Məhkəmə qərarları › İş №1(101)-1460/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1460/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1460/2025 08.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni xüsusilə külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “ZZ” və “Vüsal” adlı şəxslərlə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “ZZ” və “Vüsal” adlı şəxslərdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq xüsusilə külli miqdarda təmiz çəkisi 860 qram narkotik vasitə kokaini, xeyli miqdarda təmiz çəkisi 178,97 qram narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 5,2 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon olan hər birinin üzərində “Methadone” yazılan 13 ədəd konvalyutda hər birində 0,04 qram metadon olmaqla 130 ədəd hər birinin üzərində “F/M 40” yazısı həkk olunmuş metadon tərkibli həbləri, təsiredici maddəsi psixotrop maddə metilendioksimetamfetamin - MDMA (“ekstazi”) külli miqdarda ümumi təmiz çəkisi 31,84 qram təşkil edən hər birinin üzərində “Tesla” yazısı həkk olunmuş 199 ədəd həbləri, əldə edib saxlayaraq daşımış, 11 mart 2025-ci il tarixdə saat 18.50 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Komsomol küçəsində yerləşən qəbirstanlığın yaxınlığında saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd sarı rəngli torbanın içərisindən bir bükümdə təmiz çəkisi 178,97 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə kokain, təsiredici maddəsinin ümumi miqdarı 5,2 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon olan hər birinin üzərində “Methadone” yazıları 13 ədəd konvalyutda hər birində 0,04 qram metadon olmaqla 130 ədəd hər birinin üzərində “F/M 40” yazısı həkk olunmuş metodon tərkibli həblər, təsiredici maddəsi psixotrop maddə metilendioksimetamfetamin - MDMA (“ekstazi”) külli miqdarda ümumi təmiz çəkisi 31,84 qram təşkil edən hər birinin üzərində “Tesla” yazısı həkk olunmuş 199 ədəd həblər və üzərində cüzi miqdarda marixuananın hissəcikləri (qalıqları) olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində telefonuna votsap vasitəsi ilə zəng gəlmiş, zəng edən şəxs özünü İranlı “ZZ” kimi təqdim etmişdir və ona demişdir ki, “eşitmişdim ki, iş axtarırsan, iş təklif edə bilərəm sənə”. O, hər bir işə razı olduğuna görə həmin şəxslə razılaşmışdır. Aralarında olan razılığa əsasən o, “ZZ” tərəfindən göndərilən narkotik vasitələri özündə saxlamalı və sonra hissələrə bölüb deyilən yerlərə qoyub məkanları ona göndərməli idi. Buna görə də hər dəfəyə ona 25-50 manat veriləcəkdi. Narkotik vasitələri “ZZ” adlı şəxsin ona göndərdiyi Xırdalan şəhəri, Yasamal rayonu və Əhmədli qəsəbəsində olan məkanlardan götürürdü və evində saxlayırdı. Daha sonra “ZZ” adlı şəxsin göstərişi əsasında narkotik vasitələri hissələrə bölüb müxtəlif ünvanlara qoyaraq fotoşəkilləri lokasiyalarla birlikdə həmin şəxsə göndərirdi. Hər dəfə narkotik vasitələri böləndə bu prosesi videoya çəkib “ZZ” adlı şəxsə göndərirdi. Mobil telefonunda “ZZ” adlı şəxsin nömrəsini “Qardaşım” kimi qeyd etmişdir. 2025-ci ilin fevral ayının 27-28 tarixlərində “ZZ” adlı şəxs ona 200 ədəd ekstazi həbləri göndərmişdi. Həmin həbləri Əhmədli qəsəbəsindən götürmüşdür. Daha sonra “ZZ” adlı şəxs ona bir kiloqram kokain göndərmişdir. Həmin kokaini o, 1-2 mart 2025-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhərin girişində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsində ağ rəngli dövlət nömrələrini görmədiyi “TİR” yük avtomobilin sürücüsündən götürmüşdür. Həmin narkotik vasitəni ona verəndən sonra həmin şəxs “TİR” yük avtomobilinə əyləşib oradan uzaqlaşdı. Daha sonra oradan yaşadığı evə getmiş və “ZZ” dən göstərişlər gözləmişdir. “ZZ” ona demişdir ki, kokain əl bə əl onun dediyi şəxslərə verilməlidir. Narkotik vasitə kokaini götürəndən sonra “ZZ” ona ***-***-**- ** saylı sim nömrəni göndərmiş və yalnız həmin nömrə vasitəsilə onunla əlaqə saxlamağını bildirmişdir. “ZZ” ona sim nömrəni və kokaini göndərəndə dedi ki, o kirayədə qaldığı evi də dəyişməlidir, buna görə də ona göstəriş verdi ki, digər evə köçsün. O da həmin vaxtı Bakıxanov qəsəbəsində yerləşən evlərə baxıb kirayə özünə ev axtarırdı. Həmin ərəfədə ona +380 96 471 90-74 saylı nömrədən votsap vasitəsi ilə zəng gəldi, zəng vuran şəxs ona özünü İran İslam Respublikasının vətəndaşı Vüsal kimi təqdim etmişdir. Vüsal ona demişdir ki, “eşitmişəm ki, sən “ZZ” ilə işləyirsən, “ZZ” səni tərifləyib, gəl mənimlə də işləyək, vaxtıvaxtında puluvu verəcəm”. Maddi imkanı pis olduğuna görə “Vüsal” adlı şəxşlə razılaşmışdır. Razılıq əldə edildikdən sonra “Vüsal” adlı şəxs iki dəfə narkotik vasitə qurudulmuş marixuana göndərmişdir. O həmin narkotik vasitəni Binə qəsəbəsindən çöllükdən götürüb özündə saxlayırdı və Vüsalın göstərişi əsasında onu hissələrə bölüb ünvanlara qoyurdu. Sonra həmin ünvanların işarə etdiyi şəkilləri və lokasiyasını Vüsala göndərirdi. Vüsal buna görə ona 25-30 manat arasında pul göndərirdi. Vüsalı o, öz telefonun kontaktlar bölməsinə “Вюска” kimi qeyd etmişdi. Həmin ərəfədə Bakıxanov qəsəbəsində özünə kirayə ev tapmışdı və həmin evin aylıq ödənişini “ZZ” adlı şəxs ödəyirdi. 10 mart 2025-ci il tarixdə gönorta saatlarında Vüsal ona marixuana və 13 list metodon həblərin göndərmişdir. Həmin narkotik vasitələri o, kirayədə yaşadığı Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yerləşən evində gizlətmişdir. 11 mart 2025-ci il tarixdə saat 18:50 radələrində evində saxladığı narkotik vasitələri bir ədəd sarı rəngli sellofan paketə qoyub evdən çıxmışdır. Sabunçu rayonu Komsomol küçəsində yerləşən qəbirstanlığın yaxınlığında olarkən ona 4 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək adını soruşmuşlar. Həmin polis əməkdaşlarından biri onu mobil telefon aparatına çəkirdi. Daha sonra polis əməkdaşları onun əlində saxladığı sarı rəngli sellofan paketə baxış keçirmişlər. Baxış zamanı sellofan torbanın içərisindən narkotik vasitələr qurudulmuş marixuana, kokain, metodon həbləri və ekstazi həbləri aşkar olunmuşdur. Mobil telefonu da polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onu 13-cü polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 11 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Komsomol dairəsi” deyilən ərazinin yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bir ədəd sellofan paket olmuşdur. Sellofan paketin içərisinə baxış keçirilərkən bir ədəd elektron tərəzi, narkotik vasitələr olan kokain, marixuana, narkotik həblər və metadon aşkar edilmişdir. Daha sonra aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt tərəflərindən videoçəkliş aparılırdı. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu rayonu 13cü Polis Bölməsinə aparılmış, əməliyyat tədbiri zamanı protokollaşdırılaraq götürülmüş predmetlər bölmənin təhqiqatçısına təhvil verilmişdir. Bölmədə yenidən təkrar çəkiliş olmuş və sonra telefonuna baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü həmin narkotik vasitələri və psixotrop maddələri “ZZ” və “Vüsal” adlı şəxslərdən əldə etdiyini və müəyyən yerlərə qoyacağını əvəzində isə pul əldə edəcəyini təhqiqatçıya bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 mart 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləmməyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.İsgəndər küçəsi, döngə 2, ev 31-də qeydiyyatda olmaqla, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 1, ev 9-da kirayə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə gəzdirməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir (cild 1, i/v 03). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair 11 mart 2025-ci il tarixdə qeydə alınmış videodan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Komsamol küçəsi, qəbiristanlığın qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əlində olan sarı rəngli sellofan paketin içərisindən 01 ədəd elektron tərəzi, 1 ədəd ağ şəffaf bükümdə olan narkotik vasitə kokainə bənzər kütlə, 1 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər ot kütləsi, 199 ədəd narkotik tərkibli ekstazi həbləri və 13 list narkotik tərkibli metadon M 40 həblərini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əlavə heçnə aşkar olunmamışdır. Narkotik vasitələr qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb edən 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini İran İslam Respublikası vətəndaşı, özünü Vüsal kimi təqdim edən şəxsdən, bir qismini isə özünü Türkiyə Respublikası vətəndaşı kimi təqdim edən, adını bilmədiyi şəxs vasitəsilə ayrı-ayrı yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini və qarşılığında müəyyən miqdarda pul alacağını bildirmişdir (cild 1, i/v 09-11). “Şübhəli şəxsin tutulması haqqında” 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 22). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 11 mart 2025-ci il tarixdə qeydə alınmış videodan müəyyən olunur ki, əməliyyat müvəkkilləri tərəfindən təqdim edilmiş 1 ədəd yaşıl rəngli sellofan içərisində olan, üzəri yapışqan lentlə sarılmış bağlamaya və DVD-yə baxış keçirilmişdir. 01 ədəd yaşıl rəngli sellofanın içərisində qablaşdırılmış bükümün içərisində, 01 büküm qurudulmuş marixuanaya bənzər ot kütləsi, 01 büküm ağ rəngli toz şəklində maddə, 199 ədəd çəhrayı rəngli həb və 13 list metadon 40 həbləri və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur (cild 1, i/v 32-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 7/441 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 178,97 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuana hissəcikləri (qalıqları) vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,0 manat təşkil edir (cild 1, i/v 41-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 6/1070 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160 dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şübhəli şəxs Hüseynov.H (imza)” yazısı və imzalar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 860 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir, üzərində “TESLA” yazısı həkk olunmuş 199 ədəd çəhrayı rəngli üçbucaq formalı həblər metilendioksimetafetamin – MDMA tərkibli həblərdir (“ekstazi”) və 199 ədəd həbdən ibarət MDMA təsiredici maddəsinin ümumi miqdarı 31,84 qram təşkil edir. Üzərində “Methadone 40” əmtəə göstəricisi olan 13 ədəd konvalyutda ümumilikdə 130 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 130 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 5,2 qram təşkil edir ( üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Bir ədəd tərəzinin üzərində sintetik narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,0 manat təşkil edir (cild 1, i/v 45-50). 13 mart 2025-ci il tarixli “Video yazıya baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində küçədə saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı sarı rəngli torbanın içərisində bir bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər olan maddə, narkotik vasitə kokainə oxşar olan maddə, psixotrop maddə metilendioksimetamentafimin - MDMA “ekstazi”-yə bənzər olan çəhrayı rəngli maddələr, metodon tərkibli həblər və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmçinin ondan bir ədəd «Samsung» markalı mobil telefon aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş maddələr, narkotik vasitə qurudulmuş marixuana, kokain, metodon həbləri və psixotrop maddə “ekstazi”-dir, narkotik vasitə qurudulmuş marixuananı, və metodone tərkibli həblərim ona İran İslam Respublikasının vətəndaşı «Vüsal» adlı şəxs vermişdir, narkotik vasitə kokaini və psixotrop maddə «ekstazi» həblərini ona İran İslam Respublikasının vətəndaşı “ZZ” adlı şəxs vermişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri o satış məqsədi ilə əldə etmişdir, “ZZ” və Vüsal adlı şəxslərin göstərişi əsasında həmin narkotik vasitələri ona deyin ünvanlara qoymali idi, bunun müqabilində həmin şəxslər ona pul vəsaitlərini göndərməlidirlər. Aşkar edilərək götürülmüş elektron tərəzi və mobil telefonun özünə məxsus olub istifadə etdiyini bildirmişdir (cild 1, i/v 61). 13 mart 2025-ci il tarixli “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrələr istifadə olunmuşdur. Mobil telefon aparatına «votsap» və «votsap B» proqramı yüklənmişdir. Həmin «votsap» proqramları ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə istifadə olunmuşdur. Mobil telefonun «kontaktlar» bölməsində İran İslam Respublikasına aid olan «+98 914 *** ** ** - 22aa», «+ 98 *** *** ** **», «+98 930 672- 19- 22» cəmi 3 ədəd, Polşa Respublikasına aid olan «+48 504 731 407», Ukraniya Respublikasına aid olan «+380 96 *** ** ** ВЮСКА», Türkiyə Respublikasına aid olan «+ 90 546 *** ** ** Qardaşım» nömrələr olması müəyyən olunmuşdur. Mobil telefonun «votsap» bölməsinə daxil olarkən «+380 96 *** ** ** ВЮСКА», «+ 90 546 *** ** ** Qardaşım» nömrələriylə danışıqların, yazışmaların, video-səs mesajlarının olduğu görünür. İşarə olunmuş fotoşəkillərin və ünvanların göndərilməsi müəyyən olunmuşdur. Həmin danışıqlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xarici vətəndaşlarla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olur (cild 1, i/v 62-95). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-123/2025 nömrəli, 13 mart 2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4-1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 115-121). 15 mart 2025-ci il tarixli “Maddi sübut tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 178,97 qram narkotik vasitə qurudulmuş marixuana, 860 qram narkotik vasitə kokain, üzərində «TESLA» yazısı həkk olunmuş 199 ədəd çəhrayı rəngli üçbucaq formalı həblər metilendioksimetamfetamin -MDMA tərkibli həblər («ekstazi»), üzərində «Methadone 40» əmtəə göstəricisi olan 13 ədəd konvalyutda ümumilikdə 130 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblər və üzərində cüzi miqdarda marixuannanın hissəcikləri (qalıqları) olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır və ekspertizanının tədqiqatından sonra narkotik vasitə qurudulmuş marixuananın ümumi 178,92 qram qalıq hissələri, narkotik vasitə kokainin ümumi 859,8 qram qalıq hissələri, narkotik vasitə metodon tərkibli 124 ədəd həbləri, psixotrop maddə metilendioksimetamfetamin -MDMA tərkibli 195 ədəd həbləri və üzərində cüzi miqdarda marixuannanın hissəcikləri (qalıqları) olan bir ədəd elektron tərəzi saxlanması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr qurudulmuş marixuananın, kokainin, metodon tərkibli həblərin və psixotrop maddə metilendioksimetamentafiminin - MDMA aşkar olunaraq götürülməsi barədə 11 mart 2025ci il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i/v 135-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin 17 mart 2025-ci il tarixli, 1661 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 154-155). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 161). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin 02 may 2025-ci il tarixli 884 saylı məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, əsəbilik, inadkarlıq, konfliktə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, i/v 24-27). İş üzrə toplanmış sübutlara qiymət verilməsi haqqında 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefon aparatı istintaq üçün maraq əhəmiyyəti kəsb etdiyinə görə məhkəmənin hökmünə qədər Sabunçu RPİ-də saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni xüsusilə külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir Azərbaycan Respublikasının 234.4-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl cinayət sayılır və təqsirli bilinən şəxs səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da olan narkotik vasitə sayılan kokainin xüsusilə külli miqdarı 300 qram qəbul olunmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni xüsusilə külli miqdarda əldə etməsi, saxlaması və daşıması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alır (portal çıxarışına əsasən) və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 11 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 11 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitələr-178,92 qram qurudulmuş marixuana, 859,8 qram kokain, metodon tərkibli 124 ədəd həblər və psixotrop maddə metilendioksimetamfetamin tərkibli 195 ədəd həblər məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Digər maddi sübut – Sabunçu RPİ-də saxlanılan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 11 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitələr-178,92 qram qurudulmuş marixuana, 859,8 qram kokain, metodon tərkibli 124 ədəd həblər və psixotrop maddə metilendioksimetamfetamin tərkibli 195 ədəd həblər məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut- Sabunçu Rayon Polis İdarəsində saxlanılan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 186,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar