Məhkəmə qərarları › İş №1(101)-1464/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1464/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1464/2022 07.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 93.1.4-cü maddələri tətbiq edilməklə əmlakı müsadirə olunmaqla 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 iyul 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum mənbədən satış məqsədilə ümumi təmiz çəkisi 256,356 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 445 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşımış, 06 aprel 2022-ci il tarixdə, saat 20:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Araz küçəsində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 16,356 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə, saat 23:45-də əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs öz razılığı ilə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi evə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman həmin evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altındakı ağ rəngli sellofan torbanın içərisindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 240 qram çəkidə, yəni külli miqdarda tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd bükümdə 16,356 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 445 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun sol gözü pis görür, bədənində ağrılar olur, bu səbəbədən o, narkotik vasitələrdən istifadə edir. 06 aprel 2022-ci il tarixdə axşam saat təxminən 17 radələrində evdə olmuşdur. Həmin günü evdə stolun üstündə cəmi yarım qram narkotik vasitə olub. Həyətdən səs-küy gəldiyini eşitmiş və bu zaman polis əməkdaşları evinə giriblər. Ondan tanışı Röyalı və İranlını soruşublar. Onlara Röyalı tanıdıtğını, lakin İranlını tanımadığını bildirmişdir. X2 ona hadisədən qabağ demişdir ki, narkotik vasitələri küçədə sökülmüş bir yerdə gizlətmişdi. Narkotik vasitə Röyalın olub. Onda külli miqdarda, yəni 256,356 qram heroini və 445 qram metamfetamin olmayıb. Həmçinin onun üzərindən gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 16,356 qram çəkidə heroin olmayıb. Onda cəmi yarım qram heroin olub. O, heç kəsə narkotik vasitə satmamışdır. Elan olunmuş cinayət işinin 35-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, protokolda yazılan heroin ona məxsus olmamışdır. Ona bildiriblər ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq, ona görə protokola imza atmışdır. Elan olunmuş cinayət işinin 40-41-ci vərəqələrində olan evə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, protokolu təsdiq etmir, onda o, qədər heroin və metamfetamin olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 42-44, 72-73 və 83-85-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … « 06 aprel 2022-ci il tarixdə axşam saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, Araz küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun iızərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd « Samsung» markalı mobil telefon, 01 ədəd açar, əynində olan göy rəngli şalvarın sol yan cibindən isə 10 nanat pul aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 18 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, 01 ədəd açar və 10 manat pul isə ona geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri təxminən 12 gün əvvəl Xətai rayonu ərazisində tanışı X1 məqsədi ilə əldə etdiyini və vaxtaşırı olaraq narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, əlavə olaraq Bakı şəhəri, Xəzər rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hər hansı həkim müayinəsinə ehtiyacının olmadığını, verilən sualları tam başa düşdüyünü bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 3 ünvanına getmişlər, fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konustruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroin, 04 ədəd «E-manat» çekləri, **********030661, **********507438 nömrəli bank kartları, 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 454 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 259 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. O Röyal Əliyev ilə əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiyi üçün peşman olduğunu bildirmişdir.» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı və ifadələrini oxumadan imza etmiş, onda cəmi yarım qram narkotik vasitə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, «Nazim» adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin tarixdə digər polis əməkdaşı Şahid1 ilə birlikdə 06 aprel 2022-ci il tarixdə, gecə saat 20:00 radətərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, Araz küçəsinə yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və həmin şəxsi qeyd olunan yerdə müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları olduğunu bildirib onu Azərbaycan Respublikası DİN-nin BNMİ-nə dəvət etmişlər.Həmin şəxs özünü təqdim etmiş və müəyyən olunmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onlarla birlikdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nə getmişdir. Azərbaycan Respublikası DİN-nin BNMİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Azərbaycan Respublikası DİN-nin BNMİ- nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X7 06 aprel 2022-ci İl tarixdə, saat 22:00-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin iştirakı ilə və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri- qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər cəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 18 qram olması müəyyən edilmişdir. Həmin kütlələr içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroini 12 gün öncə Xətai rayonu ərazisində tanışı X1 məqsədi ilə əldə etdiyini və vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq ünvan 1 ünvanında yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X7 06 aprel 2022-ci il tarixdə, saat 23:45-də Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin ünvana baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl X7 şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla müəyyən edilmiş əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan 01 ədəd bükümdə ağ ringli kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, njarkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd «e-manat» çekləri, 02 ədəd plastik bank kartı və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olundu. Psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 454 qram olması müəyyən olunmuşdur. Sonra isə narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 259 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırlılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələri tanışı X1 və istifadə etmək məqsədi ilə əldə etdiyini, «e-manat» çeklərinin narkotik yasitələrin satışı ilə bağlı çeklərə olduğunu, aşkar olunan bank kartlarının bacıları Sədaqət Cabbarova və Nəzakət Cabbarovaya məxsus olduğunu, həmin bank kartlarına narkotik vasitələrinin satışından əldə etdİyi pul məvaciblərinin yükləndiyini, sonuncularla eyni həyətdə ancaq müxtəlif evlərdə yaşadığını, başqa haradasa narkotik maddə saxlamadığını bildirmişdir. Qeyd olunanlarla bağlı X7 tərəfindən müvafiq protokollar tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 06 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Xəzər raypnu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmudur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 06 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 5(003)-134/2022 saylı əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 06 aprel 2022-ci il tarixli, Ə116-008-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Xəzər raypnu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 35-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd açar və 10 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş kütlə zərfə qoyulub, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat pul və 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroini 12 gün öncə Xətai rayonu ərazisində tanışı X1 məqsədilə əldə etdiyini və vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq ünvan 1 ünvanında yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 aprel 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin fərdi evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik konstruksiyalı rəfin altında gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd «e-manat» çekləri, 02 ədəd plastik bank kartı və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 50-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 6/1901 saylı ekspert rəyindən ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan: -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,356 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada olan üzəri yapışqan lentlə sarılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 240 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 445 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop rnaddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 İyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 75-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefona və sonuncunun evindən götürülmüş 04 ədəd «e-manat» çeklərinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 may 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 aprel 2022-ci ildə Nzim Cabbarovun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd açar və 10 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat pul və 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroini 12 gün öncə Xətai rayonu razisində tanışı X1 məqsədilə əldə etdiyini və vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, əlavə olaraq ünvan 1 ünvanında yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 may 2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin sağ tərəfində yerləşən tək otaqlı yaşayış sahəsinin sol tərəfində yerləşən plastik rəfin altında olan gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd «e-manat» çekləri, 02 ədəd plastik bank kartı və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Azercell’ MMC-dən daxil olmuş 23 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hazırda "xxxx" MMC-də nömrə qeydə alınmamışdır. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şhəəri Xəzər RPİ-nin 2-ci PŞ-dən daxil olmuş 05 may 2022-ci il tarixli, 057-5585- 1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır Cinayət işinin 146-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis polkovnik leytenantı Neman Şirinovun 02 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarının tövsif olunması və cinayət işindən cinayət işinin ayrılması barədə qərarından görünür ki, cinayət işinin materiallarından X9 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə dair məlumatlara ayrılan cinayət işində qiymət verilməsi nəzərə alınmış, həmçinin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung» markalı mobil telefon, 02 ədəd bank kartının Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə edir,onda yalnız yarım qram narkotik vasitə olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün qismən etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 29 yanvar 1982-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 134.2, 215, 38-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 sentyabr 1983-cü ildə Qaradağ Rayon Xalq Məhkəməsinin 08 sentyabr 1983-cü il tarixli qərarı ilə 2 il 1 gün vaxtından əvvəl şərti azad edilmiş, X8 Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il 06 ay 24 gün çəkməsi üçün cəzaçəkmə müəssisəsinə qaytarılmış, 05 oktyabr 1985-ci ildə cəzasının sonu ilə azad edilmiş; Əzizbəyov Rayon Xalq Məhkəməsinin 03 dekabr 1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Məhkəməsi rəyasət heyətinin 27 dekabr 1985-ci il tarixli qərarı ilə 03 dekabr 1985-ci il tarixli hökm ləğv edilib, yeni məhkəmə baxışına göndərilmiş, xx.xx.1986-cı ildə Əzizbəyov Rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR Cinayət Məcəlləsinin 226- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; SSR X15 Heyətinin 18 iyun 1987-ci il tarixli qərarının 9-cu maddəsinin E bəndinə əsasən çəkilməmiş cəzası ½ qədər azaldılıb 5 ay 3 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 21 noyabr 1987-ci ildə cəzasının sonu ilə azad olunmuş; Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 93.1.4-cü maddələri tətbiq edilməklə əmlakı müsadirə olunmaqla, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 iyul 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsindən daxil olmuş 25 aprel 2022-ci il tarixli, 3571 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 may 2022-ci il tarixli, 2812 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 06 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 26-cı vərəqəsində olan 06 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 92-95-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli 4(003)-169/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2022ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 256,256 qram narkotik vasitə heroin, 444,950 qram psixotrop maddə metamfetamin məhv edilməli, iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 256,256 qram narkotik vasitə heroin, 444,950 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar