Məhkəmə qərarları › İş №1(101)-1458/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1458/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1458/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 6,143 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 mart 2025-ci il tarixdə saat 12:40-da yuxanda qeyd olunan ünvanda saxlanılaraq ünvan 4 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 14:22-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 6,143 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona sosial şəbəkə vasitəsi ilə bir neçə dəfə başqa şəxslərin adı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yazmış, lakin o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Daha sonra onun dostuna da sosial şəbəkə vasitəsi ilə tanımadığı bir xanım yazmış, dostundan onun haqqında maraqlanmışdır. O da həmin xanımın kim olduğunu aydınlaşdırmaq üçün sosial şəbəkə vasitəsi ilə xanıma yazmışdır. Xanıma onun BMCMİ-nin əməkdaşı olduğunu bildiyini və onu narahat etməməsini xahiş etmişdir. Lakin xanım israr edərək onu Nərimanov rayonunda yerləşən “Mc Donalds” restoranının qarşısına görüşə çağırmışdır. Metrodan çıxan zaman BMCMİ-nin əməkdaşları onu tutub avtomobilə mindirmişlər. Tutulan zaman videoçəkiliş aparılmamışdır. Polis əməkdaşları ona məxsus olmayan narkotik vasitələri boynuna almasını ondan istəmişlər. İdarədə ona bildirmişlər ki, 1-2 nəfər var ki, onların üzünə durmaq lazımdır. O, polis əməkdaşlarına kiminsə üzünə durmayacağını bildirmişdir. Bundan sonra ona 2 qram narkotik vasitənin üzərinə götürməsi və sənədlərə qol çəkməsi bildirilmişdir. O da çıxılmaz vəziyyətdə qalaraq sənədlərə qol çəkərək həmin narkotik vasitələri üzərinə götürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiq olmuşdur. Ona görə də məcbur qalaraq cinayəti öz üzərinə götürmüşdür. Təzyiqlə bağlı heç bir dövlət qurumuna şikayət etməmişdir. Təcridxanaya daxil olarkən üzərində xəsarət olmamışdır. İstintaqda verdiyi ifadələr yanlışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, özü iki ildir ki, “patı” kimi tanıdığı psixotrop maddə qəbul etmiş, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxslə əlaqə saxlayıb İran İslam Respublikasının vətəndaşından psixotrop maddə sifariş etmiş, həmin maddə üçün ödəmə terminalı vasitəsi ilə 80 manat pul köçürmüş və 03 mart 2025-ci il tarixdə səhər saatlarında “konum” vasitəsi ilə psixotrop maddənin qoyulduğu yeri tapıb götürərək şəxsi istifadə üçün 01 bükümdə “patı” kimi tanıdığı psixotrop maddə götürüb üzərində saxlamışdır. Daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 ünvanında yerləşən “Metropark” tərəfə gəlmişdir. 03 mart 2025-ci il tarixdə saat 12:40 radələrində həmin ünvanda olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb hazırda üzərində patı olduğunu səmimi olaraq etiraf etmiş bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdir. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildiyini, ona üzərindən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoyduğunu, şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd açar aşkar olunduğunu, bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlandığını, ilk öncə təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirildiyini, həmin büküm iştirakçıların şahidliyi ilə açıldığını və 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olmasının müəyyən edildiyini, üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandığını, şifahi sorğu zamanı üstündən aşkar olunmuş psixotrop maddə metamfetamini 03 mart 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşından 80 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, eləcə də özünün 2 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirdiyini, təqdim etdiyi mobil telefona polis əməkdaşı tərəfindən baxış zamanı telefonun “Redmi" markalı olmasını, içərisində mobil nömrə olmadığını bildirdiyini, təqdim edilən 01 ədəd mobil telefon polis əməkdaşı tərəfindən götürüldüyünü, təqdim etdiyi 01 ədəd açara baxış zamanı açarın yaşadığı evə aid olmasını bildirdiyini, və həmin açarın özünə geri qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin şəxsə Nərimanov rayonu ərazisində olan zaman zahiri əlamətlərindən oxşadaraq yaxınlaşmışlar. Əyyuba yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onu BMCMİ-nə dəvət etmişlər. Baş İdarədə videoçəkiliş vasitəsi ilə təhqiqatçı Əli Ağayevin və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən metamfetamin, telefon və açar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs metamfetamini həmin gün səhər saatlarında tanımadığı İran İslam Respublikası vətəndaşından 80 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onlara daxil olan məlumat Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələr əldə etməsi barədə olmuşdur. Şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 3 mart 2025-ci il tarixdə BMCMİ-nin əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuş və Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şahid2 da həmin əməliyyat qrupunun üzvü olmuşdur. Təqsirləndirilən şəxs ünvan 5 ünvanı yaxınlığında saxlamışlar, daha sonra onu BMCMİ-nə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən bir büküm metamfetamin aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Üzərindən əlavə olaraq telefon və açar aşkar olunmuşdur. Əyyub suallara cavab olaraq həmin narkotik vasitəni həmin günü səhər saatlarında sosial şəbəkə vasitəsi ilə tanış olduğu şəxsdən 80 manat qarşılığında əldə etdiyini bildirmişdir. Şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid1 da Şahid2 və Şahid3 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cild 1, i/v. 4-5). 03 mart 2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-xtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 12:40-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 98 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış və götürmə keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, BMCMİ-nə gətirilmişdir (cild 01, i/v 08). “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2025-ci il tarixdə qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilməsi zamanı müəyyən olunur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddə olduğunu bildirib əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sağ cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana baxış keçirilərkən, həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və 01 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddəni 03 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşından 80 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, eləcə dəözünün 2 ildir ki narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir (cild 01, i/v 27-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 6/930 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6 dairəvi möhür əksi olan, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,134 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir (cild 01, i/v 43-47). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-269/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 98-102). 06 mart 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə və “Galareya” bölməsindəki fotoşəkillərə baxış keçirilmiş, mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək hal aşkar edilməmişdir (cild 01, i/v 109). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 110-111). “Maddi sübut hesab edilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş qalıq çəkisi 6,093 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 01, i/v 112-113). 09 aprel 2025-ci il tarixli “mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı nömrə ilə ötürülən məlumatlara baxış keçirilməsi mümkün olmadığından iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları müəyyən edilməmişdir (cild 01, i/v 126). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 04 mart 2025-ci il tarixli, 1288 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, i/v 138-140). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X9 04 aprel 2025-ci il tarixli, 117/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bel nahiyəsində aşkar edilmiş qançırlı sıyrıqlar küt mexaniki təsirdən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir, özü tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Hər iki bilək nahiyəsində qeyd olunan ləkələr müayinədən 1-1,5 il əvvələ uyğun gəlir, uzun müddət keçdiyindən əmələgəlmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01, i/v 141-143). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X9 17 mart 2025-ci il tarixli, 973/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiapezin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (cild 01, i/v 144-147). “Sübutların qiymətləndirilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,093 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut olaraq tanınmışdır (cild 01, i/v 148-159). 01 oktyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl hər hansı zədə və bədən xəsarəti almadığını bildirmişdir (cild 02, i/v 53-57). 13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır (cild 02, i/v 59). Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinə xitam verilmişdir (cild 02, i/v 86-88). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. İlk növbədə 03 mart 2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özüözlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin psixotrop maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni əldə edərək saxlaması mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında psixotrop maddənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddəni xırda bükümlərə qablaşdırması, psixotrop maddənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı, həmçinin mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər məhkəmənin qərarına əsasən "xxxx" MMC-dən əldə edilmiş və həmin yazışmaların heç birində Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özözlüyündə həmin şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş polis əməkdaşlarının heç biri Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin psixotrop maddənin satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən bir bükümdə psixotrop maddənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən psixotrop maddənin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş psixotrop maddənin öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddənin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təzyiq olduğunu, polis əməkdaşları ona məxsus olmayan narkotik vasitələri boynuna almalı olduğunu, həmçinin çıxılmaz vəziyyətdə qalaraq sənədlərə qol çəkərək həmin narkotik vasitələri üzərinə götürməsini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də 04 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 03 mart 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşından 80 manata şəxsi istifadə məqsədi ilə əldə etmişdir, həmin maddədən heç kimə satmamışdır və pay verməmişdir, eləcə də 2 ildir ki, narkotik vasitə istifadəçisidir. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bükümü təqdim edərək içərisində “patı” ilə tanıdığı maddənin olduğunu, həmin maddəni 03 mart 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşından 80 manata şəxsi istifadə məqsədi ilə əldə ediyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, eləcə də 2 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təzyiq olduğunu bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 04 aprel 2025-ci il tarixli 117/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bel nahiyəsində aşkar edilmiş qançırlı sıyrıqlar küt mexaniki təsirdən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir, özü tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Hər iki bilək nahiyəsində qeyd olunan ləkələr müayinədən 1-1,5 il əvvələ uyğun gəlir, uzun müddət keçdiyindən əmələgəlmə mexanizmi və müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Həmçinin məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 27 sentyabr 2025-ci il tarixli, 3-16-17/40/2-854/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, X3 Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmişdir. Bundan əlavə məhkəmənin sorğusuna əsasən Baş Prokurorluqdan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİnin əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. Bundan savayı, iş materiallarında olan 03 mart 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, 04 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təyziqə məruz qalmasına dair ona ünvanlanmış suala cavab olaraq nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını bildirmişdir. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu xüsusatın öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxs tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin qeyd etdiyi dəlillərə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təyziqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlmiş dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında göstərilən xüsusata dair hissədə səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2,0 qram olduqda isə külli miqdar, 400,0 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-269/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 03 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,093 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,093 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar