neçə saat sonra Ceyhunu müəyyən edərək Səbail RPİ-nin İstintaq şöbəsinə təqdim etmişlər. Zərərçəkmiş şəxs yaşadığı evdən bir qədər aralıda yerləşən “Su İdman mərkəzinə” gedən yeraltı keçiddə divarın qırılmış plitəsinin arasından içində qızıl külçələr olan sellofan torbanı tapıb götürdüyü anları o, özündə olan mobil telefon vasitəsilə lentə almışdır. Şahid qismində dindirilmiş Səbail RPİ-nin CAŞ-də əməliyyat müvəkkili Şahid1 cinayət işinin 87-88-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilən ifadəsindən görünür ki, o da şahid Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsə də, ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin 41-43, 44-48, 57-59 və 127-129-cu vərəqlərində olan ifadələrindən və ifadələri yerində yoxlanılmasına dair protokoldan görünür ki, sonuncu törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək istintaqa verdiyi etirafedici ifadələrini bir daha təsdiq etmişdir. Cinayət işini 17-ci vərəqində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ədəddin qızının könüllü təqdim etdiyi, 16 aprel 2021-ci il tarixdə həmin evdən oğurlandığını aşkar etdiyi 11 ədəd sarı metaldan hazırlanmış, qızıla oxşar külçələr sonuncudan götürülmüş və həmin əşyalara baxış keçirilmiş, baxış zamanı şəxs Zərərçəkmiş şəxs Ədəddin qızı bildirmişdir ki, polis əməkdaşları ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən obyektlərdə qurlaşdırılmış videoqurğularda qeydə alınmış videogörüntülərə baxdıqda tanışı Təqsirləndirilən şəxs Gülhəməd oğlunun özünə məxsus “Hunday” markalı avtomaşınından sellofan paketi götürərək onun yaşadığı binaya tərəf gəldiyini görmüşlər. O, başa düşmüşdü ki, sonuncunun əlində olan sellofan paketin içində olan ona məxsus qızıllardır və sellofan paketi keçiddə gizlətdiyini güman etmişdi. O, bu barədə polis əməkdşlarına bildirmiş və keçidə baxmağı xahiş etmişdi. Xatırlamadığı bir nəfər polis əməkdaşı ilə keçidə düşüb ətrafa baxış keçirdikləri zaman keçidin divarının aşağı hissəsində boşluğun içində selofan paketin olduğunu görmüş, yaxınlaşıb selofan paketi götürüb içinə baxdıqda orada ona məxsus və mənzilindən oğurlanmış 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin olduğunu görmüşdü. Baxış zamanı Nuranə Cabbarinin könüllü təqdim etdiyi külçələrin 10 ədəd üzərində «PAMP», əyyarı 999,9, çəkisi 100 qram, markaları C129995, C161327, C166584, C059301, C083973, C161326, C161324, C108760, C 155892, C 158410 və bir ədəd üzərində «PAMP», əyyarı 999,9, çəkisi 50 qram, markası C 016428 sözləri yazılmış cəmi 11 ədəd sarı metaldan hazırlanmış, qızıla oxşar külçənin olduğu müəyyən edilmişdir. Cinayət işinin 89-cu vərəqində olan protokoldan görünür ki, Şahid1 könüllü təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Şahid1 bildirmişdir ki, 16 aprel 2021-ci il tarixdə əməliyyat-axtarış qrupunun üzvləri və Zərərçəkmiş şəxs ilə birlikdə oğurluq hadisəsi baş vermiş binanın yaxınlığında yerləşən keçidə düşüb ətrafa baxış keçirmiş, bu zaman Zərərçəkmiş şəxs özü keçidin divarının aşağı hissəsində boşluğun içindən sellofan paketin olduğunu görmüş və yaxınlaşıb sellofan paketi oradan götürmüşdür. Onlar həmin paketin içinə baxdıqda orada 10 ədəd 100 qramlıq və bir ədəd 50 qramlıq qızıl külçələrin olduğunu görmüşlər. Zərərçəkmiş şəxs yaşadığı evdən bir qədər aralıda yerləşən Su İdman mərkəzinə gedən yeraltı keçiddə divarın qırılmış plitəsinin arasından içində qızıl külçələr olan sellofan torbanı tapıb götürdüyü anları o, özündə olan mobil telefon vasitəsilə lentə almışdır. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər əynində çəhrayı gödəkçə və boz rəngli cins şalvar olan qadın qırılmış beton plitəsinin arasından bir ədəd sellofan torbanı tapıb götürür və polis əməkdaşlarına göstərir. Şahid1 bildirmişdi ki, həmin qadın evindən oğurluq hadisəsi baş vermiş Zərərçəkmiş şəxsdir və özünə məxsus qızılları tapdığına görə sevinir. Cinayət işinin 71-ci vərəqində olan protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci Polis bölməsindən daxil olmuş bir ədəd SD-R markalı diskdə olan videogörüntülərə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin diskin içində 2 fayl vardır. Birinci faylda olan videogörüntülərdən görünür ki, bir nəfər əynində yaxasında yazılar olan çilli ağ köynək, ayğında qara ayaqqabılar və əynində boz rəngli cins şalvar olan kişi cinsindən olan cavan adam Bakı şəhəri, Səbail rayonu Əhəd Yaqubov küçəsində dayanmış ağ rəngli Hyunday markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomaşınına yaxınlaşaraq sağ arxa qapısını açır, avtomaşının salonundan bir ədəd ağ rəngli üzərində yazılar olan paketi götürərək əlində saxlayır. Həmin diskin içində olan 2-ci fayldan isə görünür ki, həmin əynində yaxasında yazılar olan çilli ağ köynək, ayğında qara ayaqqabılar və əynində boz rəngli cins şalvar olan kişi cinsindən olan və əlində bir ədəd ağ rəngli üzərində yazılar olan paket olan cavan adam küçədəki səkinin üstü ilə iti addımlarla mağazaların qarşısından keçərək üzü aşağı tərəfə gedir. Cinayət işinin 72-ci vərəqində olan protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci Polis bölməsindən daxil olmuş bir ədəd SD-R markalı diskdə olan videogörüntülərə iş üzrə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntüdə görünən şəxs onun özüdür, həmin vaxtı o, Nuranə Cabbarinin yaşadığı evdən çıxır və özünə məxsus ağ rəngli Hyunday markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomaşınına yaxınlaşaraq sağ arxa qapısını açır, avtomaşının salonunda saxladığı, içində tanışı Zərərçəkmiş şəxs evindən 05 və ya 06 aprel 2021-ci il tarixdə gizli olaraq oğurladığı 11 ədəd qızıl külçələr olan sellofan paketi götürərək əlində saxlayır və qızılları gizlətmək üçün “Su İdman sarayına” tərəf gedir. Cinayət işinin 96-100-cü vərəqində olan “Kompleks məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının” 08 may 2021-ci il tarixli 6/1544-6/2429 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş külçələrin 2021-ci ilin aprel ayına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 10 ədəd üzərində “PAMP SUİSSE 100 g FİNE GOLD 999,9” yazıları olan külçələrin 1 ədədinin qiyməti təxminən 11000,00 manat, 10 ədədinin qiyməti ümumilikdə təxminən 110000 (10ədəd x 11000manat) manat; - 1 ədəd üzərində “PAMP SUİSSE 50 g FİNE GOLD 999,9” yazıları olan külçənin 1 ədədinin qiyməti təxminən 5500,00 manat. Həmin külçələrin ayrı-ayrılıqda qiymətləri rəyin təsviri hissəsində göstərilmişdir. Fizikikimyəvi ekspertiza həmin külçələr tədqiq edilmədən qiymətləndirmə aparılarkən onların üzərindəki markalanma göstəricilərinə əsasən qiymətləndirilmişdir. Cinayət işinin 104-107-ci vərəqində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1055 saylı 18.05.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariatda təsdiq edilən ərizəsində göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq, təqsirləndirilən şəxslə barışmışlar. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və digər şahid ifadələri, hadisə yerinə baxış, diskə baxış, ifadənin yerində yoxlanılması protokolları, əldə edilmiş maddi sübutlar, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Cinayət işinin 86-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 34-cü vərəqində olan protokol və 64-cü vərəqində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2020-ci il tarixdə saat 02:35-də şübhəli şəxs qismində tutularaq saxlanılmış və həmin gün saat 18:10-da azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.07.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2 nəfər azyaşlı uşağı var. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, himayəsində 2 nəfər azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və ya tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, əvvəllər məhkum olunmaması, himayəsində 2 nəfər azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və ya tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması kimi yüngülləşdirici haları nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur, maddi sübut olan 10 ədəd üzərində “PAMP SUİSSE 100 g FİNE GOLD 999,9” yazıları və 1 ədəd üzərində “PAMP SUİSSE 50 g FİNE GOLD 999,9” yazıları olan qızıl külçələrin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5(beş) il 06(altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 17 aprel 2021-ci il tarixdə tutulduğu bir gün və 28 iyul 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçililsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut - 10 ədəd üzərində “PAMP SUİSSE 100 g FİNE GOLD 999,9” yazıları və 1 ədəd üzərində “PAMP SUİSSE 50 g FİNE GOLD 999,9” yazıları olan qızıl külçələrin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1441/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1441/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver