Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1447/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,066 qram narkotik vasitə heroin əldə edib, üstündə daşımaqla saxlamış, onun qanunsuz hərəkətləri barədə Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 24 fevral 2023-cü il tarixdə saat 00:30 dəqiqədə ünvan 2 ünvanda saxlanılıb ünvan 3 İdarəsinin 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 3,066 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və qeyd etdi ki, o, 9 il Fövqəladə Hallar Nazirliyində bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir. Son 2 il ərzində heroindən istifadə etmişdir. Narkotik vasitə olan heroini almaq üçün onlayn qaydada pul ödəmiş, 1 qramına 50 manat vermişdir. Sonuncu dəfə 150 manat pulu satan adamın kartına köçürmüş, həmin şəxs ona ünvan atmış, o, Əhmədli qəsəbəsi ərazisində “Bakı” kinoteatrı yaxınlığında həmin narkotik vasitəni götürmüşdur. Neapol tərəfdə onu 34-cü bölmənin işçiləri saxlayaraq, bölməyə gətirib, üzərinə şəxsi axtarış keçirmişlər və həmin 3 qram heroin üzərindən aşkar olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və psixi təzyiq olmadığını, əməlindən peşman olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Saat təxmini 12, 1-ə işləmiş Sarayevo 12 ünvanı qarşısında mövqelərini seçərək deyilən əlamətlərə görə şəxsə yaxınlaşmışlar. O və digər əməliyyatçı özlərini təqdim edib şəxsi 34-cü polis bölməsinə dəvət etmişlər. Məhəmməd heç bir müqavimət göstərmədən 34-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə telefonla videoçəkiliş olunmuş və Məhəmməd üzərindəki idman şalvarının sağ yan cibindən sellofana bükülmüş 3 qram narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhəmməd narkotik vasitəni tanımadığı İran vətəndaşından öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsi alındıqdan sonra Təqsirləndirilən şəxs həmin şahidin bildirdiklərinin düzgün olmadığını, bölməyə aparılıb üzərinə baxış keçiriləndə tutulanda üstündə narkotik olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu, Neapol küçəsi, ev 22, mənzil 41 qeydiyyatda olan Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və onların qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında narkotik vasitələrin qəbulunda şübhəli bilinərək 34-cü Polis şöbəsinə təmin edilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasını bildirmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1114 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza; Tərtib etdi: Abbasov Fərid-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 3,066 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 38-42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cüil tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung Galaxy A52" markalı mobil telefonda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlumatlar arasında iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir hal müəyyən edilməmişdir (cild 1, iş vərəqi 54). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Neapol küçəsi 22, 41-ci mənzilində yaşayır və qeydiyyatdadır. Yaşadığı müddət ərzində onunla bağlı ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü Polis şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir məlumat edilməmişdir (cild 1, iş vərəqi 97). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarının və SMS-lərin ələ keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 8623 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı mobil telefon nömrələrinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuşdur. Həmin ismarıcların məzmununda cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumatlar əks olunmamışdır (cild 1, iş vərəqi 98-100). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2029 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 109-110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Fərid Abbasov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyriqanuni əşya və ya predmet olub-olmamasını soruşur, əgər varsa könüllü təqdim etməsini təklif edir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olmasını və haradan əldə etməsini soruşduqda, sonuncu cavab olaraq həmin bükümün narkotik vasitə olmasını və tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün əldə etməsini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, lakin başqa əşya, predmet aşkar edilmir. Daha sonra təhqiqatçı Fərid Abbasov tərəfindən şəffaf rəngli bükümə baxış keçirilir və içərisində qəhvəyi rəngli, toz şəkilli maddənin olması müəyyən edilir. Ardınca təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilir, 01 ədəd şəffaf sellofana bükülmüş kütlənin ümumi çəkisinin 3,70 qram olması müəyyən edilir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənir (cild 1, iş vərəqi 116). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 96). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,066 qram heroin, habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,966 qram narkotik vasitə heroin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 118-125, 132). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitənin mənbəsinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 127-128). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verərkən və suallara cavab verərkən törətdiyi əməli səmimi etiraf etmiş, ibtidai istintaq zamanı dindirilərkən ona qarşı heç bir fiziki və psixi təzyiq olmadığını, əməlindən peşman olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Lakin, polis əməkdaşı Şahid1 şahid qismində məhkəmədə dindirildikdən sonra Təqsirləndirilən şəxs, saxlanıldıqdan sonra polis bölməsinə aparılıb üzərinə baxış keçirilərkən onun üstündə narkotik olmadığını qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsini dəyişməsini onun qeyrisəmimiliyinə dəlalət edən hal kimi qiymətləndirir və bu halı onun yeni müdafiə taktikası ilə əlaqələndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan torbaya bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmiş və üzərindən aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar, o cümlədən özü və müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitənin özünə aid olduğunu, onu şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 72-77, 143-146). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,966 qram heroin məhv edilməlidir. Digər maddi sübutlar – təqsirləndirilən şəxsin üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,966 qram heroin məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1447/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1447/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver