Məhkəmə qərarları › İş №1(101)-1450/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1450/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1450/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: 31 may 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş üzrə məhkəmə hazırlıq iclası 12 iyun 2023-cü il tarixə təyin edilmiş, həmin iclasda təqsirləndirilən şəxsin ittiham aktının surətini almaması səbəbilə məhkəmə iclası 07 iyul 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 07 iyul 2023-cü il tarixli hazırlıq iclasında dövlət ittihamçısı X8 yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işinin materialları tərəfindən məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən bir sıra kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yol verilmiş kobud qanun pozuntularının aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalı və təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətində uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılma müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. Azərbaycan Respublikasının CPM-in 223.3.2-ci maddəsinə görə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.3.1 və 289.3.2-ci maddələrinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmçinin həmin Məcəllənin 289.4-cü maddəsinə görə cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının nəticəvi hissəsində əks etdirilməlidir. İş materiallarından görünür ki, 22 may 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuş, 29 may 2023-cü il tarixdə müstəntiq Canəli Nuriyev tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktı 30 may 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq cinayət işi ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş ittiham aktına əsasən və ibtidai istintaqla müəyyən edilmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı, həmçinin narkotik vasitə-heroini əldə edərək yaşadığı ünvanda və üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 20,746 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 05 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi nömrəsiz ünvanda olan “Sərin Qala” restoranının qarşısında keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin şöbənin əməkdaşları tərəfindən saxlanılaraq 30-cu Polis şöbəsinin ünvan 2 ünvanda yerləşən 30cu Polis Şöbəsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 3,040 qram, 3,980 qram, 3,936 qram, 3,880 qram, 3,500 qram və 2,410 qram olmaqla ümumilikdə 06 ədəd bükümdə ümumi təmiz çəkisi 20,746 qram təşkil edən xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 1121,859 qram narkotik vasitə-qurudulmuş marixuananı və 02 ədəd bükümdə ümumi çəkisi 6,607 qram, külli miqdarda olan narkotik vasitə heroini əldə edərək yaşadığı evdə və üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 fevral 2023-cü il tarixdə saat 12:00 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4nda yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət olunmuş və orada təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış apanlarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 (iki) ədəd sellofan bükümdə nəm halda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,607 qr və 4,00 qr olmaqla, ümumi çəkisi 6,607 qram qəhvəyi rəngli maddələr öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə- heroin və 02 (iki) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,105 qr və 4,119 qr olmaqla, ümumi çəkisi 8,224 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı isə həmin evin yataq otağından 01 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 1105,0 qram, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 4,607 qram və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,028 qram olmaqla, ümumi çəkisi 1113,635 qram yaşımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesfik qoxuya malik bitki mənşəli kütlələr, üzərindən və yaşadığı evdən ümumilikdə çəkisi 1121,859 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarına istinad edilərək Təqsirləndirilən şəxs yeni məzmunda - CM-in 234.2 və 234.4.3-cü maddələri ilə yekun ittiham irəli sürülmüşdür. Halbuki, ibtidai istintaq orqanı özünün müəyyən etdiyi işin faktiki halları ilə təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verməyərək yanlış nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edilən Qərarın 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Beləliklə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi düzgün müəyyənləşdirilməmişdir. Qeyd edilən hal isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2, 289.3.1 və 289.4-cü maddələrinin tələblərinin kobud pozulmasıdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının, sübutların düzgün qiymətləndirilməməsinin nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin mühüm halları qeyri-müəyyən olaraq qalmış və bunun nəticəsində istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Göründüyü kimi, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntular səbəbindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu aydın olmamaqla həmin hal onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı X3 barəsində xüsusi qərar çıxarılmasını və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Müdafiəçi dövlət ittihamçısının vəsatətinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi, habelə Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X3 barəsində xüsusi qərar çıxarılmasına dair hissələrdə təmin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu bildirdi. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299-cu maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarna əsasən məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki,Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq, prosessual sənədləri hazırlamaq və məhkəmə hazırlıq iclasında cəmi 15 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193, 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər utaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı X4 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 7 avqust 2023-cü il tarixədək uzadılsın. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 90 AZN (doxsan) manat pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Hakimlər Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar