Məhkəmə qərarları › İş №1(101)-1444/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1444/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1444/2025 30.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, natamam orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 27,114 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 17:21-də Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən dairəsinin yaxınlığında idarə etdiyi “Khazar” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 19:14-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 27,114 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi, ayrı-ayrılıqda təmiz çəkiləri 13,223 qram və 13,891 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərin içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Mart ayının təxminən 2-si, 3-ü günorta vaxtı, “Xəzər” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xızı rayonundan gələndə “Ekologiya postu”, yəni Xocasən dairəsində 3-4 nəfər yol polisləri tərəfindən saxlanılmış, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Saxlanılan zaman avtomobildə və onun üstündə narkotik vasitə olmamışdır. Aşkarlanan narkotik vasitələrin ona heç bir aidiyyəti olmamışdır. sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində 2 gün saxlanıldıqdan sonra Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O, saxlanıldığı gün Sumqayıt şəhərində olmamış, heç kim də ona Sumqayıt şəhərindən narkotik vasitə götürməklə bağlı heçnə deməmişdir. Əvvəllər bir dəfə narkotik vasitələrin “patı, kola” növündən istifadə etdiyi üçün məhkumluğu olmuş, lakin bu dəfə heç özü də saxlanılmasının səbəbini bilməmişdir. Taksi sürücüsü olduğu üçün istifadəsində olan mobil telefona zənglər çox gəlmiş, aşkarlanan yazışmalar hamısı əvvəlki məhkumluğu ilə bağlı yazışmalar olmuşdur. Həmin yazışmalar onun narkotik vasitələrdən almaq imkanının olduğu üçün kiminsə ondan narkotik vasitələr istəməsi barədə olmuşdur. Ondan narkotik vasitələri istəyənlərə ona bu barədə zəng etməmələrini bildirmişdir. 2025-ci ilin yanvar ayından sonra narkotiklə bağlı yazışması olmamış, hec kim ondan narkotik vasitə tələb etməmiş, heç kimə qiymət deməmiş və pul formasında xeyir götürməmişdir. İstifadə məqsədi ilə aldığı narkotik vasitələri “Kubinka” tərəfdən 10, 20 manat qarşılığında almışdır. İbtidai istintaq dövründə 2 dəfə ifadə vermiş, həmin vaxt ona təzyiq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 03 mart 2025-ci il tarixdə, saat 17:30 radələrində Binəqədi rayonu, Xocasən dairəsi yaxınlığında, Təqsirləndirilən şəxs məxsus “Xəzər” markalı avtomobilin yaxınında saxlayıb idarəyə dəvət etmişlər. Üzərinə baxış keçirilən zaman 2 büküm metamfetamin aşkarlanmış, sorğu zamanı öz istifadəsi üçün İran vətəndaşından aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbirləri əsasında satışın təsdiq olunmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid1, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs saxlanılan zaman özlərini təqdim edərək saxlamalarının səbəbini izah etmişlər. Saxlanılan yerdə maşınların sıx hərəkət etdiyinə və səs-küy olduğuna görə şərait əlverişsiz olmuş, şəxsin üzərinə baxış keçirmək mümkün olmamış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib vəkilin iştirakı ilə həm üzərinə, həm də nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman şəxsin üzərindən 2 büküm, çəkisi təxminən 20 qramdan çox olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı həmin maddələri İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün pul müqabilində sosial şəbəkə vasitəsi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 3 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Baş İdarənin rəhbərliyinə məruzə olunduqdan sonra Xocasən dairəsi yaxınlığında, Xəzər markalı maşının yanında Təqsirləndirilən şəxs saxlamışlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları olduqlarını bildirmişlər. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, nəqliyyat vasitələrin davamlı hərəkətinə görə yerində çəkiliş aparılması mümkün olmamış və onlar Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Baş idarədə təhqiqatçının iştirakı ilə video kamera vasitəsilə çəkiliş aparılmış və şəxs üzərində olan 2 büküm narkotik vasitəni təqdim etmişdir. Şəxs sorğu zamanı narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Çəkilişdən sonra narkotik vasitələr qablaşdırıb möhürlənərək ekspertizaya təqdim edilmişdir. Şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 19) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək 03 mart 2025-ci il tarixdə, saat 17:21-də tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,(cild 1, iş vərəqə 27-29) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 mart 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:21-də Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən dairəsinin yaxınlığında idarə etdiyi “Khazar” markalı, **-AD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üstündə “patı” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd sellofan bükümü və 01 ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd avtomobil açarını, şalvarının sağ yan cibindən 01 ədəd pul qabını, gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd gümüşü rəngli kağız bükümə baxış zamanı isə içərisindən heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd pul qabına baxış zamanı içərisində 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd bank kartı, 1 manat, 5 dirhəm, 20 lira və 100 rupi pul vəsaiti olması müəyyən edilmişdir. 01 ədəd siqaret qutusuna baxış zamanı içərisində 03 ədəd siqaret olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 02 ədəd bank kartı götürülmüşdür. 01 ədəd siqaret qutusu, 01 ədəd pul qabı, 1 manat, 5 dirhəm, 20 lira, 100 rupi pul vəsaiti və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddəni 03 mart 2025-ci il tarixdə Xızı rayonundan gələrkən Sumqayıt şəhəri yaxınlığından tanımadığı İran vətəndaşının ona gönərdiyi məkandan şəxsi istifadəsi üçün əldə etdiyini, bunun müqabilində ona 200 manat ödəyəcəyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, üstündə olmasından heç kimin məlumatının olmadığını əvvəllər də həmin maddədən istifadə etdiyini bildirmişdir. Baxış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 32-34) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının dayanacağında Təqsirləndirilən şəxs öz razılığı və iştirakı ilə onun istifadəsində olmuş “Khazar” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/942 nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 46-50) tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfi açdıqda içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,223 qram və 13,891 qram, ümumi təmiz çəkisi 27,114 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 27,114 qram olan metamfetaminin 0,200 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 26,914 qram olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 73-74) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 276/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 102-106) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmışdır. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 108) Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edə biləcək hal aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,(cild 1, iş vərəqə 120-121) Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək həbs edilmiş, xx.xx.2017ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 gün müddət ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 131-134) ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də Təqsirləndirilən şəxs öz adına qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən 13 fevral 2024-cü il tarixdə saat 01:41-də “Kami salam. Menem Kama. Narahat eliyirem seni de. Veziyyetim cox pisdi, hec olmasa 10 luq bir sey vere bilersen mene?” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 16 mart 2024-cü il tarixdə saat 16:10-da “Qaqaş 50 manat pul var imkan olsa onu yaxçı qoyarsan ki çoxuq tez çıx” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 31 mart 2024-cü il tarixdə saat 11:15-də “29 manat duzeltmisem evden yalvar yaxarnan almişam kamuş bidene meni yola sal başıva dönerem” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** mobil nömrəyə 01 aprel 2024-cü il tarixdə saat 21:10da “Qaqash bidene butov lazimdi” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 02 aprel 2024-cü il tarixdə saat 20:20-də “Menem umud 50 m pulum var” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 07 may 2024cü il tarixdə saat 13:31-də “Qardawim 33 X10?” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 18 iyun 2024cü il tarixdə saat 20:29-da “X11 X4 X12 X9 Gedirem” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 23 iyul 2024-cü il tarixdə saat 01:00-da “ay qaqa men lomkadayam nefes ala bilmirem qaqa sen bele demedin axi dedin axwam caqi gel gotur indi niye saxladin sabaha nolar qaqa imkan ele gelim goturum de qaqa bir cavabde gozuyurem” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 24 iyul 2024-cü il tarixdə saat 04:12-də “Kamran kanal var mal qötirmey olar pul var” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 24 iyul 2024-cü il tarixdə saat 23:51-də “ay kamran he uje men senen pirablem yawiyaciq sen bu gunen 3 gundu ki 3 oğlan lomkadadi senin hec vecvede deyil sebiri ol gelem size pulu goturmeye” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 10 sentyabr 2024-cü il tarixdə saat 13:05-də “Kamus 10 mat varmdi birez das verersen cekmeye” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 30 oktyabr 2024-cü il tarixdə saat 22:38-də “ele bil her gun senen nese isdemsem yeke oğlansan 20 manat verim mene bitke nese ver toydan cixmiwam qardasimsan saba evezin cixacam sen ol” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 27 noyabr 2024-cü il tarixdə saat 07:37-də “Qaqaş catiram mehleye iyrim manat pul var biden de cekilmeli neşe vererem cekib baxarsan” məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2025-ci il tarixdə saat 03:01-03:18 aralığında “Qaqas menem kamaldi brat 40 manat pul duzeldi usaq gelib yanima qardasimsan meni tez yola sal da karti yaz atim karta; Qaqas vezyetim yaxci deyil uşaqda telesir kart i de atim yola sal da bizi; Karı yazda qaqas atim pulu sene” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 135-136) ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMC-də X1 (şəxsiyyət vəsiqəsi : AZE 19103888; ünvan : ünvan 3yən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə istifadəçisi istintaqa məlum olmayan 077- ***-**-** saylı mobil nömrədən 09 fevral 2024-cü il tarixdə saat 19:53-də “Yetim 10 manatm var ölem” (oxunuşu: Yetim 10 manatım var, ölürəm) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 13 aprel 2024-cü il tarixdə saat 19:59-da “Qaqaw 20 man pulum var kelsem alınar ? Alinarsa vzv ver men bilim.Elwen.” (oxunuşu: Qaqaş 20 manat pulum var, gəlsəm alınar? Alınarsa vızıv ver mən bilim. Elşən.) məzmunlu, buna cavab olaraq ***- ***-**-** mobil nömrədən istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrəyə 13 aprel 2024-cü il tarixdə saat 20:04-də “Elwen birinci axrinci defe olsun mesajda bele wey yazırsan sil sen etaxa mesaji yox alinmir” (oxunuşu: Elşən, birinci axırıncı dəfə olsun mesajda belə şey yazırsan, sil sən ətağa mesajı, yox alınmır) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə 06 may 2024-cü il tarixdə saat 13:31-də “Qaqas 60 manata ne qeder düz qos elemek olar.” (oxunuşu: Qaqaş 60 manata nə qədər düz-qoş eləmək olar?) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 14 oktyabr 2024-cü il tarixdə saat 17:33-də ‘Qaqaş burdayam mehlevizde qapı tərəfdə 30 manat pul var agriyiram çıx məni yola sal da” (oxunuşu: Qaqaş buradayam, məhlənizdə qapı tərəfdə, 30 manat pul var, ağrıyıram, çıx məni yola sal da) məzmunlu, İstifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 27 oktyabr 2024-cü il tarixdə saat 00:13-də “Ay qaqaş bel cetindi telefonu acmaq gotur cavab verde olmadki agrayırq” (oxunuşu: Ay qaqaş, belə çətindi telefonu açmaq? Götür cavab ver də, olmadı ki, ağrıyırıq) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 15 yanvar 2025-ci il tarixdə saat 11:38-də “Kami qucnen 20 manat duzeltmisem inan cor vezziyet nedide” (oxunuşu Kami güclə 20 manat düzəltmişəm, inan gör vəziyyət nədir də) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 22 yanvar 2025-ci il tarixdə saat 01:47də “qaqaw menəm ibiw goturde. qalmiwam pul elimdə buralarda” (oxunuşu: Qaqaş mənəm İbiş, götür də, qalmışam pul əlimdə buralarda) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 14 fevral 2025-ci il tarixdə saat 18:41-də “50 manat varimdi brat nece əliyim..Mehlə tərəfdəyəm tələsirəm gedmeliyem..” (oxunuşu: 50 manat varımdı brat, necə eləyim?... Məhlə tərəfdəyəm, tələsirəm, getməliyəm) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 14 fevral 2025-ci il tarixdə saat 19:22-də və saat 19:42-də “Ay qaqaw 50 manat pulum var pristupum tutum..Acda telifonu bir kelime qalmiwam mawinda rulun dalinca agriyram.- Whatsappa yazma iwlemir whatsap. Qaqaw olurem men agridan, pul qalib elimde sen cavab vermirsen zenge..Bildimde mehlede deilsen, cavab Verdə bir kelime zengime” (oxunuşu: Ay qaqaş 50 manat pulum var, pristupum tutub... Aç da telefonu bir kəlmə, qalmışam maşında rulun dalında ağrıyıram... Vatsapa yazma, işləmir Vatsap. Qaqaş ölürəm mən ağrıdan, pul qalıb əlimdə, sən cavab vermirsən zəngə... Bildim də məhlədə deyilsən, cavab ver də bir kəlimə zəngimə) məzmunlu, istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 24 fevral 2025-ci il tarixdə saat 11:29-da “Qaqaw 35 man duzeltmiwem bayağdan yigiram acmırsan” (oxunuşu: Qaqaş 35 manat düzəltmişəm, bayaqdan yığıram açmırsan) məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 484/2024 saylı hökmündən görünür ki, (cild 1, iş vərəqə 149-154) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 gün müddət ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 1284 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 160-161) müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş Məhkəmə-Kimyəvi Ekspertizasının xx.xx.2025-ci il tarixli 974/K nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 162-165) Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metadon, tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 119/MEŞ nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 166-169) Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 179-180) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 gün müddət ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Kostitusiya və Suverənlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyəm etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-484/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3cü maddəsinə əsasən həbsdə olduğu 04 gün müddət ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 gün müddət ona təyin edilmiş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmaqla qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverənlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx.xx.2025-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən “azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Belə olan halda məhkəmə hesab edir ki, həmin hökm üzrə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 26,914 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 26,914 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 5 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar