Məhkəmə qərarları › İş №1(101)-1454/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1454/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1454/2021 02.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Qəbələ şəhəri, Ə.Hüseynov küçəsi, ev 10-da qeydiyyatda olan, faktiki ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə qeyrisinin tapşırığına əsasən “WhatsApp” vasitəsi ilə sonuncu ilə əlaqə yaradaraq həmin şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan şəxslə (şəxslərlə) göndərərək həmin tətbiq vasitəsi ilə paylaşdığı, lakin istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 3475,142 qram narkotik vasitə olan heroini və külli miqdarda - üzərində «Methadone 40» qeyd olunmuş 50 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən cəmi: 500 ədəd narkotik vasitə hesab olunan metadon həblərini əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin narkotik vasitənin 3470 qramını evin qonaq otağında yerləşən qara rəngli dolab ilə qara rəngli oturacaq arasında 1 ədəd kağız qutunun içərisində, 5,142 qramını isə üzərində saxlamış, 17 mart 2021-ci il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin qarşısında saxlanılaraq idarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,142 qram, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı evinə baxış zamanı isə evin qonaq otağında yerləşən qara rəngli dolab ilə qara rəngli oturacaq arasında 1 ədəd kağız qutunun içərisinə yerləşdirilmiş ümumi təmiz çəkisi 3470 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda - üzərində «Methadone 40» qeyd olunmuş 50 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edən cəmi: 500 ədəd narkotik vasitə hesab olunan metadon həbləri və üzərində narkotik vasitə heroinin qalıqları olan bir ədəd “500g x 0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, anadangəlmə ürək qüsurludur, açıq ürək əməliyyatı keçirmiş və başqa xəstəlikləri ilə əaqədar əlavə daha üç dəfə cərrahi əməliyyatlara məruz qalmışdır. Hal-hazırda isə bağırsaq problemi ilə əlaqədar növbəti cərrahi əməliyyata tibbi göstəriş vardır və yaxın müddətdə əməliyyat olunacaqdır. Çoxsaylı xəstəlikləri ilə bağlı müntəzəm dərman qəbul edir. 2021-ci ilin fevral ayının sonuna kimi Fövqalədə Hallar Nazirliyinin modul tipli xəstəxanasında xəstə baxıcısı olaraq işləmişdir. İşdən azad olunduğuna görə maddi vəziyyəti çətin olmuşdur. Həmin ərəfələrdə sosial şəbəkədə özünü ona “Cavid” olaraq təqdim etmiş iranlı ilə tanış olaraq yazışmağa başlamışdır. “WhatsApp”la yazışarkən Cavid onun həmin vaxtı işsiz olduğunu və pula ehtiyacının olduğunu bilib ona təklif etmişdir ki, onun göndərəcəyi əmanəti özündə saxlayıb deyəcəyi ünvana aparacağı təqdirdə yaxşı pul əldə edə bilər. 2021-ci ilin mart ayının əvvəllərində Cavid ona “WhatsApp”la zəng vuraraq Bakıxanov qəsəbəsində yerləşən «Oba market»-in yaxınlığına dirəyin altında karton qutuda həmin əmanətin qoyulduğunu, onu götürərək yaşadığı evə aparmasını və evdə saxlamasını bildirmişdir. O, Cavidin dediyi yerə gedərək həmin yerə qoyulmuş çantanı götürüb yaşadığı evə gətirmişdir. Səhəri günü Cavidlə videogörüntülü danışarkən çantanı açıb ona göstərmiş, Cavid çantanın içərisindəkinin 1 kq olduğunu, ona əl vurmamağı, onun az miqdarının belə insanı öldürən bir şey olduğunu demişdir. Növbəti dəfə Cavid ona zəng vuraraq çantanın içərisindəki quruyubsa ondan bir az götürüb deyəcəyi ünvanın yaxınlığına aparıb qoymasını bildirmişdir. O da Cavidin dediyi kimi eləyib onun bildirdiyi «Stimul Hospitalı»nın yaxınlığında yerləşən həyətdə avtomobillərin birinin təkərinin üstünə qoyaraq Cavidə zəng vuraraq məlumat vermişdir. 17 mart 2021-ci il tarixdə səhər həkimə gedərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlayıb evə gətirmişlər. Daha sonra 6-7 nəfər də əlavə adam evə gəlmişdir. Sonra evdəki çantanı da götürüb polis əməkdaşları ilə birlikdə İdarəyə getmişlər. O, çantanın içərisində narkotik vasitə olduğunu bilməmişdir. İdarədə telefonlarını, ona aid olmayan açarı, maaş kartını və bir ədəd bükümü verib demişlər ki, çəkiliş edəndə çıxarıb stolun üstünə qoysun. Saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır. Etdiyi əməldən çox peşmandır. Əgər bilsəydi ki, narkotik vasitə ilə bağlı işdir, bu işdən uzaq durardı. Əvvəllər ağır işdə işlədiyinə görə, bu işin rahat iş olduğunu düşünüb etmişdir. Bütün bu halların, iki övladının başsız qalmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ilin fevral ayının sonuna kimi Azərbaycan Respublikası FHN-nin model tipli xəstəxanasında tibb bacısı olaraq işləmişdir. İşdən azad olunduğundan maddi durumdan çətinlik çəkmişdir. Həmin ərəfələrdə sosial şəbəkdə özünü ona Cavid olaraq təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olaraq yazışmağa başlamışdır. Cavidlə vatsap proqramı ilə yazışarkən Cavid onun həmin vaxtı işsiz olduğunu və pula ehtiyacının olduğunu bilib ona təklif etmişdir ki, onun deyicəyi ünvandan götürdüyü narkotik maddə və dərmanları onun deyəcəyi yerə qoymaqla yaxşı pul əldə edə bilər. Cavidlə aralarında olan razılaşmaya əsasən ona vatsapla deyiləcək ünvandan götürəcəyi narkotik maddə və dərmanları Cavidin deyəcəyi ünvanın yaxınlığına qoyub ona məlumat verməyi müqabilində ***-**** manat arası pul əldə etməli imiş. 2021-ci ilin mart ayının əvvəllərində Cavid ona istifadə etdiyi +**********47 vatsap nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə vatsapla zəng vuraraq Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən «Oba market»-in yaxınlığına dirəyin altında karton qutuda narkotik vasitə dərmanların qoyulmasını və həmin narkotik vasitə, dərmanların onun götürərək yaşadığı evə aparmasını və evdə saxlamasını bildirmişdir. O Cavidin ona bildirdiyi həmin yerə gedərək dediyi yerə qoyulmuş narkotik vasitə, dərmanları götürüb yaşadığı ünvan 2 ünvanına gətirib mənzilin qonaq otağında yerləşən qara rəngli dolab ilə qara rəngli oturacaq arasında gizlətmişdir. Səhəri günü Cavid ona vatsapla zəng vuraraq həmin qutuda olan iki selofan bükümündə olan narkotik maddəni onun deyəcəyi ünvanın yaxınlığına qoymasını bildirmişdir. O da həmin qutudan iki ədəd selofan bükümü götürüb Cavidin ona bildirdiyi «Stimul Hospitalı»-nın yaxınlığında yerləşən həyətdə tanımadığı şəxsin götürməsi üçün gizlicə olaraq həyətdə yerləşən avtomobillərin birinin təkərinin üstünə qoyaraq vatsapla Cavidə zəng vuraraq məlumat vermişdir. 17 mart 2021-ci il tarixdə gündüz saatlarında Cavid ona yenidən vatsapla zəng vuraraq həmin qutuda olan narkotik madənin 5 qramını qutada olan tərəzi ilə çəkərək sellofana bükərək onun deyəcəyi ünvanın yaxınlığına qoymasını bildirmişdir. O da Cavidin ona bildirdiyi kimi qutuda olan narkotik maddənin 5 qramını tərəzi ilə çəkərək sellofana büküb Cavidin ona deyəcəyi yerə aparmaq istəmişdir. 17 mart 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçimin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra o əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd adına olan “Kapital Banka” məxsus plastik kartını, yaşadığı mənzilin açarlarını və gödəkcənin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 1 ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü təqdim etmiş və təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus yaşadığı mənzilin açarı özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, plastik kartı və mobil telefonları götürülmüşdür. Təqdim etdiyi sellofan torbaya baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilərək zərfə qoyulmaqla qablaşdırılmışdır. O həmin maddənin qalan hissəsinin də, yaşadığı ünvanda olduğunu, ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna dair razılıq ərizəsi təqdim etdikdən sonra yaşadığı ünvana gedilərək ona mənzildə olan narkotik tərkibli madənin qalan hissəsini təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o qonaq otağında saxladığ kağız torbanı təqdim etmişdir. Həmin kağız torbaya baxış keçirilən zaman içərisindən 1 ədəd sellofan torbada narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və ümumi sayı 500 ədəd olan metadon həbləri aşkar edilmişdir. Həmin maddələr içərisi boş olan sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Mənzilin digər otaqlarına baxış keçirilsə də başqa heç bir şey aşkar edilməmişdir. Sorğu zamanı o üzərindən və ünvanından aşkar edilmiş qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, həblərin isə metadon həbləri olduğunu, bildirmişdir. Həmin maddəni sosial şəbəkədə tanış olduğu, adını “Cavid” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə təxminən 10-15 gün bundan öncə axşam satlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin “Cavid” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu bildirmişdir. Razılaşmaya əsasən ona göndərilmiş narkotik vasitələri deyilən yerə qoymağı müqabilində ***-**** manat pul əldə etməli olmuşdur. O narkotik vasitə əldə edib saxlama, daşıma, satma, qaçaqmalçılıq, narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli yolla keçirmə barədə Cavid adlı və ya digər şəxslə görüşüb razılıq əldə etməmişdir. Onun Cavid adlı şəxsin tapşırığı götürmüş olduğu külli miqdarda narkotik vasitənin Cavidin haradan əldə edilməsindən hər hansı bir məlumatı olmamışdır və Cavid özü də ona bu barədə bir söz deməmişdir (cild 01, iş vərəqə 148- 152). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı tərəfindən 17 mart 2021-ci il tarixdə qərar verilməklə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında idarənin əməkdaşları ilə birlikdə 17 mart 2021-ci il tarixdə saat 14 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 125 saylı binanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs etiraz etmədən gödəkçəsinin sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd “Kapital Bank”a məxsus plastik kartı, yaşadığı mənzilin açarlarını, gödəkçənin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd içərisində qəhvəyi rəngli kütlə olan sellofan bükümü təqdim etmiş və təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli kəskin iyli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddəni təxminən 1 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, adını “Cavid” kimi bildiyi iranlının vasitəsilə təxminən 10-15 gün bundan öncə axşam satlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin, “Cavid” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla ondan pul əldə etmək olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən ona göndərilmiş narkotik vasitələri ona deyilən yerə qoyması müqabilində ***-**** manat pul əldə etməli olmuşdur. Bundan başqa yaşadığı evində də narkotik vasitə saxladığını, həmin maddəni təqdim edə biləcəyini və yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Həmin maddənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 6 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs ilə bərabər onun yaşadığı ünvana baxış keçirilməyə getmişdir. Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik maddəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağında yerləşən qara rəngli dolab ilə qara rəngli oturacağın arasından 1 ədəd kağız qutunu təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu bildirmişdir. Tərəflərindən həmin kağız qutu götürülərək içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin kağız qutunun içərisindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbanın içərisindən 1 ədəd elektron tərəzi, ümumi sayı 500 ədəd olan, üzərində “Metadon-40” sözləri yazılmış həblər və 1 ədəd sellofan torbada içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. İçərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu sellofan torba elektron tərəzi ilə çəkilərək təxmini çəkisinin 3 kq 475 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr 1 ədəd içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandqıdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş və əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin və digərinin isə adının dəqiq bilmədiyi narkotik tərkibli həblər olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, “Cavid” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymaq üçün əldə etdiyini, bu fəaliyyətə görə yekunda Cavid adlı şəxsin ona 1000-1500 manat pul verməli olduğunu bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokola iştirakçılar və eyni zamanda Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2, habelə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş şahid Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 161-164). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-ci il tarixli 6\1104 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm ” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,142 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş”... yazısı olan polietilen bağlamadakı, - 1 (bir) ədəd torbada təmiz çəkisi 3470 qram (3 kq 470 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; - üzərində «Methadone 40» qeyd olunmuş 50 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla ümumi 500 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 500 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 20 qram təşkil edir (konvalyutların üzərindəki göstəricəsinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla); - 1 (bir) “500g x 0,01g” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 3475,142 qram (3 kq 475,2 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3469,8 qram və 5,042 qram, metadon tərkibli dərman preparatı olan həblər 490 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 42-49). X2 Tibbi Yoxlamanın 12 aprel 2021-ci il tarixli 1061 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 123-124). Şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2021-ci il tarixli və şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 18 mart 2021-ci il tarixli protokollardan görünür ki, 17 mart 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsi ev 125 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə 5,142 qram çəkidə heroin aşkar olunuraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli kəskin iyli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddəni təxminən 1 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, adını “Cavid” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə təxminən 10-15 gün bundan öncə axşam satlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin, “Cavid” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla ondan pul əldə etmək olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən göndərilmiş narkotik vasitələri ona deyilən yerə qoyması müqabilində ***-**** manat pul əldə etməli olmuşdur (cild 1, iş vərəqə 28-30, 59-60). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 17 mart 2021-ci il tarixli protokoldan və baxış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 18 mart 2021-ci il tarixli protokollardan görünür ki, 17 mart 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı 3470 qram çəkidə bir ədəd sellofan bükümdə qablaşdırılmış heroin və 500 ədəd narkotik vasitə hesab olunan metadon həbləri aşkar olunuraq götürülmüşdür. Sorğu zamanı Nuranə Babayevə yaşadığı mənzildən aşkar edilmiş maddələrin narkotik vasitə olan heroin və digərinin isə adının dəqiq bilmədiyi narkotik tərkibli həblər olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, “Cavid” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymaq üçün əldə etdiyini, bu fəaliyyətə görə yekunda Cavid adlı şəxsin ona 1000-1500 manat pul verilməli olduğunu bildirmişdir (cild 1, iş vərəqə 33-34, 61-62). Telefon ilə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Honor» markalı ***-***- **-** saylı abonent nömrəsi ilə istifadə olunmuş mobil telefonun yaddaşında olan məlumatlara baxış zamanı mobil telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə «Cavid İran» adlı şəxsin adı altında qeyd olunmuş +98***-***-**-** mobil nömrə ilə 12 mart 2021-ci il tarixdən 17 mart 2021-ci il tarixdə əlaqə saxlanılması və həmin nömrənin mobil telefonun yaddaşında olan kontakt bölümündə də Cavid İran adında qeyd olunması müəyyən edilmiş, mobil telefonun yaddaşına baxış zamanı «Cavid İran» adlı şəxsin adı altında qeyd olunmuş +98***-***-**-** mobil nömrə ilə “WhatsApp” vasitəsi ilə danışılaraq narkotik vasitələrin məlum olmayan şəxslərin götürməsi üçün müxtəlif ünvanlara qoyularaq gizlədilməsi ilə bağlı məzmunda danışıqlar aparılmışdır (cild 1, iş vərəqə 63). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə və Təqsirləndirilən şəxs əlbir olduğu «Cavid» adlı naməlum şəxsin haqqında ibtidai istintaq orqanının 08 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 153-154). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 90). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, cərrahi əməliyyatlara məruz qalmasını və bununla bağlı səhhətində olan problemləri onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır ( iş vərəqə 20, 87-89). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 3469,8 qram və 5,042 qram təşkil edən heroin, metadon tərkibli dərman preparatı olan 490 ədəd həblər, 01 ədəd “500g x 0,01g” markalı elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın və yaşadığı evdə baxışın keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47,336). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02.06.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq çəkisi 3469,8 qram və 5,042 qram təşkil edən heroin, metadon tərkibli dərman preparatı olan 490 ədəd həblər, 01 ədəd “500g x 0,01g” markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın və yaşadığı evdə baxışın keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar