Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1441/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 04 mart 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində üzü Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində quraşdırılmış reklam dirəyinin olduğu əraziyə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı tərəfindən gizlədilmiş ağ rəngdə üzərində “Salvatore Tevraqama” yazısı olan sellofanın içərisindən 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda 715,1 qram, 149, 3 qram, 54,9 qram, 97,6 qram, 4,4 qram, 7,4 qram ümumi təmiz çəkisi 1028,7 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, göy rəngdə olan üzərinə “MARQUİS” yazısı olan kağız qutunun içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 69,9 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 (bir) ədəd polietilen bağlamada 220 qram, 01 (bir) ədəd sellofan bükümdə 24,111 qram, ümumi təmiz çəkisi 244.111 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzidə, 1 (bir) ədəd qayçıda, 1 (bir) ədəd yapışdırıcı lenti əldə edib üzərində saxlayaraq daşımış, 05 mart 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanın qarşısında Binəqədi RPİ-nin 6-cı PBnin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əlində olan ağ rəngdə üzərində “Salvatore Tevraqama” yazısı olan sellofanın içərisindən 06 (altı) ədəd bükümdə ayrıayrılıqda 715,1 qram, 149, 3 qram, 54,9 qram, 97,6 qram, 4,4 qram, 7,4 qram ümumi təmiz çəkisi 1028,7 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, göy rəngdə olan üzərinə “MARQUİS" yazısı olan kağız qutunun içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 69,9 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 (bir) ədəd polietilen bağlamada 220 qram, 01 (bir) ədəd sellofan bükümdə 24,111 qram, ümumi təmiz çəkisi 244.111 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd qayçı, 1 (bir) ədəd yapışdırıcı lent aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olurmuş, Binəqədi rayonu, Koroğlu 41 ünvanında evinin yaxınlığında avtomobildə əyləşən zaman 4 nəfər ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşı olduqlarını dedikdən sonra “nəşə çəkirsən burada?” deyə soruşmuşlar. O, onlara “nəşə” çəkmədiyini bildirdikdən sonra onların onunla mülayim rəftarını görüb, özündə olan narkotik vasitələri könüllü olaraq təhvil vermək istədiyini bildirmişdir. Gecə saat 3-də polis əməkdaşları ilə Sumqayıtda 9-cu mikrorayonda kirayədə yaşadığı evə getmiş və açarı onlara vermiş, evdə olan narkotik vasitələri polis əməkdaşlar özləri götürmüşlər. Polis əməkdaşları narkotik vasitəni hardan əldə etdiyini soruşmuş, o da taksi sürücüsü işlədiyi zaman kiminsə həmin narkotik vasitələri avtomobilə qoyub, harasa çatdıracağını dediyini amma o, içərisindəkiləri gördükdən sonra onları könüllü olaraq polisə təhvil vermək fikrinin olduğunu bildirmişdir. Həmin adamlar telefon vasitəsilə ona dəfələrlə hədə-qorxu gəlsələr də, o, fikrindən yayınmamış, polis əməkdaşlarına narkotik vasitələri könüllü təqdim edərək istintaqa köməklik göstərmişdir. Bundan sonra onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin, narkotik vasitədən istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 mart 2022-ci il tarixdə qərəzsiz mənbədən xx xxxxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, ev 65-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq, Təqsirləndirilən şəxs ifşa etmək, ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Binəqədi RPİ-nin 6-cı PB-nin rəhbərliyinə raport və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar yazmışdır. Ondan və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 05 mart 2022-ci il tarixdə saat 11 radələrində ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs müəyyən edilib, özlərini ona təqdim edərək üzərində və ya paltarında narkotik vasitə, psixotrop maddə və digər qanunla dövriyyəsi qadağan edilmiş əşya olmasından şübhə olduğu üçün onu Binəqədi RPİ-nin 6-cı polis bölməsinə dəvət etmişlər. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı Rövşən Məmmədov qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun və Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngdə üzərində “Salvatore Ferraqama” yazıları olan sellofanın içərisindən bitki mənşəli kütlə, göy rəngli üzərində “MARQUİS” yazısı olan kağız qutunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddəyə bənzər kütlə, altı ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə, bir ədəd tərəzi, bir ədəd qayçı və bir ədəd qara rəngdə olan yapışkan izalenti çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən digər qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, əlində olan üzərində “Salvatore Ferraqama” yazısı olan sellofanın içərisində olan kütlənin narkotik vasitə “marixuana”, göy rəngli qutunun içərisində olan 06 ədəd şəffaf sellofana bükülünün narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülünün psixotrop maddə metamfetamin, həmçinin qayçı və tərəzinin ona məxsus olduğunu qeyd etmişdir. O, həmin narkotik vasitə və psixotrop maddəni 04 mart 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsindən özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən və adını bilmədiyi şəxsdən 200 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş maddələr və predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş, məhkəmə-kimyəvi və bioloji ekspertiza keçirilməsi üçün qablaşdırılaraq möhürlənmiş, həmçinin onların iştirakı ilə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/223 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs..» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd politelin bağlamada təmiz çəkisi-220 qram və həmin bağlamanın içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 24,111 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 244,111 qramdır. (iş vərəqə 46-48) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1355 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zəriflər üçün №175” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd karton qutuda olan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 715,1 qram, 149, 3 qram, 54,9 qram, 97,6 qram, 4,4 qram, 7,4 qram ümumi təmiz çəkisi 1028,7 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 69,9 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı İİ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə, bir ədəd qayçıda, bir ədəd yapışdırıcı lentdə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş qeyd olan kağızlarda izlər aşkar edilmədi. (iş vərəqə 54-56) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1551 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksləri olan, “6/1355...6 mart 2022-ci il...” sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd karton qutuda olan altı 6 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 715,06 qram, 149,26 qram, 54,86 qram, 97,56 qram, 4,36 qram, 7,360 qram ümumi təmiz çəkisi 1028,46 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi koponnent tərkiblərinə görə eynilik təşkil edir. (iş vərəqə 151-154) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları düzgün qavrayıb, təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə 148-150) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2683 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannabinoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 146-147) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan ağ rəngdə üzərində “Salvatore Ferraqama” yazıları olan sellofanın içərisindən bitki mənşəli kütlə, göy rəngli üzərində “MARQUİS” yazısı olan kağız qutunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddəyə bənzər kütlə, altı ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, bir ədəd tərəzi, bir ədəd qayçı və bir ədəd qara rəngdə olan yapışkan izalenti çıxarıb masanın üzərinə qoyur, üzərində başqa hər hansı bir əşyanın olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən digər qeyri- qanuni əşya, predmet aşkar edilmədiyi məlum olur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlində olan üzərində “Salvatore Ferraqama” yazısı olan sellofanın içərisində olan kütlənin narkotik vasitə “marixuana”, göy rəngli qutunun içərisində olan 06 ədəd şəffaf sellofana bükülünün narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülünün psixotrop maddə metamfetamin, həmçinin qayçı və tərəzinin ona məxsus olduğunu qeyd edib, həmin narkotik vasitə və psixotrop maddəni 04 mart 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsindən özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən və adını bilmədiyi şəxsdən 200 manata öz istifadəsi üçün aldığını bildirmiş, aşkar olunmuş bükülü qablaşdırılaraq götürülmüşdür. (iş vərəqə 40-42) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 28 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskə baxış keçirilmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngdə üzərində “Salvatore Ferraqama” yazıları olan sellofanın içərisindən bitki mənşəli kütlə, göy rəngli üzərində “MARQUİS” yazısı olan kağız qutunun içərisində olan bir ədəd şəffaf sellofana bükülmüş kristal şəkilli psixotrop maddəyə bənzər kütlə, altı ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik olan kütlə, bir ədəd elektron tərəzi, bir ədəd qayçı və bir ədəd qara rəngdə olan izalenti çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulur, o isə üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparılmağa başlayırlar. Onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunur o, əlində olan üzərində “Salvatore Ferraqama” yazısı olan sellofanın içərisində olan kütlənin “marixuana” deyilən narkotik vasitə olduğunu, göy rəngli qutunun içərisində olan 6 ədəd şəffaf sellofana bükülmüş vasitələri heroin və 1 ədəd şəffaf sellofan bükülmüş psixotrop maddə metamfetamin olduğunu bildirib, həmçinin bir ədəd qayçı və bir ədəd elektron tərəzinin də ona məxsus olduğunu qeyd edir və həmin narkotik vasitə marixuananı, heroini, psixotrop maddə metamfetamini 04 mart 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində özünü İran vətəndaşı kimi təqdim edən və adını bilmədiyi şəxsdən 200 manata aldığını bildirir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş müxtəlif adda narkotik və psixotrop maddələr, həmçinin bir ədəd elektron tərəzi, bir ədəd qayçı, bir ədəd yapışqan lent qablaşdırılaraq götürülür. (iş vərəqə 79) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli ***-*******56 saylı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş bir sıra kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin qanunsuz olaraq dövriyyəsi və satışı ilə məşğul olduğu, narkotik və psixotrop maddə əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 143-145) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (iş vərəqə 159-170) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, narkotik vasitəni və psixotrop maddəni könüllü təqdim etməsi, döyülərək işgəncə verilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokol və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuş, bir ildən artıqdır tanımadığı şəxslərdən müxtəlif adda narkotik vasitələr, o cümlədən, heroin, metamfetamin və marixuana əldə edərək istifadə edib. 04 mart 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını bilmədiyi şəxslə rastlaşmış, söhbət zamanı həmin şəxs onda müxtəlif adda ucuz qiymətə narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metomfetamin olduğunu bildirmiş, ümumilikdə onları 200 manata təklif etdiyindən onunla razılaşaraq özü istifadə etmək üçün almışdır. İran İslam Respublikasının vətəndaşı həmin narkotikləri Masazır qəsəbəsində xatırlamadığı reklam üçün olan dirəyinin altına qoyduğunu bildirmiş, qeyd olunan reklam dirəyini tapıb orada gizlədilmiş, üzərində “MARQUİS” yazısı olan qutunu tapıb götürmüş, həmin qutunu yaşadığı evin yaxınlığında küçədə daşın altında gizlətmişdir. 05 mart 2022-ci il tarixdə saat təxminən 11 radələrində həmin qutunu daha təhlükəsiz yerdə gizlətmək üçün götürüb üzərində daşıyarkən Binəqədi rayonu Koroğlu küçəsində mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra özünün xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim etmişlər. Təqdim edilən müdafiəçiyə etiraz etməmiş, bundan sonra özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilərkən “Salvatore Ferraqama” yazısı olan sellofanın içərisində olan narkotik vasitə marixuana, göy rəngli qutunun içərisində olan 6 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofan bükülmüş psixotrop maddə metamfetamin, bir ədəd qayçı, bir ədəd qara rəngli izalent və bir ədəd tərəzi aşkar olunmuş, həmin əşyalar qutunun içərisində olmuşdur. Qeyd etdiklərindən başqa onun üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, ondan aşkar olunmuş narkotik vasitə və psixortop maddələr masanın üzərinə qoyulmuş, şifahi sorğu zamanı həmin narkotik vasitələri 04 mart 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən 200 manata aldığını bildirmiş, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirin nəticəsinə dair protokol tərtib edilmişdir. Protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs deməsinə görə onun polis əməkdaşları tərəfindən saxlanılması anını əks etdirən “usb yaddaş kartı”-ındakı görüntülərə baxış keçirilmiş və həmin görüntülərin hansı tarixdə, hansı şəraitdə qeydə alınmasının, eləcə də, görüntüdəki şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkünsüz olduğundan, həmin videogörüntülər sübut kimi nəzərə alınmamışdır. Belə ki, AR CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X6 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X6 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən, Təqsirləndirilən şəxs götürülmüş ağ rəngdə üzərində “Salvatore Tevraqama” yazısı olan sellofanın içərisindən 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda 715,1 qram, 149, 3 qram, 54,9 qram, 97,6 qram, 4,4 qram, 7,4 qram ümumi təmiz çəkisi 1028,7 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, göy rəngdə olan üzərinə “MARQUİS" yazısı olan kağız qutunun içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 69,9 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdar təşkil edir, 01 (bir) ədəd polietilen bağlamada 220 qram, 01 (bir) ədəd sellofan bükümdə 24,111 qram, ümumi təmiz çəkisi 244.111 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə şəxsi istehlak miqdarından artıqdır. Digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vərəqə 109-121) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqdan altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi halı vardır. İş materiallarında olan 125445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X1 vardır. (iş vərəqə 18, 122) İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş vəsiqədən və N saylı hərbi hissənin xx.xx.2001-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs atası X4 xx.xx.1995-ci il tarixli 56 nömrəli əmrlə hərbi toplanışa qəbul edilmiş, toplanışın başa çatması ilə əlaqədar xx.xx.1997-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. X4 Azərbaycan Vətən müharibəsi iştirakçısı olmuş və Azərbaycan Vətən müharibəsi veteranıdır. (iş vərəqə 123-125) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, onun atası X2 Azərbaycan Vətən müharibəsi veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)-238/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 29, 86-91) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8ndən daxil olmuş xx.xx.2022-ci il tarixli 2683 №-li əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 208 (iki yüz səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 1028,7 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq çəkisi 1028,46 qram narkotik vasitə heroin, təmiz çəkisi 244,111 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonra qalıq çəkisi 244,011 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 69,9 qram psixotrop maddə metamfetaminin, tədqiqatdan sonra qalıq çəkisi 69,85 qram psixotrop maddə metamfetamin, eləcə də bir ədəd tərəzi, bir ədəd qayçı, bir ədəd yapışdırıcı lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 1028,46 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 244,011 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 69,85 qram olan psixotrop maddə metamfetamin, bir ədəd tərəzi, bir ədəd qayçı, bir ədəd yapışdırıcı lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza xərcinin dəyərini təşkil edən 208 (iki yüz səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1441/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1441/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver