Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1465/2024 15.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 21, mənzil 01-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 29, mənzil 59da yaşayan, barəsində Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 6,564 qram külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, özündə saxlamaqla daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 29 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən dörd ədəd şəffaf sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə öz aralarında eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,925 qram, 1,795 qram, 2,586 qram və 1,258 qram ümumi təmiz çəkisi 6,564 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və həmin şalvarın sağ yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadə verərək bildirmişdir ki, həyatında nə narkotik vasitə, nə də ki, siqaret istifadə etməmişdir. Hadisə günü günorta saatlarında yaşadığı evə gələn sahə rəisinin suallarına əsasən həmin evdə kirayə qaldığını bildirmişdir. Həmin şəxs onun və arvadının şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra oradan uzaqlaşmışlar. Lakin axşam saat 5 radələrində polis əməkdaşları tərəfindən tutularaq 25-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə ona dinlə bağlı tutulduğu bildirilmişdir. Polis əməkdaşları bükümlərdə olan narkotik vasitələri cibinə qoymağı tələb etmiş və razılaşmayacağı təqdirdə yaşadığı evdən də narkotik vasitə aşkar ediləcəyi barədə psixoloji təzyiqə məruz qalmışdır. Polis əməkdaşlarının göstərişi ilə ifadəsində narkotik vasitəni Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən əldə etməsini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək götərmişdir ki, təqsirləndirilən şəxsi ona daxil olmuş əməliyyat məlumatı əsasında Qara Qarayev küçəsi 29 ünvanında axşam radələrində saxlanılaraq pois bölməsinə gətirilmişdir. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olsa da həmin şəxsin narkotik vasitələri kimə satması barədə məlumat olmamışdır. Əməliyyat-axtarış tədbiri ilə bağlı qərarı qəbul etmiş həmçinin şəxsi axtarışda da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Şahid1 daxil olan əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı axşam saatlarında tutularaq polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirildikdən təxminən 1-2 saat sonra onun üzərinə baxış keçirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 21 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Tofiq Rəhimov əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefon cihazı, 1 ədəd elektron tərəzi və həmin şalvarın sol yan cibindən 4 ədəd sellofan bükümü xidməti otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 4 ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir (cild 1,iş vərəqə 31-33). 22 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəyə bənzər maddə...” və s. soyadlar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,925 qram, 1,795 qram, 2,586 qram və 1,258 qram ümumi təmiz çəkisi 6,564 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlamış psixotrop maddə metamfetamindir. Dörd bükümdə metamfetamin kütlələr kimyəvi tərkiblərinə görə öz aralarında eynili təşkil edilər. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzi...” və s. soyadlar, imzalar olan bir ədəd kağız paketdəki elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri müəyyən edilir. Həmin tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi mümkün olmadı. Ekspetiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 6,444 qram təşkil etmişdir (cild 1,iş vərəqə 42-43). 18 noyabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri alıtına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yəni Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir (cild 1, iş vərəqə 138-139). 28 dekabr 2023-cü il tarixli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş “X8 6 Pro” markalı “M1806E7TG” modelli “**********66080, **********66086” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “X8 6 Pro” markalı “M1806E7TG” modelli mobil smartfonun yaddaşından əldə edilmiş hal-hazırda mövcud olan və pozulmuş məlumatlar (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsi ilə aparlmış məlumat mübadilələri və sair) əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1698” adlı qovluqda 04 ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur (cild 1,iş vərəqə 168-170). 02 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 6,564 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd Xiaomi markalı mobil telefon maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6, 444 qram təşkil edən psixotrop maddə metamfetamin, elektron tərəzi və Xiaomi markalı mobil telefon Bakı şəhəri Nizami Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 114). 14 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, həmin qərarla həm maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, həm də sübut növü kimi qiymətləndirilmiş 28 dekabr 2023-cü il tarixli məhkəmə komputer ekspertizası rəyi əsasında müəyyən edilmiş məlumatları özündə əks etdirən “DVD-R” tipli optik disk cinayət işi materiallarına əlavə edilmişdir(cild 1, iş vərəqə 190-198). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağcəlil oğlunun əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 116-117). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, hamin istintaq hərəkətrinin video görüntülərini özündə əks etdirən CD diskdən, həmçinin şübhəli şəxs qismində verdiyi ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Lakin təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verdiyi ifadələrindən imtina edərək, həmin ifadələri psixoloji təzyiq nəticəsində tərəfindən verildiyini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə barəsində şəxsi axtarış istintaqı hərəkəti keçirilməsinə və psixotrop maddə metamfetamin təqdim etməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında isə ibtidai istintaqın sonrakı mərhələrində verdiyi ifadəni təsdiq edərək psixotrop maddə metamfetaminin ona məxsus olmamasını bildirmişdir. 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən hədə qorxulara məruz qalması və törətmədiyi cinayət əməllərinin etiraf edilməsinə məcbur edilməsi barədə müraciəti araşdırılmış və cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir ( cild 1, iş vərəqi 141-143). Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə baxış və ya axtarış istintaq hərəkətləri həyata keçirilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “X9 6 Pro markalı “M1806E7TG” modelli mobil telefonun smartfonun yaddaşından əldə edilmiş hal hazırda mövcüd olan və pozulmuş məlumatlar əsasında tərtib edilən “DVD R- tipli optik disk,habelə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqların məzmunun özündə əks etdirən CD disk məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı hal müəyyən edilməmişdir(cild 1, iş vərəqə 136,168-170). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, yaşını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran halların olmamasını, əvvəllər məhkum edilməməsini, yaşını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 20), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 92-94). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 25 noyabr 2023-cü il tarixli məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmamışdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 155). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6, 444 qram təşkil edən psixotrop maddə metamfetamin, elektron tərəzi istehlak dəyərini itirmiş əmlak kimi məhv edilməli, bir ədəd Xiaomi markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk, 28 dekabr 2023-cü il tarixli məhkəmə komputer ekspertizası rəyi əsasında müəyyən edilmiş məlumatları özündə əks etdirən “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 167). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 3(üç) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,444 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD, 28 dekabr 2023-cü il tarixli məhkəmə komputer ekspertizası rəyi əsasında müəyyən edilmiş məlumatları özündə əks etdirən “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 210 ( iki yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində 3(üç) saat həcmində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 24 (iyirmi dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1465/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1465/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver