Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1452/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 14 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi çəkisi 2009,7 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində və yaşadığı ünvan 2 ünvanında saxlamış, 14 mart 2022-ci il tarixdə səhər saat 12:00-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın qarşısında saxlanılıb, Suraxanı RPİ, 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində videoçəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,2 qram, 9,7 qram, 8,9 qram və 14,5 qram olmaqla, ümumi təmiz çəkisi 50,3 qram olan qəhvəyi rəngli, toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən, evdə divanın altından 5 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,9 qram, 20,8 qram, 17,0 qram, 20,4 qram, 5,3 qram olmaqla, ümumi təmiz çəkisi 79,4 qram və bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1880,0 qram olan qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroin izləri, arxasında “500 g/0.1g” yazısı olan gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis işçiləri tərəfindən saxlanıldığı gün, yəni 14 mart 2022-ci il tarixdə o, səhər tezdən binanın həyətində olmuşdur. Həmin vaxt sahə rəisi ilə əməliyyatçı ona yaxınlaşmış və ona "səni rəis müavini çağırıb, gedək görək nə deyir" sözlərini demişdir. O, polis əməkdaşlarının maşınına minib bölməyə getmişdir. Bölmədə onu bir otağa aparmışlar. Orada polisləri nəyə görə söydüyü ondan soruşulmuş, o isə, heç kimi söymədiyini bildirmişdir. Polis əməkdaşları ona ya bir kiloqram narkotiki, ya da avtomat silahı boynuna götürməli olduğunu demişlər. Polis işçilərinə onda narkotik vasitə olmadığını və nəyə görə onu bədbəxt etdiklərini demişdir. Polis əməkdaşları ona ikisindən birini götürməli olduğunu təkrar etmişlər. O, avtomat silahın təmiz olub-olmadığını soruşduqda, polislər bilmədiklərini demişlər. Buna görə də, polis əməkdaşlarının təzyiqlərinə dözməyib narkotik vasitəni boynuna almış, polislər narkotiki onun cibinə qoymuş, o da, çəkiliş zamanı cibindən çıxarıb həmin narkotik vasitəni təqdim etmişdir. Sonra polis əməkdaşları onun yaşadığı evə gəlib divanın altına narkotik vasitəni qoymuş, ona isə gedib divanın altından narkotiki çıxarmasını bildirmişlər. O da, hər şeyin daha bitdiyini fikirləşib, eyni qaydada polis əməkdaşlarının dediklərini etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 177-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, sonuncu dəfə 2019-cu ilin noyabr ayında cəzasını çəkib azadlığa çıxdığını, polis əməkdaşları ilə düşmənçiliyi olmadığını, narkotik vasitə heroini siqaretə doldurub çəkmə yolu ilə qəbul etdiyini, özünə lazım olanda narkotik vasitəni qonşuluqda yaşayan Elbrus adlı şəxsdən aldığını, Elbrusun da «D» yaşayış massivində ikinci mərtəbədə yaşadığını və ondan sonra həbs olunduğunu, sonuncu dəfə Elbrusdan öz istifadəsi üçün 0,1 qram narkotiki 10 manata aldığını, polis əməkdaşları ondan 234.1-ci maddə ilə sənədlərə imza etməsini istədiklərini, onun da həmin sənədləri imzaladığını, polis işçilərinin narkotik vasitəni onun evinə qoyduqlarını, lakin bunu konkret olaraq hansı polis əməkdaşının etdiyini bilmədiyini, həmin vaxt evdə olan qardaşının və sonuncunun həyat yoldaşının bir otağa salıb qapını bağladıqlarını, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığına görə narkotiki boynuna götürdüyüynü, döyülməyi barədə Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna şikayət etdiyini, lakin şikayətinin təmin edilmədiyini, tutulan vaxt onun üzərində narkotik vasitə olmadığını, onu yaşadığı binanın qarşısında saxladıqlarını, tutulandan 4-5 saat sonra yenidən evə gətirildiyini, tutulanda və evə baxış keçiriləndə vəkilin də iştirak etdiyini, polis əməkdaşlarının ona mətbəxə girəndə divanı qaldırıb oradan selofan torbanı götürüb təqdim etməsini dediklərini, o da, deyilən qaydada divanın altından torbanı çıxarıb təqdim etdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 ildən artıq müddətdir ki, narkotik vasitələrdən həm istifadə edir və həmçinin satışı ilə məşğul olur. Bir müddətdir ki, instaqram sosial şəbəkəsi vasitəsi ilə “Dilsuz” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və onlayn şəkildə onun bank kartına müəyyən məbləğ köçürməklə, sonra isə «vatsap» sosial şəbəkəsi vasitəsi ilə Dilsuzun narkotik vasitənin olduğu yerin koordinatlarının şəklini çəkib ona atdıqdan sonra həmin yerdən götürərək istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə növbəti dəfə “Dilsuz”la sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq ondan 2 kiloqram narkotik vasitə heroin istəmiş və onun bank hesabına qramı 10 manat olmaqla məbləğ yükləmişdir. Daha sonra Dilsuz Əmircan qəsəbəsində narkotik vasitənin qoyulduğu yerin şəklini çəkib ona göndərmiş və o, həmin narkotik vasitə olan bağlamanı götürərək yaşadığı ünvana aparmış, həmin narkotik vasitə olan heroini bükümlərə ayıraraq bir qismini satmaq üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 14 mart 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, 24 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb anket məlumatlarını soruşmuşlar. O, anket məlumatlarını bildirdikdə, polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu bildirərək, onlarla birlikdə yaxınlıqda yerləşən 33-cü PB-nə getməyini təklif etmişlər. O da, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 33-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Bundan sonra videoçəklişdən istifadə etməklə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı əşya və maddə olub-olmamasını və masanın üzərinə qoymağını təklif etmişlər. Bundan sonra o, əynində olan cins şalvarın sağ yan cibindən 4 ədəd polietilen bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərin içərisində nə olduğu barədə sual verdikdə, o, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, İran İslam Respublikasının vətəndaşı olan Dilsuz adlı şəxsdən həm istifadəsi üçün, həm də satışını həyata keçirməyi üçün 1 qramını 10 manat müqabilində əldə etdiyini bildirmiş və həmin narkotik vasitənin bir qisminin də yaşadığı mənzildə saxladığını söyləmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş və başqa digər əşya aşkar etməmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Bundan sonra o, yaşadığı mənzildə axtarış aparılmasına icazə verilməsi üçün müvafiq ərizə verdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 5 ünvana getmişlər. Bundan sonra onun yaşadığı mənzildə videoçəklişdən istifadə etməklə axtarış aparılmış və o, divanın altında olan yük yerindən 5 bükümdə və bir bağlamada olan narkotik vasitə heroini və həmin narkotik vasitələri bükümlərə bölmək üçün elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, onunla iştirakçılar həmin protokolu və qablaşmanın üzərini imzalamışlar. Narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Dilsuz adlı şəxslə instaqram sosial şəbəkəsində tanış olmuş və sonuncu, ona narkotik maddə verə biləcəyini bildirmişdir. Həmin şəxsdən 11 mart 2022-ci il tarixdə 2 kq narkotik maddə almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır (cild 1, iş vərəqi 69-71). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların və qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, yazılan narkotik vasitənin ona məxsus olmadığını, həmin ifadəni polis işçilərinin təzyiqi altında verdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, saxlanılarkən onun üzərində narkotik olmadığını, Dilsuz adlı şəxsi tanımadığını, onun adını polis işçilərinin ona yazdırdıqlarını, üzərinə və yaşadığı evə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulduğunu, polis işçilərinin təzyiqi nəticəsində bütün sənədləri imzalamağa məcbur edildiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 mart 2022-ci i tarixdə Namiq adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra onun rəhbərliyi ilə 33-cü Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində onlar Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 24 saylı binanın qarşısına getmiş, orada xarici əlamətləri Namiq adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ona da özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Suraxanı RPİ-nin 33-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə bölməyə gəlmişdir. Təhqiqatçı tərəfindən 33-cü Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddələri İran vətəndaşı Dilsuz adlı şəxsdən həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə qramını 10 manata alıb üzərində saxladığını, bundan başqa yaşadığı evdə də narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 4 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və əlavə qanunsuz heç nə aşkar edilməmişdir. Əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti ilə əlaqədar etirazı olub-olmaması soruşulmuş, sonuncu, evə baxış keçirilməsinə etirazı olmadığını bildirərək yazılı ərizə təqdim etmişdir. Sonra onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı divanın altından 5 ədəd büküm, 1 ədəd bağlama və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin və bağlamanın içərisində də heroin olduğunu, onların da özünə məxsus olduğunu, həmin narkotik maddələri də İran vətəndaşı Dilsuz adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədilə qramını 10 manata aldığını və saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 5 ədəd büküm, 1 ədəd bağlama və 1 ədəd elektron tərəzi götürülərək qablaşdırılmış, həmin evin digər hissələrinə də baxış keçirilmiş, lakin qanunsuz hər hansı əşyalar aşkar olunmamışdır. Evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ, 33-cü Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, onun döyülmədiyini, sonuncunun, heç bir təzyiq olmadan könüllü şəkildə şəxsi axtarışı zamanı və yaşadığı evə baxış keçirilərkən saxladığı külli miqdarda narkotik vasitəlrəi təqdim etdiyini, həmin narkotik vasitələri Dilsuz adlı İran vətəndaşından aldığını etiraf etdiyini, guya onun üzərinə və yaşadığı evə polis işçiləri tərəfindən narkotik vasitələrin qoyulması barədə Təqsirləndirilən şəxs dediklərinin heç bir əsası olmadığını və polis əməkdaşlarına qarşı böhtan olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33cü Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə polis əməkdaşları - şahidlər Şahid1, Şahid2 və Şahid3 arasında həmin istintaq hərəkətləri keçirilmiş, üzləşdirmələr zamanı Şahid1, Şahid2 və Şahid3 sərbəst ifadələrində göstərdikləri halları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək, onu törətdiyi cinayət əməli ilə bağlı ifşa etmişlər (cild 1, iş vərəqi 106-110, 111-115, 116- 120). Cinayət işində olan 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 33-cü Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüş və bununla bağlı protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 32-33). İş materiallarına əlavə edilmiş 14 mart 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman həmin evdə divanın altından 5 ədəd bükümdə və 1 ədəd bağlamada kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddələr, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 37). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli həmin baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və onun özünə məxsus olduğunu, həmin narkotik maddəni İran vətəndaşı Dilsuz adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədilə qramını 10 manata alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan başqa, çəkiliş zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik maddələr olduğunu qeyd edərək, onların da götürülməsi üçün yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra həmin bükümlər qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin diskdə olan digər fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntülərdə, sonuncunun yaşadığı evə baxış keçirilməsi, baxış zamanı həmin evdə divanın altından 5 ədəd büküm, 1 ədəd bağlama və 1 ədəd elektron tərəzinin aşkar edilməsi, soğru zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin və bağlamanın içərisində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddələri İran vətəndaşı Dilsuz adlı şəxsdən həm öz şəxsi istifadəsi üçün, həm də satış məqsədilə alıb əldə edərək üzərində saxladığını bildirməsi, həmin bükümlərin, bağlamanın və elektron tərəzinin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxışın davam etdirilməsi və həmin evdən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmişdir (cild 1, iş vərəqi 78-79). Məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2022-ci il tarixli 6/1475 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... “ yazısı və imzalar olan zərfdəki 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,2 qram, 9,7 qram, 8,9 qram və 14,5 qram olmaqla, ümumi təmiz çəkisi 50,3 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - tədqqiata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş... “ yazısı və imzalar olan paketdəki 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 15,9 qram, 20,8 qram, 17,0 qram, 20,4 qram və 5,3 qram qəhvəyi rəngli tozşəkilli maddələr və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1880 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 2009,7 qram (2 kq 9,7 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; - tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “500 g/0.1g” yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in İ siyahısına daxildir (cild 1, iş vərəqi 44-49). Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 1757 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 158-159). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 aprel 2022-ci il tarixli 907 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dəırk etmək və onları idarə etmək istiqarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 160-162). İbtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdən aşkar edilərək götürülmüş və ümumilikdə 2009,7 qram narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2009,22 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri və evə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd DVD disk sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 168-178). Cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 326.1, 326.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun cəza müddəti 5 il 3 aya endirilmiş, xx.xx.2019cu il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 129-131, 147-157). Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməllərinə görə ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənildiyindən, hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, saxlanılarkən onun üzərində narkotik olmadığını, Dilsuz adlı şəxsi tanımadığını, onun adını polis işçilərinin ona yazdırdıqlarını, üzərinə və yaşadığı evə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulduğunu, polis işçilərinin təzyiqi nəticəsində bütün sənədləri imzalamağa məcbur edildiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis bölməsində olarkən döyülməsi və ona polis əməkdaşları tərəfindən təzyiqlər göstərilməsi, narkotik vasitələrin ona məxsus olması və satışı ilə məşğul olmasını boynuna almasını tələb etmələri ilə bağlı gətirdiyi dəlillərlə bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmışdır. İzahatı alınan Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən təzyiqlərə məruz qaldığını və döyüldüyünü bildirsə də, üzərində hər hansı xəsarət və ya xəsarət izi olmadığını qeyd edərək, araşdırma zamanı tibbi eksperizadan keçməkdən imtina etmiş, həmçinin onu döyən polis əməkdaşlarının mülki formada olduqlarını və onların adlarını bilmədiyini göstərmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılması və əməliyyat-axtarış tədbirlərinin aparılmasını həyəta keçirən polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 izahatları alınmış, həmin şəxslər öz izahatlarında Təqsirləndirilən şəxs yalan danışdığını, onlar tərəfindən saxlanılan şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini bildirmişlər. Qeyd olunan araşdırma materialları üzrə Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun 13 may 2022-ci il tarixli qərarı ilə 161-S-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar keçən müddət ərzində Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən mübahisələndirilməmiş, qərar qanuni qüvvəyə minmişdir (cild 1, iş vərəqi 132-138). Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, onun döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 14 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 33-cü Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 1757 saylı rəyini əsas tutaraq hesab edir, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalan 2009,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş üzrə müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata görə, o, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 25 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2009,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat pul vəsaiti Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1452/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1452/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver