Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1452/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi, ev 212-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Şamaxılılar məhləsində yaşayan, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs kənar şəxslərin yanında ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə ilə əlaqədar sonuncunun təklifi ilə gəldiyi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 nömrəli evinin qarşısında bir qədər öncə aralarında yaranmış mübahisəni aydınlaşdırarkən Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq sözləri təkrar etməsinə görə özünü alçaldılmış hesab edərək yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs mədə, nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Pirşağı qəsəbəsində “Ronneo Pub” kafesində Zərərçəkmiş şəxs, Ramizin əmisi Xalid, məhlə uşaqları Seymur və Cavidanla birlikdə oturub piyvə içdikdən sonra Ramiz Saray qəsəbəsində Qurd dərəsi adlanan yerdə yaşayan xalasının evinə getməyi və yeyib içməyə orda davam etməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra bir yerdə Ramizin sifariş etdiyi Bolt şirkətinə məxsus markasını və nömrə nişanlarını xatırlamadığı taksi ilə Ramizin xalasının evinə getmişdirlər. Həyətlərində taksidən düşüb xalasının əri Qardaşəli ilə görüşdükdən sonra söhbət zamanı Cavidana gec olduğunu, camaatı narahat etməmələrini, səhər hamının işdə gücdə olacağını bildirmişdir. Onlar razılaşsa da Xalid onlarla razılaşmamış və Qardaşəlinin evində qalmağa razılıq vermişdir. Yolla taksi saxlamaq üçün Duz gölünə tərəf düşdükdə Ramizə taksi sifariş verməsini, tez evə getmələrini bildirmişdir. Ramiz ona “ağıllı ol sox içinə, sən məndən ağıllısan” dediyinə görə aralarında mübahisə yaranmışdır. Ramiz telefonu ilə taksi şirkətindən avtomobil çağırdıqda aralarında yaranan mübahisəyə görə Ramizin çağırdığı taksi avtomobilinə əyləşməmişdir. Ramiz taksiyə əyləşən zaman ona məhləyə gəlməsini, onunla işi olacağını bildirmiş, o isə Ramizi yola vermək üçün getməsini sonra danışmalarını bildirmişdir. *2111 taksi şirkətindən taxi sifariş vermiş, Seymurla birlikdə gələn avtomobilin markasını və nömrəsini xatırlamadığı avtomobilə əyləşib Pirşağı qəsəbəsinə evinə getmək üçün yola çıxmışdırlar. Yolda olan zaman Mehdiabad kəndinə çatmağa az qalmış Ramiz ona zəng edərək, görüşmələrini, görüşə gəlmədiyi təqdirdə nalayiq söyüşlər söymüş, bundan bir iki dəqiqə sonra yenidən zəng edərək onu məhlələrinə görüşə gəlməyi tələb edərək söyüş söymüşdür. O, bu sözdən sonra yanına gələcəyini bildirmiş, Mehdiabad kəndində taksini saxlatdırıb mağazaya düşmüş, mağazadan 3 ədəd bizon və Ramizin onu vuracağından ehtiyat etiyi üçün özünü müdafiə etməkdən ötrü dəstəyi taxta olan tiyəsi dəmirdən olan mətbəx bıçağını almışdır. Bıçaq alması barədə yanında olan şəxslərə heç bir söz deməmişdir. Avtomobilə əyləşib Pirşağı qəsəbəsinə Ağa Əlizadə küçəsinə Ramizin dediyi yerə getmiş, həmin yerdə Cavidan və Ramizin onu gözlədiyini görmüşdür. Onlara yaxınlaşdığı zaman Ramizə kənarda söhbət etmələrini təklif etmiş, onlar Seymur və Cavidandan 100 metr aralandıqdan sonra Ramiz onu vurub məhv edəcəyini, burdan yalnız meyidinin çıxacağını bildirmiş, və ünvanına təhqiredici sözlər deməyə başlamışdır. Ramiz əl-qol ataraq onun yaxasından tutan zaman, o, Ramizə belə etməməsini, bir yerdə çörək kəsdiklərini bildirmişdir. Lakin Ramiz onun sözlərinə məhəl qoymayaraq yenidən onu nalayiq sözlər və söyüşlərlə təhqir etdiyi üçün həmin vaxt 05 sentyabr 2023-cü il tarixdə saat 1 radələrində bıçağı çıxarıb sol əli ilə Ramizin qarın nahiyəsinin sağ tərəfinə bir dəfə vurmuşdur. Seymur və Cavidanın yanına qayıdıb Ramizi vurduğunu, gedib ona kömək etmələrini bildimişdir. Bundan sonra məhlənin baş tərəfində əlində olan Ramizi vurduğu bıçağı kanalizasiya quyusunun içinə atmışdır. Evə gedib evdəkilərlə görüşmüş, əvvəllər qonşu olduğu Eldənizə zəng edərək onu avtomobililə polisə aparmasını, Ramizi bıçaqla vurması barədə məlumat vermişdir. Eldəniz onu öz avtomobili ilə aparıb polisə təhvil vermişdir. Verilmiş sualları cavablandırarkən təqsirləndirilən şəxs həmçinin Ramiz və onun arasında olan mübahisənin 5-6 dəqiqə davam etdiyini, həmin mübahisənin Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa Əlizadə küçəsində baş verdiyini, ərafda kənar şəxs olmadığını, mağazadan bıçaq almaqda məqsədinin Ramizin onu inadkarlıqla həyətə söhbətə çağırması səbəbindən sonuncuda bıçaq olacağını təxmin etməsi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Pirşağıda dostları ilə yemək yeyərkən İsmixan həmin əraziyə gəlmişdir. Onlar birlikdə yeyib içdikdən sonra Novxanıya, xalasıgilin evinə yola düşmüşdürlər. Orada olarkən o, İsmixanla mübahisə etməyə başlamışdır. Dostları onlardan uzaqlaşdıqdan sonra İsmixan Seymurla, o, isə Cavidanla birlikdə məhlələrinə qayıtmışdır. Məhlədə olarkən Cavidana qardaşına zəng etmək üçün ona telefon verməsini bildirmişdir. O, telefon vasitəsilə İsmixanı məhlələrinə çağırmış, İsmixan onun yanına gələn zaman ona söyüş söymüş və baş vermiş hadisəyə səbəb olmuşdur. Belə hərəkətlərinin səbəbləri içkili olması olmuşdur. Hal-hazırda İsmixandan heç bir şikayət və tələbi yoxdur. Öz hərəkətlərinə, hadisənin baş verməsinə səbəb olduğu üçün peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, kafedə yeyib içdikdən sonra, Ramizin xalasıgilə gedib yeyib-içməyi davam etdirmək qərarına gəlmiş, onlar oradan qayıdan zaman yolda Ramiz və İsmixan mübahisə etməyə başlamışdırlar. İsmixan onunla birlikdə, Ramiz isə Cavidanla birlikdə məhləyə getmişdir. Ramiz Cavidanın telefonu ilə İsmixana zəng edərək ona qeyd etdiyi yerə gəlməyəcəyi təqdirdə təhqiredici ifadələr işlətmişdir. İsmixan da bu sözlərdən sonra yolda mağazadan bizon içkisi və bıçaq alıb onun yanına gəlmiş, İsmixanın bıçaq almasından onun xəbəri olmamışdır. Onlar Ramizin yanına getdikdən sonra İsmixan və Ramiz aralarında mübahisə yaranmış İsmixan Ramizi bıçaq zərbəsi ilə vurmuşdur. Daha sonra İsmixan onların yanına gələrək Ramizə kömək etmələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Ramizlə kafedə yeyib içərkən İsmixan da onların yanına gəlmişdir. Bir müddət sonra Ramiz onlara Novxanıya xalasıgilin evinə gedib qayıdacaqlarını bildirmişdir. Onlar Ramizin dediyi kimi onun xalasıgilə getdikdən sonra Ramiz və İsmixan bir birilə mübahisə etməyə başlamışdırlar. Onları ayırarkən Ramizin köynəyi cırılmışdır. Seymur və İsmixan ayrı, onlar isə ayrı taksi ilə yola düşmüşdürlər. Ramiz İsmixanı geri çağırmış, sonuncuya qarşı ləyaqəti alçaldan nalayiq ifadələr işlətmişdir. O, Ramizə evdən bir köynək gətirmişdir. İsmixan Ramizin yanına gəldikdən sonra onlar kənarda şirin söhbət etmişdilər. Seymurla kənarda durarkən İsmixan onlara yaxınlaşaraq Ramizi bıçaqla vurduğunu və onu təcili tibbi yardıma çatdırmaqlarını xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 05 sentyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsi 75 nömrəli evin yanıdır. Təqsirləndirilən şəxs hadisə yerində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, həmçinin cinayətin törədilməsi üsulu qismində istifadə etdiyi alət olan bıçağı tulladığı zibil qutusunu göstərmişdir (cild 1, iş vərəqə 7-11). 05 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 03:00 radələrində 3 saylı ŞKP-də daxil olmuş məlumatda tibb bacısı Novruzova Pirşağı qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ tərəfdən kəsilmiş deşilmiş yarası xəsarəti ilə daxil olmasını bildirmişdir (cild 1, iş vərəqə 4). 06 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Pirşağı qəsəbəsində yaşayan 1995ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ tərəfdən kəsilmiş deşilmiş yarası ilə daxil olmuş məlumat barəsində tərtib edilmiş raport İstintaq şöbəsinin baş müstəntiqi Cavid Əhmədovun icraatında olan materiala əlavə edilməsi xahiş edilmişdir(cild 1, iş vərəqə 3). 11 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs mədə, nazik və yoğun bağırsaqların zədələnməsinə səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Xarakteri və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(cild 1, iş vərəqə 100-103). 19 oktyabr 2023-cü il tarixli maddi sübutların məhkəmə tibbi-bioloji tədqiqinə dair ekspetiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) /axtarış vərəqəsiniməhkəmən kserosurətinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qısaqol maykası və bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni, qısaqol mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alınmışdır. “H” antigeni 0(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər, təqdim olunmuş bıçağın dəstəyi üzərində qan aşkar olunmamışdır (cild 1, iş vərəqə 112-115). 19 oktyabr 2023-cü il tarixli maddi sübutların məhkəmə tibbi-kriminalistik tədqiqinə dair ekspetiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində sağda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilir, bu zədə ucu iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. O cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Köynəyin arxa hissəsində solda 01 (bir) ədəd cırılmış zədə aşkar edilmiş, bu zədə köynəyin müvafiq nahiyəsinin hər hansı bir səthə ilişib dartılma nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 117-120). 11 dekabr 2023-cü il tarixli kompleks ambulator məhkəmə psixiatrik və pisixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmiş, ittiham olunduğu cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmişdir. O, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, yadda saxlayaraq bu barədə məlumat vermək iqtidarındadır. Cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə vaxtı onun psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik əmələ gəlmişdir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa və ya törətdiyi əməl ilə bağlı özünü müdafiə etməyə meyillilik əlamətləri aşkar edilmədi (cild 1, iş vərəqə 143-146). 18 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı xəsarət yetirilməsi ilə bağlı ondan heç bir şikayəti, tələbi yoxdur, barışmışlar və ərizəsinin nəzərə alınmasını xahiş edir (cild 1, iş vərəqə 99). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 sentyabr 2023-cü il tarixə verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 108-109). 01 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd bıçaq və sonuncunun əynində olan mayka maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamamasını qeyd etməklə, həmçinin təqsirləndirilən şəxs tərəfindən verilən ifadəni təsdiq edərək hadisənin özünün qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş verdiyini, mübahisəni özü başlatdığını, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında hadisə törətdikdən dərhal sonra Sabunçu rayon Polis İdarəsinə gələrək könüllü təslim olmasını bildirsə də cinayət işi materiallarında onun könüllü gəlib təqsirli boynuna alması müvafiq qaydada protokol vasitəsilə rəsmiləşdirilməmişdir. Məhkəmə qeyd olunan halla əlaqədar əvvəla bildirir ki, cinayət işi materiallarına əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 03:00 radələrində 3 saylı ŞKP-də daxil olmuş məlumatda tibb bacısı Novruzova tərəfindən Pirşağı qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ tərəfdən kəsilmiş deşilmiş yarası xəsarəti ilə daxil olmasını bildirilsə də hadisənin kim tərəfindən törədilməsi barədə informasiyanı ehtiva etməmişdir.Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin dindirilmə protokolundan görünür ki, zərərçəkmiş şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 13:00- 13:50 radələrində dindirilmiş, yalnız dindirilərkən hadisənin kim tərəfindən törədilməsi barədə istintaq orqanına məlumat vermək imkanına malik olmuşdur. Halbuki, 05 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, müvafiq istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə saat 05:10-07:10 radələrində keçirilmiş, tərəfindən törədilmiş cinayətin aləti qismində bıçağın yerini göstərməklə götürülməsinə kömək etmişdir. Digər tərəfdən təqsirləndirilən şəxsin tutulması haqqında protokol 05 sentyabr 2023-cü il tarixdə saat 11:20-12:05 radələrində, yəni baxış istintaq hərəkəti keçirildikdən sonra tərtib edilmişdir. Göründüyü kimi hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumatın istintaq orqanına hansı qaydada məlum olması, təqsirləndirilən şəxsin hadisə yerinə baxış istintaq hərəkətində iştirak etməsinin hansı qaydada, hansı məlumat əsasında təmin edilməsi barədə məsələlər iş materialları ilə müəyyən edilə bilinmir. Digər tərəfdən 05 sentyabr 2023-cü il tarixdə saat 03:00 radələrində 3 saylı ŞKP-dən Zərərçəkmiş şəxs sağ tərəfdən kəsilmiş deşilmiş yarası xəsarəti ilə daxil olması barədə 102 xidmətinə daxil olmuş məlumatın həmin tarixdə Cavid Əhmədovun icraatında olan materiala əlavə edilməsi üçün göndərilməsi də ona dələlət edir ki, 102 xidməti ilə qeydə alınmamışdan əvvəl Sabunçu rayon Polis İdarəsində qeyd edilən hadisə barədə məlumat olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında cinayət hadisəsini törətdikdən sonra polis idarəsinə gəlməsi, törətdiyi cinayət hadisəsi barədə məlumat verməsini bildirmişdir. Məhkəmə, hadisə yerinə baxış protokolunu, zərərçəkmiş şəxsin 06 sentyabr 2023-cü il tarixində yalnız saat 09:10-09:30 radələrində dindirilməsinə, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində 06 sentyabr 2023-cü il tarixində tutulmasına baxmayaraq, sonuncunun 05 sentyabr 2023-cü il tarixdə saat 05:10-07:10 radələrində həyata keçirilən hadisə yerinə baxış istintaq hərəkətində iştirak etməsi kimi halları birgə qiymətləndirməklə hesab edir ki, sonuncunun Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə könüllü gəlməsi barədə ifadəsi həqiqətə uyğun qəbul edilməklə könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Məhkəmə könüllü gəlib təqsirini boynuna alma halının olub-olmamasını müvafiq sübutları tədqiq etməklə araşdırmalı, o cümlədən buna dair ibtidai araşdırma dövründə tərtib olunmuş protokolu Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq qaydada yoxlamalı, həmin cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və yaxud mövcud olmaması haqqında nəticələrini bu məsələ üzrə qəti qənaətə gəlmək üçün kifayət edən mümkün və mötəbər sübutların məcmusu üzərində qurmalıdır. Beləliklə, məhkəmə baş vermiş cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Əvvəllər məhkum olunmamışdır. Könüllü gəlib təqsirini boynuna almışdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 1 ədəd bıçaq və sonuncunun əynində olan mayka məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına ibtidai istintaq mərhələsində Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə zamanı Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 30(otuz) i. Aa5ytı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul, məhkəmə mərhələsində 30(otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş mətbəx bıçağı və Zərərçəkmiş şəxs əynində olan mayka məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş 30(otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1452/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1452/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver