Məhkəmə qərarları › İş №1(101)-1462/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1462/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1462/2023 24.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X10 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Arzuman oğlunun iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 4ində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 10 mart 2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində olan “Asan” xidmətin yaxınlığında yerləşən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 33,012 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18:00-da Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasmal RPİ-nin 28-ci PBnin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 33,012 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində polis əməkdaşları ona yaxınlaşaraq qolunu burub onu 28-ci polis bölməsinə aparmışlar. Polis bölməsində narkotik vasitəni onun cibinə hansı şəraitdə qoyduqlarını bilmir. Əgər o, narkotik vasitələrin satıcısı olmuşdursa, onun telefon yazışmaları olardı. Onun heç kimlə yazışmaları olmamış, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Halal zəhməti ilə 2 uşaq böyütmüşdür. Özü xəstədir, bədənində şişlər var, səbəbini bilmir. O, özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, narkotik vasitənin cibinə kim tərəfindən qoyulduğunu bilmir. O, ibadət əhlidir, narkotikə heç bir aidiyyəti yoxdur, narkotik vasitəni hansı şəraitdə cibinə qoyduqlarından xəbəri yoxdur. O, video çəkiliş zamanı da narkotik vasitələrin ona məxsus olmadığını demişdir. İstintaqda da eyni ifadəni vermişdir. Polis əməkdaşları ilə üzləşməsi də olub. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olmayıb. Polis əməkdaşları onu meyvə satarkən təxminən 18:00 radələrində saxlamışlar. Bir maşın dayanmış, içində 3 nəfər mülki formada əməliyyatçı olmuşdur. Həmin şəxslər onun qolunu burmuş və onu hansı səbəblə saxladıqlarını deməmişlər. İlk başda ondan Səbuhi Səlimovun dəfnində iştirak edib-etmədiyini soruşmuşlar, o da elə bir şəxsin dəfnində iştirak etmədiyini demişdir. Video çəkiliş zamanı gödəkçəsi əynində olmamış, onun xəbəri olmadan onun cibinə narkotik vasitə qoyulmuşdur. 28-ci PB-də ona qarşı hər hansı zorakılıq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində bölməyə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, 10 mart 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara məlum olmuşdur ki, Eldəniz adlı şəxs narkotik vasitələrin daşınması və dövriyyəsi ilə məşğul olur. Onlar buna əsasən Təqsirləndirilən şəxs saxlamış və bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal rayonu 28-ci polis bölməsinə gətirilmişdir. Bölmədə təhqiqatçı tərəfindən inzibati otaqların birində təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunmuş və üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs cibindən 1 sellofan bükümdə narkotikə bənzər maddə çıxararaq stolun üstünə qoymuşdur. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlarda şəxsin narkotik vasitəni haradan və necə əldə etməsi ilə bağlı məlumat olmamış, yalnız daşınması və dövriyyəsi ilə məşğul olmasına dair məlumat olmuşdur. Onlar Eldənizi iş yerinin qabağında saxlamışlar. 28-ci polis bölməsi ilə Eldənizin iş yeri arasında təqribən 4-5 km məsafə olmuşdur. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilirkən çıxarıb təqdim etmiş və daha sonra isə ekspert rəyi ilə aşkar olunmuş maddənin narkotik vasitə olduğu təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs meyvə dükanı olmuş və orada çalışmışdır. Onlar Təqsirləndirilən şəxs iş yerinin qarşısında saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 mart 2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci polis şöbəsinə məlumat daxil olmuşdur ki, Ağayev X4 rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələrin istifadəsi və daşınması ilə məşğul olur. Bu barədə raportla rəhbərliyə müraciət olunmuşdur. Bu raporta əsasən Yasamal rayonu Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları və Yasamal rayonu Polis idarəsinin 28-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılmışdır. 10 mart 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanı qarşısında Təqsirləndirilən şəxs çalışdığı mağazanın qarşısında saxlanılaraq 28-ci polis şöbəsinə gətirilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman gödəkcəsinin sağ cibindən sellofan büküm aşkar olunaraq ekspertizaya təqdim olunmuşdur. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə və ya hər hansı qadağan olunmuş maddə varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərmədən, könüllü olaraq üzərindəki narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmədən əvvəl vəkilin iştirakı ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni nə məqsədlə daşıdığı soruşulduqda onun bu barədə nə cavab verdiyini bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə istintaqı zamanı elan edilərkən digər şahidlər Şahid2 və Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdiyi müəyyən olunmuşdur (i/v: cild İ, səh. 60-63). Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Yasamal RPİ-nin 28-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, ünvan 4ində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəlidir. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 10 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 18.00-da Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlanaılmışdır. (i/v: cild İ, səh.3-4). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli bükümü təqdim edib, həmin bükümün içində nə olduğunu bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Daha sonra onun üzərindən 213 manat 50 qəpik pul və açar aşkar edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. (i/v: cild İ, səh. 35-36). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2, Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, 28-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə xx.xx.2023-cü il tarixdə saat 18:00-da ünvan 6 ünvanın qarşısında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 19:20-də şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub-olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, təhqiqatçı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan maddənin ona məxsus olmamasını deyərək əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymasını, bundan sonra baş təhqiqatçı Nicat Abdullayev tərəfindən həmin büküm açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunması, baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu bilmədiyini bildirməsi, daha sonra baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, üzərindən 213 manat 50 qəpik pul və açar aşkar olunması,daha sonra baş təhqiqatçısı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli sellofana bükülmüş bükümün götürülərək zərfə qoyularaq qablaşdırılaraq möhürlənərək imzalanması, üzərindən aşkar edilmiş 213 manat 50 qəpik pul və açar Təqsirləndirilən şəxs qaytarılması baş təhqiqatçısı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, aparılan prosessual hərəkətlər barədə protokol tətib olunacağını, videoçəkiliş diskə köçürülərək materiala əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirməsi, iştirakçılar tərəfindən hər hansı bir sualın olub-olmaması soruşulduqda müdafiəçi X1 Ağayevdən polis bölməsinə gətirilərkən ona zor göstərilib-göstərilməməsini, təqdim etdiyi maddənin nə olduğunu soruşduqda, polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən ona zor göstərilmədiyini, lakin cibindən çıxarıb təqdim etdiyi bükülünün ona aid olmadığını və içərisində olan maddənin nə olduğunu bilmədiyini bildirməsi müşahidə olunur. (i/v: cild İ, səh. 128-129). Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 mart 2023-cü il tarixli protokolla və «Diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında» 15 mart 2023-cü il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli 6/1510 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 167» möhür əksi olan, «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə» və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 33,012 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 43-47). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2993 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: cild İ, səh. 133-134). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: cild İ, səh. 135-136) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi çəkisi 33,012 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 32,912 qram təşkil edən narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i/v: cild İ, səh. 141-152). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün ona məxsus olmadığını, bükümün içərisindəki maddənin nə olduğunu bilmədiyini qeyd etmişdir. Bununla belə Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, həmçinin polis bölməsində olduğu vaxt polis əməkdaşları tərəfindən heç bir təzyiqə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümün onun cibinə hansı şəraitdə və kim tərəfindən qoyulduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və məhkəmə iclasında tədqiq olunan videogörüntülərlə də müəyyən olundu ki, Təqsirləndirilən şəxs cibində olan bükülünü özü şəxsən çıxarıb təhvil verir, bununla belə həmin bükülünün ona məxsus olmadığını bildirir. Təqsirləndirilən şəxsin cibində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmasını bilmədiyi halda, həmin bükülünü necə çıxarıb təqdim etməsi məhkəmə üçün aydın olmamaqla birlikdə, təqsirləndirilən şəxs həmin bükümün kimə məxsus olması və onun cibinə hansı şəraitdə qoyulması barədə də məhkəməyə tutarlı bir məlumat verməmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmadığını bildirsə də, qeyd olunan bükülünü çıxarıb təqdim etməsi həmin bükümün ona məxsus olmasına dəlalət edir, müdafiə tərəfindən qeyd olunan halın əksini sübut edəcək hansı bir əsaslı dəlilə istinad olunmur. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi- ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan raportlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olaraq saxlanılmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid1 və Şahid2 da hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə etməsi ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: cild İ, səh.130) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,912 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 32,912 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar