Məhkəmə qərarları › İş №1(101)-1443/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1443/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1443/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 07 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,957 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib 4 ədəd bükümə bölərək üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə saat 20:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4Mİ-yə gətirilmiş və orada həmin tarixdə saat 21:46-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qram, 2,502 qram, 1,349 qram və 2,616 qram olmaqla ümumi təmiz çəkisi 6,957 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 ildir “şüşə” və ya “patı” kimi tanıdığı metamfetamindən, arabir isə “ot" və ya “nəşə” kimi tanıdığı qurudulmuş marixuanadan istifadə edir. 28 mart 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək, üzərində “Patı” kimi bildiyi psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “Patı” kimi bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirib, qara rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 4 ədəd sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda həmin sellofan paketlərin içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar olunmuş 4 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində keçirilən şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol onun və iştirakçılar tərəfindən imzalandıqdan sonra, idarə etdiyi “Chevrolet Cruze” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı, idarə etdiyi avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlamadığını bildirmiş və avtomobili baxışa təqdim etmişdir. Avtomobilə baxış zamanı narkotik vasitələr və qanunsuz digər əşyalar aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan, üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 28 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bərədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 28 mart 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində “Chevrolet Cruze” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonuncu da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və yanında durduğu “Chevrolet Cruze” markalı avtomobilin onun istifadəsində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş və barəsində qəbul edilmiş qərarla tanış edilərək avtomobili ilə birlikdə DİN-in BMCMİ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “Patı” adı ilə bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirib, qara rəngli cins şalvarın ciblərindən 04 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd sellofan büküm açıldıqda həmin sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanıdığı, sonradan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı “Kəbleyi” adlı şəxsdən elektron qaydada pulunu əvvəlcədən ödəyərək 100 manata aldığını, həmin psixotrop maddələri “Kəbleyi” adlı şəxsin ona bildirdiyi yerdən 28 mart 2022-ci il tarixdə təxminən saat 16:00-17:00 radələrində götürdüyünü, şəxsi istifadəsi məqsədi ilə psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə təqdim etmiş və Baş İdarənin qarajında həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanıdindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 29 mart 2022-ci il tarixli 6/1690 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qr., 2,502 qr., 1,349 qr., 2,616 qr., ümumi təmiz çəkisi 6,957 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi: 6,957 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq: 6,857 qram (1-ci cild iş vərəqi 47-52). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 25 iyun 2022-ci il tarixli 3497 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 172-173). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, 28 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 20:00-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Chevrolet Cruze” markalı **-PF-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobil ilə birlikdə BMCMİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman qara rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd sellofan bükümü təqdim etmişdir. Təqdim edilmiş 04 ədəd sellofan bükümün içindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 29-30). İşdə olan maddi sübut hesab edilməsi haqqında 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,857 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 121-122). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 5(004)- 323/2022 nömrəli qərarından görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 28 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (1-ci cild iş vərəqi 129). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMCdən götürülmüş və 01 ədəd CD diskdə təqdim edilmiş məlumatlardan görünür ki, (055) ***- **-** və (055) ***-**-** mobil telefon nömrələrinin hər ikisi Təqsirləndirilən şəxs istifadəsində olmuş və ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx-xx-2022, 03:04:58, **********84 - **********04 Emi dedim 2 gun qabağ sene ki qitig olacag yoxdu ee tema; xx-xx-2022, 01:18:08, **********84 - **********27 Ferli bir wey deyildi qaqaw neyi var yaw idi; xx-xx-2022, 19:48:35, **********87 - **********84 Qaqas torpağdan 3 masın. 1 maşında daş.qaqaşi mene bir söz dede; xx-xx-2022, 12:55:13, **********04 - **********84 Qaqaw patide qoy menim üçün; xx-xx-2022, 01:58:58, **********04 - **********84 3 dene torpağ lazimdi; xx-xx-2022, 21:09:04, **********00 - **********84 Tebi varundu; xx-xx-2022, 23:43:41,**********87 - **********84 Qaqaş ne xeber cammat meni gozduyur tebi məhsuldan 1 dene puluynan duzub qoşmaq olar birde mene xeber elede uşaqlara ne deyim haçana; xx-xx-2022, 14:54:44, **********87 - **********84 Salam qaqas amanet lazmdi ozumdede hecne yoxdu isdeyirsen amanet ver yerbeyir eleyim gozdeyir axi meni eve zeng elyecek biyabrcliq olacag; xx-xx-2022, 00:08:15, **********29 - **********84 Gaga nagdi 4dene lazimdi; xx-xx-2022, 01:33:47, **********27 - **********84 Salam necesen mene glim 2gram pati gutrum; xx-xx-2022, 22:42:08, **********04 - **********84 Qaqaw mene 10-dene torpaq 1-pa verersen; xx-xx-2022, 22:44:58, **********04 - **********84 Qaqaw p-ni 2-dene. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx-xx-2022, 00:06:51, **********29 - **********84 Gagaw daw lazimdi; xx-xx-2022, 12:17:16, **********51 - **********84 Eli uwag gelir uc gaset gola lazimdi; xx-xx-2022, 16:33:35, **********36 - **********84 3 dana ela kolani yaxsi qaqas; xx-xx-2022, 17:13:44, **********36 - **********84 əqaqas gelem 2 dan duzalt; xx-xx-2022, 17:15:31, **********36 - **********84 05 fanta; xx-xx-2022, 23:35:34, **********36 - **********84 o qardasva basa salki neşe ucun yiqib viuqar sene seryoznu camahat menden neşe gözdeyir...100 qr temasi gedir ona göre ...qaqaş nece eliyek; xx-xx-2022, 23:38:35, **********36 - **********84 elnur niye bela eleyirsen taksi de gözdetirem seni tuda suda zakaz vermisem gözdeyiremde gözdemesem yiqmaramkL.purosta sen ol varyoxna nelet 100 qr alacaqlar seye baxib elden cixmasin ay yetim; xx-xx-2022, 09:01:45, **********04 - **********84 Qaqaw imkan varsa 3-denemi getir qutardi isteyen var; xx-xx-2022, 02:05:02, **********18 - **********84 Elnurcik Salam, Kamadi. Mehle Tereflerdesen?X3 Lazimdiye; xx-xx-2022, 18:20:18, **********36 - **********84 2 dana ayri 1 dana ayri imkan olsa 2 danada yari 05 ela; xx-xx-2022, 06:40:25, **********65 - **********84 Qaqaw menen aydin qara koyney ag koyney lazimdi; xx-xx-2022, 16:00:06, **********65 - **********84 Daw 1 dene ele; xx-xx-2022, 20:12:43, **********04 - **********84 İsami qara koney isdiyrdi dedim yoxudu pul vursun sora gedecey yaxwi; xx-xx-2022, 05:27:56, **********18 - **********84 Brat günel aqrdadı elvin gelır bize bırez kola vere bılersen getir İşdə olan qərardan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 147- 148). İşdə olan şübhəli şəxsin tutulması haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 17-18). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 107-111). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıması və saxlaması özünün səmimi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcı tutulduğu 28 mart 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 6,857 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,857 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntüləriin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar