Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1459/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni 5,228 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla gəzdirərək ünvan 3 ünvanının yaxınlığında daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 16:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nə gətirilmiş və orada həmin tarixdə saat 18:21-dən etibarən üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,228 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmadan bir ay öncə sosial şəbəkələrdə kriminal aləmə aid videolar paylaşmağa başlamışdır. Tutulmağına iki gün qalmış Nərmin və ya Nuray adlı xanım ona yazmağa başlamışdır. Onu görüşə çağırmış və Əhmədlidə görüş təyin etmişdir. O, ilk öncə etiraz etmiş, lakin xanım görüşməkdə israr etmişdir. O da razı olub “Boranı” restoranına xanımla görüşməyə getmişdir. Həmin xanımı daha öncə hər hansı bir yerdə görməmişdir. Görüş yerinə çatan zaman xanım onu uzaqdan əli ilə çağırmış, o, yaxınlaşan zaman isə üç nəfər onu arxadan tutmuş və “Prado” markalı avtomobilə mindirmişlər. Ona bir yumruq zərbəsi endirdikdən sonra telefonunu əlindən almışlar. Daha sonra isə onu idarəyə aparmışlar. İmzalamaq üçün qarşısına sənədlər və ağ sellofanın içindən əşya çıxarıb onun qarşısına qoymuşlar, sənədləri imzalamaqdan imtina etdikdə isə onu təhqir etmişlər. Ona qarşı təzyiq olunduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Videoçəkilişin üzərindən bir saat keçmədən ona qarabaşaq və çay gətirmişlər. Onları yedikdən sonra halı pisləşmişdir. Ürəyində problem olduğundan ilk öncə bunu normal qəbul etmişdir. Daha sonra isə dodaqları qurumağa başlamış və səhərə qədər yatmamışdır. Səhər saatlarında ondan sidik analizi almışlar. Analiz vermək istəmədikdə isə onu soyuq suya salmış və 30-40 dəqiqə orada saxlamışlar. Suyun altında isə böyrək nahiyəsinə 7 və ya 8 dəfə zərbə endirdikdə məcbur olub həm qan, həm də sidik analizi vermişdir. Sidik analizi verdikdən sonra onun bədənində narkotik vasitələr aşkar olunmuşdur. Birinci instansiya məhkəməsində narkotik vasitələrin ona məxsus olmadığını hakimə bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı olan təzyiqlər barədə prokurorluq əməkdaşlarına məlumat vermişdir. Sosial şəbəkələrdə diqqət çəkmək üçün kriminal aləmə aid videolar paylaşmışdır. Heç bir zaman narkotik vasitələrdən istifadə etməmiş, polis əməkdaşlarının təzyiqi qarşısında narkotik vasitələrin ona məxsus olduğunu qəbul etmişdir. Üzərində rəhmətə gedən dayısına məxsus olan məişət bıçağı olmuşdur. Bıçağı hər zaman üzərində saxlamamışdır. Onu Əhmədlidə yerləşən “Boranı” restoranının qarşısında saxlamışlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu tutduqları zaman heç bir videoçəkiliş olmamış, üzərinə baxışı isə avtomobildə keçirmişlər. Saat 16:00-da tutulmuş, videoçəkiliş isə 19:00-da idarədə başlamışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və qanunsuz olaraq soyuq silah əldə etməsi və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində olacağı ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat tədbiri həyata keçirilərkən Təqsirləndirilən şəxs zahiri əlamətlərinə görə müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər və əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Daha sonra təqsirləndirilən şəxs idarəyə gətirilmiş və idarənin inzibati binasında təhqiqatçının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaların könüllü olaraq təqdim etməsini bildirdikdən sonra o, üzərində olan bıçağı və psixotrop maddəni təqdim etmişdir. Toplanmış materiallar aidiyyatı üzrə təqdim olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı psixi və ya fiziki təzyiq göstərilməmişdir. Şəxs bıçağın dayısına məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayətkar qruplarla əlaqəsinin olub-olmaması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman əlverişli şərait olmadığına görə hadisə yerində üzərinə baxış keçirilməmiş inzibati binaya gətirilmişdir. Narkotik vasitələrin satışı ilə bağlı heç bir fakt aşkarlanmamışdır. Saxlanılan zaman üzərində tərəzi aşkar olunmamış, sadəcə bir büküm psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: “Əməliyyat - axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də soyuq silah əldə edib saxlaması, eyni zamanda daşımaqla üstündə gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cild 01, i/v 4-5). “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 18). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 mart 2025-ci il tarixdə qeydə alınmış videogörüntülərin əks olunduğu DVD diskə baxış keçirilməsi zamanı müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “bıçaq” və “patı" olduğunu, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində bıçağın olduğunu bildirmiş, həmin bıçaq tipli dəmir predmet götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və həmin şalvarının sol yan cibindən 05 manat pulunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bıçaq tipli dəmir predmetə baxış zamanı onun tutacaq hissəsinin qəhvəyi rəngli olması, açılıb-qatlanan konstruksiyalı olması, üzərində “Columbia” , “B030” yazısının olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşayiət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd bıçağa oxşar dəmir predmetin rəhmətə getmiş dayısından yadigar qaldığını, həmin dəmir predmeti xatirə olduğu üçün üstündə gəzdirdiyini, həmçinin həmin dəmir predmet vasitəsi ilə hər hansı bir qanuna zidd əməl törətmədiyini, üzərindən aşkar edilmiş “patı" adı ilə tanıdığı, həmin 01 ədəd sellofan bükümdəki psixotrop maddə matamfetaminə oxşar maddəni xx.xx.2025-ci il tarixdə Hovsan qəsəbəsində anket məlumatlarını bilmədiyi, lakin zahirən tanıdığı şəxsdən dəqiq miqdarını xatırlamadığı qədər pul ödəməklə şəxsi istifadə məqsədilə aldığını, eləcə də həmin maddədən heç kimə satmadığını, satmaq niyyətinin olmadığını, pay vermədiyini, həmin maddənin onda olması ilə bağlı heç kimin məlumatının olmadığını bildimişdir (cild 1, i/v 26-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 6/943 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 5,228 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir (cild 01, i/v 43-47). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-271/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 104-108). Maddi sübut hesab edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 5,178 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 111-112). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 124). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 04 mart 2025-ci il tarixli, 1285 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, i/v 143-144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X9 02 aprel 2025-ci il tarixli, 115/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 03-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (cild 01, i/v 146-147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X9 17 mart 2025-ci il tarixli, 970/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4benzodiapezin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (cild 01, i/v 148-151). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 3/283 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,0 manat təşkil edir (cild 01, i/v 152-154). “Maddi sübut hesab edilmədən saxlama yerinə təhvil verilmə haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı turist bıçağı maddi sübut hesab edilməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01, i/v 155). 15 aprel 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək hal aşkar edilməmişdir (cild 01, i/v 171). Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 17 aprel 2025-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir (cild 01, i/v 173-174). 23 aprel 2025-ci il tarixli “sms və anten məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə dair əldə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 5(005)- 683/2025 nömrəli qərarı ilə "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı mesaj aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs anten məlumatlarına baxış keçirilən zaman onun 02 mart 2025-ci il tarixdə yalnız ünvan 4 ünvanının anten dairəsi ərazisində olması müəyyən edilmişdir (cild 01, i/v 181). “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,178 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut olaraq tanınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd soyuq silah hesab edilməyən turist bıçağının maddi sübut hesab edilmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarına təhvil verilmişdir (cild 01, i/v 196- 211). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. İlk növbədə 03 mart 2025-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərara münasibətdə məhkəmə qeyd edir ki, şəxs barəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar əməliyyat məlumatının daxil olması hələ özüözlüyündə həmin məlumatın birmənalı şəkildə doğru olmasına qənaətinə gəlmək üçün əsas olmamaqla yalnız bu halı təsdiq edən sübutların müəyyən edildiyi və daxil olmuş məlumatın həqiqiliyi təsdiq edildiyi halda şəxsi narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar ittihamın verilməsi ilə nəticələnə bilər. Hazırki halda isə cinayət işinin materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi məşğul olması öz təsdiqini tapmadığından sadəcə daxil olmuş əməliyyat məlumatına istinad olunaraq şəxsə ağır maddə ilə ittihamın irəli sürülməsi yolverilməzdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına, yəni külli miqdar təşkil etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi həmin psixotrop maddənin satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı təqdirdə özü özlüyündə həmin psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdarda olması onun həmin maddəni satış məqsədi ilə əldə etməsinə dəlalət etməməklə öz şəxsi istifadəsi üçün də həmin miqdarda psixotrop maddəni əldə edərək saxlaması mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Plenum qərarında psixotrop maddənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin miqdarı həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun psixotrop maddələrin satışı ilə məşğul olması, psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış zamanı, həmçinin mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS-lər məhkəmənin qərarına əsasən "xxxx" MMC-dən əldə edilmiş və həmin yazışmaların heç birində Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir hala rast gəlinməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin üzərindən külli miqdarda psixotrop maddənin aşkar olunması faktı yuxarıda sadalanan digər mühüm halların müəyyən edilmədiyi halda, yalnız özözlüyündə həmin şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş polis əməkdaşlarının heç biri Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Həmin şahid ifadələrinə münasibətdə məhkəmə həmin şahidlərin əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə psixotrop maddənin satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərini, sadəcə təqsirləndirilən şəxsin üzərindən bir bükümdə psixotrop maddənin aşkar edilməsinə və həqiqiliyi sübuta yetirilməyən psixotrop maddənin dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsaslanaraq ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş psixotrop maddənin öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında nəinki çoxsaylı sübutlara, psixotrop maddənin satılmasını və ya satış məqsədi ilə əldə edilməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmiş, sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarına istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmetin olmadığını, Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində heç bir xəsarət aşkar olunmadığını, ona qarşı olan təzyiqlər barədə prokurorluq əməkdaşlarına məlumat verdiyini, heç bir zaman narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşlarının təzyiqi qarşısında narkotik vasitələrin ona məxsus olduğunu qəbul etdiyini bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli və qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də 04 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ilkin ifadəsində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş maddəni saxlanılmamışdan 02 gün əvvəl, yəni 01 mart 2025-ci il tarixdə Hövsan qəsəbəsində anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən xatırlamadığı məbləğin qarşılığında almışdır, şəxsi istifadəsi üçün əldə etmişdir, həmin maddəni heç kimə satmaq niyyətinin olmamışdır, heç kimə pay verməmişdir. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə əynində olan gödəkçəsinin sağ cibində olan bükümü təqdim edərək içərisində “patı” ilə tanıdığı maddənin olduğunu, həmin maddəni srağagün, yəni xx.xx.2025-ci il tarixdə Hövsan qəsəbəsində anket məlumatlarını bilmədiyi, zahirən tanıdığı şəxsdən dəqiq miqdarını xatırlamadığı qədər pul ödəməklə şəxsi istifadə məqsədilə aldığını, eləcə də həmin maddədən heç kimə satmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs heç bir zaman narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşlarının təzyiqi qarşısında narkotik vasitələrin ona məxsus olduğunu qəbul etdiyini bildirsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 01 aprel 2025-ci il tarixli 115/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 03-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə anası X1 müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan savayı, iş materiallarında olan 04 mart 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, 04 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman saxlanılan zaman hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalmasına dair ona ünvanlanmış suala cavab olaraq nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını bildirmişdir. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun iddialarının müvafiq ekspert rəyinə və cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərara əsasən öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxs tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin qeyd etdiyi dəlillərə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təyziqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə törətdiyi cinayətə görə cəzaya məruz qalmasından yayınmasına yönəlmiş dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında göstərilən xüsusata dair hissədə səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tam əhatə olunduğundan o, həmin maddə ilə təqsirli bilinməlidir. Qeyd edilən AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 2,0 qram olduqda isə külli miqdar, 400,0 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-271/2025 nömrəli, 04 mart 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 03 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək DİN-in BMCMİ-nin Maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,178 qram psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 129,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,178 qram psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 129,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1459/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1459/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver