Məhkəmə qərarları › İş №1(101)-1466/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1466/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1466/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,552 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 07 aprel 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 23:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,552 qram çəkidə kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 07 aprel 2023cü il tarixdə 3-cü mikrorayon ərazisində X1 yaxınlığında yerləşən çay evindən çıxan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. O, həmin şəxslərdən çayxananın sanitar qovşağında dəstəmaz almaq üçün icazə istəmişdir. Polis əməkdaşları etiraz etməyərək gözləmişlər və o, dəstəmaz aldıqdan sonra onlarla birlikdə polis idarəsinə yollanmışdır. O, dindar, “şiə” əqidəli olduğu üçün və ondan öncə də xeyli dindar həbs edildiyi üçün polis əməkdaşları tərəfindən saxlanılması onun üçün gözlənilməz olmamışdır. Nəsimi rayon Polis İdarəsində onun qarşısına narkotik vasitə qoyularaq, ona aid olması bildirilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilərək, narkotik vasitə onun cibindən çıxarılmışdır. Saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Ondan öncə də həbs edilən dindarlar olmuşdur. O, həmin dindarların ailələrinə maddi yardım göstərirmiş, düşünür ki, həbs edilməsi bununla əlaqədardır. O, etirazın mənasız olduğunu düşünərək, polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitəni qəbul etmişdir. Ondan öncə də həbs edilmiş dindarlar olduğu üçün o, narkotik vasitəni qəbul etməyəcəyi halda polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalacağını bilmişdir. Nəsimi rayon Məhkəməsində də qətimkanla bağlı məsələyə baxılarkən hüquqlarını bilmədiyi üçün hər hansı etiraz etməmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman tanışları ondan bir qədər irəlidə olmuşlar. Saxlanılan zaman ona hər hansı fiziki zor tətbiq olunmamışdır. O, öz müdafiəçisi Müdafiəçi ilə müqavilə bağladıqdan sonra hüquqlarını başa düşərək düzgün ifadə verə bilmişdir. Hüquqlarının müdafiəsi üçün dövlət hesabına təyin edilmiş müdafiəçini iki dəfə görmüş, vəkillə hər hansı konfidensial ünsiyyətinə şərait yaradılmamışdır. Ona sadəcə olaraq sənədlərə qol çəkdirilmi, onunla dindirmə istintaq hərəkəti aparılmamış, müstəntiqi yalnız bir dəfə məhkəmədə görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 07 aprel 2023-cü il tarixdə Natiq adlı şəxsin narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Natiq adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 da daxil edilmişdir. Natiq adlı şəxsin ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:00-da Şahid2 ilə birlikdə ünvan 4 ünvanın qarşısında gözləmişlər. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 23:30 radələrində əməliyyat məlumatında göstərilən “Natiq” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar, həmin şəxs adının Natiq olduğunu bildirmişdir. O və Şahid2 həmin şəxsə özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın cibindən 1 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd şəffaf sellefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını, istifadə etmədiyini, lakin, üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Natiq adlı şəxsin narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Natiq adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmışdır. Natiq adlı şəxsin ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23:00-da ünvan 4 ünvanın qarşısında gözləmişlər. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 23:30 radələrində əməliyyat məlumatında göstərilən “Natiq” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşlar. Həmin şəxs, adının Natiq olduğunu bildirmişdir. Həmin şəxsə özlərini təqdim etmişlər və üstündə narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir. Təqsirləndirilən şəxs isə etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın cibindən 1 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd şəffaf sellefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını qeyd etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “Müntəzir” adlı çay evində Təqsirləndirilən şəxsla və digər dostları ilə birlikdə çay içirmişlər. Oradan çıxdıqdan sonra bir dostlarının anasının vəfat etməsi ilə əlaqədar baş sağlığı vermək üçün gedən zaman X1 yanında iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. Natiq onun polis idarəsinə dəvət olunmasının səbəbini soruşsa da, heç bir şey deməmişlər. Təqsirləndirilən şəxs “Müntəzir” çay evinə qayıdaraq dəstəmaz almaq üçün icazə istəmiş və həmin mülki geyimli şəxslər razılaşmışlar. Daha sonra 3-4 nəfər mülki geyimli şəxs də yaxınlaşaraq Təqsirləndirilən şəxs özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs üzərində olan qulaqcıq, təsbeh və pul qabını onlara verərək, polis əməkdaşları ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxs təsbehi, qulaqcığı və pul qabını onlara verən zaman polis əməkdaşları heç bir etiraz etməmiş lakin, telefonunu özündə saxlamasını bildirmişlər. Polis əməkdaşları yaxınlaşan zaman onların yanında Rasif adlı dostu da olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs özləri ilə birlikdə aparan zaman Natiqə bu barədə ailəsinə məlumat vermək üçün şərait yaradılmamışdır. Natiqin dəstəmaz alması təxminən 5-6 dəqiqə davam etmiş, polis əməkdaşları bu zaman çay evinin qarşısında gözləmişlər. Onlar Natiqlə birgə çay evinə daxil olmamışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs aparan zaman onun qoluna qandal vurulmamış, özləri onun qoluna girmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 aprel tarixində döyüş yoldaşı Elmanın anası rəhmətə getmişdir. Təqsirləndirilən şəxs ona zəng edərək, harada olduğunu soruşmuş, o da Elmana baş sağlığı vermək üçün getdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə ortaq dostları Elmangilin yaşadığı məhəlləyə gedərək baş sağlığı vermişlər. Bundan sonra “Müntəzir” adlı çay evində Təqsirləndirilən şəxsla və digər dostlarıyla birlikdə çay içməyə gəlmişlər. Çay evindən çıxdıqda 5-6 nəfər şəxsin dayandığını görmüşlər. Onlar X1 yanından keçərək, dostlarına yenidən baş çəkmək istəmişlər. O, Təqsirləndirilən şəxs və dostları Ceyhun birlikdə hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməli olduğunu demişlər. Onlar həmin şəxslərin kim olmasını, nə məqsədlə Təqsirləndirilən şəxs onlarla getməli olmasını soruşan zaman polis əməkdaşları hər bir şeyə polis idarəsində aydınlıq gətiriləcəyini qeyd etmişlər. Təqsirləndirilən şəxs üzərində olan pul qabını, təsbehi, qulaqcıqlarını onlara vermək üçün icazə istəmiş və polis əməkdaşları buna etiraz etməmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs “Müntəzir” çay evində dəstəmaz almaq istədiyini bildirmiş, polis əməkdaşları razılaşmışlar. Bu zaman saat təxminən 23-24 radələri olmuş, Təqsirləndirilən şəxs daha sonra polis əməkdaşları ilə birlikdə çıxıb getmişdir. Təqsirləndirilən şəxs dəstəmaz almaq üçün “Müntəzir” çay evinin sanitar qovşağına gedən zaman polis əməkdaşları onunla birgə içəri daxil olmayaraq, çay evinin qarşısında Təqsirləndirilən şəxs gözləmişlər. Təqsirləndirilən şəxs şəxsi əşyalarını onlara verən zaman hər hansı əşyanı yerə atmasını görməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları polis idarəsinə aparan zaman, eləcə də, Natiq şəxsi əşyalarını onlara təqdim edən zaman telefon vasitəsilə çəkiliş aparmağa cəhd etsələr də, polis əməkdaşları buna icazə verməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə ümumi təmiz çəkisi 3,552 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vərəqə 55-59) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 140-141) İş materiallarında olan 2 X2 Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli 1/2501 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün müraciət etməmişdir. (iş vərəqə 128) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu və 01 ədəd videogörüntüləri özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellefona bükülmüş bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmçinin o, verilən suallara cavab olaraq, təqdim etdiyi narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışının yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. (iş vərəqə 47-50) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən ona təqdim edilməsi, daha öncə də müxtəlif dindar tanışları həbs edildiyi üçün polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitəni qəbul etməyəcəyi halda təzyiqlərə məruz qalacağını düşünməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətini boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 6/2046 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol, şəxsi axtarış-götürmə istintaqında iştirak etmiş şahidlərin ifadələri, eləcə də, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən xx.xx.2023-cü il tarixli qismən etirafedici ifadəsi, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə tərkibi həmçinin əlavə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, onların ifadələri yaxın münasibətdə olduqları Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Eyni zamanda onların ifadələrində qeyd etdikləri hallar ittiham üzrə hər hansı halın müəyyən olunması üçün əhəmiyyət kəsb etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, O, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 8 noyabr metrostansiyasının çıxışı yaxınlığında yerdən şəffaf sellofanın içərisində olan narkotik vasitəni tapmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınmışdır. O, həmin suala cavab olaraq üzərində narkotik maddə hesab olunan “heroinin” olmasını bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynində olan şalvarının cibindəki 01 (bir) ədəd Rothmans markalı siqaret qutusu, 01 (bir) ədəd alışqan və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü açdıqda isə onun içində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-nə göndərilmişdir. Buda videokamera vasitəsi ilə qeydə alınmışdır. Daha sonra həmin videogörüntüyə onlar baxmış, sonra protokol tərtib olunmuş və onların tərəfindən imzalanmışdır. O, heç zaman narkotik vasitə satışı ilə məşğul olmamış, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün nəzərdə tutub əldə etmişdir. Polis əməkdaşları onu saxlayarkən heç bir qanuna zidd hərəkətə yol verməmişlər. (iş vərəqə 81-82) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 21, 25-26) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 47-49) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsi və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. (iş vərəqə 68-70, 81-82) İş materiallarında olan 25 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitə alqı-satqısı ilə məşğul olmasının müəyyən edilməsi, lakin, Təqsirləndirilən şəxs narkotik vasitəni hansı yolla alması, aldığı mənbənin müəyyən edilməsi, kimlərə narkotik vasitə satması və ya verməsi istiqamətində müsbət nəticə əldə edilməməsi qeyd olunmaqla əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan bir növ şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını özü-özlüyündə inkar etmiş, şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsinin, narkotik vasitələrin satışı ilə məşğul olmasının hansı faktlar əsasında təsdiq olunmasına dair hər hansı xüsusatı göstərə bilməmişdir. Bu qeyd edilənlər həmin əməliyyat məlumatına cavab məktubunun formal xarakter daşımasına, hər hansı fakta əsaslanmamasına dəlalət edir. (iş vərəqə 123) Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün yeganə əsas götürdüyü hallar öz təsdiqini tapmamış şübhələrdən ibarətdir. Eləcə də, iş materiallarında olan 15 may 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat aşkar edilməmişdir. (iş vərəqə 110) Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 08 aprel 2023-cü il tarixli qərarına əsasən, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 71-72) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə 3,552 qram çəkidə olması, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair hər hansı məlumatın olmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,552 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 07 aprel 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 23:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə saxladığı 01 bükümdə təmiz çəkisi 3,552 qram çəkidə kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 122) Elektron-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3, X4 olmaqla 3 azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(006)- 187/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 25-26, 98-101) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3097 nömrəli rəyinə əsasən, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 3,552 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 3,452 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,452 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar