Məhkəmə qərarları › İş №1(101)-1457/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1457/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1457/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Şəhriyar Qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsdən 01 aprel 2022ci il tarixdə istintaqa məlum olmayan ərazidə satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 18,107 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini ümumilikdə 40 manata əldə edib üzərində və idarə etdiyi “Daewoo Gentra” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 01 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivi ünvanında saxlanılaraq həmin avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15,257 qram olan və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun idarə etdiyi “Daewoo Gentra” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılan baxış zamanı avtomobilin salonunda yerləşən sürücüyə aid qoltuqaltı əşya qutusundan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,850 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir il olardı ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. Psixotrop maddə olan metamfetamini İİR vətəndaşı olan tanımadığı, adını bilmədiyi şəxsdən alaraq ara-sıra istifadə etmişdir. Sonuncu dəfə saxlanılmamışdan bir ay öncə psixotrop maddə olan metamfetamin almışdır. Dostu Şahid5 30-cu polis bölməsində sahə inspektoru vəzifəsində çalışmış, bir-iki gün olardı ki, Orxandan xəbər çıxmadığından onun ailəsi narahat olmuşdur. Həmin gün Orxan istifadəsində olan nömrədən ona səsli mesaj göndərərək Bahar qəsəbəsində yerləşən kirayə qaldığı evdə olmasını demişdir. Hətta Tamerlan adlı ortaq tanışları ona həmin evə getməməsini, Orxanın polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. O, 01 aprel 2022-ci il tarixdə təxminən saat 20.20 radələrində Suraxanı rayonu, Bahar qəsəbəsinə etibarnamə ilə idarə etdiyi ağ rəngli “Daewoo” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə yola düşmüşdür. Şahid5 dediyi ünvana gələrək mənzilin qapısını döymüş, bu zaman mülki geyimdə olan şəxslər içəridən çıxıb onu saxlayaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində onu RPİ-nə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin əməkdaşları tərəfindən təzyiq edilmiş və o, adlarının Eltac, Zaur, Natiq və Anar olduğunu bildiyi polislər tərəfindən döyülmüşdür. Üzərinə və avtomobilinə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilərək, narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını boynuna almasına və çəkiliş zamanı təqdim etməsinə məcbur edilmişdir. Lakin, o, saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin isə ümumiyyətlə satışı ilə məşğul olmamış, saxlanılan zaman üzərində ümumiyyətlə hər hansı qanunsuz vasitə, əşyada olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİnin CAŞ-nin rəis müavini vəzifəsində xidmət edir. 01 aprel 2022-ci il tarixdə xx xxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Naxçıvan MR, Ordubad rayonu, Şəhriyar qəsəbəsi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də onun tərəfindən raportla Suraxanı RPİ-nin rəisinə məruzə edilmiş və 01 aprel 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar Suraxanı RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə ondan, Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Suraxanı RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. CAŞ-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 01 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ünvanında olan zaman “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili idarə edən bir nəfər kişi cinsindən olan şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb həmin avtomobili saxladıb avtomobilə yaxınlaşmışlar. Onlar avtomobili idarə edən şəxsə Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və satışında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə Suraxanı RPİ-nə getməli olduğunu bildirib onu avtomobili ilə birlikdə ünvan 8 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Bu barədə raportla RPİ-nin rəisinə məruzə edilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin təhqiqatçısı Sail Hacıyevə həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə RPİ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış və avtomobilinə isə baxış aparılacağı izah edildikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmiş və videoçəkilişdən istifadə edilməklə əvvəlcə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibindən “İphone 7” markalı mobil telefonu və 5 ədəd bir manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasını, avtomobilin açarını çıxarıb təqdim etmişdir. Şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal formasında maddənin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu və metamfetamini bu gün, yəni 01 aprel 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. 01 aprel 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobildə gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunmuşdur. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin salonunda əşya üçün nəzərdə tutulmuş qoltuq altında metamfetamin vardır. Avtomobilin salonundakı qoltuq altı əşya qutusuna baxış zamanı orada dəsmala bükülmüş ağ rəngli salfetdə 03 ədəd dərman kapsulası və 01 ədəd şəffaf sellofan bükümün olduğu aşkar edilmişdir. Şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal formasında maddənin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu və metamfetamini “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından özü istifadə etmək üçün aldığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanında baxış aparılmış və baxış zamanı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Suraxanı RPİnin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət edir. 01 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də Suraxanı RPİ-nin CAŞ-nin rəis müavini Şahid1 tərəfindən raportla Suraxanı RPİnin rəisinə məruzə edilmişdir. Bundan sonra 01 aprel 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar Suraxanı RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə Şahid1 rəhbərliyi ilə ondan, Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. CAŞ-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 01 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində qrup ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ünvanında olan zaman “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili idarə edən bir nəfər kişi cinsindən olan şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb həmin avtomobili saxladıb avtomobilə yaxınlaşmışlar və avtomobili idarə edən şəxsə onlar Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsin də daşınmasında və satışında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona onlarla birlikdə Suraxanı RPİ-nə getməli olduğunu bildirib onu avtomobili ilə birlikdə ünvan 8 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Orada bu barədə raportla RPİ-nin rəisinə məruzə edilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin təhqiqatçısı Sail Hacıyevə həvalə edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə RPİ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış və avtomobilinə isə baxış aparılacağı izah edildikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Sonra videoçəkilişdən istifadə edilməklə əvvəlcə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən Təqsirləndirilən şəxs diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçisinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə Təqsirləndirilən şəxs tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibindən “İphone 7” markalı mobil telefonu və 5 ədəd bir manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasını, avtomobilin açarını çıxarıb təqdim etmişdir. Şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal formasında maddənin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu və metamfetamini 01 aprel 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. 01 aprel 2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs avtomobildə gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunmuşdur. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin salonunda əşya üçün nəzərdə tutulmuş qoltuq altında metamfetamin vardır. Avtomobilin salonundakı qoltuq altı əşya qutusuna baxış zamanı orada dəsmala bükülmüş ağ rəngli salfetdə 03 ədəd dərman kapsulası və 01 ədəd şəffaf sellofan bükümün olduğu aşkar edilmişdir. Şəffaf sellofan büküm açıldıqda içərisində ağ rəngli kristal formasında maddənin olduğu görünmüşdür. Təqsirləndirilən şəxs bükümdə metamfetamin olduğunu və metamfetamini “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanında baxış aparılmış və baxış zamanı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Suraxanı RPİ-nin CAŞ-nin rəisi Şahid4 ifadəsində göstərmişdir ki, 01 aprel 2022-ci il tarixdə xx.xx.1993-cü ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Naxçıvan MR, Ordubad rayonu, Şəhriyar qəsəbəsi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də Suraxanı RPİ-nin CAŞnin rəis müavini Şahid1 tərəfindən raportla Suraxanı RPİ-nin rəisinə raportla məruzə edilmiş və 01 aprel 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Suraxanı RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə Suraxanı RPİ-nin CAŞ-nin rəis müavini , polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili Şahid3 və Suraxanı RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onun tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 01 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində qrup üzvləri Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ünvanında olan zaman “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili idarə edən bir nəfər kişi cinsindən olan şəxsin əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb həmin avtomobili saxladıb avtomobilə yaxınlaşmışlar və avtomobili idarə edən şəxsə özlərini Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. CAŞ-nin əməkdaşlarının demələrinə görə həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü təqdim etdikdən sonra onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və satışında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona Suraxanı RPİ-nə getməli olduğunu bildirmişlər və onu avtomobili ilə birlikdə ünvan 8 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Əməkdaşlar bu barədə raportla RPİ-nin rəisinə məruzə etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması 31-ci PB-nin təhqiqatçısı Sail Hacıyevə həvalə edilmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə metamfetamin və Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı da 01 ədəd metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da əməliyyat məlumatında Təqsirləndirilən şəxs barədə əks edilmiş xüsusatlar öz təsdiqini tapmışdır. Onun özü Təqsirləndirilən şəxs şəxsən görməmişdir və yalnız onun haqqında əməliyyat məlumatında göstərilmiş hallar barədə məlumatı onun barəsində məlumatı olub. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən hər hansı bir psixoloji təzyiq edilməmiş və Zaur Qafarovu nə o, nədə ki, digər əməkdaşlar döyməmişlər. Əməliyyat axtarış tədbirləri ƏAF-i haqqında qanunun tələblərinə uyğun olaraq əməkdaşlar tərəfindən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilməmiş və Zaurun onun və digər əməkdaşların barəsində dedikləri yalandır və həqiqətə uyğun deyildir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Daxili işlər orqanlarında xidmət etmiş, Suraxanı RPİ-nin 30-cu PB-də sahə inspektoru vəzifəsində çalışmış, polis kapitanı rütbəsində olmuş, lakin, bir müddət öncə əsassız olaraq, narkotik vasitə istifadəçisi olması adı altında işdən azad edilmişdir. Əsassız olaraq işdən azad edilməsi barədə əmrdən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, ilkin müayinə zamanı onun qanında narkotik vasitə aşkar edilməmiş, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs da narkotik vasitələrdən istifadə etməsinə şahidlik etməmiş, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri vardır. Zaur Qafarovun həbs edilməsindən bir gün qabaq Suraxanı RPİ-nin əməkdaşları tərəfindən idarədə saxlanılmış, telefonuna, maşınına baxış keçirilmiş və rəis ona bildirmişdir ki, əgər saxlanılmaq istəmirsə Təqsirləndirilən şəxs saxlanılmasına köməklik göstərməlidir. O, Zaurun hər hansı qanunsuz işlə məşğul olmadığını desə də, polis əməkdaşları onun mobil telefonunun kodunu öyrənmişlər. Həmçinin, ona birlikdə Bahar qəsəbəsində yerləşən kirayə qaldığı evə getmələri təklif edilmişdir. Birlikdə Bahar qəsəbəsində yerləşən kirayə qaldığı evə getmiş, evdə axtarış aparılsa da hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra yenidən Suraxanı rayon Polis İdarəsinə qayıtmışlar. Bir neçə saat sonra isə ona bildirmişlər ki, kirayə yaşadığı ünvana yenidən baxış keçirilməlidir. O, cinayət axtarış şöbəsinin rəisi Şahid4 xidməti maşınında kirayə yaşadığı evin yaxınlığında əyləşmişdir. Bir neçə dəqiqə sonra Eltac maşına qayıtmış və yola düşmüşlər. Yolda olan zaman Zaurun maşınının da onların ardınca gəlməsini görmüşdür. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin, ona məlum olmuşdur ki, onun əvvəlki tarixlərdə olan səsli mesajlarını təkrarən Zaura göndərməklə onun Bahar qəsəbəsində kirayə yaşadığı evinə çağırmış və orada həbs etmişlər. O, düşünmüşdür ki, onu işdən çıxarmaq üçün guya onun Zaurdan narkotik vasitə əldə edərək, istifadə etməsi kimi bir yalan uydurulmuşdur. Təqsirləndirilən şəxs saxlanılması üçün nə səbəbə ondan istifadə edilməklə əməliyyat qurulmasını isə bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs nişanlısı Şahid5 dostu kimi tanımışdır. Nişanlısı Şahid5 Suraxanı RPİ-nin 30-cu PB-nin əməkdaşı olmuş, Təqsirləndirilən şəxs Bahar qəsəbəsində yerləşən evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmasını görmüşdür. Belə ki, o, nişanlısı Orxandan nigaran qaldığı üçün onun kirayə yaşamasını bildiyi Bahar qəsəbəsində yerləşən evinə getmişdir. Bu zaman görmüşdür ki, Zauru polis əməkdaşları saxlayaraq maşına mindirlər. Şahid5 Bahar qəsəbəsində yerləşən evdə olmasını Zaura göndərdiyi səsli mesaja əsasən bilmişlər. Şahid5 polislərin nə üçün idarədə saxlamaları barədə onlara heç bir məlumat verilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxs digər dostları Şahid5 kirayədə yaşadığı Bahar qəsəbəsində yerləşən evdə polis əməkdaşları tərəfindən saxlanılması ona məlum olmuşdur. Belə ki, Şahid5 bir neçə gün xəbər çıxmadığı üçün onlar və eləcə də, Orxanın ailə üzvləri xeyli narahat olmuşlar. Orxanın nişanlısı ona zəng edərək, Orxanın harada olmasını soruşmuş, o da onun yerini bilmədiyini demişdir. Daha sonra Zaur zəng edərək, Orxanın ona səsli mesaj atdığını və Bahar qəsəbəsindəki evdə olmasını demişdir. O, Şahid5 bir neçə gündür ki, xəbər olmadığı üçün narahat olmuş, Zaur həmin ünvana getmək istəyərkən, özü də müəyyən müddət Daxili işlər orqanlarında əməliyyat müvəkkili işlədiyi üçün Zaura həmin ünvana gedərkən ehtiyatlı olmasını, bunun “torba” ola biləcəyini bildirmişdir. Eləcə də, Orxanın nişanlısı da həmin evin yaxınlığından zəng edərək, evin qarşısında polis maşınlarının olmasını məlumat vermiş və o da öz növbəsində Zaura bu barədə desə də, Zaur narahat olası, çəkinəsi bir şey olmadığını bildirərək, gedib evə baxacağını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını bilmiş, Təqsirləndirilən şəxs və Şahid5 hər ikisi onun dostları olmuş, onların hər hansı qanunsuz əməllərinin şahidi olmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Mart ayının sonlarında qardaşı Zaur zəng edərək bildirmişdir ki, ailəsi Şahid5 xəbər ala bilmədiyi üçün nigarandır. O, qardaşı Zaurla birlikdə Orxanın mənzilinə getmiş, qapını döysələr də açan olmamış, daha sonra səhəri günü o, işə getmiş və saat 17-18 radələrində Zaur zəng edərək, Orxanın ona mesaj göndərərək Bahar qəsəbəsindəki evdə olmasını dediyini bildirmişdir. O, Zaura saat 20 radələrində işdən çıxacağını, onu gözləməsini və birlikdə Orxanın yanına getmələrini desə də, Zaur artıq yolda olduğunu bildirmişdir. Daha sonra axşam saatlarında qardaşı Zaura nə qədər zəng etsə də zənglərinə cavab ala bilməmişdir. Daha sonra qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinə təhvil verildiyi ona məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli 6/1764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...“ sözləri olan 1№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,850 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə və 2№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 15,257 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir. Üç ədəd dərman kapsulunun tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (siyahı İ) daxildir. Qeyd: 1№-li zərfdəki metamfetaminin təmiz çəkisi 2,850 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 2,800 qram 2№-li zərfdəki metamfetaminin təmiz çəkisi 15,257 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 15,207 qram Dərman kapsullarından bir ədəd kapsul nümunə götürüldü, qalıq - 2 ədəd kapsul (iş vərəqə 55-58) İş materiallarında olan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X12 məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli 3116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 140-141) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içində kristal bərk halda narkotik maddəyə bənzər predmeti və sağ yan cibindən özünə məxsus 01 ədəd “iphone 7” markalı mobil telefonu, 05 ədəd bir manatlıq və 01 ədəd beş manatlıq pul əskinaslarını və idarə etdiyi avtomobilə məxsus açarı təqdim etmişdir. (iş vərəqə 32-33) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Gentra” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildən ön oturacaqların arasında olan əşya yığmaq üçün qabın içindən ağ kağız əl dəsmalının içinə ağ şəffaf sellofana bükülmüş içərisində bərk kristal halda olan narkotik maddəyə bənzər predmet və həmin ağ kağız əl dəsmalının içində ağ və göy rəngli dərman həbləri, şəxsiyyət və sürücülük vəsiqələri, “Daewoo Gentra” minik markalı avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə aşkar edilərək götürülmüşdür. (iş vərəqə 36) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə aparılmış “şəxsi axtarış və götürmə” və avtomobilə aparılmış “baxış və götürmə” istintaq hərəkətlərinin gedişatını özündə əks etdirən videogörüntülər olan 02 ədəd “DVD” diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,257 qram olan və “Daewoo Gentra” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda olan qoltuqaltı əşya qutusundan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,850 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə metemfetaminin aşkar edilərək götürülməsi faktı bir daha öz təsdiqini tapmışdır. (iş vərəqə 87-91) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1098 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarətin aşkar edilməməsi və digər faktlar əsasında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülməsi və ona işgəncə verilməsi ilə əlaqədar xüsusatlar öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, Bakı İnzibati Məhkəməsindən göndərilmiş cinayət işi üzrə əlavə şahid qismində dindirilən Şahid5 xidmətdən xaric edilməsi barədə əmrin ləğvinə dair iddia ərizəsinin surətindən görünür ki, həmin müraciətdə Təqsirləndirilən şəxs cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı xüsusat öz əksini tapmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin anten məlumatlarının əldə edilməsinə dair sorğusuna "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, texniki səbəblərdən anten dairəsinə dair məlumatların əldə olunaraq təqdim edilməsi mümkün olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, bir aylıq saxlanma müddəti keçməsi səbəbindən, görüntülər silindiyindən xx.xx.2022-ci il tarixə dair videogörüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna AR DİN X3 Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, arxivlərin saxlanma müddəti başa çatdığından videogörüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində və avtomobilində ümumiyyətlə psixotrop maddənin aşkarlanmaması, polis əməkdaşlarının fiziki və psixi təzyiqi nəticəsində ibtidai istintaq zamanı özünü təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli 6/1764 nömrəli rəyi, Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 14 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı, 01 aprel 2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi”, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollar və digər mötəbər sübutlar ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda qeydiyyatdadır və anası ilə birlikdə yaşamışdır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Təxminən bir il olar ki, narkotik vasitələrdən və maddələrdən istifadə edir. 01 aprel 2022-ci il tarixdə təxminən saat 20.20 radələrində Suraxanı rayonu, Bahar qəsəbəsində etibarnamə ilə idarə etdiyim ağ rəngli “Daewoo” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə hərəkətdə olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb saxladaraq özlərini polis əməkdaşı kimi təqdim edib şübhəli şəxs qismində onu RPİ-nə dəvət etmişlər. Ona Suraxanı RPİ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. Xidməti otaqda əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş içində kristal bərk halda narkotik maddəyə bənzər predmeti və sağ yan cibindən özünə məxsus bir ədəd İPHONE 7 markalı üzərində ***-***- **-** saylı mobil nömrə olan telefonu, 5 (beş) ədəd bir manatlıq və 1 (bir) ədəd beş manatlıq pul əskinazlarını və həmin idarə etdiyim avtomaşına məxsus açarı təqdim etmişdir və şifahi sorğu zamanı avtomaşınında narkotik maddə olub-olmadığı ondan soruşulduqda polis əməkdaşlarına narkotik maddə olduğunu demişdir. Bunda sonra avtomaşınına baxış və götürmə aparılan zaman ön oturacaqların arasında olan əşya üçün yığmaq üçün qoltuq altı sayılan qabın içindəki dəsmalın içində kağızdan ağ şəffaf sellofana bükülmüş içərisində bərk kristal halda olan narkotik maddəyə bənzər predmet və dəsmalının içindəki ağ kağızın içində ağ və göy rəngi dərman həbləri aşkar olunaraq götürüldü. Predmetlər kağız zərfdə qablaşdırılıb, möhürlə möhürləndi. Həmin aşkar olunmuş bükümlərin içində narkotik vasitə metamfetamindir, üç ədəd həblər adınıı bilmədyi baş ağrı dərmanıdır. Həmin narkotik maddələri bu gün onlayn vasitəsi ilə İran islam respublikasının vətəndaşı olan Məhəmməd adlı şəxsdən öz istifadəsi üçün 40 manata almışdır. Üzərindən aşkar olunmuş narkotik maddələr və həblər ona məxsusdur. O, narkotik vasitələrin və maddələrin satışı ilə məşğul olmur. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. Məhkəmə tərkibi həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin yaxın münasibətdə olduğu şəxslər Şahid5, X1, X4, eləcə də təqsirləndirilən şəxsin doğma qardaşı X6 ifadələrinə tənqidi yanaşaraq, belə hesab edir ki, həmin ifadələr həqiqətə uyğun olmamaqla, Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 18,107 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Digər tərəfdən, psixotrop maddənin ayrı-ayrı bükümlərdə olması, şəxsin həm üzərində həm də avtomobilində saxlanc yerində saxlanılması, bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxıl olmuş tələbnamədən görünür kı, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 199) Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 09 iyun 2022-ci il tarixli 3116 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsində nəzərdə tutulmuş qaydada ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunaraq götürülmüş 2,850 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 2,800 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 15,257 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 15,207 qram psixotrop maddə metamfetamin, ümumilikdə qalıq çəkisi 18,007 qram təşkil edən psixotrop maddə metamfetamin, 02 ədəd dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İPHONE 7” markalı, içərisində “***-***-**-**” nömrəsi olan mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, “şəxsi axtarış və götürmə” və avtomobilə aparılmış “baxış və götürmə” istintaq hərəkətlərinin gedişatını özündə əks etdirən videogörüntülər olan 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)- 194/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23; iş vərəqə 107-112) Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ümumi qalıq çəkisi 18,007 qram olan psixotrop maddə metamfetamin, 02 ədəd dərman həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İPHONE 7” markalı, içərisində “***-***-**-**” nömrəsi olan mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar