Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1454/2022 24.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Şahid2 küçəsi, ev 6-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Levonovski küçəsi, ev 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,992 qram və 1,901 qram olmaqla, satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 2,893 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 05 may 2022-ci il tarixdə 1 (bir) ədəd bükümdə 0,992 qram narkotik vasitəni 25 manat pul müqabilində tanışı Şahid1 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 05 may 2022-ci il tarixdə, saat 19:30 dəqiqədə ünvan 1 ünvanının qarşısında saxlanılıb Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,901 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. O, Şahid1 yaşadığı məhəllədən tanıyır. O, həmin qadını məhəllədə olan narkotik vasitə istifadəçiləri vasitəsilə tanımışdır. Belə ki, Şahid1 onların məhəlləsinə gələrək polis əməkdaşlarının verdiyi narkotik vasitə və psixotrop maddələri onun kimi narkomanlara satmışdır. Ona narkotik vasitə lazım olduqda, o, Şahid1 müraciət etmiş, sonuncu da onların məhəlləsinə gələrək ona 1 (bir) çet “kakosu” və “şüşəni” 10-15 manata satmışdır. Sonuncu dəfə o, polis əməkdaşları tərəfindən saxlanıldığı gün İranədən öz istifadəsi üçün 1 (bir) qram “kakos” və 1 (bir) qram “patı” almışdır. Lakin polis əməkdaşları tərəfindən o, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, İranədən aldığı narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlananadək artıq istifadə etmişdir. İtitham aktında hər şey səhv göstərilmişdir. O, küçədə deyil, yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin vaxt evdə tək olmamışdır. O, polislər tərəfindən saxlanıldığı vaxt Şahid1 da onunla birlikdə evdə olmuşdur. Sonra polislər onu tutub Polis İdarəsinə aparmışlar. Orada videoçəkiliş zamanı onun üzərinə baxış keçirilən zaman o, polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığına görə masanın üstünə düzülmüş narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur qalmışdır. O, İranəyə narkotik vasitə satmamışdır. Əksinə Şahid1 ona narkotik vasitə satmışdır. O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və 1 (bir) ədəd bükümdə 0,992 qram çəkidə narkotik vasitə heroini 25 manat pul müqabilində tanışı Şahid1 satmaması ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əməliyyat tədbirinin həyata keçirilməsindən sonra uzun müddət keçdiyindən o, bu iş üzrə bütün hadisələri dəqiqliklə xatırlamır. Lakin hadisədən sonra o, müstəntiqə ifadə vermiş və həmin ifadədə bütün halları təfərrüatı ilə göstərmişdir. Ona görə də o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xidmət etdiyi ərazidə yaşamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona qonşular tərəfindən dəfələrlə şifahi məlumat verilmişdir. Ona görə də o, Təqsirləndirilən şəxsla dəfələrlə profilaktik iş apararaq sonuncuya qanunsuz əməllərinə son qoyması barədə xəbərdarlıq etmişdir. Lakin Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq, narkotik vasitələrin satışı ilə məşğul olmağa davam etmişdir. Təqsirləndirilən şəxs əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin satışı ilə məşğul olmuşdur. Dəfələrlə qonşular ona müraciət edərək şikayət etmişlər ki, Tahir evinə narkotik istifadəçilərini yığaraq sonunculara narkotik vasitə və psixotrop maddə satır. Qonşular ona bu barədə müraciət etsələr də, Tahirdən çəkinərək sonuncuya bu barədə heç nə deməmişlər. Gündən-günə Tahirin barəsində qonşuların şikayəti çoxalmışdır. Onlar əvvəlcə Şahid1 tutmuşlar. İranənin üzərində narkotik vasitə aşkarlanmışdır. Onlar bu barədə İranədən soruşduqda, İranə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs bir az əvvəl aldığını demişdir. Bundan sonra onlar əməliyyat qrupu olaraq İranədən aldıqları məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər və orada Tahiri saxlamışlar. Həmin vaxt Tahirin üzərində deyəsən narkotik vasitə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə heroin aşkar edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Xətai RPİ-nin 37-ci Polis şöbəsində sahə rəisi vəzifəsində işləyir. Məxfi əməkdaşdan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi, ev 24-də yaşayan Şahid1 mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 cinayət əməllərinin ifşa olunması, sonuncunun cinayət törədərkən, yaxud cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri Şahid2 olmuşdur. O da həmin əməliyyat qrupunun üzvü olmuşdur. Onlar 05 may 2022-ci il tarixdə, saat 18:30-da ünvan 3 ünvanının qarşısında zahiri əlamətlərinə görə İranə Orucovuya oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb, sonuncunu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərərək və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin qadının şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1988-ci ildə Zaqatala şəhərində anadan olmuş Şahid1 kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya 37-ci PŞ-nə getməli olduqlarını bildirmişlər. Şahid1 etiraz etməmişdir. Şahid1 üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan sonuncunu 37ci PŞ-nə gətirərkən onlar Şahid1 əllərini ciblərinə salmağa imkan verməmişlər. Şahid1 paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Şahid1 üzərində şəxsi axtarışın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Şahid1 hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək İranəyə təqdim edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edərək Şahid1 üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Şahid1 üzərinə şəxsi axtarışın aparılmasında vəkil, o, Polis şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirak etmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən Şahid1 üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Şahid1 da əynində olan boz rəngli cins şalvarın sağ yan iç cibindən 1 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra həmin büküm təhqiqatçı tərəfindən açılmışdır. Həmin bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Şahid1 həmin heroini Tahir adlı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və narkotik vasitə heroinin 0,992 qram olması müəyyən olunduqdan sonra təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid1 narkotik vasitə satmaqda şübhəli bilinən Tahir adlı şəxsin tapılması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar ünvan 4 ünvanının qarşısına getmişlər. Onlar saat 19:30 dəqiqədə ünvan 4 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1980-ci ildə Naxçıvan MR-da anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya onlarla 37-ci Polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və əşyaların olmasına şübhələr olduğundan sonuncunu 37-ci PŞ-nə gətirilərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın aparılması şöbənin təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, Polis şöbəsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid2 iştirak etmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 3 (üç) ədəd üzərində “Sobranie” yazısı olan siqareti və əynində olan idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli bükümü açıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan heroin satmadığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdə həmin narkotik vasitənin 2,11 qram çəkidə olması müəyyən olunduqdan sonra bir ədəd zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 may 2022-ci il tarixdə onlara Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsi, A.Qurban küçəsi, ev 25-də şəxslərin narkotik vasitələri əldə edib istifadə etmələri və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edilmiş və icazə alındıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Sonra onlar həmin ərazidə İranə adlı bir xanımı saxlayıb 37-ci Polis şöbəsinə aparmışlar. Orada İranənin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı İranənin üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı İranə həmin narkotik vasitə heroini Tahir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. İranənin verdiyi məlumat əsasında Tahirin ifşa olunması istiqamətində əməliyyat qrupu yaradılmışdır. Sonra onlar Tahiri yaşadığı evin yaxınlığında saxlayıb Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onlar Tahirdən üzərində qeyri-qanuni nə varsa onlara təqdim etməsini xahiş etmişlər. Bu vaxt da Tahir cibindən sellofana bükülmüş şəkildə 2 qrama yaxın narkotik vasitə heroini çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Daha sonra keçirilmiş prosessual hərəkətlə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, bir ildir ki, inyeksiya yolu ilə narkotik vasitə heroin qəbul etmişdir. O, 05 may 2022-ci il tarixdə, saat 18:00 radələrində ünvan 4 ünvanının qarşısında olarkən əvvəllər tanıdığı və bir neçə dəfə narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi Tahir adlı şəxslə görüşərək 25 manat pul müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Onun Tahirdən aldığı narkotik vasitə 1 (bir) qrama yaxın olmuş, həmin narkotik vasitə siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olmuşdur. O, narkotik vasitə heroinin bir qismini dərhal yaxınlıqda qəbul etmişdir. Qalan narkotik vasitəni isə o, üzərimdə gəzdirmişdir. Həmin gün saat 18:30 dəqiqədə o, ünvan 5 ünvanının qarşısında olarkən mülkü geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxslər ona özlərini təqdim edib əllərini ciblərinə salmağa imkan verməyərək yaxınlıqda yerləşən Polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona hüquq və vəzifəsləri izah olunmuşdur. Sonra onun istəyi ilə vəkil dəvət olunmuş, vəkil və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitə heroinin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. O, saxlanılan zaman polis əməkdaşları onun üzərinə baxış keçirməmişlər, habelə heç bir fiziki güc tətbiq etməmişlər. Həmçinin o, Tahir adlı şəxsdən 1-2 dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 7) görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, saat 18:30-da saxlanılmış Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirmiş, bu səbəbdən də həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis şöbəsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində 25 manata şəxsi istifadəsi üçün aldığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2619 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-43) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 153" möhür əksi, “...Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,901 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin kütləsi ilə Şahid1 aşkar edilmiş heroin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 50) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Şahid1 qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 manata Təqsirləndirilən şəxs almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-254/2022 saylı qərarından (cild 1, iş vərəqə 75-78) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 may 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2473 nömrəli rəyindən (cild 1, iş vərəqə 85-86) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə "Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 98) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1-3) görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının əks olunduğu 1 (bir) ədəd diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən mətnlər (mesajlar) müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 114-127) görünür ki, Şahid1 Şabuddun qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,851 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 131-132) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2021-ci il tarixli əlillik vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Habelə məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, əksinə Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu, sonuncunun onun yaşadığı məhəlləyə gələrək orada narkotik vasitələr satdığını, ona lazım olduqda narkotik vasitələri məhz Şahid1 aldığını iddia etsə də, məhkəmə istintaqında qeyd edilən dəlillər öz təsdiqini tapmamışdır. Əksinə cinayət işinin materialları ilə təsdiq olunur ki, əvvəlcə Şahid1 şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt onun üzərindən narkotik vasitə heroin aşkar edilmiş, o da həmin narkotik vasitəni Təqsirləndirilən şəxs 25 manata aldığını bildirmişdir. Eyni zamanda məhkəmə bu hissədə qeyd edir ki, hər iki şəxs barəsində cinayət işi bir müddət eyni icraatda aparılsa da, daha sonra Təqsirləndirilən şəxs aid hissədə cinayət işinin icraatı ayrılmışdır. Bundan başqa, cinayət işinin materialları ilə təsdiq olunur ki, Şahid1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, lakin Şahid1 məhkəmədən yayındığından işə baxılıb həll edilməsi mümkün olmamış, nəticədə sonuncunun barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs iddia etdiyi dəlillərin yoxlanılması baxımından Şahid1 hazırki iş üzrə şahid qismində dindirilməsi zəruri və əhəmiyyətli olmuşdur. Lakin məhkəmə hazırki cinayət işi üzrə şahid qismində çıxış edən Şahid1 məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə dəfələrlə cəhd göstərsə də (məcburi gətirmə barədə qərar çıxarılmaqla), onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Belə ki, məcburi gətirmə barədə qərarın icrası barədə 37-ci Polis şöbəsindən daxil olmuş cavabdan görünür ki, Şahid1 tüfeyli həyat tərzi sürdüyündən onun olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında tədqiq etmək məcburiyyətində qalmışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən, eləcə də ona qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 25 manata Şahid1 narkotik vasitə heroin satmışdır. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə hesab edir ki, həqiqətən də Təqsirləndirilən şəxs Şahid1 əvəzli, yəni 25 manat pul müqabilində narkotik vasitə heroin satmışdır. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməklə üzərində saxlamış və daşımış, 05 may 2022-ci il tarixdə 1 (bir) ədəd bükümdə 0,992 qram narkotik vasitəni 25 manata Şahid1 satmış, Şahid1 şübhəli şəxs qismində tutulduqdan sonra Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 05 may 2022-ci il tarixdə, saat 19:30 dəqiqədə saxlanılmış və 37-ci Polis şöbəsinə aparılmış, orada onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,901 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. X5 satdığı narkotik vasitə heroin və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etmişlər və ümumilikdə narkotik vasitə heroinlərin çəkisi külli miqdar təşkil etmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulanadək külli miqdarda narkotik vasitə heroin əldə etmiş, əldə etdiyi narkotik vasitə heorinin bir hissəsini əvəzli şəkildə Şahid1 satmış, qalan hissəsini isə üzərində saxlayıb daşıyarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, İİ qrup əlil olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əlil olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psxiostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin o, İİ dərəcəli əlil olması səbəbindən ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Lakin o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,851 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,851 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1454/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1454/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver