Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1442/2023 22.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 27 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 29 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin yanvar ayının ortalarında naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında sonuncunun gizlətldiyi yerdən külli miqdarda, yəni 3,860 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda, yəni 21,010 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, psixotrop maddəni üzərində, narkotik vasitəni isə yaşadığı ünvanda saxlamış, 27 yanvar 2023-cü il tarixdə saat 18:00-da Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, ev 2/148 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,860 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürüldükdən sonra 27 yanvar 2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı ünvan 1 ünvanına keçirilən baxış və götürmə zamanı mənzildə zirzəmidən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 21,010 qram olan kustar üsula hazırlanmış külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapsa da, şəxsin həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. O, ifadəsində göstərdi ki, həmin gün yaşadığı evdən çıxıb dükana getmiş, «Xırdalan» dairəsində marketdə olarkən polis işçiləri onu saxlamışlar. Daha sonra onu evə gətirmişlər və yaşadığı evdən heroin və tərəzi aşkar olunmuşdur. Üzərinə baxsalar da, heç nə aşkar olunmamışdır. Daha sonra polislər onu maşında saxlayıb özləri yenidən evə qalxmış, bu zaman o, maşında qalmışdır. İttihamda qeyd olunan narkotiklərin hamısı ona aid deyildir. Onda cəmi 6 qram narkotik vasitə olmuş, qalan narkotiklərdən isə onun məlumatı yoxdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, onu axşam tərəfi saat təxminən 5-ə işləmiş saxlamışlar, dəqiq tarix yadında deyildir. Onda qeyd olunan çəkidə narkotik olmamışdır, onu Baş idarədə döyüb özünə aid olmayan narkotiki boynuna qoymuşlar. O, imza etmədiyinə görə polis işçiləri onu döymüşlər. Özü vərəm xəstəliyindən əziyyət çəkir. Müstəntiqin yazdıqlarını oxumadan imza etmişdir. Narkotikin çəkisi ilə bağlı yazılanlarla razı deyildir. Onun iranlı kimi tanıdığı şəxslə narkotik gətirməsi ilə bağlı yazışmaları olmuşdur. Onun başqa şəxslərlə yazışmaları olmamışdır. Özü latın qrafikası ilə yazıb oxumağı bacarır. Saxlanıldıqdan sonra polis işçiləri onu maşına mindirib Baş idarəyə aparmış və tutulandan saat yarım sonra çəkiliş etmişlər. Aşkar olunmuş narkotik vasitəni onun yanında tərəziyə qoyub çəkmişlər. O da, tərtib olunmuş sənədlərə imza etmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2012-ci il tarixdə Nizami rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına, 2022-ci il tarixdə Binəqədi rayon məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 5 ildir ki, müxtəlif narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. 2-3 ay əvvəl sosial şəbəkədə təsadüfən İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Məhəmməd” adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı o, özünün küllü miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olduğunu və ucuz qiymətə ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sata biləcəyini, Bakı şəhərinin istənilən ünvanına narkotik vasitə və psixotrop maddə gətirib çatdıra biləcəyini söyləmişdir. Həmin vaxtlar özünün də maddi vəziyəti pis olmuş, buna görə də narkotik və psixotrop maddə almaq qərarına gəlmişdipr. “Məhəmməd” adlı şəxsdən ucuz qiymətə psixotrop maddə və narkotik vasitə alıb şəxsi istifadəsi üçün istifadə etməyi fikirləşmişdir. Bu səbəblə təxminən 2023-cü il ilin yanvar ayının təxminən 10-12 tarixlərində “Məhəmməd” adlı şəxslə danışaraq onun bank hesabına 300 manat pul göndərmişdir. xx.xx.2023-ci il tarixdə axşam saatlarında “Məhəmməd” adlı şəxs telefonuna şəkil göndərmiş və həmin şəkildə olan yerdə narkotik və psixotrop maddə olduğunu bildirmişdir. Məhəmmədin dediyi yerə getmiş, oradan narkotik vasitə və psixotrop maddələri tapmış, onları yaşadığı evə aparmış və gizlətmişdir. Narkotik və psixotrop maddələri şəxsi ehtiyacı üçün istifadə etməyə başlamışdır. Narkotik vasitəni yaşadığı evin zirzəmisində gizlətmişdir. Psixotrop maddə metamfetamini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, ev2/148 ünvanın qarşısında olan zaman əvvələr tanımadığı mülki geyimdə 2 şəxs ona yaxınlşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Bu zaman nə səbəbə saxlanıldığını soruşduqda, onlar ona izah etmişlər ki, onun narkotik vasitələrin istifadəsində və üzərində saxlamağı barədə məlumat var. Baş idarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqları izah edildikdən sonra müdafiəçi təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir, baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümü masanın üzərinə qoymuş və psixotrop maddə hesab olunan metamfetamin olduğunu bildirmişdir. Daha sonra əynində olan şalvarın sol yan cibində 1 ədəd "Samsung” markalı içərisində ***-***-**-** simkart nömrəsi olan, “Redmi” markalı mobil telefonu içərisində ***-***-**-** simkart nömrəsi olan, 1 ədəd üzərində 4169-7388- 26xx-xx-6466 nömrəsi olan plastik kartı, 2 ədəd 100 manat nəğd pul, 1 ədəd açarı masanın üzərinə qoymuşdur. Açar və pul vəsaiti ona geri qaytarılmışdır. Daha sonra üzərindən aşkar olunan psixotrop maddə metamfetamin qablaşdırılaraq şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və doğruluğunu imzası ilə təstiq etmişdir. Sorğusual zamanı yaşadığı evin zirzəmisində Məhəmməd adlı şəxsdən aldığı narkotik vasitə heroini gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evin zirzəmisində gizlətdiyi heroini təqdim etmiş və qablaşdırılıb götürülmüşdür. Məhəmməd adlı şəxsdən aldığı heroin evinin zirzəmisində siqaret qutusunun içərisində gizlətmişdir (cild 1, iş vərəqi 62-65). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs Məhəmmədin üzünü görməsə də, onu sosial şəbəkədən tanıdığını, onun kartına 300 manat pul köçürdüyünü, narkotik vasitəni öz istifadəsi üçün aldığını, yaşadığı evdəki narkotik vasitənin siyirmədə olduğunu və evində ümumiyyətlə zirzəmi olmadığını, elan olunmuş ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X3 ifadəsində göstərdi ki, Baş idarəyə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs barədə məlumat daxil olmuşdur. Bununla bağlı rəhbərliyin razılığı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkii Şahid2 daxil olduğu əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri keçirilmişdir. Bu məqsədlə 27 yanvar 2023-cü il tarixdə saat 17:45 radələrində Binəqədi qəsəbəsi, Mədən 1, ev 2/148 ünvanının yaxınlığına gəlmişlər. Saat 18:00 radələrində həmin ünvanın qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşmışlar və özlərini polis əməkdaşları kimi təqdim edərək, şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı şübhəli şəxsin hüquqlarını müdafiə etmək üçün vəkil etmiş, şəxsə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümü çıxarıb təqdim etmiş, onun üzərinə baxış zamanı isə 2 ədəd mobil telefon, 1 ədəd açar, 2 ədəd 100 manatlıq pul əskinasları və 1 edəd plastik bank kartı aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində ağ rəngli kristall şəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, İran vətəndaşı kimi tanıdığı Məhəmməd adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 300 manata əldə etdiyini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, heç bir pul qarşılığı olmadan tanışlarına istifadələri üçün narkotik vasitə verdiyini, yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd polietilen büküm zərfə qoyularaq qablaşdırılmış, 2 ədəd mobil telefon və 1 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülmüş, 1 ədəd açar, 2 ədəd 100 manatlıq pul əskinasları isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri şübhəli şəxs və vəkillə birlikdə şəxsin yaşadığı Binəqədi qəsəbəsi, Mədən 1, ev 2/148, mənzil 1 ünvanına getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin evin qonaq otağında sol tərəfində olan zirzəmi otağa keçərək masanın üzərində olan siqaret qutusunu açıb içərisində olan 1 ədəd polietilen bükümü və 1 ədəd üzəri “R” hərfi yazılmış elektron tərəzini təqdim etmişdir. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü də İran vətəndaşı Məhəmməd adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 300 manata əldə etdiyini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, pul qarşılığı olmadan tanışlarına istifadələri üçün narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və 1 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşıdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və hamı tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Baş idarəyə gətirilərək üzərində şəxsi axtarış və daha sonra yaşadığı evə baxış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı X1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 ədəd mobil telefon, 1 ədəd açar, 1 ədəd plastik bank kartı, 2 ədəd 100 manatlıq pul əskinasları aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen büküm açılmış, içərisində kristalik maddə olduğu müəyyən olunmuşdur. Həmin maddə çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş və çəkisinin 5 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün 4 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Məhəmməd” adlı şəxsdən 300 manata Nizami rayonu ərazisində əldə etdiyini, bir neçə dəfə tanışlarına hədiyyə olaraq verdiyini və yaşadığı evdə də narkotik vasitə gizlətdiyini bildirmişdir (cild 1, iş vərəqi 28-29). Cinayət işinin materiallarına əlavə edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı iştirakçılar evə daxil olduqdan sonra qonaq otaqından evin digər zirzəmi otağına daxil olmuşlar. Həmin otaqda Təqsirləndirilən şəxs masanın üzərində olan siqaret qutusunun içərisindəki 1 ədəd polietilen bükümdə açıq qəhvəyi rəngli maddə olan bükümü və elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin polietilen bükümə baxış keçirilməsi üçün içtirakçılar evin qonaq otaqına keçmiş və orada təhqiqatçı tərəfindən büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Həmin maddə elektron tərəzinin üzərinə qoyularaq çəkisi ölçülmüş və 23 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş büküm və elektron tərəzi ağ zərfə qoyularaq qablaşdırılmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə hesab olunan heron olduğunu, şəxsi istifadəsi üçün 4 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Məhəmməd” adiı şəxsdən 300 manat qarşılığında Nizami rayonu ərazisində əldə etdiyini, bir neçə dəfə tanışlarına hədiyyə olaraq verdiyini bildirmişdir (cild 1, iş vərəqi 32-33). Məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2023-cü ii tarixli 6/508 saylı rəyindən görünür ki, «Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li» dairəvi möhür əksi olan paketdəki tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim olunmuş..» yazısı və imzalar olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,860 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsuila hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs yaşadığı ünvandan..» yazısı və imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 21,010 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsula hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini, bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasım müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in l siyahısına daxildilər (cild 1, iş vərəqi 43-48). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2006 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 171-172). «Respublika Psixiatriya Xəstəxanası» X11 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 170). Cinayət işin əlavə edilmiş baxış protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı, həmçinin yaşadığı evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 2 ədəd DVD diskə baxış zamanı videogörüntülərin protokollarda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 71-75). Cinayət işində olan məlumatlara baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, müəyyən edilmidir ki, müxtəlif abunəçilər müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə SMS göndərməklə narkotik vasitələr sifariş vermişlər (cild 1, iş vərəq 129-146). Cinayət işinin materiallarına əlavə edilmiş məlumatlara baxış keçirilməsi haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, müəyyən edilmidir ki, müxtəlif abunəçilər müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** nömrəsinə SMS göndərməklə narkotik vasitələr və psixotrop maddələr sifariş vermişlər (cild 1, iş vərəqi 148-164). İbtidai istintaq orqanının 10 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 3,860 qram çəkidə və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 3,760 qram çəkidə psixotrop maddə metamfetamin, yaşadığı mənzildən aşkar edilib götürülmüş 21,010 qram çəkidə və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 20,910 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 2 (iki) ədəd DVD disk, "xxxx" MMC- dən daxil olmuş 1 ədəd SD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 173-174). Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Hüseyn Həbibli adlı bir nəfər azyaşlı uşağı vardır (cild 1, iş vərəqi 166). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəşəri, Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə xx.xx.2013-cü il tarixli “Amnistiya” Qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 112-113). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli 21-1-3-27689-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm icraya daxil olduqdan sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığına və barəsində axtarış elan edildiyinə görə, sonuncu cəzasını çəkməmişdir. xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 2 il 11 ay 24 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü qismən təqsirli bilərək, həmin gün yaşadığı evdən çıxıb «Xırdalan» dairəsindəki marketdə olarkən polis işçilərinin onu saxladıqlarını, daha sonra onu evə gətirərək yaşadığı evdən heroin və tərəzi aşkar olunduğunu, üzərinə baxsalar da, heç nə aşkar olunmadığını, daha sonra polislərin onu maşında saxlayıb özlərinin yenidən evə qalxdıqlarını, bu zaman onun maşında qaldığını, ittihamda qeyd olunan narkotiklərin hamısının ona aid olmadığını, onda cəmi 6 qram narkotik vasitə olduğunu, qalan narkotiklərdən isə onun məlumatı olmadığını, onu Baş idarədə döyüb özünə aid olmayan narkotiki boynuna qoyduqlarını, o, imza etmədiyinə görə polis işçilərinin onu döydüyünü, müstəntiqin yazdıqlarını oxumadan imzaladığını, onun iranlı kimi tanıdığı şəxslə narkotik gətirməsi ilə bağlı yazışmalarının olduğunu, başqa şəxslərlə isə bu barədə yazışmalarının olmadığını bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri Məhəmməd kimi tanıdığı İran vətəndaşından özünün şəxsi istifadəsi və tanıdığı şəxslərə pul qarşılığı olmadan istifadə etmələri üçün vermək məqsədilə əldə edib üzərində və yaşadığı mənzildə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə, evinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə dair "xxxx" MMC tərəfindən və ***-***-**- ** nömrəsinə dair "xxxx" MMC-dən daxil olan məlumatlara baxış zamanı müəyyən edilmidir ki, müxtəlif abunəçilər müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs məxsus həmin nömrəsinə SMS göndərməklə narkotik vasitələr sifariş vermişlər və iş materiallarında bununla bağlı kifayət qədər yazışmalar mövcuddur. Bu isə, təqsirləndirilən şəxsin başqa şəxslərlə narkotik vasitələrin alqısatqısına dair yazışmalar aparmaması barədə gətirdiyi dəlilin təkzib olunduğunu göstərir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Baş idarədə onun döyülməsi və özünə aid olmayan narkotikin boynuna qoyulması, sənədlərə imza etmədiyinə görə polis işçilərinin onu döyməsi barədə gətirdiyi dəlil də yoxlanılmış, həmin hal da təsdiqini tapmamışdır. Belə ki, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına sorğu edilərək Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surəti götürülmüşdür. Qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilərkən ilkin tibbi müayinə zamanı onun bədənində zədə və xəsarət izləri müşahidə olunmamışdır. Cinayət işinə əlavə olunmuş 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən, sonuncu ibtidai istintaq tərəfindən ona elan edilmiş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmişdir. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 1549-xid-23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün polis işçiləri tərəfindən döyülməsi və fiziki təzyiqlərə məruz qalması nəticəsində ittihamda qeyd olunan bütün narkotik və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etməsi barədə bildirdiklərini onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri tanıdığı ayrı-ayrı şəxslərə vermək və həm də şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsilə İran vətəndaşı kimi tanıdığı Məhəmməd adlı şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini və xırda bükümlərə çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə əməlini düzgün tövsif emişdir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq olunmuş bütün sübutları təhlil edib qiymətləndirərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edərkən istintaq orqanı yalnış nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddə ilə verilmiş ittihama görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2023-cü ilin yanvar ayının ortalarında naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında sonuncunun gizlətldiyi yerdən külli miqdarda - 3,860 qram çəkidə psixotrop maddə metamfetamin və külli miqdarda - 21,010 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 27 yanvar 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin psixotrop maddə onun üzərindən, narkotik vasitə heroin isə yaşadığı evdən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsə verilmiş həmin ittihamla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Belə ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi, cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti öz səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də həmin Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə, əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, Ruslan Həbibovun istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut mövcud deyildir, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi şəxsə ittihamın verilməsi əsassızdır. Cinayət işinin materialları ilə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən gizlədilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edərək üzərində və yaşadığı mənzilə daşımaqla saxlaması qeyd edilmişdir. Göründüyü kimi, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı ilə bağlı, həmçinin satış məqsədi ilə bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut mövcud olmamış və istintaq orqanı bu hallara düzgün qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədilə əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən külli miqdarda, yəni 3,860 qram çəkidə bir bükümdə psixotrop maddə metamfetamini və külli miqdarda, yəni 21,010 qram çəkidə bir bükümdə narkotik vasitə heroini, həmçinin 1 ədəd elektron tərəzini qanunsuz əldə etməklə saxlamış, 27 yanvar 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, ev 2/148 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 3,860 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, həmin tarixdə saat 21:30 radələrində əməliyyat tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanına keçirilən baxış və götürmə zamanı mənzildə zirzəmidən siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 21,010 qram olan kustar üsula hazırlanmış külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək belə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından, həmin maddə ilə ona verilmiş ittiham ümumi ittihamdan çıxarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunsa da, həmin cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirmə yolu ilə qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 27 yanvar 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2006 №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,760 qram çəkidə psixotrop maddə metamfetamin və yaşadığı mənzildən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 20,910 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə, evə baxış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 2 ədəd DVD, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 54 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 2 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 1 il 5 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirilmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs elan olunmuş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham çıxarılsın. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,760 qram çəkidə psixotrop maddə metamfetamin və yaşadığı mənzildən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 20,910 çəkidə narkotik vasitə heroin, həmçinin bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və mənzilinə baxış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı iki ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd və "xxxx" MMC-dən daxil olmuş bir ədəd SD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 324 (üç yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1442/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1442/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver