Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1455/2021 11.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X10, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Füzuli rayonu Dədəli kəndində qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə Külli miqdarda təmiz çəkisi 398,512 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki bükümdə ümumi təmiz çəkisi 104,004 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin alaraq əldə edib üstündə saxlayaraq daşımış və 19 yanvar 2021-ci il tarixdə saat 18.30 dəqiqədə ünvan 1 ünvanın yaxınlığında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına dəvət olunaraq xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən, əlində olan qırmızı rəngli əl çantasının içindən bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 398,512 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və iki bükümdə ümumi təmiz çəkisi 104,004 qram ağ rəngli kristallardan ibarət maddələr - xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və “Pocket Scole” markalı 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən çəkərək istifadə edirmiş. 19.01.2021-ci il tarixdə yaşadığı evdən çıxıb işə getmək istədiyi zaman iki nəfər polis əməkdaşı tərəfindən evinin qarşısında saxlanılmışdır. Həmin zaman üzərində işə aparmaq üçün götürdüyü notebook çantası və içərisində işində istifadə etdiyi notebook olmuşdur. İşə aparacağı qırmızı rəngli notebook çantasının içərisində özünün istifadə etmək üçün notebook çantasına qoyduğu 5-6 qram çəkidə olan narkotik vasitə olmuşdur. Yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşdıqdan sonra onu polis bölməsinə aparmışlar. Polis bölməsində video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Polis bölməsində olduğu zaman qırmızı rəngli notebook çantasından aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Evdən çıxdığı zaman götürdüyü qırmızı rəngli notebook çantasında notebook, notebooka məxsus əşyalar və özünün şəxsi istifadəsi üçün olan təxminən 5-6 qram çəkidə narkotik vasitə olmuşdur. Lakin polis əməkdaşlarının aşkarladığı digər çəkidə narkotik vasitə və metamfetamin ona məxsus olmamışdır. O, polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Belə ki, onlar aşkar olunmuş narkotik vasitəni və metamfetamini öz üzərinə götürməyini tələb etmişlər. O da göstərilmiş təzyiqlərə dözməyərək, məcburiyyət qarşısında qalaraq, polis əməkdaşlarının ondan tələb etdikləri bütün sənədlərə imza etmişdir. Həmçinin onun üzərimə baxış keçirilən zaman onun çantasında tərəzi olmamışdır. O, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, internet üzərindən sosial şəbəkə vəsitəsi ilə İran İslam Respublikasının vətəndaşı Cəmşid adlı şəxslə tanış olmuş və bir neçə dəfə ondan onlayn şəkildə hesabına pul ödəməklə narkotik vasitə əldə etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının sonlarında Cəmşid adlı İran İslam Respublikasının vətəndaşı ilə “Watsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ondan narkotik vasitə heroin və şüşə kimi tanıdığım metamfetamin psixotrop maddəsi almaq istədiyini bildirmişdir. 02.01.2021-ci il tarixdə Cəmşid adlı şəxs onunla “Watsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə əldə edilməsi ilə əlaqədar köməklik edə biləcəyini söyləmiş, o da, “milliön” aparatı vasitəsi ilə Cəmşid adlı şəxsin verdiyi hesab nömrəsinə 500 manat pul ödəmişdir. Bundan sonra Cəmşid təkrar zəng edib Maştağa qəsəbəsinə getməyini və oradan narkotik maddələri götürə biləcəyini demiş, o da, Cəmşidin dediyi yerə Maştağa qəsəbəsinə körpünün yanında yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yanına getmiş, bundan sonra Cəmşid ona “Vatsap” sosial şəbəkəsi vasitəsilə narkotik maddələrin olduğu yerin foto şəkilini göndərmiş, o, da həmin yerin yanında dayandığını müəyyən etmiş və şəkildə qeyd olunan dəmir dirəkdən ibarət yol nişanının yanından 1 ədəd sellofan torbada içərisində şüşə və heroin kimi tanıdığı narkotik maddələr olan 3 ədəd bükümü götürüb oradan uzaqlaşıb getmişdir. O, da həmin narkotik vasitələri özünə aid qırmızı rəngli kompyuter çantasına qoyaraq saxlamaqla daşımışdır. 19.01.2021-ci il tarixdə saat 18.30 radələrində ünvan 3 ünvanın qarşısında 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan 32ci PB-nə apararaq təhvil vermişlər. PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O isə buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində heç bir qanunsuz əşya olmadığını bildirib əlində olan qırmızı rəngli çantanı təqdim edərək çantanın içərisində heroin və şüşə kimi tanıdığı narkotik maddələr və digər əşyalar olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi çantanın ilk öncə ön hissəsi açıldıqda oradan 1 ədəd sarı rəngli üzərində “Avto Sistem” yazıları həkk olunmuş vizitka, 2 ədəd halqadan ümumi 3 ədəd dəmir konstruksiyalı açarlar, 1 ədəd qara rəngli üzərində “Jaguar” sözü həkk olunmuş alışqan, çantanın arxa hissəsi açıldıqda oradan 1 ədəd təmir üçün çantasında saxladığı, üzərində gsm nömrəsi olmayan qara rəngli “Samsung J6” markalı, 1 ədəd yenədə təmir üçün çantasında olan qara rəngli arxa qapağı və cərəyan daşı olmayan “Jinga” markalı mobil telefon aparatı, 1 ədəd qara rəngli üzərində “BQ” hərfləri həkk olunmuş mobil telefon aparatına aid cərəyan daşı, 1 ədəd göy rəngli "xxxx"-a məxsus elektron məlumat daşıyıcısı (plastik kart), 2 ədəd qeydlərin aparıldığı vərəqlər, 1 ədəd "xxxx" ASC-dən verilmiş qəbz, 1 ədəd narkotik vasitələri istifadə etmək üçün çantada saxladığı falqa, daha sonra orta hissədən 1 ədəd tünd qırmızı rəngli “Acer Aspire” markalı leptop kompyuteri, 1 ədəd həmin kompyuterə aid elektirik cərəyan naqili, narkotik vasitələr alan zaman aldanmamağı üçün narkotik vasitələri ölçmək üçün istifadə etdiyi 01 ədəd elektron tərəzi, həmçinin yuxarıda adını qeyd etdiyi Çəmşid adlı şəxsin vasitəsi ilə əldə etdiyi 1 ədəd polietilen bağlamada şəffaf sellofana bükülmüş heroinə bənzər narkotik maddə və 2 ədəd şəffaf sellofan bükümlərdə içərisində kristal halında olan metamfetaminə bənzər narkotik maddələr aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə daxil olmuş məlumatda Nicad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir. Ona görə də daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Nicad adlı şəxsin cinayət əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 19 yanvar 2021-ci il tarixdə saat 18:30 dəqiqədə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsində 15 saylı evin qarşısında narkotok vasitələrin istifadəsində və saxlanmasında şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək Növbətçi Hissəyə təhvil vermişlər. Saat 21 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməzdən əvvəl bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmet olmadığını bildirib əlində olan qırmızı rəngli çantanı təqdim edərək çantanın içərisində heroin və şüşə kimi tanıdığı narkotik maddələr və digər əşyalar olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi çantanın ilk öncə ön hissəsi açıldıqda oradan 1 ədəd sarı rəngli üzərində “Avto Sistem” yazıları həkk olunmuş vizitka, 2 ədəd halqadan ümumi 3 ədəd dəmir konstruksiyalı açarlar, 1 ədəd qara rəngli üzərində “Jaguar” sözü həkk olunmuş alışqan, çantanın arxa hissəsi açıldıqda oradan 1 ədəd təmir üçün çantasında saxladığı, üzərində gsm nömrəsi olmayan qara rəngli “Samsung J6” markalı, 1 ədəd yenədə təmir üçün çantasında olan qara rəngli arxa qapağı və cərəyan daşı olmayan “Jinga” markalı mobil telefon aparatı, 1 ədəd qara rəngli üzərində “BQ” hərfləri həkk olunmuş mobil telefon aparatına aid cərəyan daşı, 1 ədəd göy rəngli "xxxx"-a məxsus elektron məlumat daşıyıcısı (plastik kart), 2 ədəd qeydlərin aparıldığı vərəqlər, 1 ədəd "xxxx" ASC-dən verilmiş qəbz, 1 ədəd narkotik vasitələri istifadə etmək üçün çantada saxladığı falqa, daha sonra orta hissədən 1 ədəd tünd qırmızı rəngli “Acer Aspire” markalı leptop kompyuteri, 1 ədəd həmin kompyuterə aid elektirik cərəyan naqili, narkotik vasitələr alan zaman aldanmamağı üçün narkotik vasitələri ölçmək üçün istifadə etdiyi 01 ədəd elektron tərəzi, həmçinin yuxarıda adını qeyd etdiyi Çəmşid adlı şəxsin vasitəsi ilə əldə etdiyi 1 ədəd polietilen bağlamada şəffaf sellofana bükülmüş heroinə bənzər narkotik maddə və 2 ədəd şəffaf sellofan bükümlərdə içərisində kristal halında olan metamfetaminə bənzər narkotik maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkortik maddələr heroin və şüşə kimi tanıdığı narkotik maddələrdir. Həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı Cəmşid adlı şəxsdən özü istifadə etməsi üçün onlayn şəkildə pul ödəməklə Sabunçu rayonu, Maştağa qəsəbəsində yol kənarında dəmir dirəyin yanından əldə etmişdir. Şahid1 həmçinin ifadəsində göstərdi ki, əməliyyat axtarış tədbirinin, o cümlədən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın həyata keçirilməsi zamanı tərəflərindən sonuncuya qarşı hər hansi bir təzyiq və təsir göstərilməmişdir. Bu barədə Təqsirləndirilən şəxs ifadəsində göstərilənlər həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş “şəxsi axtarış və götürmə haqqında” 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan, təqdim etdiyi qırmızı rəngli çantanın içərisindən 1 ədəd sarı rəngli üzərində “Avto Sistem” yazıları həkk olunmuş vizitka, 2 ədəd halqadan ümumi 3 ədəd dəmir konstruksiyalı açarlar, 1 ədəd qara rəngli üzərində Jaguar” sözü həkk olunmuş alışqan, çantanın arxa hissəsi açıldıqda oradan 1 ədəd qara rəngli “Samsung J6” markalı, 1 ədəd qara rəngli arxa qapağı və cərəyan daşı olmayan “Jinga” markalı mobil telefon aparatları, 1 ədəd qara rəngli üzərində “BQ” hərfləri həkk olunmuş mobil telefon aparatına aid cərəyan daşı, 1 ədəd qara rəngli “PovverBank” cərəyan aparatı, 1 ədəd göy rəngli "xxxx"-a məxsus elektron məlumat daşıyıcısı (plastik kart), 2 ədəd qeydlərin aparıldığı vərəqlər, 1 ədəd "xxxx" ASC-dən verilmiş qəbz, 01 ədəd tünd qırmızı rəngli “Acer Aspire” markalı lepot kompyuteri, 1 ədəd həmin kompmyuterə aid elektrik cərəyan naqili, 1 ədəd qara rəngli elektron tərəzi, 1 ədəd polietilen bağlamada şəffaf sellofana bükülmüş heroinə bənzər narkotik maddə və 2 ədəd şəffaf sellofan bükümlərdə içərisində kristal halında olan metamfetaminə bənzər narkotik maddələr aşkar edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2021-ci il tarixli, 6/242 saylı rəyində göstərilmişdir ki, “Tədqiqata təqdim edilmiş üzərində: "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddı sübut ..." yazılı paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 398,512 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 104,004 qram ağ rəngli kristaldan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə ayrı olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin", metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr"in İ Siyahısına daxildirlər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18.02.2021-ci il tarixli, 519 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Aayanat oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatriya ekspertizasının 11.06.2021-ci il tarixli, 1268 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunana əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərində yalnız 5-6 qram narkotik vasitə olması, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisinin külli miqdarda olması, psixotrop maddənin ayrı-ayrılıqda iki ədəd bağlamalarda olması, çantasından qeyd edilən maddələrin çəkilməsi üçün tərəzinin aşkar edilməsi məhz onun tərəfindən qeyd olunan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş məhkumlıuğu ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində iki nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş X6n verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan qızı 21.02.2013-cü il təvəllüdlü X1 serebral iflic diaqnozu ilə X6 qeydiyyatdadır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, onlardan biri xəstə olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21.01.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 398,312 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 103,804 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkili X11 210 (iki yüz on) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 398,312 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq qalan 103,804 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 114 manat (bir yüz on dörd manat) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X4, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “ProBono” Vəkil Bürosunun vəkili X11 210 (iki yüz on) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1455/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1455/2021
11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver