Məhkəmə qərarları › İş №1(101)-1459/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1459/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1459/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan mənbədən 21 aprel 2022-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2,363 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. Onun üzərində heç bir narkotik maddə olmamış və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini polis əməkdaşlarının təzyiqi altında vermiş və həmin ifadələrini təsdiq etmir. Əsl həqiqətdə isə heç bir cinayət əməli törətməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5 il narkotik vasitə istifadə etmişdir, 21 aprel 2022-ci it tarixdə saat 18 radələrində narkotik vasitə istifadə etmək üçün Bakı şəhəri Nəsimi rayonu "Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Cavid” adlı şəxsi təsadüfən görərək ona yaxınlaşmış və Caviddən 50 manat qarşılığında 1 bükümdə “kakos” almışdır. Həmin bükümü daha sonra istifadə etmək üçün üzərində saxlamışdır, 22 aprel 2022-ci il tarixdə saat 19 radələrində ünvan 5 ünvanın qarşısından keçdiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ondan özünü təqdim etməsini təklif etmişlər. Üzərində narkotik vasitə olduğu üçün həyəcanlanaraq oradan uzaqlaşmaq istəmiş, bu zaman polis əməkdaşları onu saxlayaraq 18-ci PŞ-yə onlarla birlikdə getməyi təklif etmişlər və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. PŞ-də olarkən artıq heç bir çıxış yolu görmədiyindən, narkotiki gizlətməsinin mənasız olduğunu düşünüb onlara üzərində “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu demişdir. Təthqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələrim izah edilmiş və bundan sonra onun xahişi ilə dövlət hesabına vəkil- müdafiəçi dəvət edilmiş və dəvət edilmiş vəkilin iştirakı ilə onun video çəkilişlə üzərinə şəxsi axtatış keçiriləcəyi barədə qərarla tanış edilmişdir. Şəxsi axrarışın keçirilməsinə etiraz etməmiş və bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarışın keçirilməsi başlanmış və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra, göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə, gümüşü siqaret kağızna bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi maddənin narkotik vasitə heroin olduğunu etiraf etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə təhqiqatçı tərəfindən polis əməkdaşları, vəkil və onun iştirakı ilə boş zərfə qoyaraq qablaşdırılmış, möhürlənmiş və qablaşdırmanın üzəri iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxtı narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilməmiş, onu ancaq təxmini olaraq üzdən tanıya bilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olunmamışdır. Səmimi olaraq hər şeyi etiraf etmiş və etdiyi əmələ görə peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək qəbul etmir və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini cinayət işinin materiallarına və işin fatkiki hallarına daha uyğun hesab edərək qəbul edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 aprel 2022-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə saat 19:00 radələrində Nərimanov rayonu, Qarabağ küçəsi 8 ünvanda xidmətdə olduğu zaman, əvvəllər tanımadığı bir nəfər şəxsin hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışları ilə narkotik vasitə aludəçisinə bənzədiyindən sonuncuya yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərkən rabitəsiz şəkildə danışmış və hadisə yerindən yayınmaq istədiyi üçün saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş və sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonuncu vəkili ilə birlikdə qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılan zaman sonuncuya üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, iştirakçılara oxunmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm baxışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyaraq möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 işin faktiki hallarına və Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. Belə ki, işdə olan 22 aprel 2022-ci il tarixli axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X8, Şahid2 və müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəklişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ehtimal edilən qanunsuz saxlanılan əşyaları təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Ə.Güləhəmədovun iştirakı ilə qablaşdırılaraq götürülmüş və boş zərfə qoyularaq möhürlə möhürlənmişdir. Ə.Güləhəmədovun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə vaxtı hər hansı bir qanun pozuntusunu yol verilməsi müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 26-27). İşdə olan videodiskə baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 22 aprel 2022-ci il tarixdə polis əməkdaşları X8, Şahid2 və müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxsıın üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu üzərinə video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra şəxsi axtarış və götürmə başlanmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində ehtimal edilən qanunsuz saxlanılan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Ə.Güləhəmədovun iştirakı ilə qablaşdırılaraq götürülmüş və boş zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs Ə.Güləhəmədovun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə vaxtı hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 111). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, X2 video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş bir ədəd "DVD” diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 123-130). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 22 aprel 2022-ci il tarixli, 6/2327 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,363 qram tünd qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasİtə-heroindir (1ci cild iş vərəqi 37-41). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, X1 aşkar edilib götürülmüş - şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,363 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra 2,263 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 123-130). İşdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 23 aprel 2022 il tarixli 3459 saylı ekspert rəyindən görünür ki, X3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 113-114) İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 23 aprel 2022 il tarixli 2316 saylı ekspert rəydən görünür ki, X4 cinayət hərəkəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 115-117). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 5 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 122- 123). İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 22 aprel 2022ci il tarixli protokoldan görünür ki, X4 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 20-21). İşdə olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 76-80). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul omlası barədə polis əməkdaşlarında məlumat olmamış, bu barədə təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı olması barədə raportla müraciət olunmamış, Təqsirləndirilən şəxs təsadüfən polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, narkotik vasitə istifadəçisi olması, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən – opioidlərin qəbulu nəticəsində asılılıq sindromundan əziyyət çəkməsini göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş 23 aprel 2022 il tarixli 3459 saylı ekspert rəyində X3 opioidlərin qəbulu nəticəsində asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, həmin tibbi yoxlamanın anamnezində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etirafı göstərilməmiş, 5 il olarki nakrotik vasitə heroini inyeksiya yolu ilə istifadə etdiyini, narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar RNM-da stasionar şəraitdə müalicə kursu aldığını bildirmiş, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlarının olmaması, onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Ədalət Güləhəmdovun narkotik və psixotrop vasitələrin satışı ilə məşgul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır; aşkar edilmiş narkotik vasitə heroin 2,363 qram olmaqla 1 bükümdə olmuş, istintaq orqanı tərəfindən və məhkəmə zamanı təqsirləndirilən şəxs Ədalət Güləhəmdovun narkotik vasitələr və psixotrop maddələr almış şəxs yəni istehlakçı müəyyən edilməməmiş, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə ədə etmiş və satmış şəxslər də müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir məlumat, sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxs Ədalət Güləhəmədovun üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, etiraf etməməsinə baxmayaraq onun 1 bükümdə 2,363 qram çəkidə narkotik vasitə heroini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmiş, belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istfiadəsi üçün şəxsi istehlak miqdarından artıq olan 2,363 qram narkotik vasitə olan heroini 1 (bir) bükümdə əldə edərək saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 19 radələrində Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis bölməsinə gətirilmiş və üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə siqaretin gümüşü rəngli kağızma bükülmüş təmiz çəkisi 2,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Vüsal Manafova narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,363 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən çox heroinin yalnız miqdarı, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 22 aprel 2022-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar – Bakı şəhəri Nərimanov rayon polis idarəsində saxlanılan 2,263 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,263 qram narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən video görüntülərin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar