Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1455/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X1, Zərəçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs– (xx.xx.1987-ci il tarixdə Qusar rayonu, Kuf Oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanın qarşısında Şahid1 az öncə tanışı Zərərçəkmiş şəxs yaxınlıqdakı kafedən çay gətirməyə buyurduğuna görə sərxoş vəziyyətdə Şahid1la mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs iradını bildirib üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, açılıbqatlanan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağı ilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bir dəfə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirməklə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittaham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Anarla birlikdə uzun müddət Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yeləşən «Premium servis» avtomobil texniki xidmət mərkəzinin yanında fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyucu işləmişlər. Hadisədən bir həftə öncə oradan ayrılmışdır. Belə ki, əsasən balıqçılıqla məşğul olub ailəsini dolandırırmış və vaxtının çox hissəsini balıqçılıqla keçirmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Anarı görmək üçün onun işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Anarın yanına gəlməmişdən öncə «Xəzər» dairəsinin yaxınlığında yerləşən kafedə bir bakal pivə içmişdir. Anarla avtoyuma məntəqəsində oturub bir az söhbət etmişlər. Sonra Anara N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketinə gedib «Go» enerji içkisini alıb içməyi təklif etmiş və Anar etiraz etməmişdir. Anar «Bolmart» supermarketinə gedib özünə və ona bir ədəd «Go» enerji içkisi almışdır.Onun əlindəki enerji içkisinin qulpu qırıldığına görə cibində olan bıçaqla enerji içkisinin qulpunu acmışdır. Bu vaxt supermarketin yaxınlığında yerləşən kafedən adını sonradan bildiyi “Baba” adlı şəxsin fitlə Anarı səsləyərək, ona kobud şəkildə çay gətirməsini demişdir. Babanın Anarla bu cür davranışı ona çox pis təsir etmişdir. Anara demişdir ki, kimə nə lazımdır, getsin özü alsın. Baba isə ona “mənimləsən”- deyə sual vermiş, o isə hə “səninləyəm”- deyə cavab vermişdir. Baba onun üstünə gələndə Anar elə bilmişdir ki onlar dalaşır, Anar onları ayıranda enerji içkisinin qulpunu açdığı bıçaq Anara batmışdır. Anarın sinə nahiyəsindən qan gəldiyini görüb, tez yaxınlıqdakı aptekə gedib oradan bint, perekis almış, daha sonra Anarın işlədiyi avtoyuma məntəqəsinə gəlmişlər və onun yarasını sarımışdır. Anarın yanında 10-15 dəqiqə oturub, sonra Anarın normal vəziyyətdə olduğunu görmüş, evə getmək istədiyini demişdir. Anar etiraz etmədiyindən o, evə getmişdir. Səhər saatlarında isə 35-ci PB-ə gedib hadisə barədə məlumat vermişdir. O, Anarla həmişə yaxşı münasibətinin olduğunu, Anara heç vaxt zərər yetirmək istmədiyini və tutuduğu əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Anarla birlikdə uzun müddət Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yeləşən «Premium servis» avtomobil texniki xidmət mərkəzinin yanında fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyucu işləmişdir. Məlum hadisədən bir həftə öncə oradan ayrılmışdır. Belə ki, əsasən balıqçılıqla məşğul olub ailəsini dolandırır və vaxtının böyük hissəsi balıqçılığa gedir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Anarı görmək üçün onun işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir. Anarın yanına gəlməmişdən öncə «Xəzər» dairəsinin yaxınlığında yerləşən kafedə bir bakal pivə içmişdir. Anarla avtoyuma məntəqəsində oturub bir az ordan-burdan söhbət etmişlər. Sonra Anara N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketinə gedib orada «Go» enerji içkisini alıb içməyi təklif etmişdir. Anar etiraz etməmişdir. Gəzə-gəzə «Bolmart» supermarketinə gəlmişlər. Orada Anar hərəyə bir ədəd «Go» enerji içkisini almışdır. Supermarketin yaxınlığında dayanıb enerji içkisini içməyə başlamışlar. Həmin vaxt supermarketin yaxınlığında yerləşən kafedən adını sonradan bildiyi “Baba” adlı şəxs fitlə Anarı səsləyərək ona kobud şəkildə çay gətirməyi demişdir. “Baba” adlı şəxsin Anarla bu cür davranışı çox pis təsir etmişdir. “Baba” adlı şəxsə «kimə nə lazımdır, getsin özü alsın» demiş, “Baba” adlı şəxs isə «mənimləsən?» demişdir. “Baba” adlı şəxsə müsbət cavab verib ona yaxınlaşmışdır. “Baba” adlı şəxs üstünə gələndə Anar və tanımadığı iki nəfər şəxs aralarına girib aralamışlar. Sonra Anarla birlikdə oradan uzaqlaşıb «Bolmart» supermarketinin digər tərəfinə keçmiş və orada enerji içkisini içməyə davam etmişlər. Saat 23 radələri olmuşdur. Həmin vaxt əsəbiləşmiş və balıqçılıqda istifadə etdiyi cib bıçağını çıxardıb açaraq bıçağın tiyəsindən tutmuş və Anara «Anar sənin moykada işləməyinə baxmayaraq, heç kim sənin xətirinə dəyə bilməz» demiş və əsəbindən bıçaqla bir dəfə Anarın sinə nahiyəsinə vurmuşdur. Həmin vaxt Anarın sinə nahiyəsindən qan gəldiyini görmüşdür. Tez yaxınlıqdakı aptekə gedib oradan bint almış, Anarın yarasını sarıyandan sonra Anarın işlədiyi avtoyuma məntəqəsinə gəlmişlər. Orada Anarın yanında 10-15 dəqiqə qalandan sonra Anarın normal vəziyyətdə olduğunu görüb evə getmək istədiyini demiş, Anar etiraz etməmiş, oradan evə getmişdir. Polis əməkdaşları axtardıqlarına görə növbəti gün səhər saatlarında 35-ci PB-ə gəlmiş və Anarı bıçaqla vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etdiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, «Premium Servis»lə üzbəüz fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs 1 ilə yaxındır ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ədalətlə bir müddət avtoyuma məntəqəsində yuyucu işləmişlər. Sonradan Ədalət işdən çıxmış, balıqçılıqla məşğul olmağa başlamışdır. 11 aprel 2022-ci il tarixdə saat 22 radələrində işlədiyi avtoyuma məntəqəsində olarkən Ədalət yanına gəlmişdir. Ədalətlə söhbət etməyə başlamışlar. Ədalət ona «Bolmart» supermarketinə gedib oradan «Go» enerji içkiləri almağı təklif etmişdir. O da «Bolmart» supermarketə gedib özünə və Ədalətə «Go» enerji içkisi almışdır. «Bolmart» supermarketinin yaxınlığında dayanıb «Go» enerji içkisini içərkən Ədalətin enerji içkisinin qulpu qlırıldığından onun cibindən bıçaq çıxarıb enerji içkisinin qulpunu açdığını görmüşdür. Həmin vaxt supermarketin yaxınlığında olan Baba adlı tanışı onu fitlə səsləyərək yaxınlıqdakı kafedən ona çay gətirməyini demişdir. Yaxınlıqda olan kafeyə gedib oradan Baba üçün bir fincan çay götürmüş, kafedən qayıdanda Ədalətin Baba ilə mübahisə etdiyini görmüşdür. Belə ki, Babanın onu çay dalınca göndərməyi Ədalətin xoşuna gəlməmişdir. O, onların mübahisə etdiyini görmüş və onları aralaşdırarkən Ədalətin əlində olan bıçaq ona dəymişdir. Ədalət onun yaralandığını görüb yaxınlıqdakı aptekə aparmış, oradan bint, spirt və perekis almışdır. Daha sonra avtoyuma məntəqəsinə gəlmişlər, orada Ədalət onun yarasını yuyub sarmışdır. Sonra Ədalət evinə getmişdir, o isə işlədiyi avtoyuma məntəqəsində qalmışdır. Bir qədər sonra avtoyuma məntəqəsinin müdiri Elmar gəlmiş və onun yaralı vəziyyətdə olduğunu görüb onu X7 aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o göstərmişdir ki, doğum haqqında şəhadətnaməsini itirmiş, şəxsiyyət vəsiqəsi ümumiyyətlə yoxdur. Təxminən 4 ildir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində, «Premium Servis»lə üzbəüz fəaliyyət göstərən avtoyuma məntəqəsində yuyucu işləyir. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Uzun müddət bir yerdə yuxarıda qeyd etdiyi avtoyuma məntəqəsində yuyucu işləmişlər. Sonradan Ədalət ayrılmış, belə ki, Ədalət əsasən balıqçılıqla məşğul olurdu. 11 aprel 2022-ci il tarixdə saat 22 radələrində işlədiyi avtoyuma məntəqəsini bağlayarkən Ədalət yanına gəlmişdir. Salamlaşıb söhbət etmişlər. Ədalət sərxoş vəziyyətdə olmuşdur. Ədalət N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketinə gedib oradan «Go» enerji içkilərini almağı təklif etmişdir. Etiraz etməmiş və piyada gəzərək N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketi istiqamətində hərəkət etmişlər. Supermarketdən özünə və Ədalətə «Go» enerji içkisini almışdır. «Bolmart» supermarketinin yaxınlığında dayanıb «Go» enerji içkisini içməyə başlamışlar. Həmin vaxt supermarketin yaxınlığında olan «Baba» adlı tanışı səsləyərək yaxınlıqdakı kafedən ona çay gətirməyi demişdir. Yaxınlıqda olan kafeyə gedib oradan Baba üçün bir fincan çay götürmüş, kafedən qayıdanda Ədalətin Baba ilə mübahisə etdiyini görmüşdür. Belə ki, Babanın çay dalınca göndərməyi Ədalətin xoşuna gəlməmişdir. Ədalət Babanın ünvanına söyüşlər söymüş, Ədaləti sakitləşdirib onu «Bolmart» supermarketinin yan tərəfinə aparmışdır. Orada siqaret çəkmişlər. Sonra Ədalət cibindən kiçik ölçülü, açılıb-qatlanan bıçağı çıxartmış və əlində oynatmağa başlamışdır. Həmin vaxt Ədalət «Anar, sənin moykada işləməyinə baxmayaraq, heç kim sənin xətirinə dəyə bilməz» demiş və əlindəki bıçaqla bir dəfə yüngül zərbə ilə sinəsindən vurmuşdur. Ədalət yaralandığını görüb yaxınlıqdakı aptekə aparmış, oradan bint, spirt və perekis almış və yarasını sarımışdır. Sonra Ədalət evinə getmiş, özü isə işlədiyi avtoyuma məntəqəsinə qayıtmışdır. Bir qədər sonra avtoyuma məntəqəsinin müdiri Elmar gəlmiş, Elmar yaralı vəziyyətdə olduğunu görüb X7 gətirmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və dəymiş ziyan tam şəkildə onun yaxınları tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi izahatla ifadənin arasında yaranmış ziddiyyəti onunla əsaslandırmışdır ki, xəstəxanada izahat verəndə əməliyyatdan təzə çıxmış və həyəcandan hadisə ilə bağlı bəzi məqamları unutmuşdur, hadisə ifadəsində göstərdiyi kimi baş vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsinin müstəniq tərəfindən yazıldığını, ifadəsini oxumadan imza etdiyini və məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir iddia və ya tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, adı Allahverdi olsa da, hamı onu «Baba» adı ilə çağırır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketinin yaxınlığında olan ağacları sulamışdır. Həmin vaxt tanıdığı və N.Tusi küçəsində avtoyuma məntəqəsində yuyucu işləyən Ədalət və Anar «Bolmart» supermarketinin yaxınlığında dayanıb «Go» enerji içkisini içmişlər. Anarı səsləyərək yaxınlıqda olan çayxanadan çay gətirməyi xahiş etmiş, Anar etiraz etməmiş və çayxanaya getmişdir. Anarı çayxanaya göndərməyi Ədalətin xoşuna gəlməmiş və Ədalət yaxınlaşıb kobud danışmağa başlamışdır, sonra isə ünvanına söyüşlər söymüşdür. Ədalət sərxoş vəziyyətdə olduğu üçün ona baş qoşmamış, kənarda olan bir-iki nəfər şəxs gəlib Ədaləti ayırmışlar. Anar da həmin vaxt çayxanadan qayıtmış və Ədaləti sakitləşdirməyə başlamışdır. Sonra Anar və Ədalət oradan uzaqlaşmış, özü isə işinə davam etmişdir. Bir qədər sonra isə eşitmişdir ki, Ədalət «Bolmart» supermarketinin yaxınlığında Anarı bir dəfə bıçaqla sinəsindən vurmuşdur. Ədalətin Anarı nə üçün bıçaqla vurduğunu bilməmişdir. Şahid2 ibtdiai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsi atası Sahib Hüseynzadəyə məxsusdur. Zərərçəkmiş şəxs atasına məxsus avtoyuma məntəqəsində yuyucu işləyir. xx.xx.2022-ci il tarixdə avtoyuma məntəqəsinə gəlmişdir. Həmin vaxt Anarın məntəqənin içərisində yaralı vəziyyətdə uzandığını görmüşdür. Anardan nə baş verdiyini soruşmuş, Anar isə onunla birlikdə yuyucu işləmiş Ədalətin N.Tusi küçəsində yerləşən «Bolmart» supermarketinin yanında heç bir səbəb olmadan onu bıçaqla sinəsindən vurduğunu bildirmişdir. Anarı yaralı vəziyyətdə görüb onu idarə etdiyi avtomobillə X7 aparmış və orada hadisə ilə bağlı polisə məlumat verdiyini demişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 12 aprel 2022-ci il “baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istintaqa bir ədəd bıçaq təqdim edərək həmin bıçaqla xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanının qarışısında tanışı Zərərçəkmiş şəxs xəsarət yetidrdiyini bildirmişdir. Təqdim edilmiş bıçağın ümümi uzunluğu 16,5 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin uzunluğu 7,2 smdir, dəstəyin uzunluğu isə 9,3 sm-dir. Təqdim edilmiş bıçağın üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 12 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli qısaqol idman köynəyinə 3 saylı X5 baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilən köynəyin üzərində tünd qırmızı rəngli, qanabənzər ləkələr var və köynəyin sol sinə hissəsində bir ədəd zədənin olması müşahidə edilmişdir. Cinayət işinin materiallarında olan 12 aprel 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yer olan ünvan 4 ünvanında yerləşən “Bolmart” süpermarketinin sol yan tərəfini göstərərək bildirmişdir ki, həmin yerdə 11 aprel 2022-ci il tarixdə saat 23 radələrində özü ilə gəzdirdiyi balıqçılıqda istifadə etdiyi cib bıçağının tiyəsindən tutub həmin bıçaqla tanışı Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bununla bağlı fotoşəkillər də cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Hüquqi Şəxsinin verdiyi 04 may 2022-ci il tarixli 457 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemotoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti qərarda və tibbi sənəddə göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının verdiyi 23 may 2022-ci il tarixli 3/556-3/565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş bir ədəd qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqdim edilmiş qara rəngli qısaqol köynəyin səthindəki zədədə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının 11 may 2022-ci il tarixli 011- 5305-1222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaqdan götürülmüş 02 ədəd tamponda qanabənzər maddələr və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynəkdən kəsilmiş 01 ədəd parça üzərində olan qanabənzər maddələrin, insan qanı olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaqdan götürülmüş 02 ədəd tampon və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynəkdən kəsilmiş 01 ədəd parça üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 aprel 2022ci il tarixli 4(011)-173/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 adında azyaşlı övladı vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyinin tam sübuta yetirilmiş olduğunu hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdiyindən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə mülki iddia yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan – 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan - 12 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qısaqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri dəyəri 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1455/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1455/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver