Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1467/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun Şıxlı kəndində qeydiyyatda olmaqla ünvan 1 küçəsi, nömrəsiz ev ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 12 dekabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ismarıc yazaraq öncədən qeyri-rəsmi nikahla birlikdə yaşadığı sonuncunun bacısı Şahid2 ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar onu təkidlə söhbət etməyə çağırmış və bu məqsədlə sifariş etdiyi taksi vasitəsilə Zərərçəkmiş şəxs həmin gün saat 19:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Məktəbli küçəsində yerləşən köhnə tikilinin qarşısına gətizdirmiş, həmin vaxt aralarında yaranmış şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs əvvəlcədən aralarında olan yazışma zamanı onun ünvanına işlətdiyi nalayiq ifadələrə görə üzr istəmədiyini - cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyətilə əvvəlcədən üzərində saxladığı vintaçanla qəsdən bir neçə dəfə sonuncunun döş qəfəsindən və sağ qolundan vuraraq ona döş qəfəsinin sağ yan səthinin və kürəkarası nahiyələrinin deşilmiş yaralarından ibarət dərəcəsi təyin olunmayan, sağ saidin deşilmiş yarasından ibarət yüngül və döş qəfəsinin ön səthinin perikard boşluğuna nüfuz edən deşilmiş yaradan ibarət insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirmiş, yəni xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid2 qardaşıdır. Onun Elnarə ilə münasibətləri həmişə normal olsa da, 09 dekabr 2020-ci il tarixdə aralarında ailə-məişət zəminində mübahisələri yaranmışdır. Belə ki, Elnarə ona təxminən 2020-ci ilin yay aylarında aldığı “Redmi Note 8” markalı mobil telefonu aldığını tez-tez xatırlatdığı üçün həmin gün o, əsəbləşib telefonu sındırmış, Elnarə bundan qəzəblənmiş və aralarında mübahisə yaranmışdır. Elnarə ondan evdən çıxıb getməyini tələb etmiş və onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin gün o, öz əşyalarını götürüb ünvan 2a küçəsi, nömrəsiz ev ünvanına anası ilə bacısı və bacısının qızı ilə yaşadığı evə gəlmişdir. Telefonunu şındırdığı üçün öz istifadəsində olan (055) ***-**-** saylı mobil nömrəni bacısı qızının işlətdiyi telefona taxaraq istifadə etməyə başlamışdır. Ertəsi gün axşam saatlarında Elnarə ilə “whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmış və gecə saatlarında onun yaşadığı evə getmişdir. Oraya gedəndə Elnarə ilkin olaraq onu normal qarşılamış, lakin sonra ondan içki iyini hiss edib onunla yenidən mübahisə etməyə başlamış və o, qapıdan çıxıb gedəndə onun ünvanına “cındır” sözü işlədəndə o, əsəbindən qapının ağzında olan və üzərində dibçəklər olan stolu ayağı ilə vurub aşırtmış, sonra Elnarə ona “köpək oğlu” ifadəsini işlədərək onu hədələməyə başlamış, qardaşı Elmana deyəcəyini deyəndə o, əsəbiləşib əli ilə Elnarənin burnundan tutaraq ona “it sənin atandır, qancıq sənin anandır, sən də onların küçüyüsən” sözlərini demiş və çıxıb getmişdir. Elnarə onun barəsində polisə müraciət edəcəyi ilə yenidən hədələməyə başlamışdır. O, yenidən anası və bacısının yaşadığı evə gələndə yolda Elnarənin qardaşı Elmanın nömrəsindən ona zəng gəldiyini görmüş, əvvəlcə söhbətin böyüməməsi üçün Elmanın zənginə cavab verməsə də, ikinci dəfə zəng edəndə telefonu açmış və Elman onu telefonda söyməyə başlamış və onun ünvanına “sənin bütün qabırğalarını sındıracam” kimi ifadə işlətmiş, o, cavabında “belə sözləri səndən çox eşitmişəm, amma edəni görməmişəm” deyərək Elmanı söymüş və gəlib nə bacarırsa etməyi təklif etmişdir. Elman həmçinin onun bacısının gündə bir nəfərlə gəzdiyini deyərək təhqir etmişdir. O, evə çatandan sonra da Elman “whatsapp”da yazaraq onun qarşısına çıxsa, başına oyun açağı mövzusunda yazılar yazmış, o, Elmanı “whatsapp”da əngəlləyərək yatmışdır. Ertəsi gün, yəni 11 dekabr 2020-ci il tarixdə o, evdə olmadığı vaxt telefonu evdə qaldığından günorta saatlarında telefona zəng gəlmiş və bacısı qızı telefonu açanda Elman söyüş ifadələri işlətdiyi üçün telefonu söndürmüşdür. Bunu görən bacısı Sevinc Elmanla mobil telefonla əlaqə saxlaylıb iradını bildirmiş, Elman isə bacısından üzr istəmişdir. Həmin gün axşam evə gələndə bacısı qızı bu barədə ona bildirmiş, ertəsi gün saat təxminən 19 radələrində o, Elmana zəng vuraraq söyüşlərinə görə onunla söhbətinin olduğunu və Elmanın onun yaşadığı Əmircan qəsəbəsinə gəlməsini bildirmişdir. Elman avtobusun işləmədiyini, taksi ilə gəlməyə pulunun olmadığını demiş, o, Elmana taksi ilə gəlməsini və pulunu özü verəcəyini demiş, mobil telefonu ilə “*8555” qısa nömrəsinə zəng edərək taksi sifariş edərək Elmanı olduğu ünvandan götürüb onun olduğu yerə gətirməsini bildirmişdir. Həmin gün saat 19:30 radələrində Elman sifarişlə göndərdiyi taksi ilə Əmircan qəsəbəsinə, Məktəbli küçəsinə, “AL marketin” qarşısına gəlmiş və o, taksi sürücüsünə yol pulunu verib yola salmışdır. Həmin vaxt o, tək olmuş və Elmanla söhbət edə-edə həmin küçə ilə aşağıya doğru meydança olan yerə tərəf getmişlər. O, evdə olduğu zaman Elmanla telefon danışığını eşidən bacısı Sevinc onun arxasınca gəlmişdir. O, Elmanla üzüzə dayanıb ünvanına söydüyü söyüşlərə aydınlıq gətirməsini demiş, bu zaman onun əli şalvarının sol cibində olmuş, Elmanla görüşməyə gedəndə Elmanın ondan fiziki cəhətdən güclü olduğunu nəzərə alaraq evdən bıçaq götürmək istəsə də, özü ilə təmir alətlərinin içindən vintaçanı götürüb cibinə qoymuşdur. Elman qəflətən iki əli ilə onun boğazından tutub onu boğmağa başlamış, o, Elmanı özündən uzaqlaşdırmaq üçün sağ əli ilə Elmanın əllərini boğazından ayırmağa çalışmış, sonra Elman ona “sənin qabırğalarını qıraram” deyib nalayiq ifadələrlə təhqir etməyə başlamış, o, sol əli ilə cibindəki vintaçanı çıxarıb Elmanın bədəninin müxtəlif nahiyələrindən iki dəfə zərbə endirmişdir. Bundan sonra Elman onun boğazından əl çəkib yumruqla onun sifət nahiyəsinə, sonra isə baş və bədən nahiyələrinə zərbələr endirəndə o, əyilmiş və Elmanı vintaçanla vurduğu barədə xəbərdar edib onu vurmasını dayandırmasını bildirərək hansı nahiyəsindən xəsarət yetirdiyinə baxmağı demişdir. Elman onun sözlərinə məhəl qoymayaraq onu yumruqla vurmaqda davam etdiyindən o, yenidən iki dəfə Elmana vintaçanla bədəninin müxtəlif yerlərinə zərbə endirmişdir. O, Elmanı vurduqdan sonra bacısı hadisə yerinə gəlmiş, Elman da onun sol qolunu tutub burmuş, həmin vaxtı hadisənin baş verdiyi qaranlıq yerin yaxınlığından asta sürətlə avtomobilin hərəkətdə olduğunu görən Elman həmin maşında olan şəxsləri onun çağırdığını düşünərək onu buraxmış və yola tərəf qaçıb getmişdir. O da bacısı ilə evə getmiş, sonra ünvanına polis əməkdaşları gəmiş və onu 31-ci Polis bölməsinə aparmışlar. Polis əməkdaşlarına hadisənin harada baş verməsini bildirmiş və yaşadığı evdən Elmanı vurduğu vintaçanı təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs onun bacısı Elnarə Kərimova ilə kəbin əsasında 2020-ci ilin yay aylarından birlikdə yaşamışlar. 10 dekabr 2020-ci il tarixdən 11 dekabr 2020-ci il tarixə keçən gecə bacısı zəng edərək Elçinin içkili olduğunu, onu söyüb təhqir etdiyini və evdəki əşyaları sındırdığını bildirmişdir. O, həmin vaxt Elçinə zəng vurmuş və telefonda aralarında mübahisə baş vermiş və telefonda bir-birinə nalayiq ifadələr işlətmişlər. Səhərisi gün o, Elçinin bacısı Sevinci tanıdığına görə Sevincə zəng vurmuş və Elçinlə aralarında baş verən mübahisəni Sevincə danışmış, Sevinc qardaşı Elçinlə danışıb başa salacağını bildirmişdir. 11 dekabr 2020-ci il tarixdə Elçin onunla telefonda yenə də mübahisəni davam etdirmiş, o, bu söhbətin dərinliyinə getməmək üçün Elçinin söyüşlərinə əhəmiyyət verməyərək cavab verməmiş, 12 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Elçin onunla əlaqə saxlayaraq aralarında baş verənlərə aydınlıq gətirmək üçün onu söhbətə çağırmışdır. O, ədavəti davam etdirməmək üçün gəlməyə pulunun olmadığını bəhanə etmiş, lakin Elçin onun dalınca taksi göndərdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra taksi sürücüsü onunla əlaqə saxlamış və yaşadığı evin qarşısında olduğunu bildirmişdir. O, evdən çıxıb taksiyə əyləşmiş, taksi onu Elçinin yaşadığı evə yaxın olan Məktəbli küçəsində köhnə məktəb binasına oxşar binanın yaxınlığına gətirmiş, yolda taksidə gedəndə o, Sevincin nömrəsinə zəng vuraraq Elçinin onu söhbətə çağırdığını demək istəyərkən telefona Elçin cavab vermiş və onu gözlədiyini bildirmişdir. Yerə çatanda Elçin və bacısı Sevinc artıq orada olmuşlar. O, taksidən düşüb ilkin olaraq Sevincə yaxınlaşaraq “bu nə məsələdi, səni yığıram Elçin cavab verir” demiş, həmin vaxt Elçin ona yaxınlaşaq yanlarında olan köhnə binaya, qaranlığa tərəf getməyi demiş, o, etiraz etmiş və “nədir sənin məqsədin?” sualını vermişdir. Həmin an Sevinc onun sağ qolundan tutmuş, Elçin ona tərəf gəlmiş və o, ani olaraq sinəsində istilik hiss etmişdir. O, əlini sinəsinə vuranda qan olduğunu, Elçinin onu əlində olan vintaçanla vurduğunu görmüşdür. Sevinc onun sağ qolundan tutub saxlamış və Elçin yenidən ona hücum etmiş, o isə yaralandığı üçün oradan qaçmaq istəyərkən Elçin yenə də ona çatıb əlindəki vintaçanla vurmaq istəyəndə o, Elçinin sifət nahiyəsinə yumruqla zərbə endirmişdir. Elçin həmin vintaçanla zərbə endirməkdə davam etmişdir. O, birtəhər onların əlindən çıxıb “bıçaqlanmışam” deyə qışqıraraq yola tərəf qaçmağa nail olmuşdur. Qaçanda qolundan və sinəsindən qan gəldiyini görmüş, bacısı Elnarəyə zəng vurmuş, təxmini yerini və Elçinin onu bıçaqla vurduğunu demişdir. Balaxanı qarajı deyilən yerə çatanda bacısı gəlib çıxmış və təcili tibbi yardım çağırıb onu Sabunçu xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bacısıdır. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, Zərərçəkmiş şəxs bacısı X4 ilə yaxın münasibətdə olmuş, sonradan onlar kəbin əsasında birlikdə yaşamışlar. Əvvəllər onların münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Sonradan eşitdiyinə görə, 09 dekabr 2020-ci il tarixdə Elçinlə Elnarə arasında ailə məişət zəminində mübahisələri yaranmışdır. Belə ki, Elnarənin qardaşına aldığı “Redmi Note 8” markalı mobil telefonu tez-tez özünün aldığını xatırlatdığı üçün həmin gün Elçin əsəbləşərək həmin telefonu sındırmış və bu səbəbdən Elnarə ilə aralarında mübahisə yaranmışdır. Elnarə Elçindən evdən çıxıb getməsini tələb etmiş və onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin gün Elçin öz əşyalarını götürüb onun yaşadığı ünvan 1a küçəsi, nömrəsiz ünvanda yerləşən evinə gəlmişdir. Təqsirləndirilən şəxs telefonunu sındırdığı üçün öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni onun azyaşlı qızının işlətdiyi telefonda istifadə etməyə başlamışdır. Ertəsi gün Təqsirləndirilən şəxs Elnarə ilə “Whats App” vasitəsilə danışmış və gecə saatlarında sonuncunun yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs yolda olarkən tərkibində spirt olan energetik içki alıb içmişdir. Həmin evə çatdıqda Elnarə ilkin olaraq Elçini normal qarşılamış, lakin sonra içki qoxusunu hiss etdiyindən aralarında yenidən mübahisə başlamış və Elçin evi tərk edərkən Elnarə onun ünvanına nalayiq ifadələr işlətdiyindən qapının qarşısındakı üzərində dibçəklər düzülmüş stolu ayağı ilə vurub aşırmışdır. Sonra Elnarə ona “köpək oğlu” ifadəsini işlədərək bu barədə öz qardaşı Zərərçəkmiş şəxs bildirəcəyini deyərək Elçini hədələdikdə sonuncu Elnarəni təhqir etmişdir. Elçin Elnarənin evindən çıxdıqdan sonra sonuncu öz qardaşı ilə əlaqə saxlayaraq hadisə barədə məlumat vermiş, Elman da Elçinə zəng edərək söz mübahisəsi etmiş və telefon danışıqları zamanı bir-birilərini təhqir etmiş və Elçini hədələmişdir. Qardaşı evə gələndən sonra Elman yenidən onu hədələməyə başlamışdır. Ertəsi gün, yəni 11 dekabr 2020-ci il tarixdə o, yaşadığı evin həyətində olduğu zaman Elman Elçinin mobil nömrəsinə zəng etmiş, həmin nömrə qızının telefonu üzərində olduğundan qızı telefona cavab vermişdir. Bu zaman cavab verən şəxsin Elçin olduğunu düşünərək Elman mobil telefonda onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu barədə qızı ona bildirdikdə o, dərhal Elmana öz mobil nömrəsi ilə zəng edərək iradını bildirmiş və Elçinin onunla görüşmək istədiyi təqdirdə bundan imtina etməsini Elmandan xahiş etmişdir. Elman bu barədə ona söz versə də, Elçinlə qarşılaşarsa “onun beynini əzəcəm” demişdir. Həmin gün axşam qardaşı evə gəldikdə qızı istəmədən bu barədə Elçinə bildirmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs evin həyətində olarkən Elmana zəng edərək söyüşlərinə görə onunla söhbətinin olduğunu və bunun üçün yaşadığı məhəllədə yerləşən köhnə hamamın qarşısına gəlməsini dediyini eşitmişdir. Bundan sonra qardaşı evə daxil olduqda ondan hara getdiyini soruşduqda o, evin yaxınlarında olacağını demişdir. O, isə qardaşının Elmanla görüşə gedəcəyini bildiyindən hər hansı bir hadisənin baş verəcəyini ehtimal edərək evin mətbəxində olan bıçaqları ortalıqdan götürmüşdür. Elçin evdən çıxdıqdan təxminən 10 dəqiqə sonra o da, qardaşının ardınca getmişdir. O, Elçinin getdiyi köhnə hamamın yanına çatdıqda qardaşı ilə Elmanın birlikdə olduqlarını və üzbəüz hamam istiqamətində irəlilədiklərini görmüşdür. Onlar həmin yerə çatdıqdan X7 dayanmasını və hamamın yanında söhbət etmələrini bildirmişdir. Onlar hamanın yan tərəfinə keçmiş, Elçin Elmandan onu hansı səbəbdən söydüyünün səbəbini soruşmuşdur. Həmin vaxtı onların hər ikisi içkili olmuşlar. Qardaşı Elmanla üz-üzə dayanıb onun ünvanına etdiyi söyüşlərə görə üzr istəməsini tələb etdikdə Elman qəflətən iki əli ilə Elçinin boğazından tutub onu boğmağa başlamışdır. Elçin də özündən uzaqlaşdırmaq üçün Elmanın əlindən tutub boğazından ayırmağa çalışmışdır. O, həmin vaxtı qardaşı ilə Elmanı ayırmağa çalışmış və sonuncunu çıxıb getməsi üçün itələmişdir. Qardaşı əsəbləşərək ona həmin yerdən uzaqlaşmasını bildirmiş və o, bir qədər kənara çəkilmişdir. X7 “sənin qabırğalarını qıraram” demiş və nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Sonra Elçin cibindəki vintaçanı çıxarıb Elmanın bədəninin müxtəlif nahiyələrindən iki dəfə zərbə endirmişdir. Elman Elçinin boğazından əl çəkib yumruqla onun sifət nahiyəsindən, sonra isə baş və bədən nahiyəsinə zərbələr endirdikdə Elçin əyilsə də, Elman onu yumruqla vurmaqda davam etdiyindən qardaşı yenidən vintaçanla Elmanın bədəninin müxtəlif yerlərinə iki dəfə zərbə endirmişdir. Elman da Elçinin sol qolunu tutub burmuş və oradan uzaqlaşıb yola tərəf qaçıb getmişdir. O, isə qardaşı ilə öz evinə getmişdir. Sonradan ünvanına polis əməkdaşları gəlmiş və qardaşını Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə aparılmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunan ifadəsində Şahid2 göstərmişdir ki, keçmiş ərindən 2015-ci il də rəsmi olaraq boşanmış, Təqsirləndirilən şəxs ilə təxminən 2016-cı ildən tanış olmuşdur. Həmin vaxtdan münasibətləri yaxşı olduğundan 2020-ci ilin avqust ayından kəbin əsasında birlikdə yaşamağa başlamışlar. Bir müddət Elçinlə yaşasa da, sonradan ona ayrılmaq istədiyini bildirmişdir. Belə ki, 09 dekabr 2020-ci il tarixdə sonuncu dəfə aralarında ayrılmaq mövzusunda söhbətləri olmuş və Elçin heç bir söz demədən onun evini tərk etmişdir. Lakin həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs onun yaşadığı ünvana sərxoş vəziyyətdə gələrək onu təhqir etməyə başlamış və Elçinə hədiyyə olaraq aldığı “Redmi Note 8” markalı mobil telefonu sonuncunun sındırması səbəbindən o da, Təqsirləndirilən şəxs iradını bildirmişdir. Mübahisə zəminində onlar bir-birini təhqir etmiş, Elçin bundan sonra bir neçə əşya sındırıb çıxıb evdən getmişdir. O, Elçinin hərəkətlərindən əsəbləşərək bu barədə zəng edərək qardaşı Zərərçəkmiş şəxs xəbər vermişdir. Sonradan öyrəndiyinə görə həmin vaxt qardaşı, Elçinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zəng etmiş, Elçinə etdiyi hərəkətləri ilə bağlı iradını bildirdikdə Elçin onun və qardaşının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən də aralarında mübahisə yarandığından Elman da cavab olaraq Elçinin ünvanına söymüşdür. 12 dekabr 2020-ci il tarixdə günorta saatlarında Elman Elçinlə yenidən əlaqə saxlayaraq bir gün əvvəl içkili olduğundan həmin gün onunla ayıq vəziyyətdə telefonla danışaraq məsələni aydınlaşdırmaq istədiyini demişdir. Bu zaman Elçinin bacısı Zairova X2 zənginə cavab verdiyindən söhbətini sonuncu ilə davam etdirmişdir. Təqsirləndirilən şəxs bir gün əvvəl etdiyi hərəkətləri barədə Elman Sevincə şikayətini bildirdikdə sonuncu bir bacı kimi qardaşını tənbeh edəcəyini və məsələni həll edəcəyini bildirmişdir. 12 dekabr 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs “whatsapp” vasitəsilə Elmana ismarıc yazaraq onu görüşə çağırmış və bunun üçün onun ardınca taksi göndərmişdir. Elman da həmin taksi ilə Elçinin dediyi yerə getmişdir. Həmin vaxtı Elçinin bacısı Sevinc də hadisə yerinə getmişdir. Bu zaman qardaşı ilə Elçinin arasında yaranmış mübahisə zəminində Elçin özü ilə gətirdiyi vintaçanla bir neçə dəfə Elmana bədən xəsarətləri yetirmişdir. Həmin gün axşam saatlarında Elman ona zəng edərək Elçinlə mübahisə etdiyini, Elçinin onu vurub bədən xəsarəti yetirdiyini və onun evinə tərəf gəldiyini bildirmişdir. O, Elmanı qarşılayaraq təcili tibbi yardım məntəqəsinə aparmış, oradan isə Elman Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılaraq üzərində cərrahiyə əməliyyat olunmuşdur. Sonradan isə Təqsirləndirilən şəxs Elmanla barışmaq üçün səy göstərsə də, qardaşına xəstəxana xərcləri ilə bağlı dəymiş maddi ziyanı ödəmədiyindən Elman barışmaqdan imtina etmişdir (cild 1, iş vərəqi 82-84) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması, üzləşdirmə, baxış protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 12.12.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Məktəbli küçəsində yerləşən köhnə tikilinin qarşısıdır. Baxış zamanı sübut əhəmiyyəti daşıyan vintaçan Təqsirləndirilən şəxs yaşadığı ünvandan köməkçi anbar otağından götürülmüşdür (cild 1, iş vərəqi 8-14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 25.05.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 156-159). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 26.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 78-80). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 17.05.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini onun üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 88-90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15.12.2020-ci il tarixli, 1117 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsi ön səthinin perikard boşluğuna nüfuz edən deşilmiş yarası, sağ saidin deşilmiş yarası, döş qəfəsi sağ yan səthinin və kürəkarası nahiyələrin deşilmiş yaraları deşici əşya (alət), ola bilsin ki, vintaçan təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, 12.12.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə döş qəfəsinin ön səthinin perikard boşluğuna nüfuz edən deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sağ saidin deşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 28-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizanın 08.052021-ci il tarixli, 3/706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, qolsuz maykanın səthində olan zədələr ucu deşici xassəyə malik olan predmetin (vintaçan və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə zədələridir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 149-151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23.04.2021-ci il tarixli, 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmasın. Buna görə də, o, törətdiyi əmələ görə anlaqlı hesab edilir (cild 1, iş vərəqi 86-87). İşdə olan 23.01.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 30). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq bədən xəsarəti yetirdiyi bir ədəd vintaçan və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar – bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd alt köynək iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 188-204). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 49-50). İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Ulaşlı-Şıxlı kəndində yaşadığı müddət ərzində özünü intizamlı aparmış, kəndin ictimai faydalı işlərində yaxından iştirak etmiş, kənd ərazi dairəsi nümayəndəliyinə barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 144). İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Mədinə, 2015-ci il təvəllüdlü Eldəniz adlı övladları vardır (cild 1, iş vərəqi 145-146). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23.03.2002-ci il tarixli 1 saylı Qərarının 5-ci bəndində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17.05.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən onun barəsində 19.05.2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 92, 138-140, 172-174, 181-184). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 17 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerində saxlanılan bir ədəd vintaçan və hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş paltarlar – bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd alt köynək təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan bir ədəd vintaçan və hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş paltarlar – bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd alt köynək təyinatını itirdiyindən məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1467/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1467/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver