Məhkəmə qərarları › İş №1(101)-146/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-146/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-146/2024 06.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı X1 Cəlil Xəlil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır: belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 avqust 2022-ci il tarixdə saat 18:30 radəsində ünvan 2 ünvanda fəaliyyət göstərən “Milmart” mağazasının yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına apanlaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə, külli miqdarda 7,101 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də 6-7 aydır ki, istifadə etməmişdir, hadisə 22 avqust 2022-ci il tarixdə saat 14 radələrində baş vermişdir, mağazadan evə qayıdarkən polis işçiləri gəlib onu tutaraq polis bölməsinə aparmışlar, orada axşama kimi döymüşlər, qarnının sağ tərəfindən xəsarət almışdır, xəsarət almasını MSY-də qeydə almışlar. Saxlanılarkən üstündə narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu döyərək narkotik vasitəni boynuna qoymuşlar. Polis əməkdaşlarının onu döyməsi ilə bağlı yalnız prokurora məlumat vermişdir, məhkəməyə və yaxud hər hansı orqana bu barədə şikayət etməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən, eləcə də internet vasitəsi ilə onlayn olaraq alır. Sonuncu dəfə 22 avqust 2022-ci il tarixdə səhər saatlarında internetdə tanış olduğu İİR vətəndaşı olduğunu güman etdiyi şəxsdən onlayn olaraq özünün istifadəsi üçün narkotik vasitə heroin almışdır. Belə ki, həmin şəxsin ona bildirdiyi yadında qalmayan hesaba 50 manat köçürdükdən sonra həmin şəxs ona zəng edərək, narkotik vasitəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “şir” heykəlinin yanında kolun altında gizlətdiyini bildirmişdir. O da həmin yerə gedib ona bildirilən yerdən bir bükümdə hcroini götürüb, sonradan istifadə etmək üçün əynindəki cins şalvarın cibinə qoymuşdur. Həmin günü saat 18-19 radələrində yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Şirinov küçəsində olarkən ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtraış aparılması üçün ona Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğu deyilmişdir. O da polis əməkdaşalrı birlikdə 32-ci PB-nə getdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ovvəlco ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik maddə, əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən içərilərində narkotik vasitə heroin olan bir ədəd ağ rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, içərisində olan kütlənin nə olması və haradan əldə etməsi barədə soruşulduqda, o, təqdim etdiyi bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, İİR vətəndaşı olduğunu güman etdiyi şəxsdən onlayn olaraq özünün istifadəsi üçün 50 manat ödəməklə aldığım və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, təqdim etdiyi bükümdən başqa hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra özünün razılığı ilə yaşadığı ünvan 4 ünvanına baxış keçirilsədə, hər hansı bir əşya, mal götürülməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxlə təsadüfən tanış olduğu adını bilmədiyi şəxsin mobil telefonu ilə əlaqə saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və 32-ci PB-də olarkən ona qarşı hər hansı bir fiziki, psixi təsir göstərilməmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroini ancaq özünün istifadəsi üçün əldə etmiş, həmin narkotik vasitədən satmamış, hər hansi bir şəxsə əvəzli, əvəzsiz verməmişdir. (cild 1, iş vərəqi 84-86, 177-178) Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, 22 avqust 2022- ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 18:50 radəsində ünvan 5 ünvanında fəaliyyət göstərən “Milmart” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. 32-ci PB-də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın şol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd ağ rəngli şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa əşya aşkar edilməmişdir. Ondan təqdim etdiyi bükümdə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümündəki kütlənin narkotik vasitə heroin olduğunu, onlayn şəkildə öz istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 50 manata əldə edib, üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır.. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan sübutlar məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Belə ki, 22 avqust 2022-ci il -cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 14-15) . 22 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onlayn şəklində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində olan qəhvəyi rəngli kütlənin narkotik vasitə olduğu güman edilən bir ədəd şəffaf sellofan bükümü bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqi 36-37). Məhkəmə-kimyəvi ekspertizası üzrə 6/4461 nömrəli 23 avqust 2022-ci il tarixli nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR. DİN “ Zərflər üçün № 196“ nöhür əksi “ Şübhəli şəxs ...Təqsirləndirilən şəxs.. “ və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,101 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, vərəqi 53-57). Məhkəmə-narkoloji ekspertiza üzrə 7535 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı” Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişi və 55 yaşından yuxarı olan qadınlara, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Xəlilov X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır (cild 1,iş vərəqi 122-123, 124-127). Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 99-102). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində naprkotik vasitə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə üzərinə narkotik vasitə qoyulması, polis əməkdaşlarının fiziki təsiri nəticəsində xəsarətlər alması və etirafedici ifadələr verməsi barədə gbstərdiklərinə tənqidi yanaşır, işin faktiki hallarına uyğun olmayan hesab edir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində üzərindən narkotik vasitə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiqlərə yol verilməsi barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Bakı şəhəri Suraxanı rayon məhkəməsində də bu barədə bildirməmişdir. Bundan başqa, 22 avqust 2022-ci il tarixli şəxsi axtarış aparılması barədə protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədə qorxulara, fiziki təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş və məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması nəticəsində xəsarət alması barədə göstərdiklərinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerinə və 3 saylı İstintaq Təcridxanasına müvafiq sorğular göndərilmiş, Bakı şəhər Suraxanı rayon prokuroruna Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən məlumat verilmişdir (2-ci cild). Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Suraxanı RPİ tərəfindən məhkəməyə göndərilmiş 09 iyun 2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş “MSYdə saxlanıan şəxslərin uçot kitabı, müayinə aktı»ndan görünür ki, Təqsirləndirilən şəxs MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və bədənində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı istintaq Təcridxanasından daxil olmuş 19 oktyabr 2023-c il tarixli məktubdan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş, sorğu zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, baxış zamanı sol aşağı ətrafın bud və baldır nahiyyəsində bənövşəyi rəngli qançır, qarnının ön divarında cərrahi əməliyyatdan sonrakı çapıq aşkar edilmişdir. Məhkəmənin 13 aprel 2023-cü il tarixli məktubu əsasında Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair məlumatlarla bağlı Bakı şəhəri Suraxanı rayon Prokurorluğunda 230 C-23 №-li material üzrə yoxlama aparılmışdır. Həmin yoxlama nəticəsində Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı göstərdiklərinin təsdiq olunmamasına istinad edilməklə Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. (2-ci cild). Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması nəticəsində xəsarət alması barədə göstərdikləri məhkəmə baxışı zamanı tələb edilmiş sənədlərlə təkzib olunmuşdur və onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinaət əməlini törətməsi tam sübuta yetirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 7,101 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 22 avqust 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 7535 saylı ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı” Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişi və 55 yaşından yuxarı olan qadınlara, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi məcburi müalicə qaydalarının 3.7ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 6/4461 nömrəli 23 avqust 2022 saylı ekspert rəyindən görünür ki tədqiqata təqdim olunmuş üzərində AR. DİN “ Zərflər üçün № 196“ nöhür əksi “ Şübhəli şəxs ...Təqsirləndirilən şəxs.. “ və s. sözlər, imzalar olan zorfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,101 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Suraxanı RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 7,001 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Suraxanı RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 7,001 qram narkotik vasitə heroin,məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar