Məhkəmə qərarları › İş №1(101)-145/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-145/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-145/2023 13.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,578 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 01 fevral 2022-ci il tarixdə, saat 11:30-da Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 13-cü Polis bölməsinə aparılmış, orada onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi 3,578 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, öz sahəsi üzrə Azərbaycanda ilk beynəlxalq dərəcəli məşqçidir. O, bir müddətdir ki, Bakı Olimpiya Stadionunda tay boksu üzrə məşqçi işləyir. Onun yetirmələri Avropa və dünya çempionlarıdır, dəfələrlə Azərbaycan Respublikasının bayrağını müxtəlif idman yarışlarında yüksəklərə qaldırmışlar. O, əvvəllər bir dəfə məhkum olunsa da, məhkumluq həyatından sonra peşəkar idmanla məşğul olaraq normal həyata dönmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00-08:00 radələrində yaşadığı ünvan 1 ünvanında yatmışdır. O, yatdığı vaxt 10-15 nəfər silahlı polis əməkdaşı onun yaşadığı evin həyətinə basqın edərək evə daxil olmuşlar. Polis əməkdaşları onu yatdığı yerdə oyadıb tutmuşlar. Həmin vaxt onun əynində gecə geyimi olan pijama olmuşdur. Polis əməkdaşları onu qanunsuz şəkildə tutaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparmışlar. Polislər onu evdən pijamada çıxartmışlar. Onlar Polis bölməsinə gedərkən polislər onu yolüstü “Razin” kimi adlanan ərazidə fəaliyyət göstərən avtomobillərin yuyulması üçün nəzərdə tutulmuş bir obyektə salmışlar, evdən anasının pal-paltar gətirməsini tələb etmişlər. Sonra onun anası həmin yuyucu məntəqəsinə gələrək onun paltarlarını gətirmiş, o da orada paltarlarını geyinmişdir. Bundan sonra polislər onu Polis bölməsinə aparmışlar. Polis bölməsinə gedərkən adlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər. Onun əllərinə qandal vurulduğuna görə o, idmançı olsa da polislərin qanunsuz hərəkətlərinin qarşısının ala bilməmişdir. O, bir neçə dəfə polislərdən niyə onu tutduqlarını soruşsa da, əvvəlcə ona cavab verən olmamışdır. Sonradan isə bir polis əməkdaşı ona demişdir ki, “sən xuliqanlıq etmisən, silahdan atəş açmısan, ona görə də sən içəri getməlisən”. O, bu məsələyə aidiyyətinin olmamasını bildirsə də, onun sözlərinə məhəl qoyan olmamışdır. Maşında Polis bölməsinə getdikləri vaxt polislərdən biri onun sağ gözünə güclü zərbə vurmuşdur. Həmin vaxt onun gözləri qaralmış və güclü ağrı hiss etmişdir. Lakin o, heç nə edə bilməmişdir. Polis bölməsinə çatdıqdan sonra onu otaqların birinə aparmışlar və orada əllərini-ayaqlarını, habelə gözlərini skoçla bağlamışlar. O, qışqırsa və qanunsuzluğa son qoyulmasını dəfələrlə xahiş etsə də, polislərdən heç kəs onun sözlərinə məhəl qoymamışdır. Polis bölməsində ona demişlər ki, “sən polisə silah çəkmisən”. O, etiraz edərək bildirmişdir ki, belə bir hadisə olmamışdır. Lakin polislər ona inanmamışlar. Polis bölməsində ondan törədilmiş xuliqanlıqla bağlı heç nə soruşmamışlar. Sadəcə olaraq ona demişlər ki, “sən içəri getməlisən”. Polislər ona demişlər ki, “sənin cibinə narkotik vasitə qoyacayıq, boynuva almalısan, boynuva almasan səni də, ailə üzvlərini daha çox narkotiklə yükləyib içəri göndərəcəyik”. Lakin o, narkotik vasitələrə aidiyyətinin olmamasını və narkotik vasitəni boynuna almayacağını bildirmişdir. Bundan sonra Polis bölməsində ona işgəncə vermişlər, döymüşlər və psixoloji təzyiq göstərərək demişlər ki, “sən boynuva almasan, səni də, ailəni də narkotiklə yükləyib içəri göndərəcəyik”. Bütün bunlardan sonra o, məcbur qalıb polislərin onun cibinə qoyduqları narkotik vasitənin ona məxsus olması və polislərin dedikləri məzmunda ifadə vermişdir. Lakin həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Çünki onun əynində olan paltarları o, yuyulma obyektində olduğu vaxt anası gətirmişdir. Həmin paltarların cibində narkotik vasitə ola bilməzdi. Polis bölməsində ona xəsarət yetirən polis əməkdaşlarının adları Bəxtiyar və Sənan olmuşdur. Lakin həmin polislər ittiham aktında şahid kimi keçməmişlər. Sonra barəsində həbs məsələsinə baxılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə aparmışlar. Orada o, özünü yaxşı hiss etməmiş, döyüldüyündən ağrımış, gözü də şişmişdir. Sanksiyaya baxan hakim bunu görüb ona söz vermişdir ki, məhkəmədə düzgün danışsın. O da məhkəmədə hadisəni olduğu kimi danışmış, yəni səhər saat 07:00-08:00 radələrində evdə yatdığı yerdə tutulduğunu, Polis bölməsinə aparılarkən və Polis bölməsində polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını bildirmişdir. Sonra hakim onun barəsində həbs seçməyərək onu azad etmişdir. O, məhkəmənin inzibati binasından çıxdıqdan sonra orada olan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları yenidən onu tutub qollarına qandal taxaraq Polis bölməsinə aparmışlar. O, polislərə məhkəmənin onun azad etməsini bildirsə də, ona demişlər ki, “səni buraxan deyilik, sən içəri getməlisən”. Polis bölməsində onu təhqiqatçının yanına aparmışlar. Polis bölməsində onu 1 (bir) gün saxladıqdan sonra Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Suraxanı rayon Polis İdarəsində isə guya o, küçədə maskadan istifadə etmədiyinə görə polis əməkdaşları ona yaxınlaşmışlar, o da polislərə kobudluq etdiyinə görə 30 gün inzibati qaydada həbs vermişlər. Halbuki 04 fevral 2022-ci il tarixdə küçədə maska taxmaq tələbi olmamışdır. Polislər bu adla məhkəmənin qərarına qarşı çıxaraq nəyin bahasına olursa-olsun onu tutmuşlar. İnzibati iş də narkotik işi kimi saxta iş olmuşdur. Həmin müddət ərzində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin həbsin seçilməsindən imtina etməsi barədə qərarından prokuror protest vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən prokurorun protesti təmin edilməmişdir. O, bir daha bildirmək istəyir ki, onun ittiham aktında göstərilmiş narkotik vasitəyə heç bir aidiyyəti olmamışdır. Bunun təsdiqi kimi o, bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə iclası təyin edildiyi gün o, məhkəmənin binasına daxil olmaq istədikdə, Sabunçu rayon Polis İdarəsinin mülki geyimdə olan əməkdaşları onu tutub Polis İdarəsinə aparmışlar və orada yenidən onu narkotiklə yükləmək istəmişlər. Lakin o, razılaşmadığından 2 (iki) gün orada saxlanıldıqdan sonra buraxılmışdır. Bütün bunlar ona dəlalət edir ki, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının onunla şəxsi-qərəzliyi var və nəyin bahasına olursa-olsun onu həbs etmək istəyirlər. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin 13-cü Polis bölməsində cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən yaşayış binasının qarşısında naməlum şəxs tərəfindən xuliqanlıq cinayəti törədilməsi ilə bağlı onlara əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığının icrası ilə əlaqədar o, 01 fevral 2022-ci il tarixdə, saat 13:30 radələrində digər polis əməkdaşı Şahid2 ilə birlikdə Həbib adlı şəxsi yaşadığı evin yaxınlığında küçədə saxlayıb Polis bölməsinə dəvət etmişdir. Həbib adlı şəxs özünü qəribə apardığından, sanki onlardan qaçmaq istədiyindən onlarla birlikdə Polis bölməsinə getmək istəməmişdir. Lakin sonra Həbib onlarla razılaşaraq 13-cü Polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində onların saxladıqları Həbib adlı şəxsin 20 yanvar 2022-ci il tarixdə baş vermiş xuliqanlıq hadisəsinə aidiyyətinin olmaması müəyyən edilmişdir. Lakin Həbib özünü şübhəli apardığından orada təhqiqatçı tərəfindən Həbibin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Həbibin üzərindən narkotik vasitə aşkar edilmişdir. O, narkotik vasitənin növünü və çəkisini xatırlamır, lakin Həbibin üzərindən cəmi 1 (bir) ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, ağrıları olduğuna görə həmin vasitədən istifadə etdiyini bildirmişdir. Hadisənin üstündən uzun müddət keçdiyindən o, digər məsələləri xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır. O, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı günün dəqiq tarixini xatırlamır, lakin yanvar ayının sonu və ya fevral ayının əvvəli olduğunu təxmin edir. O, səhər saat 08:00 radələrində Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərinin yaşadığı ünvandan qışqırıq səsləri eşitmişdir. Həmin vaxt o, yaşadığı evin həyətində saxladığı toyuqlara yem atmaq məqsədi ilə oyanmış və həmin vaxt həyətdə olmuşdur. Təqsirləndirilən şəxs evi ilə onun evinin arasında 10 metr məsafə var. O, həyətindən Həbibgilin evləri olan istiqamətə baxdıqda, Həbibi alt paltarında, yəni pijamada və boynundan basılaraq maşına güclə otuzdurulduğunu görmüşdür. Həbibi otuzdurdukları maşın polis maşını olmamışdır. Həmin vaxt Həbibgilin evində təxminən 10-15 nəfər şəxs olmuşdur. Həbib aparıldıqdan sonra o, Həbibin anasından nəyin baş verdiyini soruşmuş, Həbibin anası da ona demişdir ki, “10-15 nəfər polis əməkdaşı gəlib Həbibi yatdığı yerdən götürərək Polis İdarəsinə aparıblar”. Onun baş vermiş hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun narkotik vasitə istifadə etdiyini və satışı ilə məşğul olduğunu görməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı gün, yəni 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00-08:00 radələrində evlərinin qapısı döyülmüşdür. Evlərinin qapısı evin həyətinə açılır və həmin həyətə daxil olmaq üçün əvvəlcə darvazadan keçmək lazımdır. Onlar qalxmışlar, sonra onun əri Qərib Ovçiyev qapıya yaxınlaşmış və qapını döyənin kim olduğunu soruşmuşdur. Həmin adam da demişdir ki, “Bəxtiyardır.” Onun əri qapını açan kimi həmin şəxslər içəri daxil olmuşlar. Lakin o, evə daxil olan şəxslərin sayını dəqiq olaraq xatırlamır. Həmin şəxslər içəri daxil olduqdan sonra Həbibi yerindən dartıb götürmüşlər. Evə baxış keçirilsə də, evdən heç nə aşkar edilməmişdir. Həbibi elə pijamada maşına dartıb aparmışlar. Bu zaman qonşuluqda yaşayanlar bütün bu baş verənlərə şahid olmuşlar. O, Həbibə paltar vermək istəmiş, eləcə də Həbibin ayağında ayaqqabı belə olmamışdır. Polislər ona tez gətirəcəksə paltar gətirməsini demişlər. O da evdən təcili Həbib üçün şalvar, köynək və gödəkçə gətirmişdir. Həmin şəxslər həmin geyimlərin ciblərini yoxlamışlar və heç nə aşkar etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022ci il tarixli Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Tural Hacıyevin müraciətindən (cild 1, iş vərəqə 4) görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş cinayət hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış, xx.xx.2022-ci il tarixdə həmin cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.3 və 228.4-cü maddələrinə tövsif edilmiş və ona görə də həmin hadisəyə aidiyyəti olan şəxslərin müəyyən edilməklə istintaq orqanına təhvil verilməsi ilə bağlı göstəriş verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, başqa cinayətin törədilməsi ilə (220050081 saylı cinayət işi) əlaqədar əməliyyat tapşırığı verilmiş, həmin tapşırığın icrası məqsədi ilə Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında özünü şübhəli apardığına görə 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis bölməsinə aparılmış, sonra onun başqa cinayət işinə (220050081 saylı cinayət işi) aidiyyəti olmadığı müəyyən edilmiş, lakin özünü şübhəli apardığından barəsində araşdırma başlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli xx.xx.2022-ci il, saat 11:30-dan hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin məktubundan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə həmin gün saat 12:30-da tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 13-cü Polis bölməsinə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə saxladığı maddəni çıxarıb təqdim etmiş, təqdim etdiyi maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin maddəni öz istifadəsi üçün Hövsan qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən xx.xx.2022-ci il tarixdə 40 manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/647 nömrəli rəyindən (cild 1, iş vərəqə 38-40) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160 ” dairəvi möhür əksi və “iştirak etdilər: Təqsirləndirilən şəxs- imza; imzalar; təhqiqatçı İ.Əsədov-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 3,578 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 58-59) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-92/2022 saylı qərarından (cild 1, iş vərəqə 89-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bundan başqa, məhkəmə nəzarəti qaydasında məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlilləri bildirərək, yəni xx.xx.2022-ci il tarixdə, saat 11:30-da deyil, 07:00-08:00 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evdə yatdığı vəziyyətdə tutulduğunu, onun üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını, habelə sair hüquqlarının pozulduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 93-95) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 103-106) görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 4(008)- 92/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin məktubundan (cild 1, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə aparılaraq məhkəmənin qərarı ilə 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2 və 326.1-ci maddələri ilə təqsirli bilinmiş, həmin maddələr ilə ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar onun cəzası 5 il 6 aya endirilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə şikayəti üzrə araşdırma aparılmış, araşdırma zamanı o, ekspertizadan keçməkdən imtina etdiyindən və heç kəsə qarşı şikayət/tələbi olmadığından polis əməkdaşları barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 118) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,478 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 1392 saylı rəyindən (cild 1, iş vərəqə 151-152) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 mart 2022-ci il tarixli 13-cü Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 167-176) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 2 (iki) ədəd diskin cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyul 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin məktubundan (cild 2, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu rayon prokurorunun təqdimatı məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin gün saat 12:30-da qapalı məhkəmə iclasında təqdimata baxılaraq təqdimatın rədd edilməsi barədə qərar qəbul edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2022-ci il tarixli Bakı şəhəri Sabunçu rayon prokurorluğunun cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən (cild 2, iş vərəqə 30-47) görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Baş prokurora və digər səlahiyyətli şəxslərə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxsə polis əməkdaşları tərəfindən zorakılıq edildiyini və işgəncəyə məruz qaldığını bildirməklə polis əməkdaşları barəsində araşdırma aparılmasını xahiş etmiş, bu müraciət əsasında araşdırma aparılmış, təqsirləndirilən şəxs və barəsində şikayət edilmiş polis əməkdaşlarının izahatları alınmış, təqsirləndirilən şəxs həmin araşdırma zamanı izahatında heç kəsdən şikayət etmədiyini, habelə ekspertizadan keçməkdən imtina etdiyini bildirmiş, polis əməkdaşları isə təqsirləndirilən şəxsə zorakılıq etmədiklərini bildirmişlər, nəticədə döyülmə və işgəncə ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə AZ seriyalı 008970 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə onun barəsində inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli qərardad çıxarılmış və baxılması üçün müvafiq məhkəməyə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini İnzibati X2 Mərkəzinin cavab məktubundan (cild 2, iş vərəqə 29) görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 30 gün müddətində inzibati həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə həmin mərkəzə təhvil verilmiş, həmin vaxt o, tibbi müayinədən keçmiş və onun sağ gözünün gematoması və sağ çiyninin sıyrıq izləri ilə bağlı xəsarətlər aşkar edilmiş, daha sonra o, xx.xx.2022-ci il tarixdə həmin mərkəzdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 oktyabr 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 71-72) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilməklə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, eləcə də iş üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 49/2-6330/23 cavab məktubundan (cild 2, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə 51654/22 nömrəli axtarış işi açılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 91-92) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-603/2018 saylı qərarından (cild 2, iş vərəqə 62-63) görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, onun barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il azaldılmaqla həmin maddə ilə ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 326.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplanmaqla ona qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən (cild 1, iş vərəqə 153) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Kyokushindo Təşkilatının İİ Vitse-prezidentidir, habelə qara kəmər, İİ dan dərəcəsinə sahibdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş diplomun surətindən (cild 1, iş vərəqə 158) görünür ki, Təqsirləndirilən şəxs Muay Tay idman növünün 2019-cu ildə Azərbaycanda inkişafına göstərdiyi xidmətlərə görə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş fəxri fərmanın surətindən (cild 1, iş vərəqə 161) görünür ki, Təqsirləndirilən şəxs X15 növü üzrə keçirilən Bakı şəhər Turnirində köməklik göstərdiyinə görə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 164) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 165) görünür ki, xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs Ovçiyeva Məryəm adlı qızı doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 166) görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Ovçiyev Qərib adlı oğlu doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər vermiş, müdafiə tərəfinin təşəbbüsü ilə dindirilən şəxslərə suallar vermiş, o cümlədən ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən və vermiş olduğu ifadəsində göstərdiyi dəlillər iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin iddia etdiyi hallara aydınlıq gətirilməsini vacib sayır. İttihamın mübahisələndirilməsi ilə bağlı təqsirləndirilən şəxsin iddia etdiyi hallar ümumi şəkildə aşağıdakılardan ibarətdir:

1. Tutulma üçün səbəb və əsaslar,

2. Tutulma yeri və vaxtı,

3. Tutularkən və tutulduqdan sonra polis əməkdaşlarının zorakılığına məruz qalması, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində şübhəli şəxs və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra etirafedici ifadə verməsi,

4. Tutularkən üzərində qadağan edilmiş narkotik vasitənin olmaması. Göründüyü kimi yuxarıda göstərilən və təqsirləndirilən şəxsi iddia etdiyi hallar ədalətli məhkəmə araşdırması prinsipi baxımından özü-özlüyündə əhəmiyyətlidir və bu səbəbdən də məhkəmə tərəfindən qeyd edilən hallar məhkəmə baxışının yol verdiyi həddə araşdırılmışdır. Belə ki, müdafiə tərəfinin iddia etdiyi halların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin materiallarına əsasən onun saxlanılmasına səbəb – 20 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində baş vermiş xuliqanlıq cinayət hadisəsi olmuşdur. Məhkəmə istintaqında cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, 20 yanvar 2022-ci il tarixdə xuliqanlıq cinayət hadisəsi baş vermiş, fakta görə cinayət işi başlanmış və Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində qeyd edilən hadisə ilə bağlı istintaq aparılmışdır. Həmin cinayət işi ilə əlaqədar əməliyyat tapşırığı verilmiş, Təqsirləndirilən şəxs həmin cinayət hadisəsinə aidiyyəti olmasına dair şübhələr olduğuna görə o, 01 fevral 2022-ci il tarixdə saxlanılmışdır. Daha sonra o, 13-cü Polis şöbəsinə aparılmış, orada onun xuliqanlıq cinayət hadisəsinə aidiyyəti müəyyən olunmamış, lakin sonuncu özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə xuliqanlıq cinayət hadisəsi ilə əlaqədar saxlanılması və həmin gün onun sözügedən cinayət hadisəsinə aidiyyəti olmamasının müəyyən edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Lakin cinayət işinin materiallarında xuliqanlıq cinayət hadisəsi ilə əlaqədar onun ibtidai istintaq aparan orqana təhvil verilməsini, orada qeyd edilən məsələ ilə əlaqədar dindirilməsini, yaxud sair prosessual hərəkətlərin keçirilməsini, eləcə də onun həmin hadisəyə aidiyyətinin müəyyən edilməsinə yönəlmiş hərəkətlərin aparılmasını təsdiq edən heç bir sübut yoxdur. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasına qanunla müəyyən edilmiş səbəb (xuliqanlıqla bağlı cinayət hadisəsinə aidiyyəti) olsa da, habelə o, həmin əsasla saxlanılsa da bu hissədə heç bir araşdırma aparılmamışdır. Ona görə də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində törədilmiş xuliqanlıq cinayətinə aidiyyətinin olub-olmaması mütləq qaydada mötəbər sübutlar və obyektiv araşdırma nəticəsində müəyyən edilməli idi. Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs xuliqanlıq cinayət hadisəsi ilə əlaqədar saxlasalar da, həmin vaxt saxlanılmış Təqsirləndirilən şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Nəticədə fakta görə cinayət işi başlanmış, habelə Təqsirləndirilən şəxs saxlanılmasına yeni səbəb yarandığından onun xuliqanlıq cinayət hadisəsinə aidiyyəti ümumiyyətlə araşdırılmamışdır (iş materiallarına əsasən). Başqa sözlə, əməliyyat orqanında 01 fevral 2022-ci il tarixə qədər Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, daha dəqiq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hissədə aparılmış araşdırma ona dəlalət edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına qanunla müəyyən edilmiş əsas olmuş, o, saxlanıldıqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs ittihamla bağlı iddia etdiyi birinci hal əsassızdır. Təqsirləndirilən şəxs tutulma yerini və vaxtını mübahisələndirsə və bu barədə məhkəməyə yeni sübutlar (əlavə şahidlər) təqdim etsə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar əsasında Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə, səhər saat 07:00-08:00 radələrində yaşadığı evdə tutulması nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, əlavə şahid qismində dindirilmiş şahidlər (təqsirləndirilən şəxsin anası və qonşusu) bu və ya digər şəkildə təqsirləndirilən şəxsin iddia etdiyi halları dolayı yolla, yəni ümumi şəkildə təsdiq etsələr də, məhkəmə istintaqında ifadə verərkən dəqiq məlumatlar verə bilməmişlər, bir çox hallarda isə ziddiyyətli ifadələr vermişlər. Əlavə şahidlər ifadələrində ümumi şəkildə Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə, səhər saat 08:00 radələrində yaşadığı evdə tutulmasını demək olar ki, təsdiq etmişlər. Lakin məhkəmə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrini inandırıcı saymır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında iddia etmişdir ki, o, evdə yatdığı halda polis əməkdaşları onu yatdığı yerdə tutaraq həmin vaxt əynində olmuş gecə geyimində (pijamada) evdən çıxarıb maşına mindirmişlər, daha sonra isə yolüstü yuyucu məntəqəsində anası ona evdən paltar gətirmiş, o da həmin yerdə həmin paltarları geyinmiş və sonra polislər onu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsin anası isə şahid qismində ifadə verərkən bildirmişdir ki, oğlu Həbib yatdığı yerdən polis əməkdaşları tərəfindən tutularkən və evdən aparılarkən oğlunun əynində gecə geyimi olmuş, ayaqqabısı isə heç olmamış, ona görə də o, evdən tez oğluna aid paltarları gətirərək polis əməkdaşlarına vermişdir ki, Həbib həmin paltarları geyinsin. Göründüyü kimi təqsirləndirilən şəxs və onun anası məhkəmədə ifadə verərkən iş üçün ən vacib hal barəsində ziddiyyətli və qeyri-dəqiq məlumatlar vermişlər. Onların bu hissədə ifadələri üst-üstdə düşmədiyindən məhkəmə hesab edir ki, əlavə şahidlərin ümumi sözlərlə Təqsirləndirilən şəxs iddia etdiyi yerdə va vaxtda tutulması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə belə nəticəyə gəlir ki, əlavə şahidlər məhkəmə istintaqında belə məzmunda ifadə verməklə səmimi olmamışlar, əksinə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə onun cinayət məsuliyyətindən azad olunmasını arzu etmişlər. Bu səbəbdən də məhkəmə əlavə şahidlərin ifadələrinə tənqidi yanaşır və həmin sübutları mötəbər sübut hesab etmir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs tutularkən və Polis bölməsinə aparılarkən üzərində mobil telefonun olmaması müəyyən edildiyindən anten məlumatları əsasında onun bu hissədə iddia etdiyi halları, yəni tutulma yerini və vaxtını müəyyən etmək mümkün olmamışdır. Bundna başqa, müdafiə tərəfi bu hissədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən bu halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin bu hissədə də iddia etdiyi hal ilə razılaşmır və belə nəticəyə gəlir ki, o, həqiqətən də 01 fevral 2022-ci il tarixdə, təxminən saat 11:30 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxsin iddia etdiyi digər hala, yəni onun polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasına gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında o, tutularkən, tutulduqdan sonra Polis bölməsinə aparılarkən, daha sonra məhkəmə nəzarəti qaydasında onun barəsində verilmiş təqdimata məhkəmədə baxılarkən, daha sonra inzibati qaydada tutularkən və müvafiq mərkəzə qəbul edilərkən onun göz və çiyin nahiyəsində xəsarətlərin olması aşkar edilmişdir. Qeyd edilən hallar ilk dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra etirafedici ifadə versə də, barəsində həbsin seçilməsi ilə əlaqədar verilmiş təqdimata məhkəmədə baxılarkən istintaq zamanı verdiyi ifadələri işgəncə altında verdiyini, habelə 01 fevral 2022-ci il tarixdə səhər vaxtı yaşadığı evdə tutulduğunu, başqa sözlə, məhkəmə istintaqında verdiyi ifadəsinə uyğun izahat vermiş, qeyd edilənlər isə təqdimata baxan hakim tərəfindən qeydə alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs tutulduqdan 2 (iki) gün sonra, yəni məhkəmə qarşısına çıxdığı ilk məqamda (fürsətdə) məhkəmədə iddia etdiyi hallarla bağlı iradə ifadəsini bildirmişdir. Bu isə o deməkdir ki, 01 fevral 2022-ci il tarixdə onun üzərində xəsarətlərin olması cinayət işinin mübahisəsiz halıdır. Bu səbəbdən də müdafiə tərəfinin müraciəti əsasında müvafiq prokurorluq orqanında araşdırma aparılmışdır. Lakin döyülmə və işgəncə faktına görə prokurorluq orqanında araşdırma aparılarkən Təqsirləndirilən şəxs mövqeyini dəyişərək heç kəsdən şikayət və tələb etmədiyini, habelə ekspertizadan keçməkdən imtina etdiyini bildirmiş, ona görə də nəticədə polis əməkdaşlarının barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxsin mövqeyinin dəyişməsi nəticəsində prokurorluq orqanında səmərəli araşdırma aparılması mümkün olmamışdır. Sonradan isə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı işgəncəyə məruz qaldığını mübahisələndirməmiş, bu barədə heç bir orqana şikayət etməmişdir. Hazırki cinayət işinə mahiyyəti üzrə baxıldığı zaman Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu hissədə iddia etdiyi halın həqiqət olması nəticəsinə mümkün olmamışdır. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tez-tez mövqeyini dəyişdirdiyindən, yəni şübhəli şəxs qismində tutulduqdan və təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra etirafedici ifadələr vermiş, daha sonra məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən tutulma yerini və vaxtını mübahisələndirmiş, habelə polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını bildirmiş, o cümlədən prokurorluq orqanına müraciət edərək polis əməkdaşları barəsində araşdırma aparılmasını xahiş etmiş, nəticədə prokurorluq orqanında araşdırma aparıldıqda mövqeyini dəyişərək heç kəsdən şikayət etmədiyini bildirmiş, habelə ekspertizadan keçməkdən imtina etmişdir. Nəticədə polis əməkdaşları barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan sonraki dövrdə (ibtidai araşdırma zamanı) Təqsirləndirilən şəxs döyülməsi və xəsarət alması ilə əlaqədar heç bir orqana müraciət etməmiş, habelə tibbi müayinədən keçməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında əvvəlki mövqeyinə qayıdaraq tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin bu hissədə iddia etdiyi hallar bütün mümkün əlavə sübutlar əsasında araşdırılmış, araşdırma nəticəsində isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutulduğu gün göz və çiyin nahiyəsində xəsarətlər olmuşdur. Onun tutulduğu gün üzərində xəsarətlərin olması cinayət işinin mübhisəsiz hallarıdır. Lakin iş üçün əhəmiyyət kəsb edən hallar - həmin xəsarətlərin Təqsirləndirilən şəxs nə zaman, harada və kimin tərəfindən yetirilməsi məsələləridir. Məhz bu halların aydınlaşdırılması iş üzrə vacibdir. Təəssüf ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı prokurorluq orqanında ekspertizadan keçməkdən imtina etdiyindən onun üzərində həmin vaxt olmuş xəsarətlərin dərəcəsini və yetirilmə vaxtını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, müdafiə tərəfi həmin xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə o faktı qəbul edir ki, Təqsirləndirilən şəxs tutulan vaxt və sonraki prosessual hərəkətlər zamanı üzərində xəsarətlər olmuşdur. Lakin bu xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi nəticəsinə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilmədi. Ona görə də məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halın həqiqət olmasını, yəni həmin xəsarətlərin ona polis əməkdaşları tərəfindən yetirilməsi nəticəsinə gəlməyi mümkün hesab etmir. Təqsirləndirilən şəxsin iddia etdiyi digər dəlilə, yəni onun üzərində narkotik vasitə heroin olmaması, habelə polis əməkdaşları tərəfindən “yüklənməsi” iddiasına gəldikdə isə məhkəmə hesab edir ki, o, tamamilə başqa əsasla saxlanılsa da, həmin gün onun üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi 3,578 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin ona aid olmadığını iddia etsə də, cinayət işinin materialları ilə bu tam şəkildə təkzib olunur. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində saxladığı külli miqdarda, təmiz çəkisi 3,578 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməsi və onun uzun müddət ərzində narkomaniya xəstəliyindən əziyyət çəkməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, onun tutulma şəraitinin və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə tutulanadək əməliyyat orqanında onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmamış, onun cinayət əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qanunla müəyyən edilmiş qərar qəbul edilməmiş, eləcə də əməliyyat qrupu yaradılmamışdır. Başqa sözlə, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması ilə bağlı əməliyyat və istintaq orqanında heç bir məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasına səbəb isə Sabunçu rayonu ərazisində xuliqanlıq cinayəti ilə bağlı aparılan araşdırma olmuşdur. Həmçinin həmin vaxt onun özünü şübhəli aparması polis əməkdaşlarının haqlı olaraq diqqətini çəkmiş və nəticədə onu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində də onun üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs özünü şübhəli hərəkətləri ilə “ifşa etmiş” və nəticədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmasınadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını sübuta yetirən və ya başqa formada təsdiq edən hər hansı bir sübut mövcud deyil. Bundan başqa, 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 1392 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olması ona dəlalət edir ki, o, həqiqətən də qanunsuz olaraq külli miqdarda əldə etdiyi narkotik vasitə heroini öz istifadəsi üçün əldə etmişdir. Qeyd edilən hallar ona dələlat edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış külli miqdarda narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, qeyd edilən çəkidə narkotik vasitə narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxsun tutulmasına səbəb sonuncunun şübhəli aparması olmuşdur. Şahidlər daha sonra ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Polis bölməsində üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini təqdim edərkən həmin vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə şahid (polis əməkdaşları) ifadələri də kifayət qədər ciddi sübutları təşkil edirlər. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, eləcə də qadağan olunmuş həmin vasitə və maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmadı. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs cavan olmasını, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə idman ustası olmasını, idman sahəsində əldə etdiyi nailiyyətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin təhlükəli residivi var. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 326.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələr üzrə ona qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar onun cəzası 5 il 6 aya endirilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, azadlığa çıxdıqdan sonra qanunla müəyyən edilmiş 6 (altı) illik müddət ərzində islah olunmamış, əksinə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmədiyindən və cinayət işinə məhkəmədə baxıldığı vaxt onun tərəfindən barəsində seçilmiş qətimkan tədbirinin şərtləri pozulmadığından məhkəmə qeyd edilən halları və onun idman sahəsində nailiyyətlərini nəzərə alaraq barəsində seçilmiş qətimkan tədbirini daha sərt qətimkan tədbiri ilə əvəz etməmişdir. Lakin məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməkdən boyun qaçırmış, bütün cəhdlərə baxmayaraq, məhkəmədə onun iştirakını təmin etmək mümkün olmamışdır. Ona görə də 10 oktyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədən yayınması onun törətmiş olduğu əməlin tövsifinə təsir etməsə də, bu hal ona cəza təyini zamanı mütləq qaydada nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs dövlət tərəfindən ona dəfələrlə edilmiş güzəştlərdən (əvvəlki cinayətə görə aşağı həddə cəza təyini, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, hazırki cinayət işi üzrə barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və sair) nəticə çıxarmamış, habelə təyin edilmiş cəza vasitəsi ilə islah olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və yuxarıda sadalanan halları məcmu halda nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiyaya əsasən həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmağa imkan verir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Göstərilən hallar və hüquq normaları ona dəlalət edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci tarixədək, yəni 2 (iki) gün müddətində həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın əvvəli onun axtarışda olduğu vaxt tutulduğu gündən, yəni 15 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin 1392 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,478 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,478 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar