Məhkəmə qərarları › İş №1(101)-1468/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1468/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1468/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə 2 noyabr 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi ev 11-də qeydiyyatda olub, Bakı şəhəri Nərimanov rayonu A.M.Cümə küçəsi, ev 28, mənzil 14-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə, saat 1 radələrində ünvan 1 ünvanda yerləşən binanın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs küçədə söyüş söyməsini irad tutduqdan sonra aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninə bir zərbə vuraraq, ona daxili qanaxma və dalağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 aprel 2021-ci il tarixdə təxminən saat 00:15 radələrində yaşadığı evin yaxınlığında dostu X1 yola salmışdır. Bu vaxt tanımadığı iki nəfər şəxsin bir nəfəri təhqir edərək mübahisə etdiklərini görmüşdür. Onların mübahisəsinə müdaxilə etmədən yanlarından keçib getmişdir. Həmin yerdən bir qədər aralanıb, onların mübahisə etmələrinə baxmağa başlamışdır. Bu zaman gəldikləri yolun arxa tərəfindən qardaşı Kamranın tanışı Könül adlı qızla gəldiklərini görmüşdür. Kamran yaxınlaşıb ona evə qalxmasını, özünün də bir qədər sonra gələcəyini demişdir. Kamrana dostu Səbuhini yola salıb gələcəyini demişdir. Bu zaman əvvəlcə mübahisə etdiklərini gördüyü iki nəfər şəxs onların yanından keçərkən qardaşının sifətinə baxa-baxa keçmiş və onlardan biri digərinə: «hünərin çatır, bunların ünvanına söy»-demişdir. Onun bu sözündən sonra həmin şəxslərdən biri onların ünvanına söyüş söymüşdür. Odur ki, həmin şəxsə: «bura məhlədir, söyüş söymə»-deyə iradını bildirmişdir. Onun bu sözündən sonra onlardan biri Kamranın üzərinə gəlmişdir. Onlara yaxınlaşıb sabah gəlib danışmalarını bildirmişdir. Bu zaman onun yanında olan şəxs təkrar söyüş söyərək onu kənara çəkməyə çalışmışdır. Yenə də onları sakitləşdirməyə çalışsa da, onlardan biri qolundakı saatı çıxarıb yerə qoyaraq: «içəridən təzə çıxmışam, darıxma gör neynəyəcəyəm» demişdir. Bu zaman həmin şəxsin yanında olan şəxs yanındakı dostu Səbuhinin sinəsindən iki əli ilə itələmiş, bu səbəbdən o da, həmin şəxsin yanında olan hündürboylu şəxsin sinəsindən təpiklə vurmuşdur. Zərbədən əyildikdə isə üzərində gəzdirdiyi bıçaqla bir dəfə onun arxa hissəsinə vurmuşdur. Sonuncu və onun yanında olan şəxs qışqırmağa başlamış və onlar hadisə yerindən qaçıb getmişlər. Gecəni dostu Səbuhinin evində qalmışdır. Səhər saat 10 radələrində 18-ci PŞ-nə gedib özünü təslim edib, hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. Sonradan bıçaqla vurub xəsarət yetirdiyi şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təmir-tikinti işləri ilə məşğul olub ailəsini dolandırır. 17 aprel 2021-ci il tarixdə gördüyü işin müqabilində əmək haqqı almış və saat 21 radələrində iş yoldaşları ilə Nərimanov rayonu ərazisində yerləşən kafelərin birində oturub pivə içmişdir. Təxminən saat 22:30-da kafedən çıxıb Nərimanov rayonu F.X.Xoyski küçəsi, ev 128, mənzil 84-ə qardaşı Elşadın yaşadığı məhəlləyə getmişdir. Qardaşı ilə görüşüb ondan şam yeməyi yeyib-yemədiyini soruşmuşdur. Sonuncunun şam yeməyi yemədiyini bilib, qardaşına gedib dönər yeməyi təklif etmiş və Elşad razılaşmışdır. Birlikdə yaxınlıqda yerləşən dönərxanaya tərəf yola düşmüşlər. Bu zaman yüngül təbii ehtiyacını ödəmək üçün məhəllənin qaranlıq bir yerinə çəkilmişdir. Qayıdanda bir nəfər cavan oğlanın qardaşı Elşada həmin məhlədə yaşadığını və onun yüngül bayıra getməyinə etiraz etdiyini görmüşdür. Odur ki, yanlarına gəlib, həmin cavan oğlandan üzr istəmişdir. Bundan sonra qardaşı Elşadla birlikdə dönər almaq üçün həmin istiqamətə gedərkən bir qız və üç nəfər oğlanın dayandıqlarını görmüşdür. Yanlarından keçərkən arxadan onlardan biri: «nəsə problem var?»-deyə onları səsləmişdir. Çevrilib ona heç bir problem olmadığını deyib: «məni sən saxlamısan?»-deyə sual etmişdir. Bu zaman həmin 3 nəfər oğlan ona yaxınlaşmışdır. Onlardan biri ona: «bura mənim məhləmdi» demiş və onlar bu mövzuda bir qədər söhbət etmişdir. Söhbət zamanı həmin oğlanlardan bir nəfərin Elşadla mübahisəsinin dərinləşdiyini görüb, onların dalaşacaqlarını hiss etmişdir. Odur ki, qardaşını və həmin oğlanı tutub, hər ikisinə söhbət etməyi təklif etmişdir. Aşağı əyilib əlindəki mobil telefonlarını və pul kisəsini yerə qoyan zaman, onlardan biri onu təpiklə vurmuşdur. Əyildikdə həmin şəxs arxadan onu bel nahiyəsindən hansısa əşya ilə vurduğunu hiss etmişdir. Bu zaman qardaşı Elşad: «vurdular səni»-deyə qışqırmışdır. Əlini bel nahiyəsinə çəkəndə əli qana bulaşmışdır. Bundan sonra həmin şəxslər qaçıb getmişlər. Qardaşı Elşad onu taksi ilə 3 saylı Sabunçu Xəstəxanasına aparmış və xəstəxanada əməliyyat olunmuşdur. Müalicə olunarkən və sonradan təqsirləndirilən şəxsin qohumları ona baş çəkməmiş və ona maddi yardım göstərməmişdir. Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 17 aprel 2021-ci il tarixdə saat təxminən 18:30-da Mirzə ilə telefonla əlaqə saxlayandan sonra onlara qonaq getmişdir. Təxminən saat 23:30 radələrinədək evində oturub söhbət etdikdən sonra Mirzə onu yola salmaq üçün birlikdə küçəyə çıxmışlar. Küçəyə çıxanda üç nəfərin binanın qarşısında mübahisə etdiklərini görmüşdür. Yanından keçəndən sonra arxaya dönüb baxanda Mirzənin qardaşı Kamranın Könüllə gəldiklərini görmüşdür. Kamranla Könül onların yanına çatanda Kamran Mirzəni kənara çəkib, ona nəsə demişdir. Bu zaman o və Könül kənarda dayanmışlar. Bir qədər söhbət edəndən sonra Kamran Könülü çağırmış və sonuncu Kamrana yaxınlaşmışdır. Mirzə isə onun yanına gəlmişdir. Həmin vaxt mübahisə edən üç nəfərdən ikisi ayrılıb Kamrana tərəf gəlmişdir. Onlardan biri Kamrana çiyni ilə sürtünüb baxa-baxa keçmişdir. Kamran isə bir qədər qabağa gedib dayanmışdır. Mirzə bunu görüb onlara: «nə olub qardaş, salamatçılıqdı?»-deyə sual etmişdir. Bu zaman onun yanında olan oğlan Kamrana: «bura gəl, nə deyirsən?» demişdir. Kamran həmin oğlana yaxınlaşıb: «sən məni tanımırsan?»-dedikdə, o isə: «Mirzə mən səni də tanıyıram, Kamran da sənin qardaşındır, siz məni yaxşı tanımamısız»-deyə cavab vermişdir. Mirzə isə onlara: «gedək evimizə, sabah görüşüb, söhbət edərik» demişdir. Həmin şəxsin Kamranla mübahisə etməkdə davam etdiyi görüb, yaxınlaşıb demişdir ki, o, xanımladır, qardaşı da sizə yalvarır, gedin sabah görüşərik. Bu zaman onun yanındakı papaqlı oğlan onun sinəsindən itələyib: «get işinlə məşğul ol» demişdir. Sonra Kamranın üzərinə gedəndə əlini belinə atdığını görüb Mirzəyə demişdir ki, onun üzərində bıçaq var. Mirzə isə onun sinəsindən təpiklə vurmuş və həmin şəxs aşağı əyiləndə Mirzə bıçaq çıxarıb onu vurmuşdur. Bundan sonra qaçıb həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Rişal onun ögey qardaşıdır və onlardan ayrı yaşayır. 17 aprel 2021-ci il tarixdə saat 22 radələrində Rişal yaşadığı məhləyə gəlib onunla görüşüb, ondan şam yeməyi yeyib-yemədiyini soruşmuş, Rişala yemədiyini billdirmişdir. Rişal ona yaxınlıqda yerləşən dönər evlərindən birində dönər yeməyi təklif etmiş və o, razılaşmışdır. Birlikdə dönərxana tərəfə gedərkən Rişal yüngül ayaq yoluna getmək üçün məhlənin qaranlıq tərəfinə keçmişdir. Həmin vaxt yoldan keçən cavan oğlan məhlədə yaşadığını bildirib, Rişalın hərəkətinə görə ona irad tutmuş və o, həmin şəxsdən üzr istəmişdir. Bu zaman Rişal da yaxınlaşıb, həmin cavan oğlandan üzr istəmiş və o, ayrılıb getmişdir. Onlardan bir qədər aralıda üç nəfər oğlan və bir qızın dayandıqlarını görmüşdür. Onların yanından keçəndən sonra həmin oğlanlardan biri arxadan Rişalı səsləyib: «nəsə problem var?»deyə sual etmişdir. Rişal sonuncuya heç bir problem olmadığını bildirib ona: «bizi sən saxlamısan?» demişdir. Bu səbəbdən onunla həmin oğlan arasında mübahisə yaranmışdır. Həmin şəxslərin yanında olan cavan oğlan söyüş söydüyü üçün əli ilə onun sinəsindən itələmişdir. Bu zaman Rişal yaxınlaşıb onları ayırıb: «gəl kənara çəkilib, söhbət edək» demişdir. Onlar kənara çəkilmişlər. Rişal əlində olan mobil telefonlarını və pul kisəsini yerə qoyanda, həmin oğlan Rişala təpiklə sinə nahiyyəsindən zərbə endirmiş və sonra bıçaqla bel nahiyəsindən vurub qaçıb getmişdir. Rişal əlini belinə çəkəndə onun əlinin qana bulaşdığını görüb, əvvəlcə 103 xidmətinə zəng edib məlumat vermiş, lakin sonra vəziyyətinin ağırlaşdığını görüb yoldan keçən tanımadığı taksi saxlayıb, onu bir neçə xəstəxanaya və sonda isə 3 saylı Sabunçu Xəstəxanasına aparmışdır. Rişalı vuran şəxsi əvvəllər görmüşdür. Onun məhlədə yaşadığını bilsə də, hadisə vaxtə onun adını bilməmişdir. Sonuncu ilə heç bir münasibəti olmamışdır. Hava qaranlıq olsa da, həmin şəxsin belindən bıçaq çıxarıb Rişalı bıçaqla vurduğunu görmüşdür. Mübahisə zamanı Rişalı vuran şəxsin yanında olan cavan oğlan söyüş söymüşdür. Lakin nə onlar, nə də Rişalı vuran şəxs söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 18 aprel 2021-ci il tarixdə təxminən saat 00:15 radələrində sevgi münasibətində olduğu Könül xanımla yaşadığı evin yaxınlığından keçərkən qardaşı Mirzəni dostu X2 ilə birlikdə görmüşdür. Yaxınlaşıb söhbət edərkən, bir qədər aralıda tanımadığı iki nəfər şəxsin bir nəfəri nalayiq ifadələrlə təhqir etdiyini görmüşdür. Onların mübahisəsinə fikir vermədən yanlarından keçib getmişdir. Həmin vaxt mübahisə etdiklərini gördüyü iki nəfər onların yanından keçən zaman onun sifətinə baxa-baxa keçmiş və bu zaman onlardan biri digərinə: «hünərin çatır, bunların ünvanına söy» demişdir. Onun bu sözündən sonra həmin şəxslərdən biri onların ünvanına söyüş söymüşdür. Odur ki, qardaşı Mirzə ona: «bura məhlədir, söyüş söyməyin» demişdir. Bu zaman onlardan biri onun üzərinə gəlmişdir. Mirzə bunu görüb onlara yaxınlaşıb, sabah gəlib danışmalarını bildirmişdir. Onun yanında olan şəxs təkrar söyüş söyərək, Mirzəni kənara çəkməyə çalışmışdır. Mirzə yenə də onları sakitləşdirməyə çalışsa da, onlardan biri qolundakı saatı çıxarıb yerə qoyaraq bildirmişdir ki, içəridən təzə çıxıbdır, darıxma gör neynəyəcəkdir. Bu zaman həmin şəxsin yanında olan şəxs Səbuhinin sinəsindən iki əli ilə itələmişdir. Bu səbəbdən Mirzə də həmin şəxsin yanında olan hündürboylu şəxsin sinəsindən təpiklə vurmuşdur. Sonuncu zərbədən aşağı əyildikdə Mirzə üzərindəki bıçaqla onun bədəninin arxa nahiyəsindən bir dəfə vurmuşdur. Həmin şəxs və onun yanında olan şəxs qışqırdığı üçün oradan çıxıb getmişlər. Həmin günün səhərisi təxminən saat 10 radələrində Mirzə 18-ci Polis Şöbəsinə gedib, özünü və hadisə zamanı istifadə etdiyi bıçağı təqdim edib, cinayət törətdiyini könüllü etiraf etmişdir. Sonradan polis şöbəsində ona məlum olmuşdur ki, Mirzənin bıçaqla vurub xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxsdur. Onun adını bilməsə də, qonşu binada yaşadığını bilmişdir. Əvvəllər aralarında heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs spirtli içki iyi gəldiyindən, onun alkoqollu içki qəbul edib, sərxoş vəziyyətdə olduğunu güman edir. İbttidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, 18 aprel 2021-ci il tarixdə təxminən saat 00:15 radələrində sevgi münasibətində olduğu Şahid3la onun yaşadığı evin yaxınlığından keçərkən Kamranın qardaşı Mirzə və onun dostu Səbuhini görmüşlər. Həmin vaxt Mirzə Kamrandan siqaretinin olub-olmadığını soruşmuşdur. Kamran Mirzə və Səbuhiyə siqaret verib söhbət edərkən, bir qədər aralıda tanımadığı iki nəfər şəxsin bir nəfəri nalayiq ifadələrlə təhqir edərək öz aralarında sözlə mübahisə etdiklərini görmüşdür. Bundan sonra o və Kamran onların mübahisəsinə müdaxilə etmədən yanlarından keçib getmişdir. Həmin vaxt mübahisə etdiklərini gördüyü iki nəfər onların yanından keçən zaman Kamranın sifətinə baxa-baxa keçmişlər və onlardan biri digərinə: «hünərin çatır, bunların ünvanına söy» demişldir. Bundan sonra Kamran mübahisə baş verəcəyini görüb ona, həmin yerdən aralıda gözləməyini bildirmişdir. Hadisəni görməmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub ona xəsarət yetirdiyini bilmişdir. Şəxsiyyətini təsdiq edən sənəddə adı Əfsanə olsa da, qohum və tanışları ona Könül deyə müraciət edirlər. Məhkəmə tibb-ekspertizasının 28 aprel 2021-ci il tarixli 242 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində daxili qanaxma və dalağın zədələnməsi (splekektomiya) ilə müşayiət olunan doş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası vardır. Həmin xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 18 aprel 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-psixiatrik ekspertizasının 21 may 2021-ci il tarixli 1073 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks məhkəmə-trasoloji soyuq silah ekspertizasımın 17 iyun 2021-ci il tarixli 3/823 və 3/824 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd qatlanan bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş, köynəyin üzərində olan zədə bir tərəfi kəsici, ucu deyşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Qeyd edilən zədənin yerləşmə yerinə görə arxadan önə doğru istiqamətlənməsi ehtimal olunur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus köynəyin üzərində olan zədə uyğunluq təşkil edir və üst-üstə düşürlər. İşin 152-158-ci vərəqlərindəki 7 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək cinayət işi üzrə maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də məsul saxlanca verilmişdir. İşin 147-148-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci maddəsinə əsasən islah işləri cəzasından azad edilmişdir. İşin 16-cı vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2021ci il tarixdə saat 10-00-da Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nə könüllü gəlib təslim olmuş və hadisə zamanı istifadə etdiyi cinayətin aləti olan açılıb-bağlanan bıçağı təqdim etmişdir. İşin 27-28-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 18 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar